Hacı Şahin şok məqamları açdı: İnsan bu şəkildə koronavirusa yoluxub ölərsə... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Hacı Şahin şok məqamları açdı: İnsan bu şəkildə koronavirusa yoluxub ölərsə... - MÜSAHİBƏ

“Ağılsız insanları Allah qorumur. Odur ki, insan ehtiyatlı davranmalıdır, ehtiyatsızlıqdan virusa yoluxub ölərsə, intihar, başqasını yoluxdurarsa, qatil hesab olunur. Vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli Publika.az-a müsahibəsində deyib. Tanınmış ilahiyyatçı müsahibəsində koronavirusun mənəviyyatımızda yaratdığı dəyişikliklər və onların təsirləri barədə geniş məlumat verib.

- Koronavirusdan özünüz necə qorunursunuz?

- Koronavirusdan hazırda özünü qorumağın yeganə yolu özünütəcrid və insanlarla ünsiyyəti minimuma endirməkdir. Zəruri hallarda çəkilişlərlə bağlı evdən çıxmalı olsam da, ümumilikdə karantin rejiminin qaydalarına əməl etməklə özümü qoruyuram.

- İnsanın ehtiyatsızlıqdan virusa yoluxması günahdırmı?

- Dünyanın hər yerində bu infeksiya minlərlə insanın həyatına son qoyub. Belə bir vəziyyətdə yeganə çıxış yolu özünütəcriddir. İnsanlar ünsiyyətlərini minimuma endirməklə özlərini və yaxınlarını bu bəladan qoruya bilər. Bu, həm də Allah qarşısında bir məsuliyyətdir. Hər bir insan ona verilən can əmanətinə görə Allah qarşısında məsuliyyət daşıyır. "Qurani- Kərim"də də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar deyir ki, Allah məni qoruyar. Amma ağılsız insanları Allah qorumur. Odur ki, insan ehtiyatlı davranmalıdır, ehtiyatsızlıqdan virusa yoluxub ölərsə, intihar, başqasını yoluxdurarsa, qatil hesab olunur. Vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar.

- Bu çətin günlərdə duanın həm səhhətimizə, həm də mənəviyyatımıza nə kimi təisri var?

- Dua Allahla ünsiyyət vasitəsidir, hədislərdə də deyilir ki, dua inanclı insanın başlıca silahıdır. Əlbəttə ki, insan istənilən zaman Allahla ünsiyyətdə olur, dualarında istəklərini dilə gətirir və inanır ki, qüdrətli və rəhimli olan Allah onun arzularını yerinə yetirəcək. Dua hər bir halda insannın qəlbinə rahatlıq gətirir, istəklərinin yerinə yetməsinə vəsilə olur. Amma bir şərtlə ki, bütün ondan tələb olunan bütün zəruri addımları da atmış olsun.

Odur ki, ehtiyatsızlıq edən və qaydalara riayət etməyən insan duaya arxalana bilməz. Dua ağılla və qaydalara riayət edərək edilməlidir ki, effektiv olsun. Öz vəzifələrini yerinə yetirməyən insan dua ilə heç nəyə nail olmaz.

- Koronavirusun dünyanın bəlasına çevrildiyi bu ərəfələrdə dini şüurun iflasından danışmağa tələsənlər də var, Çində xeyli insanın qorxudan islamı qəbul etməsi barədə də məlumalatlar yayanlar da... Bu xəbərlərin həqiqət payı nə qədərdir?

- Əlbəttə ki, insanın Allaha sığınması məqsədə uyğundur, lakin bu mövzu ətrafında müəyyən spekulyasiyalar edilir, bəzən əsası olmayan məlumatlar, insanların məscidə axışması kimi köhnə kadrlar yayılır ki, bunlar da çox zaman reallığı əks etdirmir. Xəbərlərin doğruluğu şübhəli mövzudur.

- Bəs virusdan ölüm qorxusu insanları dinə nə dərəcədə yaxınlaşdırır?

- Ümumiyyətlə, dinə qorxudan yönəlməyi doğru hesab etmirəm. Doğrudur ki, dar günündə Allaha daha çox yaxınlaşırıq, amma insanın sırf qorxudan dinə yaxınlaşması alqışlanmır. Quranda da qeyd olunub ki, “Onlar gəmidə qərq olduqları zaman Allaha çağırdı, sahilə çıxdıqdan sonra unutdular” kimi inamlar gətirmək effektiv deyil.

- Xəstəlik və məhrumiyyətlərdə insanların sığındığı ibadət yerlərinin - məscidlərin bağlanmasına dair qərar qəbul olunub. Bu halda biz nəyə sığınmalı və ya nədə təsəlli tapa bilərik?

- Əvvəlki qaydada ibadətlərimizi icra etməyə davam etməliyik. Məscidlərin müvəqqəti olaraq bağlanması heç də insanı Allahdan uzaqlaşdırmır. Ümid edirəm ki, qısa bir müddətdən sonra məscidlərin fəaliyyəti bərpa olunar. Unutmaq olmaz ki, hazırda eksterimal vəziyyətdir və insanlar öz ibadətlərini fərdi qaydada icra edir. Buna hər hansı mane yoxdur, Allahla insan arasında münasibət öz yerində qalıb, insan istədiyi zaman Allaha yönəlmək imkanına malikdir. Odur ki, məscidlərin bağlanması hər hansı ruh düşkünlüyünə gətirib çıxarmamalıdır.

Əlbəttə ki, bu dövrdə fürsətdən istifadə edib ziyarətgahların əlacsızlığını qabardan insanlar tapılır. Hesab edirəm ki, bu gün insanların inancı ilə oynamaq yanlışdır, bu vəziyyətdə qıcıqlandırıcı mövzulara toxunmaq laızm deyil. Belə çıxır ki, ziyarətgahların bağlanması Allaha inamsızlıq yaradır. Bu məntiqlə çıxış edənlər iddia edir ki, Allah insanlara kömək etmir. Təbii ki, bunlar lazımsız mövzulardır. İnsanlar Allah tərəfindən müxtəlif vaxtlarda imtahana çəkilir. Allah insanın müxtəlif situasiyalarda səbrini yoxlayır. Odur ki, belə məsələlərdə məscid və ziyarətgahları insanın dadına yetişmədiyi kimi təqdim etmək olmaz. Bir daha qeyd edirəm ki, ziyarətgahlar müalicə müəssisəsi deyil.

Əhali çətin dönəmlərdə də, digər vatxlarda da ziyarətgahlara üz tutub... Ziyarətgahlar Allahla insan arasında ünsiyyət məkanıdır və insan orada yatan övliyaların hörmətini Allaha and verərək müəyyən dualar edir. Koronavirus pandemiyasının yayıldığı indiki vəziyyətdə isə dinimiz bizə ağılla və məntiqlə davranmağı tövsiyə edir.

- Habelə karantin rejimində insanların uzun müddət evdə qalması ölüm qorxusu onların dünyaya, var-dövlətə baxışına, necə təsir edir? Koronavirusun yayılmasını Allahhın bir bəlası, göndərdiyi bir sınaq hesab edə bilərikmi? Yoxsa bu, təbiətin bəşəriyyətlə hesablaşmasıdır?

- Hər hansı təbii fəlakət və hadisənin olması onun heç də imtahan olmadığını istisna etmir. Bir hadisəni təbii və elmi səbəblərlə əsaslandıra biliriksə, bu, o demək deyil ki, o hadisədə ilahi mesaj yoxdur. Allah hər hansı hadisə vasitəsilə dünyaya müəyyən həqiqətləri anlada bilər. Əlbəttə ki, bütün mötəbər elmi həqiqət və yozumların fonunda hesab edirik ki, bu hadisələrdə bir ilahi mesaj da var. İnsanların dünənə qədər güvəndiyi və söykəndiyi dəyərlər bu gün öz acizliyini ifadə edir. Dünənə qədər sahib olduqları bir çox imkanlardan bu gün məhrum olublar. Koronavirus pandemiyası bir növ bəşəriyyətin özünə qayıtması üçün bir fürsətdir. İnsanlar müəyyən sualları özünə verməli, özünü təftiş etməli, keçdiyi yol üzərində düşünməli, nəyi doğru, nəyi yanlış etdiyinin fərqinə varmalıdır. Sözsüz ki, bu kimi hadisələrdən ibrət çıxartmalıyıq.

Bəziləri düşünür ki, bir hadisənin elmi əsası varsa, onun Allahla, İlahi qüvvə ilə heç bir əlaqəsi yoxdur. Elmi yolla izah olunan səbəblər öz yerində, amma dünyada baş verən hadisələri Allah tənzimləyir, onlarda mənəvi mesajlar gizlənir.

- Siz bir ilahiyyatçı kimi koronavirus pandemiyasını bəşəriyyətin hansı günah və səhvlərinin nəticəsi olaraq qiymətləndirirsiniz?

- Bu gün dünyaya hakim olan dəyərlər əsasən madiyyatı qabardır, şəxsi mənfəət ön plana çəkilir. Karantin müddətində insanlar öz prioritetlərini nəzərdən keçirməlidir ki, hansı dəyərlərin daha önəmli hesab olduğunu özü üçün müəyyənləşdirsin. Bir anın içində söykəndiyi bütün maddi mənfəətlərdən məhrum olursa, insan “Mənim xoşbəxtliyim virusun ala biləcəyi nemətlərdədirmi” sualı ilə özünə hesabat verməlidir. Bir sözlə, öz kimliyimiz haqqında və xoşbəxtliyimizin nədən ibarət olduğu ətrafında daha fundamental düşünməyə yönəlməliyik. Əlbəttə ki, maddi nemətlər və sərvətlər bizim üçün yaranıb və biz ondan istifadə etməliyik. Amma bütün bunlar məqsədə çevrilməməlidir.

Bununla yanaşı, elmi-texniki tərəqqisi ilə öyünən bəşəriyyətin bir virusun əlində aciz qalması həm də insanı öz mənliyinə qaytarır. İnsan həddən artıq məğrur olduqda, təkəbbürə qapıldıqda özünü itirir. Belə hadisələr isə fürsət verir ki, insan öz mahiyyətini dərk etsin, özü üçün həyatdakı prioritetləri yenidən nəzərdən keçirsin.

- Bəs vəziyyət getdikcə pisləşərsə və karantin günləri uzanarsa, cəmiyyətdə ictimai məsuliyyət və ədalət hissi azala bilərmi?

- Başlıcası təşviş və qorxuya qapılmaq lazım deyil, heç bir halda ümidimizi itirməməliyik. Bu günlərin ömrü qısadır, əlbəttə ki, məsuliyyətli davranılmalıdır. Nemətin insana verilməsi də, əlindən alınması da insanın öz qəlbinin dərinliklərinə enməsi üçün bir fürsətdir. Maddi həyatın səs-küyü, həddən artıq dinamiklik bizi mənəvi dəyərlərdən uzaq salmışdı. Əksinə düşünməklə, Allaha sığınmaqla nikbinliyi qorumalıyıq. Bu da fundamental dəyərlərin insanların daxilində yer tapmasına, saf duyğuların cücərməsinə xidmət edəcək. Təbii ki, hər bir sıxıntı da mənfi tərəflər olduğu kimi, müsbət tərəflər də olacaq. İnsanlar yenidən dini şüura sarılacaq və başımıza gələnlərin həris həyat tərzimizin bir nəticəsi olduğunu anlayıb tövbə etməyə başlayacaq və daha sağlam həyat tərzi sürməyə qərar verəcək.

- Milli birlik və həmrəylik koronavirus təhlükəsindən Azərbaycanın az itki ilə çıxmasına kömək edəcəkmi?

- Dünyada koronavirusla bağlı çox ciddi təhlükə yarandığı üçün insanlar olduqca ehtiyatlı davranmalıdırlar. İnşallah çox az itkilə bu bəladan xilas olacağıq. Çünki karantin tədbirləri digər ölkələrlə müqayisədə çox erkən başlandı, Azərbaycanda operativ addımlar atıldı. Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Əgər məsuliyyətli davransaq, çətinlikdən daha tez qurtularıq, ümidsizliyə qapılmaq üçün heç bir əsas görmürəm.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm