Elnarə Xəlilova həyat yoldaşının Bulvarda etdiyi evlilik təklifindən danışdı: “Qəfildən üzüyü çıxardı və dedi ki...” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Elnarə Xəlilova həyat yoldaşının Bulvarda etdiyi evlilik təklifindən danışdı: “Qəfildən üzüyü çıxardı və dedi ki...” - MÜSAHİBƏ

Məlahətli səsi və böyük ürəyi "Məhəbbət payım", "Uzaqlara", "Qəm otağı", "Ayrılıq", "Pəncərəndə" kimi mahnılarında birləşməsəydi, çətin ki, pərəstişkarlarının qəlbinə və yaddaşına uzun illər hakim kəsilərdi. 4 övlad sahibi olduğunu, prioritetlərini ailəsi təşkil etdiyini və köhnə imicindən çoxdan uzaqlaşdığını desə də, Elnarə Xəlilova bizim üçün hələ də saf qızcığaz olaraq qalıb. Özü isə etiraf edir ki, ötən illər ərzində onun obrazını təkrarlaya bilən ifaçı olmayıb. Odur ki, köhnə obrazını qaytarmağa çalışmır.

Ola bilsin ki, o, hər gün bir mahnı çıxaran ifaçılardan olmasın və bəzən onu tənbəllikdə ittiham edirlər. Amma unudurlar ki, tarix sadəcə çoxsaylı repertuarı olan ifaçıların arxivi deyil. Bir neçə mahnı ilə musiqi tarixində özünə yuva quran kifayət qədər sənətçi olub və olmağa davam edir. Tarix isə o qədər nankor deyil ki, bənzərsiz səslərin unudulmasına imkan versin.

Sənətçinin Publika.az-a müsahibəsini təqdim edirik.

- Sarı və xırda hörükləriniz sizə çox yaraşıb. Bizə əvvəlki Elnarəni xatırladır.

- Hamı deyir ki, 15 il öncəyə qayıtmısan. Maşallah, hər il cavan müğənni ordusu gəlir, 15 il ərzində gözlədim ki, kimsə yerimi tutsun. Buna həqiqətən də sevinərəm, amma görürəm ki, bu illər ərzində yerimi tutan ifaçı olmadı. Olmadı ki, tamaşaçılar məndən köhnə Elnarəni hələ də tələb edir.

İstər geyimdə, istər saç düzümündə, istər makiyajda, istərsə də musiqidə mütəmadi olaraq dəbin geri qayıtdığını unutmaq olmaz. Bu obrazım əslində yeni klip üçün düşünülüb. Mahnı hip-hop janrındadır, orada özümü hörükdə gördüm. Yayda hörüklər daha çox aktualdır və bu, bir tərzdir, həm də qəşəng görünmək üçün etdim.

- Elnarə xanım, hərbçinin, yoxsa müğənninin həyat yoldaşı olmaq daha böyük məsuliyyət və yük deməkdir?

- Hər bir işin öz ağırlığı və çətinliyi var. Məsələn, hər axşam kiçik oğlum dalımca ağlayır. Uşaqlar yoxluğumu hiss edir və məni paylaşa bilmir. Mən də səhnə adamıyam, səhərdən axşama kimi tədbirlərdə və məclislərdəyəm...

- Bu yoxluğu həyat yoldaşınız da hiss edir?

- Yoldaşım özü də iş adamıdır, tez-tez xarici səfərlərə yollanır. Azərbaycanda olanda da başı qarışıq olur. Hər peşənin öz çətinliyi var, amma görürəm ki, ailədə biri hərbçi, digəri isə səhnə adamıdırsa, bu, lap çətindir.

Rövşən məni o görüşdə digərlərindən sezdi və seçdi

- Rövşən bəylə ilk tanışlığı xatırlayırsınız? Həmin gün sizdə hansı təəssüratlarla yadda qalıb?

- “Space” telekanalında həyat yoldaşım 12 verilişin pult rejissoru idi, o zaman mən də “W-trio”da solistlərdən biri idim. Qızlarla birlikdə “Çardaq” verilişinə getmişdik. İlk dəfə o verilişdə rastlaşmışdıq. İlk baxışda Rövşəni digər əməkdaşlardan fərqləndirmədim, amma sonra söhbətimiz alındı. Müxtəlif mövzular ətrafında danışıb sonda Qarabağ münaqişəsi üzərində qərarlaşdıq. Rövşən özü də qarabağlıdır, məcburi köçkündür. Aramızda ciddi debat və polemika başladı. Xeyli müzakirədən sonra gördük ki, ortaq maraqlarımız və uyğunluğumuz var. Qarabağ probleminə olan həssaslığımız da bizi birləşdirdi.

20 yaşında cavan qız idim, orda digərləri kimi boyadan və pudradan, ayaqqabımdan və ya kolqotqadan da danışa bilərdim. Nədənsə biz oturub siyasətdən danışdıq... İlk görüşümüz bu xatirələrlə yadda qalıb, düşünürəm ki, mən də onun xatirində bu hadisə ilə yadda qala bilmişəm. Rövşən məni o görüşdə digərlərindən sezdi və seçdi.

- Evlilik təklifi xatirənizdə hansı boyalarla yadda qalıb?

- 12 mayda, dənizkənarı bulvarda görüşmüşdük, qəfildən üzüyü çıxarıb evlilik təklifi etdi. Həyəcanlandım və dedim ki, düşünərəm, dərhal “hə” cavabını vermədim. 3 aydan sonra razılaşdım.

- Bəs ürəyinizdə “Bu oğlan ömrümü paylaşmaq istədiyim adam ola bilər” dediniz? Və bunu nədən anlamaq olar?

- (telefonuna gələn mesajı oxuyur və gülür) Sualdan əvvəl oxuduğum mesajdan anladım.

- Deyəsən, mesajda romantik sevgi etirafı gizlənib.

- Yox, mənə "motan" deyə xitab edib (gülürük).

Bilirsiniz, Rövşən darda olduğum anlarımda həmişə hiss edir ki, ona ehtiyacım var. Bir dəfə gecə saat 12-də avtomobil qəzası keçirtmişdim, başımı qaldıranda tanımadığım simaları gördüm. Böyük əksəriyyəti də kişilər idi. Fikirləşdim ki, mən tək qız xeylağı bunlara nə cavab verim. Maşımda da 4 nəfər adam var idi. Onda Rövşənlə evli deyildik. Həmin gecə Rövşən qatarla Şəmkirə getməli idi. Başa düşdüm ki, ona zəng vurmağın mənası yoxdur, çoxdan qatarla yola düşüb. Daha sonra atama zəng vurmaq istədim, amma iki dəfə infarkt keçirtdiyini nəzərə alıb vaz keçdim. Başa düşdüm ki, başıma hadisə gəlib və bu vəziyyətdən özüm çıxmalıyam. Bilmirdim ki, yaralıları yerbəyer edim, ya da özümlə məşğul olum, radiatorun suyu əlimə dağılmışdı və əlim yanmışdı. Qəzanın təsiri ilə çaşqınlıq içində qalmışdım. Aləm bir-birinə dəymişdi, 500 nəfərə eyni anda söz çatdırmalısan. Və hadisədən 10 dəqiqə sonra Rövşən özü mənə zəng vurub dedi ki, özünü qorxutma. Hardan və necə xəbər tutduğunu bilmədim. 2 nəfər dostunu göndərmişdi ki, bizə yardım etsin. Anında məni o vəziyyətdən çıxartdılar. Qəzanın üstündən 12 il keçməsinə baxmayaraq, onlara hələ də dua edirəm. Rövşən ən xırda problemli situasiyada və sıxıntıda öz doğması kimi məni hiss edir.

- Eyni narahatçılıq və hissiyyat sizdə də var?

- Var, amma onda daha güclüdür.

Fədakarlıq zəif insanın işi deyil

- Fədakarlıq zəiflik, yoxsa sevgi əlamətidir?

- Nəinki mən, Azərbaycanda yaşayan əksər xanımlar və analar birmənalı olaraq fədakardır. Bir çox ölkələri gəzib mədəniyyəti ilə tanış olmuşam, əminliklə deyə bilərəm ki, Azərbaycan qadınları qədər ikinci fədakar xalq tanımıram.

Əksinə insan nə qədər güclü olmalıdır ki, özünü ailəsinə fəda edə bilsin. Buna böyük güc və cəsarət lazımdır. Fədakarlıq zəif insanın işi deyil.

- Sevgi nə vaxtsa tükənir?

- Sevgi hissdir, hiss tükənə bilməz, hiss ya var, ya da yoxdur. Amma münasibətlər dəyişə bilər. Sevgili, nişanlı, evli və uşaqlı ailələrin münasibətləri eyni ola bilməz, amma hər birində sevgi var. Uzun müddətli evlilikdən sonra nikah qəribə bir münasibətə çevrilir, insanlar doğmalaşır. Həyat yoldaşın anan və atan kimi doğma bir insan olur.

O, mənə bəhanə də vermir

- Qısqanclıq bütün gözəl münasibətlərin düşməni kimi qələmə verilir. Qısqanclıq sizdə neçə bal gücündədir?

- Adam var ki, qısqanclığı patologiyaya çevirir, sözsüz ki, hər şey həddində gözəldir. Həyat yoldaşımı nadir hallarda qısqanıram, ümumiyyətlə qısqanc deyiləm. O, mənə bəhanə də vermir.

- O da həqiqətdir ki, gözəl xanımlar həmişə diqqət mərkəzindədir.

- Bəli, o məni daha çox qısqanır. Qısqanmaqdan çox, o, məni sahiblənir. Belə də olmalıdır.

- Deyirlər ki, kişinin əsl xasiyyəti pulu çox olanda, qadının əsl xasiyyəti kişinin pulu olmayanda üzə çıxır. Həqiqətənmi, pul insan xasiyyətini təyin edən əsas ölçü vahididir?

- Düzgün təhlildir. İnsan bərkə-boşa düşməlidir ki, şəxsiyyət kimi formalaşa bilsin. Çəkişməsən, bərkiməzsən. Ruzini də Allah verir. Geci-tezi var, sənin olan səni mütləq gəlib tapacaq. Yoldaşım da, mən də maaşla dolanan adamlarıq, hər ailədə olduğu kimi, bizdə də maddi sıxıntılar ola bilir. 4 uşağın bütün ehtiyaclarını təmin etmək zarafat deyil.

Bir dəfə 10 günə yaxın maddi problemlərimiz oldu. Bunu nəinki yoldaşımın üzünə vurmadım, heç uşaqlarıma da hiss etdirmədim, uşaqlarım məndən əlavə nə isə istəyəndə o sıxıntıları oyuna çevirdim. Bilirdim ki, işlərimiz tezliklə düzələcək və özümü elə apardım ki, belə də olmalıdır. Vəziyyət öz qaydasına düşəndən sonra yoldaşım mənə təşəkkür edib dedi ki, yerində başqası olsaydı, məni buna görə divara dirəmişdi, sən oturub səbirlə hər şeyin qaydasına düşməsini gözlədin. Başqa nə cür olmalı idi ki? Bəli, dost dar gündə tanınır. Odur ki, biz həm də çox yaxşı dostuq.

- Xəyanətin izini silmək mümkündür?

- Mümkündür, bu, bizdən asılı deyil. Allah insanı özünə oxşar yaradıb. Allah bağışlayandır, biz kimik ki? Amma insan səbrinin də bir həddi var. Bir dəfə, uzağı iki dəfə nəyisə ötüşdürmək olar, əgər adət halını alıbsa, bu, artıq qarşı tərəfə hörmətsizlikdir və bağışlanmazdır.

Böyük istiqamət verərəm

- Azərbaycanlı sənət adamları övladlarının onların izi getməsini istəmir. Sizdə vəziyyət necədir? Onların yaradıcılıq meylini boğmağa çalışırsınız, ya inkişaf etdirirsiniz?

- Həftənin 5 günü dərslərimizi oxuyuruq, şənbə və bazar rəqs kimi müxtəlif fəaliyyətlərlə məşğul oluruq. Rəqsə əyləncə və sağlamlıq üçün gedirlər. Hər halda olacağa çarə yoxdur, heç nədən qorxmuram. Əksinə hər hansı fitri istedadı olduğunu və seçdiyi peşənin həyatının əsas hissəsini tutduğunu görsəm, onlara dəstək olaram, böyük istiqamət verərəm. Onların ən yaxın dostu mənəm, təki Allah mənə can sağlığı versin ki, onların yol yoldaşı olum və istiqamət verim.

- Müsahibə üçün minnətdaram, Elnarə xanım. Sizi növbəti dəfə kəşf etmək maraqlı oldu.

- Təşəkkür edirəm.

Aytən Məftun

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm