Məşhur futbolçu Mxitaryanı BİABIR ETDİ: Belə qorxursansa, pampers al!
Bizi izləyin

Xüsusi

Məşhur futbolçu Mxitaryanı BİABIR ETDİ: Belə qorxursansa, pampers al!

"Mançester Yunayted" və "Everton" klublarının yarımüdafiəçisi olmuş Andrey Kançelskis xarici mətbuata verdiyi müsahibə zamanı bir sıra məqamlara aydınlıq gətirib, həmçinin “Arsenal” klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycan gəlməkdən imtina etməsindən danışıb.

Publika.az həmin müsahibəni təqdim edir.

- İngiltərə çempionatının dörd komandasının Avrokubok turnirinin final matçında oynayacağı faktı təəccübünüzə səbəb oldu?

- Hazırda ingilis premyer liqası Avropa futbolunun lideridir. Bu, o deməkdir ki, digər çempionatlar daha zəifdir. Vaxt vardı, futbolun ən güclüləri ispanlar, italyanlar idi. İndi isə ingilislərdir. Burada təəccüblü, yaxud qeyri-adi heç nə yoxdur. Hər şey qanun çərçivəsindədir.

- Həftənin 3-cü günü Bakıda Avropa liqasının final oyunu keçiriləcək. “Çelsi” və “Arsenal” qarşılaşmasında hansı tərəfin qalib olacağını düşünürsünüz?

- Əminəm ki, maraqlı oyun keçəcək. Komandaların qalibiyyət şansından danışsaq, məncə, “Çelsi” qələbəyə daha yaxındır. Çünki bu komandanın tərkibi istənilən xətt üzrə düzgün balanslaşdırılıb. Düşünürəm ki, onlar qalib olacaq. Amma final finaldır. Ümid edirəm, məsələ penaltiyədək uzanmayacaq və təyin olunmuş vaxtda tamamlanacaq. İstənilən halda çox maraqlı oyun olacaq, çünki ingilislər açıq futbol oynayırlar. Nəticəsi güclü olan oyun gözləyirəm.

- “Arsenal” komandasının erməni yarımmüdafiəçisi Henrix Mxitaryan siyasi məsələlər ucbatından Bakıya uçmaqdan imtina edib. Oyunçunun qərarına münasibətiniz necədir?

- Mən bunu anlamıram. Sən kimdən qorxursan? Hansı siyasi münasibəti bəhanə edirsən? Sən futbolçusan, get, oyununu oyna. Məntiqsiz addımdır. Hətta deyərdim çox gülməlidir. Futbol futboldur, siyasət isə siyasət. Get, oyna, sübut et ki, heç kimdən qorxmursan. Sənə orada nə edə bilərlər? Azərbaycanla Ermənistan arasında münasibətlər hansı həddə olsa da, sən getməlisən. Heç kim sənə barmağı ilə toxunmayacaq. Uzaq başı fit çalıb qışqıracaqlar. Ona qalsa, Maradona İngiltərə komandasının qapısına əli ilə qol vuranda, onu da fitə boğmuşdular. O ki, hələ ölməyib. Mxitaryan belə qorxubsa, təklif edirəm, pampers alsın. Beş il öncə “Spartak” klubunun nəhəng oyunçusu İlya Tsımbalar dünyasını dəyişəndə klub üzvləri Odessada baş tutan dəfn mərasiminə getməkdən imtina etmişdilər. Bu sözləri o zaman da demişdim. Qorxmuşdular ki, onları öldürərlər. Hətta bunu açıq şəkildə etiraf etmişdilər. Onda da dedim ki, özlərinə pampers alsınlar. Kim sizə toxuna bilərdi? İnsan həyatını “Spartak”a həsr etdi, siz onu son mənzilə yola salmadınız, beş qəpik pulunuzdan keçmədiniz. Bu, dəhşətdir. İnsan istəyərsə, ona bir addımı atmağa heç nə mane ola bilməz. Qorxursansa, etiraf et ki, qorxaqsan. Mən rəhbərliyin yerində olsaydım, Mxitaryanı qeyri-peşəkar davranışına və komandasını yarı yolda qoyduğuna görə cərimələyərdim.

- Finalı necə görürsünüz?

- Maraqlı olacaq. Bilirsiniz, ingilis komandalarının xırda mənfi cəhəti var. İstənilən nəticəyə baxmayaraq futbolu açıq oynayırlar. Məsələn, italyanlar bir qol vurub, qapanırlar. İngilislər isə bunu bacarmırlar. Təbii ki, “Liverpul” komandasına azarkeşlik etməyəcəm. Çünki həmin şəhərin “Everton” klubunda oynamışam. Onlar bizim “düşmənimiz” olublar. Ümumiyyətlə isə, "Liverpul" maraqlı oyun nümayiş etdirir. Buna baxmayaraq “Tottenhem”in tərəfində olacam.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm