Xüsusi
Almaniyada yaşayan azərbaycanlı həkim koronavirusla bağlı SİRLƏRİ AÇDI: 1 uşaq 600 nəfəri... - MÜSAHİBƏ
Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Almaniyada təhsil alıb fəaliyyət göstərən Rottal İnn Klinikasının Ginekologiya Şöbəsinin həkim-rezidenti, həmyerlimiz Fidan Həsənova koronavirusla bağlı çoxlarının maraqlandığı sualları cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Almaniyada hazırda vəziyyət necədir?
- Ölkə miqyasında karantin elan olunub. Amma evdən çölə çıxmaq üçün qadağa yoxdur. Sadəcə zəruri olmadığı təqdirdə evdən çıxmaq məsləhət görülmür. Şəhərlərarası hərəkət etmək üçünsə xüsusi icazə vərəqi olmalıdır. Market, aptek və xəstəxanaya getmək sərbəstdir. Belə bir şərt qoyulub ki, imkan daxilində hər evdən 1 nəfər bayıra çıxsın. Risk qrupuna daxil olanların isə zəruri ehtiyaclarını ödəmək üçün qonşular yardım edir. Bundan başqa, bayırda yalnız eyni evdə yaşayan insanlar birlikdə gəzə bilər. Digərləri ilə 2 metr sosial məsafə saxlanılmalıdır. Qapalı məkanlarda bu qaydalara riayət olunur. Xəstələrin ziyarəti qadağandır. Həkim müayinəsində sadəcə xəstələr olmalıdır. Hamı tibbi maska taxmır, bunun üçün xüsusi qərar da qəbul edilməyib. Məsləhət görülür, amma mütləq deyil.
Bəzi insanlar var ki, yatağa bağlıdırlar, evdən çıxa bilmirlər, öz işlərini görə bilmirlər və tək yaşayırlar, həmçinin qocalar evində və ya xəstəxanada qalmaları da vacib deyil. Onların ehtiyacları və qulluğunu xüsusi qurumlar həyata keçirir. Yəni bu şəxslərin ehtiyacları, onsuz da, əvvəlcədən təmin olunurdu. Ona görə də karantin dövrünə özəl xidmət deyil.
- Son statistikaya əsasən, Almaniyada 100 minə yaxın insan koronavirusa yoluxub. Lakin onlardan cəmi 1500-ə yaxını dünyasını dəyişib. Yoluxanlara nisbətən ölüm sayının bu qədər az olmasını Almaniya nəyə borcludur?
- Burada Robert Kox İnstitutunun daim yenilənən statistikası əsas götürülür. Son məlumatlara əsasən, Almaniyada yoluxma ilə ölüm faktı arasındakı fərq 1 faiz civarındadır. Bu da bütün dünya ölkələri ilə nisbətdə ən yaxşı göstəricidir. Təbii ki, Almaniyanın dünyanın ən yaxşı 3 səhiyyə sistemindən birinə sahib olmasının burada əsas rolu var. Ölkədə əksər xəstəxanalar Kovid-19 müalicəsinə köklənib. Elektiv, planlaşdırılmış bütün əməliyyatlar, gözlənilməsi mümkün olan bütün müayinələr təxirə salınıb. Yalnız təcili travmatik vəziyyət olduqda, doğuşlarda əməliyyatlar aparılır. Bir də xərçəng xəstələrinin müalicəsi davam etdirilir. Əgər bir bölgədə 2 yaxın xəstəxana varsa, onun biri koronavirus müalicəsi üçün ayrılır, digəri isə başqa tibbi fəaliyyətləri icra edir.
Bundan əlavə, Almaniya yüksək miqdarda tibbi avadanlığa və intensiv terapiya palatalarına sahibdir. İxtisaslaşmış mütəxəssislər və öncədən səhiyyə sisteminin düzgün qurulması, səhiyyə infrastrukturunun formalaşdırılması da pandemiya ilə mübarizədə xüsusi rol oynayır.
Qeyd etmək istəyirəm ki, alman xalqının əksər hissəsi bütün tədbirlərə can-başla əməl edir, hər şeyə xüsusi diqqət göstərir. Özlərinin və başqalarının təhlükəsizliyi üçün məsuliyyətli davranırlar. Məsələn, pandemiya dövründə digər ölkələrdən vətənlərinə qayıdan şəxsləri özləri özlərini 14 gün müddətinə karantinə alır. Xüsusi ayrılmış çağrı mərkəzlərinə və ailə həkimlərinə zəng edərək vəziyyətləri, haradan gəldikləri ilə bağlı məlumat verir. Səhhətində problemi varsa, ambulator müalicə alır, ağırlaşdığı təqdirdə xəstəxanaya yerləşdirilir. Bu da pandemiyanın ölkədə ağırlaşmasının böyük ölçüdə qarşısını aldı.
Bildiyiniz kimi, hər yoluxan insan bu xəstəlikdən ölmür. Yalnız xroniki xəstəliyi olanlar, artıq çəkidən əziyyət çəkənlər və tütün məmulatlarından istifadə edənlər və bəzi dərman preparatlarını qəbul edənlərdə ağırlaşmalar müşahidə edilir. İntensiv terapiyaya bu şəxslər cəlb olunur.
Hazırda xəstəxanalarda yataq və tibbi texnika problemi yoxdur. Çatışmazlığın yaranmasını əngəlləmək üçün artıq indidən minlərlə süni tənəffüs aparatları sifarişi verilib.
Ölümün yoluxmaya nisbətən az olmasının isə üç səbəbi var: Düzgün təşkilatlanma, vaxtında karantinə gedilməsi və lazımi resurslara sahib olmaq.
- Bəs niyə 100 mindən çox yoluxma faktı var? Bu ki, ciddi rəqəmdir...
- Deyə bilərəm ki, bu, hər kəsin ciddi riayət etməməsi nəticəsində ola bilər. Amma insanların çoxu İtaliya və Çindəki, eləcə də, ağır vəziyyətdə olan digər ölkələrdəki faciələri görərək özlərini karantində saxlayırlar. Bununla belə, 100 min nəfərin infeksiyaya yoluxması o demək deyil ki, onların hamısının vəziyyəti ağırdır və ya öləcəklər. Almaniya ərazisində gün ərzində 100 minə yaxın test edilir. Buna görə də yoluxanlar vaxtında aşkarlanır və vaxtında karantin tətbiq edildiyi üçün ağırlaşmaların qarşısını alınır. Yəni bu gün Azərbaycanda da günə 100 min test edilsə, vaxtında diaqnostika aparılsa, bəlkə xəstə sayı qat-qat çox çıxacaq.
- Almaniyada koronavirusa yoluxduğundan şübhələnən bir vətəndaş hansı tədbirləri görür?
- Təcili yardımdan əlavə, 116117 zəng xidməti mövcuddur. İnfeksiyaya yoluxduğundan şübhələnən şəxs oraya zəng edir. Və ya ailə həkiminin müayinəsindən keçir. Ailə həkimi xüsusi qoruyucu geyimdə xəstənin evinə gedir, ondan test nümunəsi götürür. Vəziyyəti yüngüldürsə, evdə müalicə olunur, ağırdırsa, xəstəxanaya yerləşdirilir.
- Hansı test üsulundan istifadə olunur?
- Bütün dünyanın istifadə etdiyi PZR (Polimeral Zəncirvari Reaksiya) üsulu tətbiq olunur. Boğazdan yaxma götürülür.
Onu da deyim ki, əslində, bu xəstəliyin müalicəsi ilə daxili xəstəliklər üzrə mütəxəssislər məşğul olur. Amma hazırda bütün şöbələrdən – ginekologiya, cərrahiyyə, anesteziya şöbələrindən də intensiv terapiyaçılara kömək məqsədilə həkimlər cəlb olunur. Çünki xəstələrin sayı həddən artıq çoxdur.
- Hansı yaş kateqoriyasındakı insanların yoluxma faktına daha çox rast gəlinir?
- Yoluxma faktlarının əksəriyyəti 30-70 yaş arası insanlarda aşkarlanıb. Amma ağırlaşma halları risk faktorlarına sahib 50-dən yuxarı yaşdakı insanlarda müşahidə edilir. Risk faktorlarına şəkərli diabet, böyrək çatışmazlığı, hipertoniya, sirroz, astma, ürək çatışmazlığı və bu kimi xəstəliklər daxildir. İnfeksiyadan ölənlərin əskəriyyəti də məhz bu vəziyyətdəkilər olub.
- Uşaqlarda vəziyyət necədir? Yoluxma halları qeydə alınıbmı?
- Uşaqlarda simptomatika halları özünü o qədər silinmiş şəkildə biruzə verir ki, valideynlər buna görə həkimə müraciət etmirlər. Çünki uşaqlar, onsuz da, tez-tez xəstələnən yaş kateqoriyasındadır və artıq buna öyrəşiblər. Buna görə də testləşdirmə və müayinə uşaqlarda az aparılır. Buna baxmayaraq, Almaniya ərazisində uşaqlarda ölüm halı qeydə alınmayıb. Normalda 1 infeksiyalı insan başqa 3 insanı yoluxdurur. Əlbəttə ki, uşaqlar da bundan öz paylarını alırlar. Amma onlarda xəstəlik yuxarı tənəffüs yollarının xəstəliyi kimi keçir. Bu arada, uşaqlar ən yaxşı daşıyıcıdırlar. 1 uşaq özündən başqa 600 nəfəri virusa yoluxdura bilər. Çünki özləri zəif keçirirlər və ya heç hiss olunmur.
- Almaniya koronavirusa qarşı peyvənd və ya dərman preparatı hazırlıqlarına başlayıbmı? Mediada bir çox ölkədə vaksin hazırlanması ilə bağlı onlarla xəbərə rast gəlmişəm, amma onların arasında Almaniya yox idi.
- Əlbəttə, bütün dünyada olduğu kimi, Almaniyada da bu istiqamət üzrə işlər aparılır. Robert Kox Universitetinə yerli və xarici mütəxəssislər cəlb olunub və onlar dərman üzərinə işləyir. Amma hazırda effektiv bir nəticə yoxdur.
Almaniya da hələ ki, peyvəndin hazırlanmasına nail olunmayıb, müalicə simptomatik aparılır. Yəni temperatur yüksəkdirsə, aşağı salınır, bakterial infeksiya qoşulubsa, antibiotik verilir və sair.
- Koronavirusa yoluxmuş hamilə qadının cift vasitəsilə körpəsini yoluxdurması mümkündürmü? Ümumiyyətlə, bu tip infeksiyalar ana bətnində keçə bilərmi?
- Bizim şöbəmizdə doğuş edən bir qadının körpəsi dünyaya gəldikdən sonra koronavirusa yoluxduğunu öyrəndik. Vaxtında profilaktik tədbir görüldü və karantinə alındı. Körpəsində isə infeksiya aşkarlanmadı. İndiyə qədər aparılan araşdırmalara əsasən, Kovid-19 plasentar baryeri keçmir. Lakin bu araşdırmanın miqyası çox məhdud olduğundan dəqiq məlumat vermək çətindir. Məsələn, suçiçəyinin hətta ilk 12 həftədə bətndəki uşağa yoluxması və ağırlaşmalara səbəb olması mövzusunda araşdırmalar var. Bundan başqa, TORCH adlanan infeksiyalar qrupu var ki, bətndaxili yoluxma, onların araşdırılması və ağırlaşmaları haqqında kifayət qədər analizlər aparılıb. Uşaqda ağır anadangəlmə inkişaf pozğunluqlarına səbəb ola bilərlər. Qrip haqqında bunu deyə bilmərik. Eləcə də koronavirus. Amma Kovid-19-a yoluxmuş ana körpəsi ilə kontaktda olarsa, infeksiya keçə bilər.
Almaniyada hamiləlikdən əvvəl, hamiləlik müddətində yuxarıda adlarını çəkdiyim xəstəliklərin müayinəsi aparılır. Müvafiq olduğu təqdirdə, anaya peyvəndlər vurulur ki, ağırlaşmaların qarşısı alınsın. Uşaqlar da vaxtlı-vaxtında peyvənd olunur. Mən belə hesab edirəm ki, məhz peyvənd statusu diqqətdə saxlandığı və mütəmadi nəzarətlər olduğu üçün koronavirus hamilələrdə və uşaqlarda yüngül keçir. Bu, təsdiq olunmuş bir şey deyil, mənim şəxsi fikrimdir.
- Almaniya Səhiyyə Nazirliyi gigiyenik qaydalardan başqa xüsusi profilaktik tədbirlər planı açıqlayıbmı?
- Yox. Ümumi gigiyena qaydalarına riayət edilməlidir. Sosial məsafə saxlanmalı, karantin qaydalarına əməl olunmalıdır. Yəni dünyada necə, burada da elə. Hətta deyərdim ki, Azərbaycanda koronavirusla mübarizə qaydaları daha sərtdir, nəinki Almaniyada. Məncə, doğru olanı da budur.
- Almanlar soyuqqanlı xalq kimi ün qazanıblar. Hazırkı dövrdə onların psixologiyası çox maraqlıdır mənim üçün. Pandemiya haqqında nə düşünürlər? Ruh düşkünlüyü, panika hiss edirsinizmi onlarda?
- Təbii ki, bu gözəl havalarda evdə oturmaq, dostlarla görüşüb gəzə bilməmək hər kəsi depressiyaya sala bilər. Amma hamının ümidi var. Və qorxusu. İtaliyanın, İspaniyanın vəziyyəti göz qabağındadır çünki. Yəni insanlar məlumatlıdırlar. Almaniya müharibələrdən məğlub halda çıxmış, amma bundan da dərs çıxarmağı bacarmış dövlət və xalqdır. Vəziyyətə realist yanaşırlar. Şüurları yerində olub, tənəffüs çatışmazlığından ölməyi istəmirlər. Buna görə də özlərini evə qapayıblar.
Gənclər özlərini və ailələrini xəstəlikdən qorumaq üçün qaydalarla riayət edir. Yaşlılar isə bayıra çıxmaq ehtiyacı görsələr belə, xüsusi risk qrupuna daxil olduqlarını bilirlər. Amma onlar sosial baxımdan təminatlı olduqları üçün özlərini riskı atmırlar. Keçim dərdində deyillər. Bavariya bölgəsində dövlət zərərçəkmişlərə yardım paketi ayırıb. Çox güman ki, bu faktorlar da pandemiyanın ağırlaşmasının qarşısını almaqda və qayğı çəkməməkdə kömək edir. Düzünü desəm, hazırda qorxu o qədər yüksəkdir ki, depressiyanın belə qarşısını alır.
Zümrüd Kərimova
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik hekayəyə başlaya bilərsiniz
-
Elm və təhsil24 Dekabr 23:48
Tələbə kartının üstünlükləri nələrdir? - AÇIQLAMA
-
MDB24 Dekabr 23:24
Beşinci mərtəbədən yıxılan uşaq SAĞ QALDI
-
Sosial24 Dekabr 22:48
5 dəqiqəyə 20 minin xərclənməsi: "TikTok"da çirkli pullar necə yuyulur?
-
Magazin124 Dekabr 22:24
Azərbaycanlı blogerlər AĞIR QƏZAYA DÜŞDÜLƏR - FOTO
-
Hadisə24 Dekabr 22:00
Kürdə məktəbli batdı: "Çantasını çayın kənarından tapıblar" - VİDEO/YENİLƏNDİ
-
Sosial24 Dekabr 21:12
Sabah bəzi ərazilər İŞIQSIZ QALACAQ
-
İdman24 Dekabr 21:00
Ronaldo qarlı havada çılpaq sinəsi ilə POZA VERDİ