Dilarə Əliyevanın qardaşı: “Atam erkən rəhmətə getmişdi, dolanışıq pulumuz güclə çıxırdı” - - FOTO
Bizi izləyin

Xüsusi

Dilarə Əliyevanın qardaşı: “Atam erkən rəhmətə getmişdi, dolanışıq pulumuz güclə çıxırdı” - - FOTO

“Ata sevgisindən erkən məhrum olmuşam. Həmyaşıdlarımdan fərqli olaraq qayğısız uşaqlıq həyatı yaşaya bilməmişəm. Atam erkən rəhmətə gedib, anam 4 uşağını təkbaşına böyüdüb, ağır işlərdə çalışıb, dolanışıq pulumuz güclə çıxırdı”.

Bu sözləri tanınmış aktyor və aparıcı Vüsal Murtuzəliyev Publika.az-a verdiyi müsahibəsində deyib. Atasızlığın ona yaşatdığı məhrumiyyətlər içində böyüdüyünü deyən sənətçi bildirib ki, qızlarının hər nazı ilə oynayır və onların qayğısız böyüməsi üçün əlindən gələni edir.

- Vüsal bəy, sizi digər aktyor və aparıcılardan fərqləndirən heç kimə bənzəməyən səs tonunuzdur. Səsinizin gücünü ilk dəfə nə zaman anladınız?

- Tələbəlik illərindən, müəllimlərim də həmişə yaxşı səs temberim olduğunu deyirdi. Onda səsim fərqli idi. İndi səsim daha çox bişib. Hərbi xidmətdən sonra birbaşa Azərbaycan Televiziyasınn dublyaj redaksiyasına getdim. Əslində dublyaj sənətinə universitet illərindən böyük həvəsim vardı. Oranın ən azyaşlı aktyoru idim, təcrübəsiz və utancaq idim. Səsimi və diksiyamı yoxladıqdan sonra öz ailələrinə qəbul etdilər. Azərbaycan televeziyası mənim üçün bu yolda məktəb oldu, oranın əməkdaşlarından çox böyük dəstək görmüşəm, hər birindən bu sənətin sirlərini öyrənmişəm.

Artıq 14 ildir ki, dublyaj sahəsində çalışıram. İstənilən iş təcrübə tələb edir, zamanla peşəkarlaşırsan. Onu da deməliyəm ki, hələ də öyrənirəm, bu işin çox incə xırdalıqları var. 80 faizini mənimsəmişəm, yerdə qalanı da illərlə öyrənilir.

Yetəri qədər təcrübəsi olan yaşlı nəsil aktyorlardan çox öyrənmişəm, indi də öyrənirəm. Bu sahədə mənə yardımçı olan ikinci mənbə rusların dublyajıdır, onlara çox diqqətlə baxıram. Filmdən daha çox bütün fikrimi aktyorların dublyajına yönəldirəm. Fransızların da dublyajı mükəmməldir.

- Xarici filmlərin bir çoxunu sizin dilinizdən eşidirik. Maraqlıdır, insanın səsinə əsasən onun xarakterinin analizini təyin edə bilirsiniz?

- Bəli, mümkündür. İnsanlar var ki, səs temberi və danışıq tərzi artıq səndə müəyyən bir fikir formalaşdırır. Məsələn, özgüvənli insanlar adətən çox rahat və sərbəst danışırlar.

- Əksər hallarda dublyajda eyni aktyorun səsini dinləmək sizcə, tamaşaçını yorur?

- Hələ heç kim deməyib ki, səsim kimisə yorur. Problem ondadır ki, bizdə dublyaj aktyoru çox azdır. Dublyaj sistemi bizdə istənilən kimi qurulmayıb. İstər televiziyaların, istərsə də prodakşınların qurduğu ümumi dublyaj sistemindən narazıyam. Bəlkə də bu səbəbdəndir ki, dublyaja yeni səslər gəlmir.

- Bu sistemin necə qurulmasını istəyərdiniz?

- Bu, geniş miqyaslı işdir. Burada əsas rolu maliyyə oynayır. Bu gün dublyajda maliyyə çox aşağıdır. Gördüyümüz işin müqabilində aldığımız qazancı kiməsə deyəndə həqiqətən də çox təəccüblənir. Bütün bunlara baxmayaraq, işimə olan sevgim tükənmir.

- Özünüzü Türkiyə kino sektorunda sınamaq istərdiniz?

- Belə bir fikrim var, sadəcə çox yaxşı vasitəçi lazımdır. İstər türklər, istərsə də digər xalqlar bizdən fərqli olaraq daha çox özününkülərə qiymət verir, kənar millətin nümayəndəsinə öz işlərində və sənayelərində yer vermək istəmirlər.

- Çörəyiniz səsinizdən çıxır, bəs şəxsi həyatda səsiniz sizə hansısa üstünlük gətirib?

- Məni tanıyan və tanımayanlara həm səs tembrim, həm danışıq tərzim, həm də intonasiyam xoş təsir bağışlayır. Subay vaxtı təbii ki, səsimdən müəyyən dərəcədə istifadə etmişəm. Əsas odur ki, insanlarda xoş əhval-ruhiyyə yaratsın, qulağa yatımlı olsun. Bu da məndə alınır.

- Kimi özünüzə rəqib görürsünüz?

- Bu barədə düşnməmişəm. İstər dublyaj, istərsə də adi həyatda məndən qat-qat həqiqətən gözəl səsi olan insanlar var. Tam səmimi sözümdür. Deyə bilmərəm ki, səsimdən dünyada yoxdur.

- Dilarə Əliyevanın qazandığınız uğurlarda nə qədər payı var?

- Olduqca böyük... Nəinki Dilarə, Oqtayın da rolu danılmazdır. Hətta ilk dəfə AZTV-yə getməyim üçün vasitəçi Oqtay olub. Bütün həyatımda Dilarənin dəstəyi mənim üçün misilsizdir. Təbii ki, o borcu qaytarmaq qeyri-mümkündür.

- Demək olarmı ki, sizdəki istedadın ilk işartısını Dilarə xanım sezib?

- Bəli. Təbii ki, daha böyük bir anlamda nəyisə kəşf etmək mümkün deyildi, çünki təcrübəsiz idim, məktəbi yeni bitirmişdim. Film və teatrda heç bir iştirakım olmamışdı ki, ona əsasən yaxşı aktyor olacağımı kəşf etsinlər. Qabiliyyət imtahınına məni Elçin Əlibəyli ilə Dilarə Əliyeva hazırladı və qəbul edildim.

- Yəqin ki, Dilarə xanımın tənqidi də sərt olur.

- Sərt yox, amma sərtə yaxındır. Nə yalan deyim, tərifi də sevirəm, Dilarə tərif də edir, amma tənqidsiz də olmur. Tənqidə dözümlü insanam. Mənə yaxın və doğma olan insan heç vaxt məni yalandan tərifləməz. Tənqid varsa, deməli, nəticə çıxartmaq lazımdır.

- Deyirlər ki, rolun effektiv alınması üçün aktyor öz ürəyini reanimasiyaya göndərməlidir. Ürəyiniz tez-tez reanimasiyada yatır?

- Bəlkə də iş fəaliyyətindən və oynadığı roldan çıxış edərək bu fikrə gəliblər. Stanislavski məktəbində buna yaşama sistemi deyirlər. Unutmayaq ki, aktyor sənətində texnika deyilən mexanizm var. Yaşama sisteminə nə qədər müraciət edirsənsə, bir o qədər də texnikaya müraciət etmək lazımdır.

- Bu yaxınlarda sizi Asiman Ağa Rövşənin rejissorluğu ilə TƏK (TeatrƏdəbiyyatKino) Yaradıcılıq Platformasının hazırladığı “İt ürəyi” tamaşasında gördük. Bu əsərdə əsas rollardan birini ifa edirdiniz. Ümumiyyətlə, istənilən tamaşada aktyor rolunu nə qədər mahircəsinə ifa etsə də, müəyyən mənada həyəcanı tamaşaçıya ötürülür. Bu baxımdan siz çox sərbəst idiniz. Ən az film pavilyonundakı qədər rahat və çevik görünüdünüz. Bu komforta necə nail ola bilmisiniz?

- Çox adam dedi ki, Vüsal sən teatrda işləmirsən, səndən bu qədərini gözləmirdik. Belə deyirlərsə, deməli, həqiqətən də rolumun öhdəsindən gəlmişəm. Tək yaradıcılıq platformasının rəhbəri Dağlar Yusifə və rejissor Asiman Ağa Rövşənə böyük təşəkkürümü bildirirəm ki, mənə inandılar. Deməyə utanmıram ki, həm Asimandan, həm də digər aktyorlardan çox şey öyrəndim.

Bir neçə il əvvəl Uilyam Şeksprin “12-ci gecə” komediyasından oynasam da, teatrda işləmirəm, mütəmadi olaraq teatr fəaliyyətim yoxdur. Məndən asılı olan və olmayan səbəblərdən dolayı özümü teatra həsr etmədim.

- İstərdinizmi?

- Artıq neçə ildir iş sistemimi və qrafikimi başqa səmtə yönəltmişəm. TƏK Yaradıcılıq Platforması sərbəst iş qrafiki təklif etmişdi. Bu tamaşa məndə və digər aktyorlarda onun üçün alındı ki, işdən sonra hamı bir vaxt təyin edib məşqlərə gəlirdi. Aydın məsələdir ki, teatrın ştatda olan aktyorusansa, bu rahatlıq və sərbəstlik alınmır.

- “İt ürəyi” çox məşhur bir povestdir. Ona kifayət qədər uğurlu film də çəkilib. Professorun köməkçisi Bormental rolunu canlandırmısınız. Bu obraz sizdə hansı təəssüratları oyatdı?

- Asiman tamaşanı qratesk janrında qurmaq istəyirdi. Qratesk janrını çox sevmişəm, rejissorla mənim istəyim üst-üstə düşdü. Odur ki, tamaşa uğurlu alındı. Tam əminliklə deyə bilərəm ki, Asiman gənc olmasına baxmayaraq, çox istedadlıdır. Şübhə etmirəm ki, o, gələcəyin parlaq rejissorlarından biri olacaq. Elvin Rüstəmzadə, Dağlar Yusif və Asiman Ağa kimi rejissorlara yaxşı şərait yaradılsa, gələcəkdə teatrın məşhur isimlərindən olacaqlar.

- Dilarə Əliyeva bu gün ən çox tələb olunan komediya aktrisalarından biridir. Maraqlıdır ki, sizə film təklifləri gəlirmi?

- Hazırda Azərbaycanda film bazarı yoxdur. İldə bir neçə dəfə kommersiya məqsədilə komediya filmləri çəkilir. Onlar arasında yaxşıları da, pisləri də var. Ümumiyyətlə, özümü komediya profilində görmürəm. Təəssüf ki, dram filmləri də çəkilmir və baxılmır. “Pərdə 1”, “Pərdə 2”, “Dalan” son illərin ən yaxşı və baxımlı dram filmləridir. Bütün tamaşaçılar dram filmlərinin yutubda çıxmasını gözləyir ki, oturub izləsin. Odur ki, dram aktyorlarının filmlə bağlı işləri mürəkkəbdir.

- Drama marağın az olmasının səbəbini nədə görürsünüz?

- İnsanlar gülmək və əylənmək istəyir. Hardasa anlamaq olar.

- Aktyorun yaradıcılığında, ümumiyyətlə, həyatında emosionallıq hansı yeri tutur?

- Ən üst yerdədir. Aktyor emosional olmalıdır. Həddən artıq sakit adam aktyor ola bilməz.

- Deməli, çılğınlıq sizə yad deyil...

- Bəli, amma harada və kimlə olmağımdan asılıdır. Soyuqanlılığım da var, lazım olanda hisslərimin cilovunu öz əlimə alıram.

- İncəsənətin mistik gücü olduğuna inanırsınız?

- O gücə inanıram. Ümumiyyətlə, onun daha böyük gücü var. O, həm real, həm mistik, həm də ilahi gücün vəhdətidir. İncəsənət iki düşmən xalq arasında sülh sazişi bağlamaq qüdrətinə malikdir.

- Biz bu gücdən istifadə edə bilirik?

- Hazırkı dövrdə yox.

- Aktyorların mahiyyətində şıltaq bir uşaq gizlənib. Uşaqlar isə hamıya məlum olduğu kimi, oynamağı sevir. Qəlbinizdəki uşağı hər şey bahasına qoruya bilmisiniz?

- Məndə indi də uşaqlıq var. Qızlarımla evdə saatlarla oynaya bilərəm, uşaqlaşıram... Bəlkə də ürəyim istədiyim uşaqlığı yaşaya bilməmişəm deyə, onu öz ürəyimdən çıxarıb öz övladlarımla bölüşürəm.

- Uşaqlıq həyatı sizi nələrdən məhrum edib?

- Ata sevgisindən erkən məhrum olmuşam. Həmyaşıdlarımdan fərqli olaraq qayğısız uşaqlıq həyatı yaşaya bilməmişəm. Atam erkən yaşlarımda rəhmətə gedib, anam 4 uşağını təkbaşına böyüdüb, ağır işlərdə çalışıb, dolanışıq pulumuz güclə çıxırdı.

- Ən çox nəyə ehtiyac duyurdunuz?

- İnsan öz uşaqlığını doya-doya yaşamalıdır. Bütün uşaqlar kimi doyunca əylənmək və rəngli oyuncaqlar istəyirsən... Rəngli oyuncaqların həsrətini çəksəm də, valideyn sevgisinin azlığını heç vaxt hiss etməmişəm. Anam yarıac, yarıtox bizi böyüdüb bu həddə çatdırıb. Odur ki, maksimum dərəcədə çalışıram ki, uşaqlarım o atasızlığı yaşamasın.

- Alla Puqaçova deyir ki, hər bir qadın aktrisadır, əgər o, pis aktrisadırsa, həmişə uduzacaq. Siz bu haqda hansı fikirdəsiniz?

- Alla Puqaçova ağıllı qadındır. O, artıq elə bir yaş həddinə çatıb ki, həyatı dərk edir və bu yaş imkan verir ki, qadın xarakteri haqqında müəyyən ağlabatan fikirlər səsləndirsin. Qadınlar çox sirli məxluqdur, onları tam oxumaq olmur. Qadınlar hər an gözlənilməz reaksiyalar verə bilər. İllərlə birgə yaşadığın qadından hər hansı bir situasiyada istənilən reaksiyanı gözləmək lazımdır.

- Planlarınızda nə yeniliklər var?

- Dublyajla məşğulam, fəaliyyətimin ayrılmaz hissəsidir. Öz gücünü göstərmək üçün maraqlı layihələr və filmlər olmalıdır. Yeni dram serialından bir təklif var. Hələ ki, bu barədə danışıqlar gedir.

- Müsahibə üçün minnətdaram. Karyeranızda arzuladığınız zirvələri fəth etməyi diləyirəm.

- Təşəkkür edirəm.

Aytən Məftun,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm