Dünyanın ən qeyri-standart milyarderinin həyat prinsipləri: “Bu, həyatımda yerinə yetirdiyim ən dəhşətli tapşırıq idi”
Bizi izləyin

Xüsusi

Dünyanın ən qeyri-standart milyarderinin həyat prinsipləri: “Bu, həyatımda yerinə yetirdiyim ən dəhşətli tapşırıq idi”

Cek Dorsi heç vaxt qalstuk taxan və bahalı qara kostyumlar geyinən “tipik iş adamı” olmayıb. Sərvəti 5 milyard dollar qiymətləndirilən iş adamı yeganə milyarderdir ki, qazancını mənəvi inkişafına və günahlardan təmizlənməyə xərcləyir.

Publika.az oxucuları sağlamlıq trendlərinin pərəstişkarları arasında məşhur olan “qeyri-standart” milyarder - Cek Dorsinin həyat prinsipləri ilə tanış edir.

Dorsi hələ də bəzi logistika şirkətləri tərəfindən istifadə olunan ilk proqram kodunu 15 yaşında yazır. Dövrümüzün bir çox müvəffəqiyyətli iş adamı kimi, o da birinci semestri bitirmədən kolleci atır, lakin bu, onun tez zamanda iş tapmasına mane olmur. Cek “Dispatch Management Services” şirkətinin saytını araşdırır və onun kodunda portalı hakerlər üçün asan hədəfə çevirən qüsurları aşkar edir. Gənc proqramçı dərhal bu barədə idarəetmə direktoru Qreq Kidə məlumat verməyə tələsir. Çox keçmir ki, Silikon Vadisində “Odeo” şirkəti perspektivli proqramçıya iş təklif edir.

Maraqlıdır ki, informasiya texnologiyaları sahəsindəki parlaq karyerasına qədər Cek özünü tamamilə fərqli sahələrdə sınayıb. Gəncliyində “Giorgio Armani” və “Diesel” kimi markaları təmsil edən vintaj geyim modelyeri kimi çalışıb. Sonra masaj kurslarına başlayıb, hətta 2002-ci ildə peşəkar masaj terapevti lisenziyası alıb. Bunlara baxmayaraq, Cek qərar verir ki, hər zaman ən yaxşı bacardığı işə qayıtsın - proqramlaşdırma.

Bu gün nüfuzlu “Forbes” jurnalı 42 yaşlı Cek Dorsini dövrümüzün ən “eklektik” milyarderlərindən biri adlandırır. O, iki böyük şirkətin (“Twitter” xidməti və “Square” ödəniş platforması) direktorlar şurasının üzvüdür, lakin həyat tərzi digər iş adamlarından çox fərqlidir. Dorsi vaxtaşırı saçının uzunluğu və rəngi ilə bağlı təcrübə aparır, rahat geyim tərzinə üstünlük verir, punk rokunu dinləyir, mənəviyyatını zənginləşdirən meditasiyalarda iştirak edir, dünyanı gəzir. Yeri gəlmişkən, qeyri-adi milyarder buddist düşüncə tərzinin ən qədim forması sayılan 10 günlük sükut - vipassana imtahanından artıq iki dəfə keçib. Milyarderin fikrincə, bu təcrübənin məqsədi ruhun ən dərin qatlarına enmək və onu yenidən proqramlaşdırmaqdır: Acını duymaq və şüurlu şəkildə bu ağrıların daimi olmadığını, ötüb keçəcəyini dərk etməyin həzzi.

Bundan əlavə, Cekin illər boyu inkişaf etdirdiyi özünəməxsus “ritualları” var. Hər səhərini Himalay duzu və limonla qarışdırılmış su ilə açır, sonra soyuq vanna qəbul edib meditasiyaya başlayır. Dorsi ofisə 8 km-lik məsafəni piyada, 1 saat 15 dəqiqə ərzində qət edir. Bu zaman o, şüur podkastları, audio kitabları dinləməyi və ya sadəcə düşünməyi üstün tutur. Axşamlar xüsusi ayin həyata keçirir - yenidən meditasiya, eyni zamanda isti sauna, sonra qəbul etdiyi buzlu duş sayəsində ruhuna və vücuduna sakitlik, rahatlıq bəxş edir. Yuxu rejiminə ciddi şəkildə əməl edən milyarder gecələr bütün cihazları söndürür. Üstəlik, aclıq terapiyası və xüsusi pəhriz saxlayır. Tanınmış iş adamı və HVMN yaradıcısı Ceffri Vu deyir ki, heç kim Cek ilə rəqabət apara bilməz.

Uğura gedən ilk addım

Uşaq ikən Cek nitqində böyük problemlər yaşayıb. “Sözləri düzgün tələffüz edə bilmirdim. İki il loqoped yanına getdim. Bu, həqiqətən məni utandırırdı. Heç kimlə, hətta ailə üzvlərimlə də danışmaq istəmirdim. Sonra bir mütəxəssislə işləməyə başladım və bu problemlərin çoxunu aradan qaldırmağa kömək etdi. Ancaq orta məktəbdə ağzımı açmaqdan qorxurdum. Sonda anladım ki, vəziyyət gülüncdür. Nə cürsə bunun öhdəsindən gəlməli idim, odur ki, nitq turnirləri qrupuna qoşuldum. Şifahi improvizə müsabiqələrində iştirak etdim. Təşkilatçılar bizə bir sözün yazıldığı ağ vərəqlər verdilər və beş dəqiqə ərzində ora nitq yazmalı idik. Bu, mənim həyatımda yerinə yetirməli olduğum ən dəhşətli tapşırıq idi. Amma bunu dəfələrlə təkrar etmək məcburiyyətində idim. Və həqiqətən işə yaradı”.

Özünü inkişaf

1999-cu ildə Cek “Gilman” adı ilə məşhur olan “The Alternative Music Foundation” Amerikan rok klubunda işə düzəlir. O, giriş qapısında nizam-intizama nəzarət edən bounser vəzifələrini icra edirdi. Buradakı atmosfer onun çox xoşuna gəlmişdi, amma bu işdən öyrəndiyi ən vacib dərs o idi ki, özünü daha faydalı ola biləcəyi bir işdə inkişaf etdirməlidir.

“Bir dəfə səhnəyə üç nəfərlik qrup çıxdı, amma onların ifası dəhşətli dərəcədə pis idi. Tamaşaçılar əllərinə keçəni onlara atmağa başladı, eyni zamanda musiqiçilər ifa etməyə davam edirdi. İki həftə sonra geri döndülər və bir az daha yaxşı oxumağa başladılar. Dörd həftədən sonra onların çıxışı sadəcə heyrətamiz idi. Bu hadisə mənə stimul verdi.

İnsanların zamanla necə yaxşılaşdığını gördüyüm zaman “cəmiyyət üçün işləmək” anlayışına heyran oluram. Mənə elə gəlir ki, dünyamızın buna ehtiyacı var. “Twitter”in bizim üçün ən böyük faydalarından biri də budur. İlon Mask bunu əyani şəkildə göstərir. Xalqa işləyir, onu düşünür. O, xalq üçün ixtira edir”, - deyə milyarder müsahibələrinin birində səmimi etiraf edib.

Şüurlu xoşbəxtlik və rahatlıq

“Fikrimi cəmləşdirməyi öyrənmək üçün 10 günlük sükut və düşüncə sınağına yollandım. Fiziki cəhətdən ağrılı idi. Dindən və mənəviyyatdan söhbət getmir - bu fiziki cismin imtahanıdır. Oturursunuz və sizə deyirlər ki, şüurunuzu nəfəs almağa deyil, havanın vücudunuzdan necə keçdiyini hiss etməyə yönəldin. Həyatdakı ən xırda şeylərin bizi xoşbəxt etməsi həqiqətən təəccüblüdür. Birinci ilin altıncı günü mənim üçün ən ağır gün idi. Meditasiya zamanı ətrafa baxdım və düşündüm: “İnsanlar özünü elə aparır ki, sanki artıq Buddadır. Hamı aydınlanmış və paklaşmış görünür, amma mən bir şey başa düşmürdüm. Və o gecə mənim üçün dərs oldu. Meditasiyadan sonra özümü öz qabımda hiss etdim. Bu, səs-küysüz təmiz zövq idi”.

Xüsusi pəhriz

Bir gün Cek Buz Adamı kimi tanınan niderlandlı Vim Hofun çıxışını dinləyirdi. Onun hekayəsi milyarderə ilham verir, xüsusilə Vimin qidalanma sistemini bəyənir. Məlum olur ki, niderlandlı gündə bir dəfə yemək yeyir. Standart həyatı sevməyən Cek onun yolu ilə getməyə qərar verir. Cek həyat prinsiplərini qida rasionunda da tətbiq edir, çox balanslı qidalanır. Şirniyyat olaraq milyarder giləmeyvə və ya tünd şokoladı sevir.

Dorsi seçiminə şüurlu şəkildə yaxınlaşır, qida sistemi ilə əlaqəli müxtəlif materialları araşdırır və özünə uyğun olanını seçir:

“Son iki ildir yalnız nahar edirəm. Ümumiyyətlə saat 18: 30-da yeməyə başlayır, 20:20 və ya 21:00-da bitirirəm. Bu zaman özümə qırmızı şərab içməyə icazə verirəm. Proteinlə zəngin məhsullar yeyirəm - balıq, toyuq və ya bifşteks. Həm də göyərtili, ispanaqlı salatlara üstünlük verirəm. Bəzən qulançar və ya brüssel kələmi yeyirəm”.

Dorsinin sözlərinə görə, pəhrizin nəticəsini iki həftə sonra hiss etməyə başlayıb. Gün ərzində işlərinə köklənmək asanlaşır, yemək onu işdən yayındırmır və özünü daha enerjili hiss edir. İkincisi, gündə yalnız bir dəfə yeməklə və bütün prosesə şüurlu şəkildə yaxınlaşmaqla yeməyin dadından həzz almağa başlayır. Bu, həm də gecə yuxuya getməyi asanlaşırdırır.

Bir müddət əvvəl Cek pəhrizini çətinləşdirməyə qərar verir. İndi o, cümə səhərindən bazar axşamına qədər yeməkdən tamamilə imtina edir. Bu günlərdə yalnız su içir. Onun sözlərinə görə, pəhrizə əməl etmək əvvəlcə çətin olsa da, sonradan onun iş qabiliyyətinə olduqca müsbət təsir göstərib.

Mənəviyyat və “Twitter”

“Özümü heç bir dinə aid etmirəm. Özünü dərk etməyə kömək edən edən hər hadisə mənəviyyatı zənginləşdirməyə xidmət edir. Nyu-Yorkda gəzməkdən ona görə xoşum gəlir ki, “elektriklənmiş” olursan və hər şeyə qarışırsan. Heç kimlə danışmamağıma baxmayaraq, özümü hər şeylə əlaqəli olan “indiki anda” hiss edirəm. Hesab edirəm ki, “Twitter” qlobal şüura yaxın olduğumuzu göstərmək üçün potensial vasitədir. Başqa insanların düşüncələrinə qoşulma imkanıdır. Dünyada baş verənlərin atmosferini duymaqdır. Düşünürəm ki, mənəviyyatın zənginləşməsi bu şəkildə baş verməlidir”.

Qeyri-standart siyasi ambisiyalar

“Şəhərlər məni həmişə özünə cəlb edib. Fikirləşdim ki, onların inkişafına kömək etməyin ən yaxşı yolu bələdiyyə başçısı olmaqdır. Ancaq başa düşdüm ki, siyasi strategiya yaratsam da, səkkiz il bunun təsiri hiss olunmayacaq. Eyni zamanda elektron simulyasiya modeli yarada və səkkiz saniyədən az bir müddətdə nəticəni görə bilərəm. İndi daha çox əminəm ki, yeni obyektlərin inşası şəhərləri hüquq sistemindəki dəyişikliklərdən daha sürətli inkişaf edə bilər”.

Məşhur olmaq istəməyən müasir sehrbaz

Twitter Founder Jack Dorsey Dating Sports Illustrated Model

“Heç vaxt sahibkar, CEO və ya ictimai xadim olmaq istəməmişəm. Bir fikrim var idi və onu reallaşdırmaq istəyirdim. Lazım olduğu üçün CEO oldum. Şirkətdə işləyən insanlara pul ödəməli olduğumuz üçün pul qazanırıq. Hamısı zərurətdən doğur, istəkdən deyil. Əslində pərdə arxasında olmağı xoşlayıram. “Zümrüd şəhərinin sehrbazı”ında ən çox sevdiyim personaj sehrbazdır. Çünki həmişə pərdələrin arxasında qalır”.

Odur ki, subay milyarderin şəxsi həyatını mətbuatdan mümkün qədər gizli saxlamağa çalışması təəccüblü deyil. Biznesmen romantik münasibətlərini hamıdan gizlədir, amma onun britaniyalı model və aktrisa Lilya Koulla görüşdüyü məlumdur. Yeri gəlmişkən, milyarderin sevgilisi özündən 18 yaş kiçikdir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm