Xüsusi
Ana bətnində körpəni əməliyyat edən professor inanılmaz FAKTLARI AÇDI: Yumurtalıq çıxarılır və...
Bir neçə gün əvvəl "Leyla Medical Center"in (keçmiş Leyla Şıxlinskaya Klinikası) təşkilatçılığı ilə keçirilən Perinatal Təbabət üzrə Beynəlxalq Bakı Konfransında çıxış edən türkiyəli professor Cihat Şen ana bətnində körpəni əməliyyat edə bilən dünyada 17 həkimdən biridir.
Təbabətin inkişafına həsr olunmuş konfransda iştirak etmək üçün Bakıya gələn Memorial Xəstəxanasının Perinatal Tibb Mərkəzinin rəhbəri ginekologiya sahəsində baş verən ən son yeniliklər barədə Publika.az-a danışıb.
- Cihat bəy, körpələri ana bətnində əməliyyat edib onlara ikinci həyat verməklə müqəddəs bir missiyasını öz üzərinə götürmüş olursunuz. Maraqlıdır ki, hansı hallarda fetal əməliyyatların edilməsinə ehtiyac duyulur?
- Bəli, artıq dünyada uşaq ana bətnində olarkən əməliyyat edilə bilir. Bəzi problemlər var ki, hamilə qadın vaxtında müalicə edilməzsə, uşağı itirə və ya orqanları zərər görə bilər. Bakıda keçirilən konfransda bu əməliyyatlar və onların həyata keçirilmə üsulları haqqında danışdıq. Ümumiyyətlə, Azərbaycan tibbinin inkişaf etməkdə olduğunu görmək gözəl duyğudur. Həm dövlət, həm də özəl tibb sektoru qadın sağlamlığı üçün önəmli işlər həyata keçirir.
Qadın 3 aylıq hamilə olarkən müdaxilə edə bilirik. Problemləri nə qədər erkən müəyyən etsək, bir o qədər yaxşıdır. Məsələn, ağciyərdə su yığılarsa və ya kist yaranarsa, bu uşağın inkişafına mane olur. Sidikyolu tıxanması varsa, böyrəklərə zərər verir. Əməliyyat yolu ilə bu problemlər aradan qaldırılır.
Tək yumurta əkizlərində bir-biri ilə qan alış-verişi olur. Bu da körpələrə mənfi təsir edir. Onların plasentasının üzərindəki ortaq damarlara kamera ilə daxil olur və lazer əməliyyatı ilə bağlayırıq.
Bəzi damar tıxanmaları ürək sağlamlığını təhlükəyə atır. Artıq ana bətnində ikən uşağın aorta damarını aça bilirik.
- Yəqin ki, çox çətin əməliyyatlardır. Uşağın və ananın həyati təhlükəsi nə qədərdir?
- Təbii ki, risk var. Lakin əməliyyatın gətirdiyi risklə, edilmədiyi halda baş verəcək risk müqayisə edildiyi zaman bu göstəricilər qəbul edilən səviyyədədir. Odur ki, əməliyyata üstünlük verilir.
Ana bətnində uşaq əməliyyatları Azərbaycanda hələlik həyata keçirilmir, amma bu barədə danışıqlar aparırıq. Dünya Perinatoloji Birliyinin rəhbəri olaraq görüşlər həyata keçiririk. Əgər belə mərkəzlərin yaradılması Azərbaycanda dəstəklənərsə, öz təcrübələrimi buradakı həmkarlarımla bölüşməyə söz vermişəm. Ümid edirəm ki, reallaşması çox uzun çəkməyəcək. Əgər razılaşma olarsa, Dünya Pernatoloji Konqresi 2021-ci ildə Azərbaycanda keçirilə bilər.
- Neçə ayına kimi uşağa ana bətnində müdaxilə etmək mümkündür?
- Bu, xəstəliklərin mərhələlərinə görə dəyişir. Bəzi xəstəliklərdə 32, bəzilərində 16, digələrində 28 həftəyə qədər əməliyyat olunmasına icazə verilir. 30-32 həftə keçdikdən sonra körpəni küvəzdə saxlamaq mümkün olduğundan onları doğuşdan sonra müalicə edirik.
- Ana bətnində əməliyyat edilən uşaqların dünyaya gəldikdən sonra sağlamlıq vəziyyəti qənaətbəxşdirmi?
- Əməliyyat edilən uşaqların 15-20 faizində istədiyimiz uğuru əldə edə bilməsək də, 80 və 85 faizi uğurlu keçir və bu, yüksək nəticədir. Dünyaya gəldikdən sonra problemlərin qalanı müalicə olunur.
- Dünyaya gələcək körpədə hansı xəstəliklərin ola biləcəyini əvvəlcədən təyin etmək mümkündür?
- Bunu biz Memorial xəstəxanada həyata keçiririk. Əgər genetik xəstəlik yükü varsa, süni mayalanmada embriondan o diaqnozları təyin edə bilirik. Xəstəlik olan embrionları ayırırıq, xəstəlik olmayanları isə uşaqlığa yerləşdiririk.
- Yəni süni mayalanmada ən sağlam embrionlar istifadə edildiyi üçün uşaqların sağlamlıq göstəriciləri də yüksəkdir?
- Bəli, problemlər getdikcə azalır. Genetik müayinələr gələcəkdə sağlam övladların dünyaya gəlməsinə böyük dəstək ola bilər.
- Belə olan halda anormal uşaq sayının artmasını nə ilə izah etmək olar? Genetik modifikasiya olunmuş qidaların bunda rolu varmı?
- Hamısı üçün deyil, çox az bir hissəsi üçün keçərlidir. Hamilələr folik turşusu həbləri istifadə edərsə, onlarda spina-bifida, ya da anadangəlmə ürək xəstəliklərinin olma ehtimalı çox aşağı düşür. Dolayısı ilə hamilə qalmaq istəyən hər qadının folik asit istifadə etməsi şərtdir.
- Sonsuzluq qadınlarda və kişilərdə getdikcə artır, yoxsa azalır?
- Sonsuzluq problemlərinin müalicə yolları getdikcə tapılsa da, statistikalar göstərir ki, hamiləliyi irəli yaşa ertələmək mənfi nəticələrə gətirib çıxarır. Bu, həm kişilərə, həm də qadınlara aiddir. Cütlüklərə həyatlarını düzgün planlaşdırmağı və hamiləliyi gecikdirməməyi tövsiyə edirəm. Yaş artdıqca uşaq sahibi olma şansı təbii olaraq azalır.
- Sonsuzluğun əlamətləri nələrdir?
- Menstruasiyanın pozulması, həddən artıq köklük. Hər hansı xəstəliyi varsa, ehtiyatlı olmaq lazımdır. Bunlar yoxdursa və normal cinsəl əlaqəsi olduğu halda qadın bir il ərzində hamilə qala bilmirsə, həkimə müraciət etmək lazımdır. Problemlərin təxminən 85 faizi çox kiçik müalicələrlə həll olunur. Qalan 25 faizində yardımçı müalicələr və süni mayalanma üsulları tətbiq olunur. Süni mayalanmaların sayı artır, çünki çox uğurlu nəticələr əldə edirik. Qiymətlər də getdikcə ucuzlaşır.
- Genetik laboratoriyalarda autizm kimi sindromları əvvəlcədən təyin etmək mümkün olacaqmı?
- Autizm və ya ona bənzər zehni problemlərlə dünyaya gələn uşaqların 95 faizində bu xəstəliklər ana qarnında ortaya çıxır. Sadəcə 5 faizi dünyaya gəldikdən sonra bilinir.
Eqzon gen xəritəsi deyilən yeni genetik analizlər var. 5-10 il içində bu testlər geniş yayılacaq və ana qarnında autizmə səbəb olan amilləri tapmağa imkan verəcək. Hazırda niyə baş verməsinin səbəbləri bilinmir.
- Bəs gen müalicəsində homoseksuallıq problemlərinin həlli istiqamətində hər hansı irəliləyişlər varmı?
- Bu barədə elmi araşdırmalar davam etdirilir, onlarla bağlı kəşflər olsa da, səhih nəticələr əldə olunmayıb. Elmi araşdırmalar artdıqca daha dəqiq məlumatlar verə biləcəyik. Bu sualın cavabı yaxın 5-10 il ərzində aparılan araşdırmaların nəticələrindən asılıdır.
Ümumiyyətlə, genetik müayinələr çoxdur, bunlar qrup halında edilir. Genetik testlərdə xərçəng riski aşkar olunarsa, o şəxs qidalanmasına və həyat tərzinə diqqət etməlidir. Diqqət edərsə, xəstəlik inkişaf etmir. Yəni genetik uyğunluğu olan birinin çevrəsəl və həyat faktorlarını düzəldə bilsək, xərçəng üzə çıxmır. Hazırda genetik testləri cəmiyyətdə hər kəsə edə bilmirik, əvvəllər çox baha idi. İndi çox bahalı deyil. Ucuz olduğu zaman hər kəs edə və sağlamlığına qovuşa biləcək. Yeri gəlmişkən, genetik testlər Azərbaycanda və Türkiyədə edilir. Əvvəllər problemlərin bir çox səbəbini tapa bilmirdik, artıq bu xəstəliklərin genetikadan qaynaqlandığını bilirik. Bunların bir hissəsi gen müalicəsi ilə düzəldilə bilir. Artıq gen müalicəsi tətbiq olunmağa başlayıb. Bəzi genetik xəstəlikləri gen müalicəsi ilə aradan qaldıra bilirik. Bunlar ən son tibbi yeniliklərdir.
- Hər bir valideyn övladının sağlam olması ilə bərabər həm də ağıllı olmasını istəyir. Maraqlıdır ki, genetik testlərin köməyi ilə dünyaya gələcək uşağın zehni gücünü öyrənmək imkanı var?
- Xeyr, bu tamamilə ana-atadan olan genetik və Allahın yazısı ilə əlaqədardır. Ona müdaxilə edə bilmirik.
- Gec yaşda ailə quran qadınların artıq yumurtalıqlarını erkən yaşda dondurmaq imkanı var. Türkiyədə bu əməliyyata maraq hansı səviyyədədir?
- Türkiyədə qadınların yumurtalıqlarını dondurmasına icazə var, biz əməliyyatları həyata keçiririk. Erkən menopoza girən və ya hər hansı səbəbdən dolayı yumurtalıq əməliyyatı olunan, yaxud da hər hansı xərçəng müalicəsi alan qadınlardan yumurtalığın bir bölümünü alıb soyuducuda saxlayırıq.
Yaxud da yaşı 35-i keçən və yaxın gələcəkdə evlənmək planı olmayan qadınlardan yumurtalıqların bir hissəsini çıxarıb eyni üsulla saxlayırıq. Bu xanımlar evləndikdən sonra hamilə qalmaq istəyərsə, dondurulmuş yumurtalarından süni mayalanma etdirə bilər.
Xərçəng xəstələrində yumurtalıq çıxarılır. Müalicə uğurla başa çatdıqdan sonra yumurtalığı təkrar bətnin içinə nəql edə bilirik. Buradan o qənaətə gəlirik ki, yumurta dondurulması çox ağıllı və yararlı bir üsuldur.
- Kişilərdə sonsuzluq problemi nədən qaynaqlanır?
- Uzun müddət siqaret, alkoqol və dərman istifadə etmək, həmçinin yumurtalıq xəstəlikləri buna təsir edir. Özünə baxan, sağlam həyat tərzi sürən kişilərdə sonsuzluq problemləri daha az olur. Odur ki, kişilərin sağlamlığına diqqət yetirməsi vacibdir.
- Normal doğuşun qadının həyatında önəmi və faydası nədən ibarətdir?
- Tibbi baxımdan ehtiyac olmadığı halda normal doğuş həm ana, həm də körpə üçün ən sağlamıdır. Hamiləlik boyunca ananın orqanizmi doğuşa hazırlanır. Heç bir əməliyyat olmadan, vücud bütünlüyü pozulmadan ana uşağı dünyaya gətirir. Bu, ana və uşaq üçün çox faydalıdır. Qeysəriyyə ilə, xüsusilə erkən doğulan uşaqların xarici mühitə adaptasiya problemi meydana gəlir və bu, birbaşa sağlamlığa təsir edir. Halbuki normal doğuşda uşaq o müddət ərzində xarici mühitə hazırlanır və daha sağlam dünyaya gəlir. Normal doğuşda uşaq doğuş kanalından keçərək çıxır və bu zaman sıxıldığı üçün ağciyərindəki maye çıxır, uşaq nəfəs yolları açıq şəkildə doğulur. Əməliyyatla olarsa, uşağın ağciyərində maye qaldığı üçün müdaxilə ehtimalı var. Təbii doğuş zamanı sancıların başlaması ilə bütün orqanizmdə fizioloji proseslər başlayır, ananın südü vaxtında gəlir. Əməliyyat bu prosesi sonlandırmağa imkan vermədiyi üçün ananın südü gecikə bilər.
Qeysəriyyə bir əməliyyatdır. Daha önəmlisi odur ki, əməliyyatla uşaq dünyaya gətirən qadınların 70 faizi ikinci uşağını da qeysəriyyə ilə dünyaya gətirmək məcburiyyətindədir. Əməliyyat əsnasında uşağın plasentası əməliyyat yerinə yapışa və dərinlərə nüfuz edə bilər. Bu doğuşda çox qanamaya səbəb olduğu üçün ananın uşaqlığını çıxarmağa məcbur qalırıq, hətta bəzən ananı qanaxmadan itirə bilirik. Odur ki, ehtiyac olmadan qeysəriyyə əməliyyatının gələcək hamiləliklərdə ciddi riskləri var.
Aytən Məftun
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
-
Hadisə10:48
Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO