Lev Tolstoyun nəvəsi: "Azərbaycan Ermənistandan qat-qat nüfuzlu mərtəbədədir"
Bizi izləyin

Xüsusi

Lev Tolstoyun nəvəsi: "Azərbaycan Ermənistandan qat-qat nüfuzlu mərtəbədədir"

Xarici ölkələrdə fəaliyyət göstərən ziyalılarımızın, elm və incəsənət xadimlərimizin tükənməz səyi nəticəsində müstəqil Azərbaycanın təbliği dünyada daha sürətli getməyə başlayıb. Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin müəllifi olduğu “L'Azerbaïdjan entre les grandes puissances 1918-1920” ( “Azərbaycan böyük dövlətlər sırasında 1918-1920”) kitabı bu baxımdan olduqca əhəmiyyətli tarixi ədəbiyyatdır.

Kitabın ilk oxucularından biri də Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının qurucusu, Lev Tolstoy və Stanislavskinin nəvəsi Maksim Marduxayevdir.

Publika.az xalqımızın yaxın dostu Marduxayevlə həmsöhbət olub. Fransanın tanınmış rejissoru Azərbaycanın qüdrətli tarixindən, zəngin mədəniyyətindən bəhs edib.

- Kitabı birnəfəsə oxudum. Çünki bu şanlı tarixinizdən xəbərdaram. 2018-ci ildə dünyanın hər yerində oduğu kimi Fransada da Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu. Lakin kitabı oxuyaraq ölkənizi yenidən kəşf etdim. Cənab Mustafayev keçmişlə müasir dövrü çox gözəl şəkildə əlaqələndirib. “L'Azerbaïdjan entre les grandes puissances 1918-1920” ( “Azərbaycan böyük dövlətlər sırasında 1918-1920”) kitabında hadisələr olduqca axıcı və obyektiv şəkildə təhlil edilir. Tarixin qurucuları haqda məlumat verilir. Dünyanın müxtəlif neft şirkətləri ilə imzalanan sazişlərdən danışılır. Kitabı oxuduca Azərbaycanın çox qüdrətli ölkə olduğuna bir daha əmin oluruq. Burada hətta 19-cu əsrin sonlarında neft sayəsində varlanmış tacirlər haqda məlumat da verilir. Həmin dövrdə Azərbaycanla birgə 15 ölkə Rusiya İmperiyasının tərkibində idi. O vaxtlar heç Ukrayna, Belorus da respublika deyildi. 1918-ci ildə isə Azərbaycan Cümhuriyyətə çevrildi. Belə çıxır ki, ölkəniz köhnə yeni respublikadır. Köhnə yeni il kimi həm qədim, həm də lap yenidir.

Картинки по запросу Rəhman Mustafayev kitabı

- Əziz Maksim, yəqin xəbərdarsınız ki, qadına ilk səsvermə hüququ verən ölkələrdən biri də Azərbaycandır.

- Əlbəttə. Bu haqda avropalılara danışanda çox təəcüblənirlər. Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyətinin qurulması dünya siyasətinə böyük örnəkdir. Şərqin ilk demokratik Cümhuriyyətinin xatirəsinin ilk bünövrəsi də həmin vaxt qoyulur. 1998-ci ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev Cümhuriyyətin 80 illik tarixinin qeyd olunması haqda fərman imzaladı. Bəli, Cümhuriyyətin qurulmasında ölkənin təbii sərvətlərinin də böyük xidməti olub. Lakin baxın, həmin vaxt neçə-neçə böyük şəxsiyyətlər yaşayıb. Hamısının adlarını çəkməyə zamanımız çatmaz. Amma bu ziyalılar xarici ölkələrdə təhsil almış, bir neçə dil bilən, Avropa gənclərindən heç də geri qalmayan cəsur vətənsevərlər idilər. Həmçinin də Həmidə xanım Cavanşir kimi savadlı qadınlarınız olub. Bu baxımdan əmin olun ki, kitabın tanıtımı doğru aparılarsa, Azərbaycan öz şanlı tarixi ilə dünyanı özünə heyran qoyacaq.

- Rəhman bəylə şəxsi tanışlığımız rəsmi tədbirlərdə baş tutub. Bir-birimizi yaxından tanımırıq. Lakin bu kitab cənab səfirin ölkəsinə olan bağlılığını, siyasi məqamlara həssas və vicdanlı yanaşmasını sübut edir. Bu addımı ilə Azərbaycanın imicinin nəinki Fransada, eləcə də Avropada yüksək səviyyədə tanınmasına nail oldu. O əsl diplomatdır və ziyalı mövqeyindən çıxış edir.

- Rusiya-Azərbaycan münasibətləri haqda nə deyə bilərsiniz?

- Biz hazırda rusca söhbətləşirik. Axı rus dili illər boyu müxtəlif xalqların ünsiyyət vasitəsi olub. Azərbaycanlılar da daxil olmaqla onlar klassikanı, lap Tolstoyun özünü də orijinaldan öyrənib biliblər. İncəsənəti seviblər. Müharibə xalqın taleyində çox şeyi dəyişdi. Məcburi köçkünlər paytaxta axın etdi. Bunu demoqrafik partlayış da adlandıra bilərik. Son illər Bakının görkəmi də, ruhu da başqalaşır. Paytaxtınıza tez-tez gəldiyim üçün hər şeydən xəbərdaram. Bəli baxmayaraq ki, əhali artıq ingiliscəyə daha çox meyl edir, rus dili yenə öz aktuallığını qoruyur. Çünki mədəniyyətlərimiz bir-birindən qidalanır. Aylarca rayonlarınızda səfərlərdə olmuşam. Sadə kənd əhalisi belə rus dilinə, ədəbiyyatına yad deyil.

- Mədəniyyətimizə doğma biri kimi necə düşünürsünüz, başqa hansı üstünlüklərimizlə dünyaya səs sala bilərik?

- Sizin musiqiniz təkrarsızdır, sehrlidir. Elə cənab Mustafayev də kitabında bu məsələlərə toxunur. Muğam, klassika, Vaqif Mustafazadədən başlayan caz məktəbi mükəmməl musiqi tarixinizi yaradıb. Torpağınız o qədər sülhlə nəfəs alır ki, bütün dinlərdən olanlara, hətta inancsızlara da qucaq açır. Çünki azərbaycanlılar üçün əsas faktor vicdandır, insanlıqdır, sənət sevgisidir. Adi meyvə hesab etdiyiniz nar, tarixi kəlağayınız belə dünya üçün çox özəl nemətdir.

- Bildiyiniz kimi bu gün ən ağrılı yaramız Qarabağdır. Əminəm ki, bu məsələdə xalqımızın yanındasınız.

- Avropa İttifaqının əsas üzv dövlətlərinin əksəriyyəti üçün Azərbaycan olduqca əlverişli coğrafi ərazidə yerləşir. Qonşu dövlətlərin nəzərində enerji, qaz və digər təbii sərvətlərin mənbəyi olan müstəqil ölkəniz Ermənistandan qat-qat gərəkli və nüfuzlu mərtəbədədir. Yəni bir əsr əvvəl olduğu kimi Azərbaycan yenə də mürəkkəb geosiyasi bölgənin mərkəzindədir. Odur ki, Ermənistan öz növbəsində barışıq üçün düstur axtarmalı olduğunu gözəl anlayır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm