Kişiləri əlcək kimi dəyişən, həmcinsi ilə evlənən, xərçəngə qalib gələn MƏŞHUR YƏHUDİ
Bizi izləyin

Xüsusi

Kişiləri əlcək kimi dəyişən, həmcinsi ilə evlənən, xərçəngə qalib gələn MƏŞHUR YƏHUDİ

Gəlin, sizə bir rəvayət danışım. Əsrlər, qərinələr öncə qədim Yunanıstanda Midas adlı hökmdar yaşayırmış. Bir gün Tanrı Dionis ona sehrli bacarıq əta edir. Midasın barmaqları o qədər müqəddəsləşir ki, toxunduğu hər şey qızıla çevrilir. Sehrli hökmdarın müasiri ola bilməsək də, yerdə gəzən mənəvi oğlu Markı daha yaxından tanıya bilərik. Toxunduğu çuvalı dəbli çantaya, əli dəyən adi parçanı moda dünyasının başgicəlləndirən libasına çevirən Mark Ceykobs...

Onun hazırladığı geyimlər, aksesuarlar, bütövlükdə yaradıcılığı dünyanın hər yerində böyük məhəbbətlə qarşılanır. Dəbi sevən hər kəs qarderobunu mütləq Markın şedevrləri ilə bəzəməyə çalışır. Ona görə də əfsanəvi dizayner Midasa tay tutulur.

Fərq ondadır ki, Midas yunan, Mark isə yəhudi ailəsində dünyaya göz açıb. Markuşa 1963-cü il 9 aprel tarixində Nyu Yorkda dindar yəhudi ailəsində doğulub. Ailə 3 uşaqlı olduğundan valideynlər hər ikisi gecə-gündüz çalışırdı. Mark 7 yaşına çatanda 32 yaşlı atası xərçəng xəstəliyindən dünyadan köçür. Ərlərini əlcək kimi dəyişən anası isə nə özünə, nə də uşaqlarına güzəran təmin edə bilirdi.

Marc Jobs Life

Mark həmçinin etiraf edir ki, anası övladlarına sevgi bəsləmir, psixoloji problemləri ilə onları da bezdirirdi.

Hər iki valideynini mənən itirən yeniyetmə ata nənəsinin yanına köçməyə qərar verir. Markın yaradıcılığının özülü də nənəsinin yanında qoyulur. Nənəsi ona şıq zövq və müxtəlif tikmə, toxuma növləri öyrədir, iynə-sapı barmaqlarına dolayırdı.

Mark riyaziyyat təmayüllü məktəbi bitirəndən sonra Dizayn və İncəsənət Ali məktəbinə qəbul olunur. Həmçinin “Charivari” avanqard geyim mağazasında təcrübə keçir. Elə bu müddətdə dizayn dünyasının əfsanəsi Perri Ellislə tanış olur. Bu tanışlıq onu həyatını moda ilə bağlamağa sövq edir.

Kumiri dünyasını dəyişəndən sonra "Perri Ellis”in başına o keçir. Burada çalışdığı müddətdə özünü yaxşı mənada sübut etməyi bacarır.

Təsəvvür edin ki, Fransanın İncəsənət və ədəbiyyat üzrə Kavaler Ordeninin sahibi, öz brendinin yaradıcısı, “Louis Vuitton”un uzun illər yaradıcı direktoru vəzifəsində çalışan əfsanəvi dizayner bir vaxtlar uğursuz kolleksiyasına görə işindən qovulubmuş.

Rokçuların çox sevdiyi qranj stili var. Bir az kirli, bir o qədər də çox sərbəst, rəngbərəng qranjın atası Ceykobs sayılır. Əslində bütün nailiyyətlərin bir o qədər də uğursuz başlanğıcı var. Belə ki, 1992-ci ildə gənc dizayner "Perry Ellis" brendi üçün yeni kolleksiya hazırlayır. Sanki nənələrimizin sandığından çıxan qəribə, böyük şlyapaları güllü-çiçəkli, hətta ilan dərisindən olan çəlimsiz libaslarla uyğunlaşdırır. Kolleksiya nümayişindən çıxan dəb jurnalistləri Markın ünvanına od püskürür, “onun modelləri sanki qaranlıqda əllərinə keçən hər zövqsüz libası geyinib podiuma çıxıblar” deyirdilər. Moda evinin rəhbərliyi hiddətlənib gənc xəyalpərəsti işdən qovur.

Марк Джейкобс в 1988 году

Bu gün işləriniz alınmır, özünüzü ən uğursuz insan adlandırırsınızsa, oxumağa davam edin.

Məhz bu uğursuz kolleksiya Markın gələcək karyerasını, stilini müəyyən edir. İşsiz qalan Mark bütün diqqətini öz brendi üzərində cəm etdi. 1997-ci ildən etibarən isə "Louis Vuitton" brendinin direktoru vəzifəsinə təyin olundu. Hətta "Vuitton"la çalışan müddətdə də öz ideyalarına, fantaziyasına xəyanət etmədi. Qranj estetikasından, təzadlı dəb vəhdətindən bir addım da uzağa getmədi. Bir gün gənc jurnalist qadın al qırmızı palto və yaşıl kapron corab geyinib Markla müsahibəyə gəlir. Kənardan hər kəs ona zövqsüz deyə baxıb gülərkən, dizayner "Bravo! Əsl qranj budur" deyir.

Markın fərqli baxışı “Louis Vuitton” brendinə gənc və hərəkətli nəfəs gətirir. O, həmişə deyir ki, küçədəki qızlara baxıb ilhamlanın. Çünki dəbi onlar diktə edirlər.

Ceykobs uğurunun tam yarısını məşhur stilist Keti Qranda borclu olduğunu deyir. Keyt onun köhnə rəfiqəsi və məsləkdaşıdır.

Bu gün orijinalından tutmuş saxtasına qədər sevərək aldığımız “Louis Vuitton” çantalarına incəsənət donu geyindirən də məhz Markdır. Məşhur qraffitiyə bənzəyən brend loqosu onun əl işidir. Deyirəm axı, Ceykobsun əlləri qızıldır. Məhz onun sayəsində bu brendin çantaları nəinki varlı zümrənin, eləcə də gənc dəb həvəskarlarının seçiminə çevrildi. 2003-cü ildə yapon stilist Takaşı Murakami Markdan ilhamlanıb brendlə əməkdaşlıq etmək qərarına gəlir. Rəssam Murakami məşhur “LV” loqosunu müxtəlif rənglərdə işləyib çanta və şarfları bəzəməyə başladı. 2013-cü ildə "Vuitton"dan ayrılan Mark incəsənətə sevgisinin alovuna daha çox benzin tökməyə başlayır. “Marc Jacobs” brendinin müxtəlif şaxələri yaranır.

Духи от Марка Джейкобса

Milyonlarla qadının kişilik, yaraşıq simvolu olan Markuşa cinsi oriyentasiyasını gizlətmir. İsti-isti qeyd edim ki, bizim “Midas” homoseksualdır. İlk nikahı 2009-cu ildə Lorenso Martone ilə gerçəkləşir. Lakin ailə ittifaqı heç bir il də sürmür. Nəhayət, 2018-ci ildə həyatının ən böyük eşqinə rast gəlir.

Mark və sevgilisi Çarli Defrançesko ötən ayın 6-sı münasibətlərini rəsmiləşdirməyə qərar verdilər.

55 yaşlı Mark model sevgilisi ilə birgə qurduğu ən böyük xəyalını gerçəkləşdirdi. Cütlüyün Nyu Yorkda baş tutan toy mərasiminə moda dünyasının qaymaqları və yaxın dostları toplaşmışdılar. Təbii ki, biz toyda bəmbəyaz gəlinlik paltarına alışmışıq. Bu mərasim isə fərqli idi. Hər ikisinin libasını brilliantlarla bəzədilmiş pinqvin broşlar bəzəyirdi. Bu onlara "Prada" və "Miu-Miu" brendlərinin direktoru Fabio Zambernardinin hədiyyəsi idi.

Çox dəyərli hədiyyədən təsirlənən Mark toy günündən şəkil paylaşaraq bu sözləri yazır: “Pinqvinlər ömür boyu sadəcə bir dəfə sevirlər, ömürlərini də yalnız sevib seçdiklərinə həsr edirlər. Odur ki, əsl sədaqət və xoşbəxtlik rəmzidirlər. Minnətdaram, Fabio. Səni çox sevirəm!”

Картинки по запросу свадьба Марка Джейкобса

Ceykobs toy libasını "Chanel" çanta və "Gucci" ayaqqabı ilə tamamlayır. Bəlkə bilmək istəyərsiniz, cütlük ötən il restoranda tanış olub. Mark Çarliyə çox orijinal evlənmə təklifi edib. Belə ki, öncə əfsanəvi “Kiss” mahnısının sədaları altında hazırlanmış fləşmobdan sonra Mark sevgilisin önündə diz çökərək barmağına brilliant üzük taxır və birgə yaşlanmaq təklifində bulunur. Xanımlar, Çarlinin bəxtindən bir tikə sizə də arzulayıram.

Qadınlara ehtiras bəsləməsə də, əl işlərini yaradarkən, onlardan ilhamlanmağı sevir. Standart gözəlliyə malik qlamur gözəlçələr Markuşanın marağını heç vaxt çəkməyib. Onun ilham pəriləri başqalarına bənzəməyən intellektual qadınlardır. O qadınlar ki, gözlərindəki müdrik işıq, məğrur duruş, əməliyyat kraliçaların saxta parıltısını söndürür. Markın ən yaxın iki rəfiqəsi var. Onların biri rejissor Sofiya Koppoladır. Dizayner özü də etiraf edir ki, Sofiya onun ən dəbdəbəli fantaziyalarının yer üzərində gəzən əksidir: "Sofiyanın sadə eleqantlığını sevirəm. Qlamurluq yox, eleqantlıq!"

İkinci ilham pərisi və rəfiqəsi isə aktrisa Keyt Mossdur. Mark Keyti qəlbən çox sevir: “Bəzən elə bilirəm ki, öncəki həyatımızda da bir-birimizi tanımışıq”.

Bu gün Ceykobs dünyanın ən məşhur və varlı 100 insanı siyahısındadır. Hətta 2010-cu ildə Amerikanın 50 ən varlı gey və lezbiyan tanınmışları siyahısında 14-ci yerə sahib olmuşdu.

Mark bədənini də ruhu kimi göy qurşağına bəzəyib. Fit vücuduna 33-dən çox rəngli tatu döydürüb. O, həmçinin incəsənət aşiqidir. Zəngin kolleksiyasında onlarla rəsm əsəri var.

Bu gün Mark Ceykobs öz brendi adı ilə qadın və kişi geyimləri, çantalar, ətirlər, ayaqqabılar, eynəklər “doğur”. Əl işləri bir-birindən maraqlı, dəli, qalmaqallı eyni zamanda zərif və gözoxşayandır. Yazının əvvəlində də vurğuladım ki, Markın atası xərçəng xəstəliyindən dünyasını dəyişib. Həyatının bir dönəmi yalnız fəstfudla qidalanan Markda xərçəngin ilk əlamətləri baş qaldırmağa başlayır. Tibb onu sağaltmaqda aciz qalır. Yaxın bir dostu qida rasionunu düzgün məyyənləşdirib sağlam qidaya keçid etməyi tövsiyə edir. Mark sağalır, elə o gündən sağlam, orqanik qidanı sevir, tibbə isə nifrət edir. Vücudunu ilahi əmanət kimi qoruyur. Hətta reklam çarxlarında çılpaq çəkilməkdən çəkinmir.

Марк Джейкобс и Лоренцо Мартон

Mark yaradıcı olduğu qədər də bir az oğrudur. Bəzən onun interpretasiyaları oğurluq kimi qələmə verilir. Hətta dəfələrlə illər öncə yaşamış modelyerlərin əsərlərini oğurlamaqda ittiham olunub. Bir neçə səfərində ideya plagiatına görə təzminat ödəmək məcburiyyətində də qalıb.

Ceykobs qadın aksessuarlarını çox sevir. "Prada", "Chanel" və digər brendlərin ətəklərini, çantalarını alıb sevə-sevə istifadə edir.

Mark 90-cı illərin əvvəllərində özünü aktyor kimi də sınayıb. Amma bu karyerası uzun sürməyib.

Yaxın vaxtlarda Ceykobsun “Oh Lola” ətiri üçün hazırlanan reklam böyük qalmaqala səbəb olmuşdu. Belə ki, plakatda əks olunmuş 17 yaşlı Dakota Fenninq nəhəng ətir şüşəsini ayaqlarının arasına sıxır. Mark isə ona qarşı olan iradlara belə cavab verir: "Mən Dakotanı Nabokovun “Lolita”sına çox bənzətdim. O da Lolita kimi cazibədardır". Amma nəticədə reklam həddi buluğa çıxmayan yeniyetməni intim hərəkətlərə vadar etdiyi üçün qadağan edilir.

Mark gələcəyə baxan, dəyişkənliyə meyilli olan insanları sevir. Çünki özü də belədir.

Həmçinin müdrik insandır. Ən çox sevdiyim kəlamı isə budur: “Siz içində yaşamağa başlayanadək, ən bahalı geyimin də mənası yoxdur”.

Yazının əvvəlinə qayıdaq. Markın mənəvi atası hökmdar Midasdan danışdım sizə. Heç bilirsiniz, Midas necə ölüb? Dedim axı, Tanrı Dionis ona toxunduğu hər şeyi qızıla çevirmək bacarığı vermişdi. Midasın əl atdığı bir tikə çörək də qızıla dönürdü. Yağışı, dənizi belə bir toxunuşla qızıla çevirən sehrbaz aclıqdan ölür. Ümid edirəm, nə Mark, nə mən, nə də sən Midasın yolunu gedəcəyik.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm