Xüsusi
Səhnəmizin yeni Nəsimisi qızları GÖZ YAŞLARINA BOĞDU - Unudulmaz ANLAR (REPORTAJ/FOTO)
Dünən saat 19:00-da Akademik Milli Dram Teatrının səhnəsində İmadəddin Nəsimi poeziyasının aşiqləri ilə görkəmli mütəfəkkirin heyrətamiz görüşü təşkil olunmuşdu. Heç bir səhv yoxdur, elə şairin özü ilə... Yoxsa siz özünüzü Nəsiminin öldüyünə inandırmışdınız?...
Publika.az xəbər verir ki, noyabrın 13-də teatrın səhnəsində Bakı Bələdiyyə Teatrının, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunması münasibətilə hazırladığı "Nəsimi" fəlsəfi dram tamaşasının premyerası keçirilib. Rejissor Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunan tamaşada əsas rollarda Tural Əhməd (Nəsimi), Aydın Əliyev (Nəimi), Hüsniyyə Mürvətova (Fatma), İlqar Musayev (Əmir Teymur), Rafiq İbrahimov (İbrahim şah), İsmayıl Atakişiyev (Şeyx Əzəm), Toğrul Rza (Gövhərşah), Zülfiyyə Qurbanova (Zəhra), Ülviyyə Rza (Əzra), Mehman Abdullayev (Yusif) və Əhməd Salahov (Həmzə) çıxış edib.
Şairin yaradıcılığına həsr olunmuş gecənin başlamasına hələ qalsa da, tamaşaçılar vaxtından əvvəl zalda öz yerini tutub, ölməz qəhrəmanın səbirsizliklə səhnədə görünməsini gözləyirdi. Beləliklə gözlənilən məqam yetişir, nəinki 2019-cu ilin, qərinələrin təkrarolunmaz sənətkarı səhnədə peyda olur. İçi mən qarışıq qonaqlar da əsərin hansı formatda hazırlandığından bixəbər olsa da, gecənin xüsusi və güclü keçəcəyi hər kəsə agah olmuşdu.
Təxminən 2 saat davam edən tamaşanın quruluşu xırdalıqlarına qədər elə diqqət və məsuliyyətlə tərtib edilmişdi ki, qonaqlar ilk səhnədən son dəqiqələrədək ruhunu böyük məmnuniyyətlə Nəsimi yaradıcılığının qüdrətli qollarına təslim etmişdi. Odur ki, hansı səhnənin tamaşaçıya daha güclü təsir etdiyini müəyyən etmək çətindir. Hər biri eyni dərəcədə məntiqli və düşündürücü idi. Sözsüz ki, burda aktyor məharətini xüsusi qeyd etməmək olmaz. Tural Əhməd, Aydın Əliyev, İlqar Musayev Hüsniyyə Mürvətova, Zülfiyyə Qurbanova və digərləri səhnədə həzin bir ahəng yarada bilmişdi. Roluna yüksək səviyyədə hazırlaşan Tural Əhmədi bu məqamda qətiyyətlə Azərbaycan səhnəsinin yeni Nəsimi adlandırmaq olar. Rollarının öhdəsindən böyük ustalıqla gələn aktyorların dilindən Nəsimi şeiriyyatını dinləmək bir ayrı zövq idi... Xüsusilə ayrılıq qoxan sakit bir payız gecəsində... Aktyorlar barmaqlarımızın ucuna qədər bizə hiss etdirirdi ki, Nəsiminin özünün də dediyi kimi, gedən sadəcə cismidir, ruhu bizimlədir. Kamil ruh isə ölməzdir...
Seçim etmək çətin olmasına baxmayaraq, Nəsiminin müəllimi Fəzlullah Nəimi ilə dialoqları, daha sonra Əmir Teymurla söhbəti, onu öz ustadını öldürmək fikrindən daşındırmaq cəhdləri, ən əsası səmavi duyğular bəslədiyi dilbəri - Fatma ilə ayrılıq səhnəsi hər kəsi riqqətə gətirərək daha fərqli duyğular içinə sürükləyə bilmişdi. Sevinc içində kədər, vüsal bətnində ayrılıq gördüyünü deyən Nəsiminin sevdiyi xanımdan ayrı düşməsini qonaqlar öz doğma ağrı-acısı kimi qəbul edir və bu dərdə biganə qala bilmirdilər. Tamaşanı mənəvi qidası kimi qəbul edən qonaqlar da öz növbəsində ruhun minnətdarlığını gurultulu alqışları ilə ifadə etməyə çalışırdı. Xanım tamaşaçılar arasında isə göz yaşlarını saxlaya bilməyənlər gözə dəyirdi.
Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları və müdrikliyi musiqi ahəngi vasitəsilə tərənnüm edilmişdi. Filosof-şairin poeziyası ilə yoğrulan mükəmməl musiqi tərtibatı həssas tamaşaçını daim gərginlikdə saxlayır və ruhunun daha dərin qatlarına enib qəlbində gizlənən mücəvahirləri bir-bir kəşf etməyə kömək edirdi. Nəfis bədii tərtibatla zəngin olan qala-tamaşa ərzində İmadəddin Nəsiminin şeir dünyasının ümumbəşəriliyi, şairin müasir dövrlə səsləşən ruhu bir daha tamaşaçıların diqqətinə çatdırıldı. Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyan tamaşa qonaqlara uzun müddət xatirələrdən silinməyən poeziya gecəsi yaşatdı.
Bakı Bələdiyyə Teatrının hazırladığı səhnə əsəri əslində ruhun dahi şairin yaradıcılığı və fəlsəfəsi ilə ünsiyyət idi. Bu təmas haqqında bundan artıq yazmaq əbəsdir. Çünki sözlərim tamaşanın bizə ötürdüyü ilahi eşqi sizə ötürməkdə acizdir. Bu duyğunu ancaq tamaşanı izləyərək dada bilərsiniz. Odur ki, Nəsimi sevərləri AZDRAMA-da səhnəyə qoyulan tamaşaya baxmağa səsləyirəm.
Yeri gəlmişkən, Xalq artisti Amaliya Pənahovanın ölümündən sonra bu, Bakı Bələdiyyə teatrının tamaşaçılara təqdim etdiyi ilk tamaşa idi. Odur ki, səhnə əsərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanması yaradıcı heyət, o cümlədən teatrın hazırki direktoru və Xalq artistinin qızı Aynur Muxtarova üçün ikiqat sevinc idi.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Aytən Məftun
Foto: Pərviz Həşimi
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək