Sevda Yahyayeva: “Mənə ayıb olsun ki, hələ də...” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Sevda Yahyayeva: “Mənə ayıb olsun ki, hələ də...” - MÜSAHİBƏ

Bu yaxınlarda nişanlanması xəbəri ilə gündəmə gələn müğənni Sevda Yahyayeva Publika.az-a müsahibə verib.

- Sevda xanım, necə oldu ki, Ədalət Şükürovun 20 il əvvəl yazdığı mahnı sizə qismət oldu?

- Ədalət bəyə təşəkkür edirəm ki, 20 yaşı olan mahnını mənə hədiyyə etdi. Uzun müddət idi ki, ondan mahnı istəyirdim, çünki yazdığı nəğmələr həqiqətən gözəldir, insanın ovqatını açır. “Sevgi nəyə deyirsən sən” də pozitiv notlar üzərində köklənib. Onu maraqlı tərzdə aranjeman etdik. Öz aranjemanı isə fərqli idi, ispan musiqisinə yaxın idi. Mahnı bir günə Xızıda çəkildi, ekran işində müasir kəndli qız obrazını yaratmışam.

- Niyə hər hansı bəstəkara deyil, Ədalət bəyə müraciət etdiniz?

- Həm gənc, həm də peşəkar bəstəkarlarla çalışıram. Amma nədənsə həmişə Ədalət bəyin repertuarına müraciət etməyə can atırdım. Bu da səbəbsiz deyil, onun bəstələri ruhuma daha yaxındır. Odur ki, əməkdaşlıq etməyə qərar verdik. Onu da deyim ki, aranjeman olunmasını gözləyən yeni mahnılarım da var.

- Ədalət bəy ifanızı bəyəndi?

- Sözün düzü, dinlədiyindən xəbərim yoxdur. Mənə ayıb olsun ki, hələ də özünə yollamamışam.

- Ədalət Şükürov toylara yüksək qiymətə gedən ifaçılardandır. Mahnını sizə neçəyə satdı?

- Satmayıb, sağ olsun, bu, mənə hədiyyəsi idi.

- Klipdə müasir kəndli qızı obrazını canlandırmısınız. Bəs həyatda yeniliklərə açıq insansınız, ya mühafizəkar?

- Əslində daxilimdə mühafizəkar qadın obrazı yatır, bununla belə müasirliyə, yeniliyə və günün tələblərinə həmişə açığam. Olar və olmazlarımı bilirəm, nə qədər müasir olsam da, prinsiplərimin üstündən xətt çəkməməyə çalışıram.

- Fərqli janrlara müraciət etməyi düşünürsünüz?

- Eksperimentlər etməyi xoşlayıram, inşallah gələcəkdə niyə də olmasın. Yaxşı bir iş olarsa, böyük məmnuniyyətlə razı olaram. Məsələn, muğamla estrada mahnısının sintezi ola bilər. Muğam oxumaq arzum var. Milli Konservatoriyanı bitirmişəm, düzdür bu, çox məsuliyyətli işdir. Lakin maraqlı kompozisiya hazırlamağı düşünürəm.

- Həyatınızla bağlı qərarları həmişə özünüz verirsiniz, ya ailənizin təsiri olur?

- Hər bir işimdə anamla məsləhətləşirəm, onun fikri mənimçün həmişə önəmli olub, amma sonda qərarı özüm verirəm.

- Özünüzə qoyduğunuz qadağalar nələrdir?

- Qlobal qadağalarım yoxdur. Çalışıram həyatımı elə yaşayım ki, seçimlərim məyusluq gətirməsin.

- Sevda Yahyayeva şəxsi həyatı barədə açıqlama verməyən ulduzlardandır. Elçilik mərasimində çəkilən fotonuz sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra bu barədə danışmaqdan imtina etmədiniz.

- Hər şey gözlənilməz oldu, hələ də qəribə gəlir ki, nə baş verir. Bütün hallarda gözəl hisslər yaşayıram, özümü çox xoşbəxt hiss edirəm, bu duyğunu dadmağı hər kəsə məsləhət görürəm. Belə mövzulardan hər zaman qaçmışam, amma indi danışmaya bilmirəm və xoşbəxtliyimi gizlətmirəm. Açıqlamasını vermək məcburiyyətindəyəm ki, xəbərlər doğrudur.

- Sizcə, müğənni ilə ailə qurmaq çətindir?

- Evli deyilik, hələ o mərhələyə çatmamışıq. Gözəl xasiyyətli insandır, sevinirəm ki, məhz elə bir bəy qarşıma çıxdı. Heç bir qadağa qoymayıb, sənətimi sevir və hörmət edir. Münasibətlərin təməlində etibar dayanır, bir-birimizə etibar edirik. Qısqanclıq üçün heç bir şərait yaratmıram. Bilir ki, sərhədləri olan insanam. Bu cəhətdən problem yaşamırıq, əsas odur ki, çox yaxşı insandır.

- Toyu nə vaxta planlaşdırırsınız?

- Yaya.

- Ailə həyatı qurduqdan sonra sənətdə fasilə verəcəksiniz?

- Fasilə verməyi düşünmürəm, qaldığım yerdən davam edəcəm, gələcəkdə nələr baş verəcəyini zaman göstərəcək.

- Nişanlınız səsinizi bəyənir və sizi dinləyir?

- Bu barədə çox danışmaq doğru deyil. İstəmirəm ki, müsahibələrimizi oxuyanda narahat olsun.

- Bəd nəzərdən qorxursunuz?

- Qorxuların məni idarə etməsini sevmirəm, düzü dəhşətli dərəcədə qorxmuram.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm