Xüsusi
Kral ailəsini geyindirən məşhur azərbaycanlı xanım SİRLƏRİ AÇDI - MÜSAHİBƏ/VİDEO
Norveçdə yaşayan əslən azərbaycanlı dizayner Şervin Nəcəfpur öz kolleksiyaları ilə dünyada böyük şöhrət qazanıb. Daha çox Norveç kral ailəsi üçün geyim hazırlayan dizayner kimi məşhurlaşan Şervin xanım bir neçə günlük Bakının qonağı olub.
Redaksiyamıza qonaq gələn dizaynerin Publika.az-a müsahibəsini təqdim edirik.
- Şervin xanım, modaya maraq nə zaman və necə yarandı?
- Modaya olan həvəsim uşaqlığımdan başlayıb. Çox şadam ki, bu xəyallarımın izindən gedə bildim.
- Ailəniz sizə bu yolda dəstək oldumu?
- Çox müasir ailədə doğulub boya-başa çatmışam. Bütün işlərimdə arxamda dayanır və mənə stimul verirlər. 2013-cü ildə moda biznesimi qurmağa qərar verəndə ən böyük dayağım elə valideynlərim oldu. Maliyyə yardımı onlardan gəldi.
- Modada öz üslubunuzu necə ifadə edərdiniz?
- Brendimi cəsur və sofist sözləri ilə ifadə edərdim. Çalışıram ki, hər zaman feminist qadını canlandırım, standart qadın obrazından kənara çıxaraq, işgüzar və zəhmətkeş qadını da öz geyimlərimdə əsk etdirməyə çalışıram.
- Norveç kral ailəsi üçün geyim hazırlamaq şərəfinə necə nail oldunuz? Kral ailəsinin xanımları zövqü digərlərindən nə ilə seçilir?
- Moda dünyasında addımlamağa başladığım illərdə Norveçin iki məşhur dizayneri ilə əməkdaşlıq edirdim. Norveç kral ailəsi ilə tanışlıq həmin ərəfədə baş verdi. Daha sonra onlarla işbirliyimiz davam etdi. Bu, mənim karyeramda qürurverici bir hadisədir.
- Bu il Antalyada nümayiş olunan kolleksiyanız Azərbaycanda xüsusilə böyük rəğbət qazandı. Kolleksiyanın şüarları arasında "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm" (I want to go back home to Karabakh), "Xocalıya ədalət" (Justice For Khojaly), "Urmiya gölünü qoru" (Save lake Urmia), "Mən Təbrizin ulduzuyam" (I'm a Star in Tabriz), "Mən Bakının ulduzuyam" (I'm a Star in Baku) kimi ifadələr yer alıb.
- Dizaynerlik fəaliyyətimdən əlavə olaraq siyasətlə məşğul oluram. Norveçdə bizim “Cana” adlı təşkilatımız var, onun sədriyəm. Hər zaman çalışmışam ki, geyim yaradarkən onları öz vətənimə həsr edim. Sevindirici haldır ki, sonuncu kolleksiyam böyük səs-küyə səbəb oldu. Əslində bu kolleksiyada Azərbaycanın ərazi bütövlüyünü birləşdirməyə çalışdım. Dünyaya göstərmək istədim ki, bizim Qarabağ problemimiz var. Burada Cənubi Azərbaycan, Borçalı və İrəvan da yer almışdı.
- Bu mesajı verməklə nəyə nail oldunuz?
- Erməniləri qıcıqlandırdım. Antalyadakı moda nümayişi əsnasında çəkilən şəkilləri "Instagram"dakı səhifəmdə paylaşmışdım. Bu paylaşımlar erməniləri hiddətləndirmişdi, onlar səhifəmi şikayət edərək bloklanmağa çalışmışdı.
Sevindirici hal ondan ibarətdir ki, beynəlxalq platformada bir çoxları artıq Azərbaycan həqiqətləri ilə tanış ola bildi. Bu günə qədər moda dünyasında kimsə belə bir addım atmamışdı. Hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, ölkəni layiqincə təmsil edə bilərsən. Bu arzuma nail oldum və çox gözəl reaksiyalar aldım.
Mənfi reaksiyalar da var idi, amma onları saymıram. Ümumilikdə həm Türkiyə, həm də Norveç mətbuatında çox gözəl qarşılandı. Bu dəfilə sayəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanıdıldı. Bu, mənim üçün böyük bir fəxr idi.
- Siyasətçi ailəsində anadan olmusunuz. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə rəsmi Norveçin münasibəti necədir?
- Hər kəsə məlumdur ki, Norveçin Azərbaycana qarşı çox pozitiv münasibəti yoxdur. Çox istərdim ki, bunu aradan qaldırım. Çünki bizim uzun illərə söykənən əlaqələrimiz var. Çox insan bilmir ki, Qobustandakı qayaların eynisi Norveçdə də var. Çox tanınmış tarixçi və araşdırmaçı Tur Heyerdal inanır ki, norveçlilər Qafqazdan gəlib. Vikinqlərin tanrısı Uden Qafqaz bölgəsindən Norveçə köçüb. Əslində belə gözəl dostluq münasibətlərimiz var.
- Norveçdə anadan olsanız da, doğma dilinizi mükəmməl bilirsiniz...
- Milliyyətçi ailədə doğulmuşam. Atam məcburi siyasi köçkün olub, cənubi azərbaycanlı türk əsilliyik. O, həmişə evimizdə Azərbaycan mədəniyyəti və dilimizi qorumağa çalışıb. Atam deyirdi ki, Azərbaycan dili sərvətimizdir və onu qorumaq bizim borcumuzdur. Valideynlərim Azərbaycan dilində təhsil almasa da, ana dillərini unutmayıblar.
Mənim üçün 1-ci sinifdən 6-cı sinfə kimi olan Azərbaycan dərslikləri almışdılar. Öz dilimizdə yazıb-oxumağı bu kitablardan özüm öyrəndim. Norveç kimi ölkədə bizim müəlliməmiz olmayıb. Qürbətdə öz övladına vətən sevgisini aşılaya bilmək qəhrəmanlıqdır. Onlara qəhrəman gözü ilə baxıram.
Norveçdə ən çox azərbaycan dili üçün darıxıram, orada valideynlərim və bir neçə dostumla bu dildə söhbətləşə bilirəm. Azərbaycana gələndə, öz ana dilimi eşidirəm və xoşbəxt oluram.
- Norveçlilərlə azərbaycanlıların oxşar cəhətləri varmı?
- Humanizm baxımdan oxşar olduğumuzu deyə bilərəm. Amma tarixinə, mədəniyyətinə, milli dəyərlərinə qiymət verən ölkə olaraq Azərbaycan daha çox öndədir. Biz öz mədəniyyətimiz və tariximizlə qürur duyan millətik.
Norveç sürətlə müasirləşməyə doğru gedir, milli geyimlərini geyinən insanlar görə bilməzsiniz, ildə bir-iki dəfə olar, ya olmaz. Çox nadir hallarda Norveçin milli musiqisini eşitmək olar. Bir çox şey unudulub. Vətənpərvərlik ümumiyyətlə, yoxdur.
- Çox şən və şux xanımsınız. Bu, dünyanın ən xoşbəxt ölkəsində yaşamağınızla bağlıdır, ya genlərlə?
- Məncə, genlərdən asılıdır. Azərbaycana gələndə daha şən oluram. İnsan öz vətənində tamamilə başqa ab-havada olur. Hər zaman çalışırıq ki, gülərüz olaq, bu da ailədən qaynaqlanır. Əlbəttə ki, yeri gələndə mənim də kaprizlərim özünü göstərir. Hər halda hesab edirəm ki, pozitivlik türklərin qanında var.
- Qayıdaq yenidən moda aləminə. Şervin xanım, Azərbaycanlı məşhurlardan kimlər üçün geyim hazırlamısınız?
- Etika baxımından adlarını çəkə bilməsəm də, Skandinaviyada çox tanınmış aparıcı və modelləri, Azərbaycanda yüksək vəzifəli insanların xanımlarını geyindirdiyimi qeyd edə bilərəm.
- Azərbaycan mentaliteti bu gün bu və ya digər şəkildə qarderobumuza və stilimizə təsir edir. Sizcə, bu təsir nə zamana kimi özünü göstərəcək?
- Müəyyən yerlərin öz dress-kodu var, bu, mentalitetlə heç bir əlaqəsi olmayan mövzudur. Rəsmi dairələrdə işləyirsənsə, ora uyğun geyinməlisən.
Geyimin seçiminə insanın xarakteri də təsir edir, həmçinin buna bir çox hallarda ruh halımız qərar verir.
- Dəbin bu qədər sürətlə dəyişməsinin səbəbləri nədir və buna ehtiyac varmı?
- Əsasən klassik fasonlara üstünlük verirəm. Və etiraf etməliyik ki, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi dövrdə yaşayırıq. Trendləri influserlər, səhnə adamları və blogerlər təyin edir. Odur ki, dəb sürətlə dəyişməyə məhkumdur. Məsələn, əvvəllər başmağı evdə geyinirdiksə, bu gün onu yüksək dəb həftələrində görə bilirik.
Müəyyən yerlər var ki, dress-kod qaydalarının orada pozulmasının əleyhinəyəm. Çünki hər hansı idarəyə dənizə getdiyimiz şortiklə gələ bilmərik.
- Milli geyimlərimizdə bir çox elementin öz mənası və fəlsəfəsi var. Bəs bu gün müasir dəbin fəlsəfəsi nədən ibarətdir?
- Çətin sualdır... Artıq dəb qaydaları aradan qalxıb. Əvvəllər hər hansı iki rəngi və ya parçaları birləşdirmək zövqsüzlük sayılırdısa, bu gün onlar öz əhəmiyyətini itirib. Moda qanunları pozulub və pozulmağa davam edir. Buradan o qənaətə gəlirik ki, bu gün müasir dəbin fəlsəfəsi bütün moda qanunlarının pozulmasından ibarətdir.
- Köhnəlmək anlayışı müasir dəbə xas termindir? Yoxsa artıq heç bir əhəmiyyəti qalmayıb?
- Keyfiyyətə önəm verirəm. Bəzən xanımlar toya bir dəfə geyindiyi paltarı ikinci dəfə geyinmək istəmir. Belə düşüncə tərzinə sahib olan insan deyiləm. Əsas odur ki, parçası və tikişi yaxşı olsun. Bir geyimi hətta 10 il də geyinə bilərəm, trendlərə qapılmıram. Hər gün yeni paltar geyinməyə ehtiyac duymuram. Hesab edirəm ki, bu təbiətə qarşı haqsızlıqdır. Moda sənayesi nə qədər gözəl olsa da, arxasında bir çox çirkinliklər yatır. Dünya ekolosiyasını kirlədən sənayelərdən biri də əslində moda sənayesidir.
- Dünyada minlərlə fəşn bloger və influserlər var. Sizə elə gəlmir ki, onların dəb siyasəti bu gün xanımların qarderobunu zənginləşdirməyə, dolayısı ilə “acgözlüyə” yönəlib? Artıq xanımlar azla qane olmaq istəmir.
- Bir çox moda blogerləri, xüsusilə məşhurlar geyimləri borc götürür. Onların instaqramda nümayiş etdiyi geyimlərin bir çoxu firmalarındır. Moda evləri öz geyimlərini onlara borca verir, nəticədə izləyicilər aldanılır. İnsanlar elə bilir ki, blogerlər çox zəngin qarderoba sahibdir. Amma onlar hər hansı mərasimdə geyindiyi libası bir dəfə geyinir, daha sonra mağazalara geri qaytarır.
Əlbəttə ki, hər gün yeni geyim alanlar da az deyil. Bu, onları xoşbəxt edirsə və büdcələri icazə verirsə, qoy alsınlar.
- Geyinməyi bacaran qadınlar özünə yaraşanı, qısqanc qadınlar isə başqasına yaraşanı geyinər deyirlər. Bu fikrə münasibətiniz necədir?
- Tamamilə razıyam. Hər bir qadın özünə yaraşanı seçməyi bacarmalıdır. Qadınların kişilər üçün bəzənib-düzənməsi fikri səhvdir. Qadınlar adətən ətrafındakı həmcinslərini qısqandırmaq üçün gözəl geyinməyə çalışır. Əslində biz ilk nöbvədə özümüz üçün geyinməliyik. İnsan psixologiyasını güclü tanıyan kəslər kənardan dərhal sezir ki, filankəs özünü kiməsə nümayiş etdirməyə çalışır.
- İnsan geyimi bəzəyir, ya geyim insanı?
- Bizi bəzəyən xarakterimizdir. Saç düzümü və makiyaj qadının gözəlliyini vurğulayan ştirixlərdir.
- Məşhurların açıq-saçıqlığı dəbə gətirməsinə necə baxırsınız?
- Çox humanist həyat tərzim var. Bilirəm ki, hər kəs azad seçim hüququna malikdir. Bəzi ulduzlara açıq-saçıq geyinmək çox yaraşır, hətta deyirəm ki, halal olsun. Buradan o nəticə çıxır ki, hər kəs özünə və bədən quruluşuna yaraşanı geyinməlidir.
- Səhnə adamlarının cəlbedici geyim tərzi sosial şəbəkələrdə çox müzakirə edilir, xüsusilə mühafizəkar insanlar elə hesab edir ki, bu, bizim əxlaqi dəyərlərimizə zərər verir.
- Səhnə əlbəttə ki, açıq-saçıqlıq tələb edir. Şou-biznes adamlarını tənqid etsələr də, ona baxmağa davam edirlər. Belə rəylər adətən qısqanclıqdan doğur. Məncə, hər kəs özü bilər, nəticədə insan özünə cavab verməlidir. Amma Azərbaycanda belə deyil. Əgər ailəlisənsə, öz həyat yoldaşına, deyilsənsə, valideynlərinə cavab verməlisən. Sözün açığı təəccüblənirəm... Avropada belə deyil, hər kəs istədiyini geyinməkdə azaddır.
- Zövq həmişə daxili zənginliyin və bütövlüyün göstəricisi ola bilər?
- Bu, zəngin mənəviyyatın, mədəniyyətin və yüksək intellektinin göstərisici ola bilər. Belə qadın və ya kişi öz bədənini tanıyır və bilir ki, ona nə yaraşır, nə yox.
- Sənətçilərimizdən kimin stilini yüksək qiymətləndirirsiniz?
- Röya Ayxan favoritlərimdəndir, stilinə vurulmuşam. Onu təqib edirəm, çox dəbli xanımdır. Günay İbrahimlinin də özünəməxsus tərzi var. Və şübhəsiz ki, birinci vitse-prezidentimiz Mehriban Əliyeva çox dəbli və gözəl geyinir hər zaman.
- Modada sizi ilhamlarından ikona kimdir?
- Koko Şanel. Bunun da əsas səbəbi odur ki, o, öz dövrünə görə, çox feminist dizayner idi. O, qadınların geyim tərzini köklü şəkildə dəyişdirdi. Şanelə qədər heç bir qadın şalvar geyinə bilməzdi. Şanel moda dünyasında görünməmiş inqilaba imza atdı. Belə inqilabçı və feminist qadınları çox sevirəm. Onlar mənim üçün ilham qaynağıdır. Şanel moda dünyasına həm də rahatlığı gətirdi. Onun sayəsində rahat paltar və ayaqqabılar qarderobumuza yol açdı.
- Azərbaycanlı xanımların geyim tərzi haqqında hansı fikirdəsiniz?
- Çox gözəl geyinirlər. Avropada idman tərzinə daha çox üstünlük verirlər. Düzünü desəm, qadınların həmişə idman tərzinə üstünlük verməsini xoşlamıram. Amma kejual stilinin əleyhinə deyiləm. Hazırda özüm də kejual geyinmişəm.
Xanımlarımız həddən artıq zövqlüdür. Azərbaycanda qadınların bu keyfiyyıtinə heyranam. Gözəlləşmək üçün əlindən gələni edirlər. Onların bu qədər baxımlı olması mənə də zövq verir. Nə yaxşı ki, idman tərzi burada o qədər də geniş yayılmayıb. Hiss edirəm ki, burda qadınlara qarşı bir balaca təzyiq var. Cəmiyyət qadından həmişə gözəl və baxımlı olmağı tələb edir.
Manikür və pedikürüm pozulanda yaxınlarım dərhal irad bildirəcək ki, Şervin dırnaqların, saçın və ya makiyajın yaxşı görünmür.
- Bəs moda mütəxəssisi kimi xanımların estetik əməliyyatla qeyri-təbiiliyə qaçmasına necə baxırsınız?
- Əgər kimsə dodaqlarını fillerlərlə dolduraraq və ya kiçik estetik müdaxilələrlə xoşbəxt olacaqsa, qoy etsin. Başlıcası odur ki, özünü xoşbəxt edə bilsin.
360 dərəcə dəyişən qadınlara qarşı münasibətimi soruşursunuzsa, o qədər də isti deyil. Yenə də öz seçimlərinə buraxıram.
- Bəs dünyanın ən xoşbəxt ölkəsində yaşayan azərbaycanlı xanım üçün xoşbəxtlik nə ifadə edir?
- İldə bir dəfə vətənə gəlmək... Norveç çox soyuq ölkədir, bu amil yerli xalqın xarakterinə də hopub. Şərq millətləri çox istiqanlıdır. Odur ki, Norveçdə yaşayan azərbaycanlılar xaricə gedəndə daha çox xoşbəxt olur.
- Yaradıcılığınızda nə kimi planlar var?
- Antalyada növbəti kolleksiyamın nümayişinə hazırlaşıram. Dəfilə gələn il mart ayında baş tutacaq. Yenə də öz vətənimdən ilahm alaraq maraqlı şou göstərəcəyik.
- Müsahibə üçün minnətdaram, sizi dinləmək böyük zövq idi.
- Təşəkkür edirəm.
Aytən Məftun,
Foto: Pərviz Həşimi
-
Dünya17:22
BƏD XƏBƏR: Yeni İl axşamı ZƏLZƏLƏ OLACAQ
-
Maraq dünyası16:42
Alimdən şok açıqlama: Çoxarvadlılığın İslama dəxli yoxdur, ərəb ənənəsidir
-
Yaxın Şərq16:22
Əli hər yerdən üzülən İrandan yeni plan: Görün nə yaratmağı təklif edir
-
Sosial15:06
Həbs edilən tiktokerlərin sponsoru “Legend Motors”la bağlı - Şok faktlar
-
İdman14:28
Alişa istirahətdən paylaşdığı FOTO ilə fanatlarını heyran etdi
-
Sosial14:04
Əxlaqsızlığı təbliğ edən şoular burada təşkil edilirmiş - ŞOK DETALLAR
-
Sosial12:38
Bu maşınları alanlar həyatlarını təhlükəyə atırlar - XƏBƏRDARLIQ
-
Sosial12:00
“HB Güven Klinik”də ŞOK OLAY: Görün 11 aylıq körpənin başına nə oyun açıblar