Xüsusi
Məşhur ginekoloq ölümcül qadın xəstəlikləri ilə bağlı ŞOK FAKTLARI AÇDI: O xanımların yarısı... - MÜSAHİBƏ
Türkiyəli onkoginekoloq, qadın xəstəlikləri mütəxəssisi Veysəl Şan ötən həftə "Leyla Medical Center"in (keçmiş Leyla Şıxlinskaya Klinikası) təşkilatçılığı ilə keçirilən Perinatal Təbabət üzrə Beynəlxalq Bakı Konfransında çıxış etmək üçün Bakıya gəlib.
Tanınmış mütəxəssis Publika.az-a verdiyi müsahibəsində uşaqlıq içi, ağzı və yumurtalıq xərçənginin müalicəsi haqqında vacib faktları açıqlayıb.
- Qadınlarda uşaqlıq və yumurtalıq xərçənginin son illərdə tez-tez rast gəlinməsinin səbəbi kimi nə göstərilir?
- Qadınlarda xərçəng xəstəliyi bir neçə qrupa ayrılır. Yumurtalıq xərçəngi daha irəli, uşaqlıq ağzı xərçəngi bir qədər erkən yaşlarda üzə çıxır. Əslində uzunömürlülük artıb, ömür müddəti uzandığı üçün xəstəliklər də artmış görünür. Xüsusilə yumurtalıq xərçəngi menopoz dövründəki - təxminən 60 yaş qrupundakı qadınlarda rast gəlinir. Tibbi texnologiyaların inkişafı ilə erkən diaqnozun qoyulması artıq asanlaşıb. Odur ki, yumurtalıq xərçənginin artdığı hesab olunur. Xərçəng xəstəlikləri əvvəl də var idi, sadəcə səbəbləri bilinmirdi.
- Hansı xərçəngin müalicəsi mümkündür?
- Uşaqlıq ağzı xərçəngi qadınlarda qarşısı alına bilən yeganə növdür. Təəssüf ki, yumurtalıq xərçənginin hər hansı əlamətləri yoxdur. Bu xəstələrin çoxu gecikmiş mərhələdə gəlir. Qarın və qasıq ağrıları xəstəliyin gecikmiş mərhələsində özünü göstərir, çünki gizli şəkildə inkişaf edir. Bununla bağlı böyük araşdırmalar aparılsa da, erkən diaqnoz qoyan hər hansı testlər yoxdur. Uşaqlıq içi xərçəngi erkən yaşlarda üzə çıxdığı üçün hər hansı test yoxdur.
Sadəcə uşaqlıq ağzı xərçənginin diaqnozunu qoymaq mümkündür. Bunu iki cür edirik. Birincisi, 21 yaşdan sonra sinir testi, 30 yaşdan sonra isə bununla bərabər HPV və DNA testi həyata keçiririk. Mikroskopik analizlərdə problem meydana gəldiyi zaman xərçəng hüceyrələri inkişaf etmədən onları müalicə edirik.
- Veysəl bəy, qadının cinsəl həyatının olmaması və ya zəif olması onun uşaqlıq xərçənginə yaxalanma riskinə nə qədər təsir edir?
- Qadının cinsi həyatının olmaması uşaqlıq və ya yumurtalıq xərçəngi yaratmır. Uşaqlıq ağzı xərçəngi infeksiya ilə keçir. HPV deyilən bu infeksiya cinsi yolla bulaşır. Odur ki, cinsi həyatı aktiv olan qadınlarda HPV virusu daha çox yayılıb.
- Müalicədə tətbiq olunan ən son yeniliklər haqqında nə deyə bilərsiniz?
- Son 10 ildə xərçəng cərrahiyyəsinə çox köklənmişik, robot əməliyyatı həyata keçiririk. Amma lazım gələrsə xəstəyə açıq və qapalı müdaxilə də edirik. Bunlar günümüzün ən son yenilikləridir.
Əvvəllər qadın uşaqlıq ağzı xərçənginə tutulanda onun uşaqlığını çıxarmaq məcburiyyətində idik. Günümüzdə xəstəlik ağırlaşmadan aşkarlanarsa, sadəcə xəstə bölgə çıxarılır, qalan qisminə toxunulmur. Bu halda lazımi müalicə tətbiq etmirik, amma hamiləliyin davam etməsini təmin edirik.
Uşaqlıq içi xərçəngi də eynilə, amma onun müalicəsi daha asandır. Kamera sistemi ilə onun içini tamamilə təmizləyirik. Sonra 6 və ya 12 aylıq müalicə yazırıq. Əgər müalicənin nəticəsi müsbət olarsa, xəstəni süni mayalanmaya yönləndiririk.
Vəziyyətdən asılı olaraq hamiləlik sonrası uşaqlığın çıxarılmasını təklif edə bilərik, bununla belə onu çıxarmadan həyatına davam edən xəstələrimiz də var.
Nəticədə uşaqlıq ağzı və içi xərçəng xəstəliyinin erkən diaqnozu orqanların qorunmasına və qadının ana olmasına imkan verir. Uşaqlıq çıxarılmırsa, qadının hamilə qalmaq şansı 60-70 faizdir. Dolayısı ilə xərçəng xəstəliyinə tutulması qadının şansını azaltmır. Lakin uşaqlıq ağzı kəsilibsə, bu zaman o təbii olaraq qısalır. Qısaldığı zaman nə baş verir? Bu, erkən doğuş və düşük riskini artıra bilər. Amma uşaqlıq içi xərçəngində belə bir problem yoxdur. Doğuşa qədər hamiləliyi normal davam edir.
- Uşaqlığı hansı hallarda əməliyyat edib çıxarmağa məcbur qalırsınız?
- Uşaq dünyaya gətirmək istəmirsə, menopoza yaxın irəli yaşdan olan bir qadına uşaqlıq ağzı xərçəng diaqnozu qoyulubsa, uşaqlıq və yumurtalıqları çıxarırıq. Əlbəttə ki, 30 yaşlı qadında uşaqlıq ağzı xərçəngi varsa, bunu etmirik. Xüsusilə erkən diaqnoz qoyduğumuz və ana olmaq istəyən xəstələrdə orqanqoruyucu cərrahiyyəsi həyata keçirik. Ən azından yumurtalığın biri və uşaqlığı saxlayaraq hamiləlik şansını artırırıq. Lakin yaşlı xəstənin yaş və psixoloji durumu da buna imkan verir. Uşaqlığın çıxarılmasının funksional və hormon itkisi yoxdur. Uşaqlığını çıxardığımız hər qadın menopoza girmir. Menopoz yumurtalıqların funksiyalarının pozulması və bitməsi deməkdir. Amma ağırlaşmış xəstələrdə çıxarmağa məcburuq.
- Uşaqlıq xərçənginin simptomları kimi nələri göstərmək olar?
- Uşaqlıq içi xərçəngi daha çox menopoz dövründə olduğu üçün xəstə sonradan qanama ilə həkimə müraciət edir. Odur ki, erkən diaqnoz qoya bilirik. Gənc xəstələrdə isə menstruasiya qanamaları uzun və çox olur, ara ləkə qanamaları ola bilər. Belə durumlarda həkim müayinəsinə getmək lazımdır. Xəstə həkimə getmədiyi zaman uşaqlıq ağzı infeksiyaları xərçəngə çevrilir.
Uşaqlıq içi xərçənginin əsas simptomları keçməyən axıntılardır. Əgər xəstədə qasıq ağrısı varsa və ya sidiyə çıxmağa çətinlik çəkirsə, diqqətli olmalıdır. Ümumiyyətlə, 21 yaşından sonra cinsəl həyatı olan istənilən qadın sinir testi etdirməlidir. Şikayəti olmasa belə ildə bir dəfə ginekoloq müayinəsindən keçməlidir. Eyni zamanda 3 ildən bir sinir testini etdirməlidir, hər il ultrasəs müayinə ilə - yumurtalıqlarına baxdırması gərəkdir.
- Bəs yumurtalıq xərçəngində kimlər risk altındadır?
- Ailəsində yumurtalıq xərçəngi olan qadınlar xüsusilə risk altındadır. Bununla bərabər kənar təsirlər də var.
- Uğurlu müalicədən sonra qadın cinsi həyatına davam edə bilirmi?
- Əgər vaginal bölgədə heç bir toxumaya toxunulmayıbsa və radioterapiya edilməyibsə, xəstələrdə heç bir problem olmur. Statistikalar göstərir ki, qadınların 50-60 faizi normal cinsi həyatına davam edə bilir. Lakin uşaqlıq ağzına və ya içinə radioterapiya verilibsə və qanama varsa, təəssüf ki, bu cinsəl həyata mənfi təsir edir.
- Xəstəliyin təkrarlanma riski neçə faizdir?
- Əgər xəstəlik erkən mərhələdə aşkar olubsa və müdaxilə edilibsə, ölüm və ya təkrarlanma riski yoxdur. Xəstə 3 və ya 4-cü mərhələdə yumurtalıq xərçəngi ilə həkimə müraciət edirsə, yaşamaq şansı 40-50 faizdir. 100 xəstədən 50-i 5 il ərzində vəfat edər. Uşaqlıq içi xərçəngində ölüm riski daha aşağıdır. Uşaqlıq ağzı xərçəngində xəstələr radioterapiyaya cavab verməyibsə, onlarda ağrılar daha şiddətli olur.
Qeyd etdiyim kimi, xəstənin tam sağalması xəstəliyin erkən diaqnozudur. Gecikmiş mərhələ isə əlbəttə ki, xəstənin həyatında çox ciddi dəyişikliklərə səbəb olur.
Əgər xəstə xərçəng əməliyyatı olunubsa, ilk iki il çox önəmlidir. Daim müayinədən keçməlidir. Xəstəliyin təkrarlanma riski ilk 2-3 ildir.
- Qidaların təsiri nə qədərdir?
- Əslində köklüyə səbəb olan qeyri-sağlam qidalanma bütün xərçəng növlərinin təməlində dayanan başlıca amildir. Eləcə də köklük uşaqlıq içi xərçəngi üçün ciddi risk faktorlarından biridir.
Uşaqlıq ağzı xərçənginin köklüklə heç bir əlaqəsi yoxdur. Əksinə onlar arasında zəif xəstələr üstünlük təşkil edir. Onlarda HPV virusunun artması immunitetin aşağı olması, göyərti, meyvə-tərəvəz kimi faydalı məhsullarla qidalanmamaqdan qaynaqlanır. İmmun sistemi bu virusla mübarizə apara bilmədiyi üçün bədəndə qala və gələcəkdə xərçəngin inkişaf etməsinə zəmin hazırlaya bilir.
Yumurtalıq xərçənginin qidalanma ilə bağlılığı yoxdur. Əslində köklüyə səbəb olan qeyri-sağlam qidalanma bütün xərçəng növlərinin təməlində dayanan başlıca amildir.
- Stressin rolu nə qədərdir?
- Stressin xərçəngə gətirib çıxarması ilə bağlı dəqiq elmi araşdırmalar olmasa da, təbii ki, stress hormonların balansını pozur.
Aytən Məftun
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi