Xüsusi
Məşhur yazıçının heç yerdə dərc edilməyən hekayəsi - "Qonşumuz gənc bəstəkar"
Publika.az xüsusi izolyasiya tədbirləri dövründə oxucularının asudə vaxtını faydalı keçirmək üçün "Kitabsevərlər" rubrikasına start verir.
Rubrikanın ilk buraxılışında Seyfəddin Dağlının "QONŞUMUZ GƏNC BƏSTƏKAR" hekayəsini təqdim edirik.
Xoş mütaliələr!
***
Səhər evdən çıxıb işə gedərkən mənzil idarəmizin müdiri qapıda məni qarşılayıb xeyli şən və əda ilə gülümsəyərək:
- Muştuluğumu verin, - dedi, - sizə təzə və yaxşı bir qonşu köçürürəm - gənc bəstəkar!
Eyni sevinclə dilləndim:
- Çox sağ olun!.. Adı nədir?
- Adını bilmirəm. Familiyasını dedilər, ancaq o da yadımdan çıxdı. Amma məşhur bəstəkardır.
Yeni qonşumun adını öyrənə bilməməyim məni biraz pərt etsə də, hər halda, bəstəkar həmxanalığı bizim mənzildə mühüm hadisə idi və bu müjdə bir musiqi həvəskarı kimi məni xeyli sevindirdi.
Və elə o gün həmin xoş xəbər özünü göstərdi; axşamüstü işdən evə qayıdanda pilləkənləri piano sədaları altında qalxdım. Bu yeni hadisə məni o qədər məmnun etdi ki, eşitdiyim musiqinin fərqinə belə varmadan, bütün yorğunluğumu unudub şən əhval-ruhiyyədə mənzilimə daxil oldum.
Lakin içəridə qəribə mənzərəyə rast gəldim.
Qoca atam adəti xilafına axşamdan yatağına girib yorğanı başına çəkmişdi. Südəmər körpə nədənsə çığırıb ağlayırdı. Uşağın anası reproduktorun səsini var qüvvəsi ilə buraxaraq elanları dinləyirdi. Divarın o biri tərəfindən - qonşu otaqdan isə məni hələ də pilləkən başında sevindirən piano səsləri eşidilirdi...
Bu qeyri-adi səhnə birdən-birə məni ayıldıb özümə gətirdi. "Salam" əvəzinə ilk sözüm: "Nə var, nə olub" - sualı oldu.
Arvad hirslə cavab verdi:
- Heç nə. Qonşuluğumuza çalğıçı köçüb!
- Çalğıçı yox, bəstəkar! - dedim.
Atam səsini ucaldıb təəccüblə soruşdu:
- Nəə? Bəstəkaar? Bu-u?!.
Etiraf edirəm ki, otağımızda yaranan fövqəladə mənzərənin və eşitdiyim sözlərin mənasını mən yalnız yatağa uzandıqdan sonra, qonşudan gələn qarmaqarışıq piano gurultusu altında gecə yarısınadək yata bilmədikdə anladım...
Sabahı atam yuxudan xeyli gec ayıldı və yatağının içində deyinməyə başladı:
- A kişi, zurna adamı dəng eləyir. Amma mən bu gecə gördüm ki, iş nə zurnada, nə də qavalda deyilmiş. İstəyir lap sinc-təbil vursunlar, təki hava yaxşı olsun. Musiqi ki, yaxşı oldu, düdkəşdə də çalınsa, adama ləzzət verər. Yox, əgər hava özü sarsaq oldu, onda istəyir tar yox, lap ney çal, yenə də dəngəsər olacaqsan. Heyif o piyəninədən!
Ehtiyatla soruşdum:
- Yenə nə olub məyər, a kişi?
- Daha nə olacaq? Bəs gecə eşitmədin təzə qonşun piyəninənin başına nə oyun gətirirdi? Səhərəcən yata bilməmişəm. Bir halda, vaxtilə balaban-tütək səsi altında o qədər şirin yuxular görmüşəm ki!.. Axı nə çalırdı bu bəstəkar?
- ?!
Səhər yuyunarkən dəhlizdə yeni qonşumla tanış oldum və gənc bəstəkarı çaya dəvət etdim. Lakin o, təkəbbürlə mənə təşəkkür edib öz otağına keçdi.
Təsadüfən evdən təzə qonşumla bərabər çıxdıq. İş elə gətirdi ki, yolumuz da bir səmtə düşdü. Mən bu fürsətdən istifadə edib gənc bəstəkarla söhbətə girişdim. Ancaq münasib mövzu tapa bilməyib namünasib yerdən başladım:
- Deyəsən gecə bizim uşaq sizi narahat etdi, - dedim, - Gərək bağışlayasınız, körpədir də, dil bilmir, söz qanmır...
Gənc bəstəkar yuxarıdan aşağı məni süzüb etinasız surətdə cavab verdi:
- Hə, zərər yoxdur, canım... Nə olar, qoy musiqi xəzinəmiz bir əsəri, bir gecə gec alsın... Hər halda, uşağınız mənim əsərlərimə alışdıqdan sonra rahat yatacaq!
- Bəli a, şübhəsiz. Yəqin ki, onda heç laylaya da ehtiyacı olmayacaq.
Onun gur səsi lapdan cırlaşdı:
- Nə? Laylay?! Laylay nədir, canım? Əl çəkin bu köhnəçilikdən! Yeni dövrün körpələri orkestr sədaları altında yuxulamalıdırlar!
- Bəli, əlbəttə. Siz düz buyurursunuz. Ancaq mənim atam uşağı laylaya öyrədib, həm də özü ona laylay çalır.
- Necə? Atanız uşağa laylay çalır??? Qəribədir!
- Bəli, çox qəribədir... Bilirsinizmi, bizim qoca köhnə xanəndədir. Eşitmiş olarsınız, əlli il oxuyub. İndi yetmiş yaşı var. Muğamat və xalq mahnılarını çox gözəl bilir. Hələ bəlkə o, sizə kömək də elədi, siz ondan istifadə də edə bilərsiniz.
Bu sözüm gənc bəstəkara bərk toxundu:
- Necə, necə?! Mən savadsız bir xanəndədən musiqi dərsi alım, muğamat öyrənim, xalq mahnıları yazım? Hi-hi-hi!.. Başa düşün ki, artıq elə şeylərin vaxtı ötüb. İndi əsrimiz simfoniya, romans, duet, suita əsridir.... Dünən bəstələdiyim suitanı eşitdinizmi? Onu fortepiano üçün yazırdım. Sizin köhnə xanəndə atanız yəqin ki, ondan heç bir şey başa düşməz. Ümumiyyətlə, indi camaatımızın musiqi kulturası çox aşağıdır. Biz gələcək nəsillər üçün yaradırıq. Siz isə daha doğrusu, sizin nəvə-nəticəniz bizi yalnız bir-iki əsrdən sonra dərk edə bilər. Bəli... Hələlik xudahafiz! Mən buradan sola dönməliyəm....
Gənc bəstəkar məndən ayrılıb getdi. Mən də həsrətlə onun ardınca baxaraq: "Niyə bu yeni musiqi əsərlərini başa düşəcək qədər mədəniyyətim yoxdur?!" - deyə acı bir təəssüf, ağır bir kədərlə işimə yollandım.
Axşam yenə də qonşum öz qaydası ilə pianonu döyəcləyirdi. O çaldıqca körpə yatmayıb çığırır, qoca əsəbi halda qapını çırparaq tez-tez otaqdan eyvana çıxıb, eyvandan mətbəxə girirdi. Birdən atam guya bütün bu həngamənin baisi mən imişəm kimi acıqla qarşımda durub çığırdı:
- Axı bir məni başa sal görüm, bu, nə çalır ey?
Mən donuxmuş halda gözlərimi döyüb çiyinlərimi atdım, deməyə bir söz tapa bilmədim. Bu hərəkətim kişini lap hövsələdən çıxardı. O, səsi titrəyə-titrəyə:
- Bəlkə qocaldığım üçün mənim musiqi hafizəm pozulub, zövqüm korlanıb, zəmanədən dala qalmışam, təzəni başa düşmürəm, hə? - dedi. - Sən ki cavansan, yeni adamsan, zəmanə uşağısan, bir məni başa sal görüm, axı bu nə havasıdır?
Atamın axırıncı sözü məni bir qədər ürəkləndirən kimi oldu. Səhər küçədə gənc bəstəkardan eşitdiyim cümləni mexaniki olaraq təkrar etdim:
- Suita, fortepiano üçün...
Sözüm ağzımdan çıxıb qurtarmamış qoca qeyri-adi bir səs çıxarıb:
- Nə?! - deyə soruşdu. Sonra uzun bir qəhqəhə çəkib əlavə etdi:
- Əlli il xanəndəlik elədim, muğamatın əlif-beyini tutuquşu kimi əzbərlədim, saysız-hesabsız təsniflər, xalq mahnıları oxudum, el havalarını öyrəndim. Təzə yazılan nə qədər musiqiyə ləzzətlə qulaq asdım. Ancaq nə piyəninədə, nə də zurnada belə hava eşitmədim. Bir də, balam, o havanı ki qonşun çalır, suiti eşitsə, içməmiş də elə piyan olar da! Ha-ha-ha!...
Günlər ötüb keçdikcə bir tərəfdən qonşumuz gənc bəstəkarın aramsız gurultusu, digər tərəfdən də bizim körpənin fasiləsiz çığırtısı tədricən ara divarımızı incəldir, bizi bir-birinə yaxınlaşdırırdı. Artıq, ara-sıra mən bəstəkarı bizə çaya dəvət edirdim ( ancaq atam evdə olmadıqda) : o isə hərdənbir məni öz otağına çağırıb yeni əsərlərini mənə çalırdı. O, mənim evimdə özünü, guya bizə gəlişi ilə boynumuza böyük xətir- minnət qoyurmuş kimi apararaq, çayımızı naz-qəmzə ilə içir, mən isə qonşumun otağına sıxıla-sıxıla girir, onun çaldığı, mənimsə başa düşmədiyim hər yeni hava üçün, müəllifin tanışı və əsərin ilk dinləyicisi kimi hədsiz iftixar və minnətdarlıq hissinə qapılırdım.
Bir axşam yenə də, o, yeni bir əsərini mənə çalmaq istədiyini bildirdi. Mən böyük məmnuniyyətlə divana dirsəklənib əlimi çənəmə dayadım və bütün diqqətimi qulaqlarımda cəmlədim. Qonşum gənc bəstəkar pianonun qarşısında oturub, həmişə olduğu kimi bu dəfə də, çalmazdan əvvəl əsərinin məzmununu mənə anlatmağa başladı:
- Yeni əsərimin adı “Musiqi dinlərkən” dir, - dedi. - Özü də müasir mövzuda, neft həyatındandır... Mədəndən çıxmış qoca bir buruq ustası ahəstə addımlarla gələrək stansiyada oturub elektrik qatarını gözləməyə başlayır. O, papiros çəkir və qəzet oxuyur. Tez-tez gəlib-gedən qatarların təkər səsləri eşidilir. Bu halda radiodan verilən simfonik konsertin bir parçası... – Qonşum ötəri əlavə etdi: - Bu parçaya xüsusilə yaxşı fikir verin!
Dərhal cavab verdim:
- Baş üstə!
Bəstəkar izahatını davam etdirdi:
- Onu cəlb edir. Qoca neft ustası o qədər aludə olub ürəkdən qulaq asır ki, özünü tamamilə unudaraq yuxulayır, xoruldamağa başlayır və xəbəri olmadan papirosu düşüb neftli paltarını yandırır. Neftçi alışıb od tutur. Sərnişinlər yüyürüb onu söndürürlər. Səs küyə yuxudan ayılan qoca isə onun odunu söndürənlərə acıqlanır ki, nə üçün səs-küy salıb musiqinin ahəngini pozurlar... Hə, indi qulaq asın!
Gənc bəstəkar izahatını qurtarıb dodaqlarını yumdu və gözlərini piano üstündəki not kağızlarına zilləyərək çiyinlərini oynada-oynada barmaqlarını işə saldı. Pianodan qəribə səslər çıxmağa başlamışdı.
Bu havadan mənim xatirimdə qalanı yalnız odur ki, qısa fasilələrlə pianonun bütün dilləri tək-tək və cüt–cüt növbə ilə dillənir, səsi gah tamamilə alçalıb kəsilmək dərəcəsinə enir, gah da birdən birə artıb ucalırdı. Sondakı gurultu isə ( bəstəkar buna “akkord” deyirdi) lap qiyamət qopmasına oxşayırdı.
Bu dəsgah təkrar-təkrar eyni parçalarla bir xeyli uzandıqdan sonra, nəhayət əsərin ifası sona yetdi. Müəllif başını geri çevirib, üzünə tökülmüş saçları altından parıldayan gözlərini mənə zillədi Onun bu baxışları “Necədir?” – deyə mənim rəyimi soruşmaqdan daha çox “ Görürsən də nə qiyamətdir!” deyə mənim təqdirimi əmr edirdi.
Mən əsərin fövqəladə bir ustalıqla yazıldığını və həqiqətən məni valeh etdiyini bildirib otaqdan çıxdım. Lakin, qapını örtən kimi yenə ağır bir qüssə ürəyimi əzməyə başladı: “Axı, niyə mənim musiqi səviyyəm bu qədər aşağıdır? Kişi özü mənə bir kitablıq söz danışır, amma yenə də heç nə başa düşmürəm. Ancaq, madam ki, belə əsərlər yazılır, deməli, onları, hətta müəllifin şifahi izahı olmadan başa düşənlər vardır... Ah, əhsən və bəxtəvər o şəxslərin başına!”
Bu fikirlə otağıma girib yanıqlı bir ah çəkdim.
Dərhal atam başını yorğanın altından çıxarıb yuxulu gözlərini döyərək:
- Hə, nə var, oğul?- dedi. – Olmaya uduzdun suitiyə?
Heyrət içində soruşdum:
- Nəyi uduzdum?
- Necə yəni, nəyi? Nərd oynamırdınız bəyəm?
- Sən yuxu görmüsən nədir, a kişi, nə nərd?
- Nərd də – şeş-beş!... Mən nə qədər bərk yatmış olsam da, yenə həmişə qulağım səsdə olur! – Qoca qalxıb yatağın içində oturdu və əllərini oynatmağa başladı:
- Guya mən yuxuda eşitmirdim, deyirsən? Onda qulaq as, mən sənə nəql eləyim...Əvvəl adama bir zər atdız: taq-taq... Belədir, ya yox? Sonra biriniz zərlərin ikisini də götürüb tulladı və sümük taxta üzərində diyirləndi: taq-taraq... Düzdürmü? Sonra da həmin zəri atan oyunçu daşı götürüb iki dəfə taxtaya vurdu: taq-tara-tap-tap...Ondan sonra o biriniz zərləri atıb daşları xanalara vurdu: taq-taraq-tappa-tap. Oyun qızışdı... Amma tez-tez şeşqoşa, beşqoşa atırdız və dalbadal daşları xanalara çırpırdız: tappa-tarap-taqqa-taq... Hərdənbir yeklər, dülər də atan olurdu ki, onda daşları gah qatlayır , gah da sürüşdürürdüz: pıf-tıs... Ortada birinizin xanaları deyəsən bağlandı, onda hansınız idiniz, bilmədim, bir müddət fikrə gedib susdunuz: xamuş... Düz deyirəm, ya yox? Hələ arada zərin biri taxtadan sıçrayıb yerə düşdü və döşəmə üstündə diyirləndi: tırıp... Stulları itələyib zəri axtarmağa başladız: tar-ta-tarap. O zaman hələ bizim uşaq da diksindi. Axırda da ki, biriniz-deyəsən o, sən idin, oğul, – uduzub nərdtaxtanı çevirdiz və bütün daşlar bir tərəfə tökülüb gurultu qopardı: tarraq-partt..Onda da uşaq ağlamağa başladı... Hə belədir, ya yox? Düz demirəmsə, denən yalan deyirsən! Daha niyə utanırsan? Uduzmusan-uduzmusan da, canın sağ olsun!...
Etiraf edim ki, yuxulu atamın qonşu otaqda çalınan yeni əsər haqqında bu izahatı məni daha artıq heyran etdi. Həm bu izahatdan xeyli pərişan oldum. Hər necə olsa, atam da musiqişünas idi və deməli ki, o da əsərdən bir məna çıxara bilmişdi. Lakin kiçicik bir fərq vardı ki, bu da əsərin adının düz gəlməməsində idi: bəstəkar “Musiqi dinlərkən” deyirdi, xanəndə isə “Nərd oynayarkən”. Bu da boş şey idi, əsərin adını dəyişməyə nə var ki!...Yalnız təkcə mən heç nə başa düşmür, heç bir söz deyə bilmirdim. Yazıq mənə!
Bu əhvalatdan bir müddət sonra bir səhər qonşumuz gənc bəstəkar gözümə çox tutqun göründü. Onun pianosu da bir neçə gün susdu.
Yenə atamın laylası eyvanı bürüdü. Başqa qonşularla bərabər gənc bəstəkar da qoca mügənninin uşaq üçün oxuduğu xalq mahılarını dinləməyə başladı.
Nəhayət qonşumun pianosu yenidən incə-incə dilləndi.
Bir gün gənc bəstəkar qapını döyüb otağımıza girdi və qarşısına qoyulmuş çayı içərək ahəstə-ahəstə dedi:
- O süitam qəbul olunmadı. Deyirlər: mücərrəddir, xalq ruhuna uyğun deyil. – Bir an susub dərin fikir içində əlavə etdi: – Düz deyirlər.
Atam da o biri otaqdan çığırdı:
- Əlbəttə düz deyirlər!
Qoca xanəndənin səsini eşidən gənc bəstəkar məni danlamağa başladı:
- Sən nə qəribə adamsan, ha! Məni kişi ilə tanış da etməmisən!- Sonra üzünü o biri otağa tutub çığırdı. - Ay əmi, bir bizim otağa zəhmət çəkin. Xalq havaları ruhunda simfoniya yazıram. Qulaq asın, görün xalqın xoşuna gələrmi!
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO