Türkiyəli professor böyrək xəstəliklərindən danışdı: "Bu halda uşaqlar ölü doğula bilər" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Türkiyəli professor böyrək xəstəliklərindən danışdı: "Bu halda uşaqlar ölü doğula bilər" - MÜSAHİBƏ

Türkiyənin Memorial Sağlıq Qrupunun Uşaq Sağlamlığı və Xəstəliklər bölməsinin, Uşaq Nefroloqu Prof. Dr. Ali Anarat "Leyla Medical Center"in dəvəti ilə Bakıya gəlib.

Ayda iki dəfə Bakıda xəstələri qəbul edəcəyini deyən həkim Publika.az-ın suallarını cavablandırıb.

- Uşaqlarda ən çox rast gəlinən böyrək xəstəlikləri hansılardır?

- Uşaqlarda bir neçə böyrək xəstəliyi ola bilər, texnologiyanın inkişafı sayəsində ultrasəs müayinə ilə ana bətnində ikən uşaqlarda kist, böyrəklərdə genişlənmə və s. anadangəlmə böyrək xəstəliklərini öyrənmək mümkündür. Bu xəstəliklərin bəziləri ana bətnində ikən müalicə edilir, çox ağır deyilsə, uşağı doğuşdan sonra təqib edirik. Lazım olduğu halda cərrahi müdaxilələr edirik. Əsasən sidik yolu infeksiyaları, nefrit iltihabı, böyrək çatışmazlığı problemləri ilə müraciət edirlər. Böyrək çatışmazlığı olan uşaqlarda inkişaf pozğunluğu olur. Odur ki, erkən müalicə etdirmək vacibdir. Müalicə olunması mümkünsüz olduğu halda isə böyrək köçürülməsi lazım gəlir.

- Anadangəlmə böyrək xəstəliklərinin səbəbləri nələrdir?

- Əsasən genlə bağlıdır.

- Ana bətnində ikən böyrək xəstəlikləri aşkar edilərsə, bu zaman körpəyə hansı müdaxilələr edilir?

- Texnologiyanın inkişaf etmədiyi dövrlərdə böyrək xəstəlikləri bilinmirdi. İndi isə erkən müdaxilə mümkündür. Məsələn, kişilərdə sidik kisəsinin önündə çıxış kanalını əngəlləyən darlıq ola bilər. Bu problemi ana qarnında ikən müdaxilə yolu ilə aradan qaldırmaq imkanı var. Çünki müdaxilə edilməzsə, uşağın böyrəkləri inkişaf etməyə, hətta ölü doğula bilər.

- Böyrək xəstəliklərinə qız, ya oğlan uşaqlarında daha çox rast gəlinir?

- Özəlliklə sidik yolu infeksiyalarını bir yaşa qədər oğlan uşaqlarında görürük. Amma daha irəli yaşlarda sidik yolu infeksiyaları qız uşaqlarında da rast gəlinir. Digər böyrək xəstəliklərində isə qız-oğlan fərqi çox ciddi deyil.

- Uşaqlarda böyrək xəstəliklərinin digər səbəbləri olaraq nələr göstərilir?

- Sonradan yaranmasının səbəblərinə daxildir: boğazdakı mikroblardan qaynaqlanan nefritik sindrom, qəbul edilən dərmanlar, toksik məhsullardan qəbul edilən maddələr və ya böyrək funksiyasının pozulmasına səbəb olan nefritlər. Bədən şişkinliyi və təzyiq yüksəlməsi nefrit iltihabı nəticəsində yaranan böyrək çatışmazlığının əsas əlamətləridir.

- Hansı məhsullar böyrək sağlamlığına zərər verir?

- Suyun önəmini təkrar vurğulamasam, olmaz. Su sadəcə böyrək deyil, bir çox xəstəliklərin yaranmasının qarşısını alır. Gündəlik normal maye qəbulu böyrək təmizlənməsi baxımından çox mühümdür.

Uşaqlıq çağında da təzyiq yüksəlməsi baş verə bilər. Bu zaman onlara duzun miqdarını məhdudlaşdırmağı tövsiyə edirik.

- Qazlı içkilərin zərərləri haqqında nə deyə bilərsiniz?

- Bu içkilər böyrəklər, ümumilikdə səhhətimiz üçün faydalı deyil. Xüsusilə böyrək daşlarını artıran əsas faktorlardan biridir. İçindəki şəkər və digər maddələr uşaqlar üçün zərərlidir.

- Mövzudan bir qədər uzaqlaşsam da, qəhvənin böyüklərin böyrəklərinə hər hansı zərərinin olub-olmadığı maraqlıdır.

- Böyrək daşları mövzusunda xəbərdarlıq edirəm. Sadəcə qəhvə deyil, çay, kola və digər qazlı içkilər, fındıq və fıstıqlı məhsullar, turp obstsalat maddə ilə zəngindir. Obstsalat isə daş əmələ gəlməsini sürətləndirir.

- Böyrək daşlarını əməliyyatsız müalicə etmək mümkündür?

- Qeyd etdiyim kimi, ilk növbədə qarşısını almağa çalışmalıyıq. Bol su və az duz qabaqlayıcı tədbirlərin əsasında dayanır. Ailədə böyüklərin böyrəklərində daş olarsa, uşaqlarda yaranma ehtimalı da yüksəkdir. Əgər daşların ölçüsü kiçikdirsə, ultrasəs müayinə edilir. Özəlliklə 5 mm-dən kiçik olan daşlar müalicə yolu ilə öz-özünə düşə bilir. Tıxanmaya və infeksiyaya səbəb olan daha böyük daşlar isə, növünə və ölçüsünə əsasən çeşidli üsullarla aradan qaldırılır. Bura şok dalğalarla əritmə və cərrahi üsul daxildir.

- Böyrək çatışmazlığından əziyyət çəkən uşağa neçə yaşlı insanın böyrəyi köçürülə bilər?

- Bəli, böyrək köçürülməsi sadəcə böyüklərdə deyil, uşaqlarda da həyata keçirilir. Dünyada aparılan statistikalar göstərir ki, böyrək köçürülməsi əməliyyatlarının 90 faizi yetkinlər, qalan 10-15 faizi isə uşaqlar üzərində baş verir. Bu da təbii ki, böyüklərin həyat tərzi ilə bağlıdır. Uşaqlarda böyrək köçürülməsi ilə bağlı yaş məhdudiyyəti yoxdur. Lakin orqanı verən şəxsin böyrəyinin həcmi və uşağın bədəninin o orqana uyğun olub-olmadığı mütləq yoxlanılır.

Böyrək canlıdan deyil, ölüdən götürülərsə, bu zaman uşaqların eyni yaş qrupunda olmasına diqqət edirik. Eyni zamanda ana-atadan alınan böyrəklərin də uşaqların qarın içinə uyğun olduğu zaman əməliyyatı edə bilirik.

- Bir böyrəklə yaşayan uşaqlar nələrə diqqət etməlidir?

- Böyrək çatışmazlığının səbəbləri müxtəlifdir. Bu insanlar böyrəyinə zərər vermədiyi halda özünü idarə edəcək. Ancaq sağlamlığına və hər kəsin diqqət etməli olduğu qaydalara onlar ikiqat diqqətli olmalıdır. Bol su içməli, infeksiyalardan qorunmalı, az duz istifadə etməli, eyni zamanda bəzi dərmanlara qarşı daha ehtiyatlı davranmalıdır. Həmçinin travmalardan qorunmaq lazımdır, bir çox idman növləri onlara qadağandır.

- Böyrək köçürülməsində müalicəyə uşaqların, yoxsa böyüklərin orqanizmi daha tez və müsbət cavab verir?

- Uşaq orqanizmi bütün xəstəliklərdə müalicəyə böyüklərdən daha tez cavab verir. Çünki daha az təsirə məruz qalıb.

- Bəzi böyrək xəstəliklərinin xalq təbabəti üsulları ilə müalicə olunması barədə nə deyə bilərsiniz?

- Xalq təbabəti ilə bağlı təhsilim yoxdur. Odur ki, bu mövzuda fikir bildirə bilməyəcəm. Cəfəri, qoji berri kimi meyvə suları və sidikqovucu bitkilər sidik yollarının və infeksiyaların təmizlənməsinə kömək edir. Amma böyrək xəstəliyinin müalicəsində əsas rolu maye qəbulu oynayır.

Aytən Məftun,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm