Prezident bu müharibəyə hazırlaşmaq tapşırığı verdi
Bizi izləyin

Xüsusi

Prezident bu müharibəyə hazırlaşmaq tapşırığı verdi

Əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının Axar.az-a müsahibəsini təqdim edirik:

- Aynur xanım, hər şeydən əvvəl “Mxitaryan olayı”na baxışımızı bir daha dəqiqləşdirək: bu şounun arxasında kimlər dayanır?

- Mxitaryan şousunun arxasında dayanan qruplar, şəxslər kifayət qədər çoxdur. Xaricdə Azərbaycanı sevməyən bəzi qüvvələr, beynəlxalq təşkilatlar var ki, onlar həmişə bizim üçün önəmli olan günlərdə, vacib tədbirlər ərəfəsində həddindən artıq fəallaşırlar. Biz Avroliqanın final matçının Bakıda keçirilməsi vaxtı müəyyənləşdirildikdən sonra onların “səfərbər” olunaraq, bütün imkanlarından istifadə ilə Azərbaycana necə çirkin hücum kampaniyasına başlamalarının şahidi olduq. Birinci elə burdan başlamaq olar ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, “Çelsi” və “Arsenal” futbol komandalarının azarkeşlərinə Bakıya getməməyi tövsiyə etdi. Həmin bəyanatda çox gülünc arqumentlər səsləndirilirdi. Terror təhlükəsinin olması, insanlar üçün hansısa təhlükəli vəziyyətlərin yaşanacağı, qiymətlərin bahalığı, eyni zamanda, küçələrin axşam saatlarında işıqlandırılmaması kimi absurd bəhanələr müraciətdə yer alırdı. Düşünürəm ki, sonrakı məqamda biz Böyük Britaniyanın Azərbaycandakı səfirinin öz dili ilə Britaniya XİN-in saytında yer almış bu bəyanatı zərərsizləşdirə bildik. Amma bütövlükdə burada söhbət hansısa bir Avropa ölkəsinin, bu konstekstdə Böyük Britaniyanın Azərbaycana “hücumu”ndan getmirdi! İngiltərə səfirinin sonrakı açıqlaması da təsdiqlədi ki, o müraciətin yayılmasında Britaniya XİN-in yüksək çinliləri iştirak etməyib. Məsələ burasındadır ki, Avroliqanın final oyunu öncəsi ölkəmizə qarşı ermənipərəst, antiazərbaycançı qüvvələrin əvvəlcədən düşünülmüş, xeyli müddət hazırlıq görülmüş kampaniyasını müşahidə etdik. Heç kəsə sirr deyil ki, Mxitaryan əslində ortabab bir oyunçudur və o, “Arsenal”a gəldiyi gündən indiyədək elə uğurlu bir oyun ortaya qoymayıb. O, “Arsenal”ın əksər matçlarını ehtiyat skamyada əyləşərək, komandanın oyununu seyr etməklə keçirib. “Arsenal” bu mövsümdə 57 oyun keçiribsə, onun 26-da Mxitaryan meydana çıxıb və bu faktın özü çox şey deyir. Yəni o, “Arsenal” üçün əvəzolunmaz futbolçu deyil. Sadəcə, erməni lobbisi ondan istifadə edərək, Mxitaryanın timsalında Azərbaycan əleyhinə bir “şou” yarada bildi. Hesab edirəm ki, bu, qısa bir müddət Azərbaycanın əleyhinə çevrilsə də, sonda bizim də apardığımız mübarizə və mövcud reallıqlar həmin şounu iflasa uğratdı.

Bir məsələni də xüsusi vurğulayım ki, Bakıda final oyunu keçirilən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın Mxitaryana zəng etməsi və Azərbaycanı “irqçilikdə və rasizmdə” suçlaması bu şounun arxasında kimlərin dayandığını ortaya qoydu. Paşinyan sonuncu gün, qurulan oyunun hədəfinə çatmadığını və iflasa uğradığını görəndən sonra “meydana” çıxdı. Azərbaycanın ünvanına səsləndirdiyi sözlər isə əslində şounun hədəfə çatmamasından doğan məğlubiyyətin acığı idi.

- Bakıda UEFA prezidentinə verilən suallar isə bəzilərinin hələ də şouya davam etmək istəyini ortaya qoydu. Bəs biz bu qara piarın qarşısını harada ala bilmədik və ya nəyə vaxtımız çatmadı?

- Məncə, UEFA prezidentinə verilən suallar əvvəlcədən hazırlandığı üçün o formada qoyulmuşdu, ancaq cavablarından göründü ki, situasiya çox dəyişib. Başqa, əvvəlcədən hazırlanmış digər təxribatçı cəhdlər də oldu. Məsələn, üzərində Mxitaryanın adı yazılan formalarla Bakı küçələrinə çıxan “turistlər”. Amma Azərbaycan polisinin bu tip məsələlərə psixoloji hazırlığı, asayişi yüksək səviyyədə qoruması sayəsində heç bir problem yaşanmadı.

Azərbaycan təbii ki, bu beynəlxalq tədbirə son dərəcədə hazırlıqlı idi və yüksək səviyyədə işlər görülürdü. Çünki Azərbaycanın infrastrukturu, böyük idman komplekslərinin olması və beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən irəli gələn təcrübəsi bu tədbiri yüksək səviyyədə keçirəcəyinə tam arxayınlıq yaratmışdı. Amma biz ermənilərin bu məsələdə bu qədər təxribatçı mövqe tutacağını və buna xüsusi hazırlıq görəcəyini yəqin ki, gözləmirdik. Düşünürəm ki, əslində bu baxımdan “Çelsi”-“Arsenal” oyunu öncəsi baş verənlər bizim üçün çox yaxşı bir dərs oldu. Yəni istənilən beynəlxalq əhəmiyyətli, genişmiqyaslı tədbirlər öncəsi Azərbaycan bu cür erməni fürsətcilliyi ilə üzləşə bilər. Əslində biz əvvəllər də etməni fürsətcilliyi ilə üzləşmişdik. Məsələn, Avroviziya, Birinci Avropa Oyunları, İslam Oyunları öncəsi müəyyən qarayaxma cəhdləri olurdu. Amma Mxitaryanın timsalında bu səviyyədə həyasızcasına hazırlanmış bir şou ilə ilk dəfə idi ki, üzləşirdik. Əlbəttə, bundan sonra da Azərbaycan böyük turnirlərə ev sahibliyi edəndə və ya ölkəmizdə mühüm tədbirlər keçirəndə erməni diasporu və ermənipərəstlərin hücumları olacaq. Ona görə buna artıq əvvəlcədən informasiya sahəsində hazırlaşmağımız lazımdır və hesab etmirəm ki, “hücumu” gözləyib, sonra “əks-hücuma” keçməliyik. Prezidentimizin də dediyi kimi, bizə qarşı informasiya müharibəsi var və biz hərbidə olduğu kimi, bu sahədə də, necə deyərlər, “şəraiti nəzarət altında saxlamağı” bacarmalı, təxribatdan daha öncə özümüz hücuma keçməliyik.

- Bunun üçün nə etməliyik?

- Bir daha Prezident İlham Əliyevin tezisini xatırlatmağa ehtiyac var: Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Bildiyiniz kimi, Prezidentin hər bir çıxışı əslində yol xəritəsidir, ictimai mesajdır, tapşırıqdır. Nə etməliyik? Bu müharibəyə hazırlaşmalıyıq. Ordumuz dünyanın ən güclüləri sırasında olduğu kimi, informasiya məkanında da gücümüzü artırmalıyıq. Bunun üçün “ən müasir silahlar” – yəni ən yeni texnologiyalar almalıyıq, informasiya sahəsində vuruşacaq “əsgərlərimizin” dünyanın ən böyük informasiya mərkəzlərində peşəkar səviyyədə hazırlanmasını təmin etməliyik, onların hətta həmin informasiya ocaqlarında işləməsinə dəstək olmalıyıq və s. Biz “Mxitaryan şousu”nda şahidi olduq ki, erməni tərəfi həddindən artıq hazırlıqlı və mobil şəkildə üzərimizə hücum edir. Ermənilərin xarici mediada kifayət qədər havadarları, dostları var və onlardan yetərincə dəstək ala bilirlər. İnformasiya müharibəsində işləri sadəcə dövlət aparmalı deyil. Bütün dünyada bu informasiya müharibəsini cəmiyyət - media və vətəndaş cəmiyyəti aparır. Biz isə bu olayda xaricdəki lobbi və diaspor təşkilatlarımızın gücünü, təsir imkanlarını görə bilmədik. Məsələn, Mxitaryan şousunun ardından dərhal “Amnesty İnternational” təşkilatı bəyanat yayaraq Azərbaycan əleyhinə indiyədək dediklərini təkrar etdi. Maraqlıdır, bu beynəlxalq təşkilatların yaydığı bəyanatlarda Ermənistan əleyhinə xırda bir tənqidi cümləyə, açıqlamaya rast gəlinmir. Deməli, Ermənistan tərəfi bu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, onların üzvlərini, nümayəndələrini hansısa formada öz tərəfinə çəkə bilir. Biz bu məsələdə çox ciddi şəkildə geri qalırıq. Təəssüf ki, biz Böyük Britaniyadakı məşhur media quruluşlarında çalışan tanınmış azərbaycanlı qələm adamlarının, jurnalistlərin adını çəkə bilmirik. Amma erməni jurnalistlərinin istər Rusiya, istərsə də Avropa mediasında kifayət qədər nümayəndələri və dəstəkçiləri var. Biz peşəkar kadrların yetişməsinə diqqəti artırmalıyıq, məxsusən əcnəbi dildə olan media quruluşlarımızın və kadrlarımızın imkanlarını genişləndirməliyik.

- Kadrların yetişdirilməsi prosesini və onlara dəstəyi necə görürsünüz?

- Bizdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası var. Adı çəkilən qurum bu yöndə layihələrin həyata keçirilməsinə dəstək verə bilər. Bu layihələrdən biri Avropanın tanınmış media qurumlarında gənc kadrların təcrübə keçməsinin maliyyələşdirilməsi ola bilər.

Mən bir neçə dəfə bu məsələni qaldırmışam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi çox təəssüf ki, hələ də tələbələrə sovet dövründən qalma təhsil verir. Bizim müasir standartlara cavab verən jurnalistlərimiz demək olar, barmaqla sayılacaq qədərdir və onların böyük əksəriyyəti təhsil müddətində yox, daha çox təcrübə zamanı peşəkar jurnalist kimi formalaşa bilirlər. Çox yaxşı olardı ki, BDU-da və digər universitetlərdəki jurnalistika fakültələrində də xarici dillərə üstünlük verilsin. Xaricidilli jurnalistlərin yetişdirilməsinə böyük ehtiyac var. Bu təhsil ingilis, rus, digər Avropa və aparıcı Şərq dillərini əhatə eləməlidir.

Gənc kadrların, xüsusən Jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrin Təhsil Nazirliyinin xətti ilə dövlət proqramı çərçivəsində Avropada təhsilini davam etdirməsi və s. Yəni hərtərəfli proqramla, sistemli işləməliyik.

- Ermənistanın Azərbaycana qarşı təxribatları, işğalçı mahiyyəti ortadadır. Bəs onların dəstəkçiləri niyə haqlı ilə haqsıza fərq qoymurlar?

- Təəssüf ki, biz həmişə özümüzün haqlı olduğumuza arxayın olaraq dünyadan ədalət gözləyirik, amma dünyada ədalət yoxdur. Beynəlxalq hüququn, insan haqlarının üzərinə tanklar yeriyir. Xüsusən də bu, müsəlman ölkələrinə münasibətdə belədir. Bu gün dünyada ikili standartlar var və təəssüf ki, aparıcı dövlətlər bizə münasibətdə ikili standartlara yol verirlər. Əslində biz sadəlövh deyilik və düşmənlərimizin hansı əxlaqa sahib olduqlarını gözəl bilirik. Sadəcə, dediyim kimi, bu, özümüzə arxayınlıqdan və haqlı olmağımızdan irəli gəlir. Çünki heç kimə sirr deyil ki, Azərbaycanda hər hansı təhlükəsizlik problemindən söhbət gedə bilməz. Azərbaycan Cənubi Qafqazda ən sabit ölkələrdən biridir. Bizim heç ağlımızdan da keçməzdi ki, Böyük Britaniya mediası Azərbaycanı Əfqanıstan, Suriya və digər ölkələrlə müqayisə edəcək. Bu özümüzdən arxayınlıq hissi bizim informasiya savaşına müəyyən qədər gec qoşulmağımıza səbəb oldu.

Azərbaycanın əslində narahat olmağa, çəkinməyə və özünü sübut etməyə də ehtiyacı yoxdur. Azərbaycan kifayət qədər inkişaf etmiş bir ölkə olmaqla yanaşı, böyük iqtisadi layihələrə müəlliflik edir, Avropanın enerji təhlükəsizliyində fəal iştirakçıdır. Sadəcə, bizi narahat edən məsələ ondan ibarətdir ki, ölkəmizə qarşı hücum kampaniyasında xaricdəki qüvvələrlə yanaşı Azərbaycanın daxilindən də onlara dəstək verənlər tapılır. Bu çox ağrıdıcı məqamdır.

Avroliqanın final qarşılaşmasından öncə sosial şəbəkələrdə yayılan söz-söhbətlərə diqqət çəkmək istəyirəm. Çox təəssüf ki, radikal müxalifətin bəzi nümayəndələri Mxitaryan şousuna dəstək verdilər. Onlar bu kampaniyaya dəstək vermək üçün ən ağrıyan yerimizdən vurdular. Şəhidlərimizi, qəhrəmanlarımızı təhqir etməkdən, cinayətkar kimi qələmə verməkdən çəkinmədilər. Bu, Vətənə xəyanət idi. Məncə, bunu unutmaq olmaz. Və bağışlamaq olmaz. Biz başa düşürük, müxalifətçilik etmək olar. Müxalifətçilik əslində bir dünyagörüşdür. Müxalif qüvvələr dünyanın bütün ölkələrində müəyyən qərarların qəbulu prosesində siyasi hakimiyyətə dəstək verir. Təəssüf ki, biz Azərbaycandakı müxalifətdən bu dəstəyi heç bir formada görmürük. Azərbaycanın xeyrinə olan heç bir məsələyə onlar iqtidarla eyni prizmadan yanaşma nümayiş etdirmirlər. Məsələn, biz dəfələrlə şahidi olmuşuq ki, Türkiyə ilə bağlı hər hansı təhlükəli məqam yarananda bu ölkənin ən radikal partiyasının rəhbərləri belə gəlib Türkiyə prezidenti ilə yanaşı dayana bilirlər. Azərbaycanda isə çox təəssüflər olsun ki, belə bir nümunə yoxdur. Bizdə radikal müxalifət hakimiyyətə düşmən münasibəti bəsləyir. Hətta hakimiyyətin haqlı olduğu, Azərbaycanla bağlı ən vacib, ən həssas məsələlərdə belə biz heç vaxt bunun yaxşı nümunəsini görə bilmirik.

- Dediniz ki, bütün dünyada təbliğat məsələsini media və vətəndaşlar həyata keçirir. Biz vətəndaşlar və media olaraq niyə erməni vətəndaşı, erməni jurnalisti qədər ölkəmizin təbliğatına bu qədər can yandırmırıq? Yəni biz doğrudan da təbliğatın qaydasını bilmirik?

- Yəqin ki, bu məsələ ilə bağlı müzakirələrə ehtiyac olacaq. Çünki Mxitaryan Ermənistan vətəndaşı olmadığı halda ermənilərin irəli çıxan istənilən tanınmış adamları kimi ölkəsinə dəstək rolunda çıxış edir. Heç kəsə sirr deyil ki, Ermənistan dövlətini erməni milyonçuları saxlayır. Hər il ölkəyə dəstək üçün ianələr toplanır. Yəni bu məsələdə ermənilər həddindən artıq təşkilatlanıblar. Təəssüf ki, bunun nümunəsi Azərbaycanda yoxdur. Məsələn, Mxitaryan “Arsenal”ın oyunçusudur və kifayət qədər yaxşı pul qazanan bir futbolçudur, amma o, Azərbaycanın işğal altında olan ərazilərinə bu günə qədər 3 dəfə səfər edib, orada separatçı qurum tərəfindən mükafat alıb. Onlar dünya səviyyəsində tanınmış adamları vasitəsilə siyasi məsələləri gündəmdə saxlaya bilirlər. Düşmən də olsa, ermənilərdən öyrənməli olduğumuz şeylər çoxdur. Düşünürəm ki, mütləq bu məsələləri yaxşı-yaxşı müzakirə edib bu hadisələrdən nəticə çıxarmalıyıq. Azərbaycanın da xaricdə kifayət qədər tanınmış nümayəndələri var və onları Azərbaycana dəstək olmağa yönəldəcək qüvvələr, xaricdəki diaspor təşkilatları bu məsələlərə diqqət göstərməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm