Xüsusi
Barmaqları caz qoxan şairin 80-ci yaşı
Allah məni kişi yaratmaq istəsəydi, doğulmaqçün 1939-cu ilin isti yay gününü seçərdim. Şair atam gözümdəki alovu görüb adımı da şeirə calayardı. Mənə Vaqif deyərdi. Savaşların şaxtasını, ürəklərin soyuğunu misra-misra isidərdim. Hələ uşaq ikən ilk dəfə aşiq olardım. Sevdiyim qızın körpə canı torpağa qarışanda həsrətin ilk toxumunu əkərdim. Böyüdükcə musiqiyə qarışardım. Not qoxardı barmaqlarım, caz qoxardı şeirlərim. Sözlərimin ahəngi milyon-milyon duyğuları oyadardı. Bir gün məni yer üzündən silən qələm adımı ürəklərə qalın-qalın hərflərlə möhürləyərdi.
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq...
Əslində Vaqif olmaq üçün qadın, yaxud kişi doğulmağın fərqi yoxdur. O, ruhunda ya yaşayır, ya da yox.
Barmaqları caz qoxan şair Vaqif Səmədoğlu bu ay 80 yaşını qeyd edir. Söz qədər doğma şairin doğulduğu gündə onun misralarını qəlbində yaşadan insanlar Azərbaycan Dövlət Filarmoniyasında görüşdü.
Bəzi misralar var ki, dillər əzbərinə çevrilir. Nadir hallarda isə şairin misralarını ürək əzbərləyir. O misraları ilk dəfə eşitsən də ürəyin sözbəsöz təkrarlayır. Həmin axşam hər kəsin nəfəsi konyak qoxudu. Hər kəs qaranlıqda rastlaşıb əsaslarından çaşdığı o sehrbazı yad edib sevindi, kövrəldi, qurtum-qurtum misralardan sərxoş oldu. Mübariz Tağıyev, Samirə Əfəndi, Şölə Səfərəliyeva və digər sənətçilər şairin sözlərinə yazılan mahnıları ifa etdilər. Amma etiraf edək, Vaqif Səmədoğlu poeziyası o qədər melodikdir ki, onu dodağının lap altında aram-aram söyləsən də sədaları divarlara çökəcək.
Tədbirin aparıcısı gənc qiraətçi Xəzər Süleymanlı, aktyorlar Kamran Yunis, Elnar Qarayev və Samir Bağıroğlu şairin vətən eşqini, dinlərdən isti Allah sevgisini, doğma anası Azadlığı tərənnüm edən duyğu buketini bütün zala səpdilər. Amma gözüm elə hey səhnədə "yer üzündə bircə cocuq varsa" deyib işıldayan qadın hərarəti axtardı.
Yubiley Vaqif qalaktikasının sadəcə romantika, hüzn planetləri üzərində dönürdü. Şübhəsiz, bir neçə saat ərzində şairin daxilində susmayan odlu vulkanı tamlığı ilə təsvir etmək mümkünsüz idi. Elə bu məqamda səhnədə görünən Tahir İmanov Vaqif Səmədoğlunun rusca qələmə aldığı xatirələrini özünəxas yumor ilə gah şən, gah ironik səslə oxumağa başladı. Monoloqdan bir cümlə yaddaşıma yazıldı: "Atam deyirdi ki, bu xalq iki nəfərin ardınca getməyi sevir - bir dəlinin, bir də şairin".
Mən bir daha əmin oldum, 80-in üzərinə rəqəmlər qonduqca xalqın ən dəli duyğularını şeirə döndərən şairinə olan sevgisi də böyüyəcək, amma qocalmayacaq, şaxələnəcək, amma bölünməyəcək.
Sabah neçə yuxu yaxşıya,
neçəsi pisə yozulacaq,
sabah bir durna qatarı pozulacaq,
eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
sabah çox pis olacaq.
Şükür, sabah olacaq.
Leyla Sarabi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO