Xüsusi
Bu insanların orucu nə dini, nə də tibbi baxımdan qəbul olunur - Dietoloqdan karantin menyusu haqda SƏRT XƏBƏRDARLIQ
“Leman Med Klinikası”nın baş həkimi, dietoloq, həkim-terapevt Ləman Süleymanova koronavirus pandemiyası səbəbiylə elan edilən karantin ərzində - evdə qaldığımız və passiv həyat keçirməli olduğumuz bu günlərdə kökəlməmək üçün mühüm tövsiyələr verib.
Publika.az-a müsahibə verən mütəxəssis yaxınlaşan Ramazan ayı ilə bağlı düzgün oruc menyusundan da söz açıb.
- Ləman xanım, karantin günlərində hansı qidaları rasiondan çıxartmalıyıq?
- COVID-19 dünyada artıq vahiməli bir xəstəliyə çevrilib. Ümumiyyətlə, nəinki karantin günlərində ilin istənilən vaxtında bütün xəstəliklərdən özümüzü sığortalamalıyıq. Necə sığortalamalıyıq? Əlbəttə ki, sağlam qidalanmalıyıq. Aktiv olmalıyıq, 6 aydan bir həkim müayinəsindən keçməliyik. Sözsüz ki, bütün bu qaydalara əməl edən insan özünü həmişə sağlam və gümrah hiss edəcək, istər genetik, istər virus mənşəli müxtəlif xəstəliklərdən sığortlanmış olur. Nəzərə alsaq ki, nəinki ölkədə, dünyada tüğyan edən belə bir xəstəlik var və ona qarşı əlavə tədbirlər görmək lazımdır. Dövlət tərəfindən tədbirlər görülür, əhalini bu təhlükədən qorumaq üçün müxtəlif təlimat və göstərişlər verilir. Amma müəyyən qurumlar var ki, işlərini davam etdirir, həkimlər vəzifə borcunu yerinə yetirir, insanlarla ünsiyyətdə oluruq. Odur ki, bu dövrdə sağlam qidalanma xüsusilə vacibdir. Qidadan aldığımız vacib vitamin-mineral balansı - immun sisteminə ötürülən yağ və güc deməkdir. İnsan robot kimi sistemləşdirilib. Müasir texnologiyaların quraşdırılmış antivirus sistemi olduğu kimi, insanda da antivirus sistemi mövcuddur. Müəyyən qrup insanlar bu sistemdən istifadə etməyi bacarır, müəyyən qrupu isə yox.
Məsələn, düzgün qidalanan, ərzaqlardan vacib olan vitamin və minerallı vaxtlı-vaxtında alan, yuxu rejiminə əməl edən və aktiv həyat tərzi keçirən insanda bu antivirus sistemi sürətli inkişaf edir, lazımi qaydada çalışır və istənilən virus infeksiyasından qoruyur. Bizim ağız və burun selikli qişamızda immun sisteminin qoruyucu hüceyrələri var. İstənilən viruslar canlıdır və sanki arı kimi insana öz iynələrini batırmağa çalışırlar. Əgər insanda güclü antivirus varsa, istər-istəməz virusu özündən itələyəcək.
Yox, əgər virus insana müdaxilə edə bilibsə, antivus varsa və immun sistemi yaxşı çalışırsa, virus daxil olsa da, öz işini “normal” görə bilməyəcək və insan bədənindən çıxmaq məcburiyyətində qalacaq.
Amma düzgün qidalanmayan, immuntiteti zəif olan insanlarda bu antivirus sistemi çalışmır və virusun daxil olub öz işini rahat görə bilməsi üçün münbit şərait yaranır. Nəticədə müəyyən təhlükəyə gətirib çıxarır.
- Karantin rejimi bitdikdən sonra çəki problemləri və onunla əlaqəli xəstəliklərin sayında artım olacaqmı?
- Karantin günlərini evdə keçirən insanlar var. Aydın məsələdir ki, passivlik və halsızlıq istər-istəməz çəkinin artmasına gətirib çıxaracaq. Həftənin bütün iş günləri çalışıb həftə sonları istirahət edən insanlar iş günlərindən fərqli olaraq, istirahət günlərində özlərini nisbətən halsız və passiv hiss edir. Çünki insan tənbəlləşdikcə yorğunlaşır, eyni ilə hər hansı avtomobil və cihaz kimi. Onlar uzun müddət çalışdırmayanda, öz funksiyası zəifləməyə başlayır. Odur ki, ev şəraitində də düzgün qaydalara riayət etməliyik ki, çəki artmasın, halsızlıq və yorğunluq olmasın, aktiv hormonları passiv hormonları əvəzləməsin.
Əhalinin əksəriyyəti yuxudan günorta oyanır, bütün gün passiv həyat keçirir, gecə saat 3-ə qədər yemək yeyib seriallara baxır, sözsüz ki, bu da köklüyə səbəb olacaq. Aktiv hormonların fəaliyyəti itir, cinsi fəaliyyət və immun sistemi zəifləyir. Belə insanlarda sürətlə çəki yığımı başlayır. Təbii ki, bədən həm gözəlliyini itirəcək, həm də sağlamlığımızda müəyyən problemlər meydana gəlməyə başlayacaq. Bu zaman nəinki virus, digər ciddi müxtəlif xəstəliklər insanı ağuşuna ala bilər.
Çəki artımının qarşını almaq üçün səhər tezdən oyanmaq lazımdır. Çünki hormonlar səhərlər daha çox aktiv olur, bu baxımdan səhər enerjisi vacibdir. Daha sonra maye qəbul etmək və gimnastik hərəkətlər etmək, günortaya qədər yüngül qəlyənaltılar etmək vacibdir. Yeri gəlmişkən, səhər və günorta yeməyini ötürməyi məsləhət bilmirəm, amma axşam yeməyini mütləq zəiflətmək lazımdır. Çünki axşam qidalardan lazım olan maddələri ala bilmirik, axşam menyusunda orqanizm passivləşir, lazımi enerjini də götürə bilmirik. Bu səbəbdən səhər və günorta menyusunu faydalı məhsullarla yükləməyə çalışın. Fiziki aktivlik və normal yuxu rejiminə əməl etmək və təbii ki, karantindən qorxmamaq lazımdır.
- Pandemiyanın insanlarda yaratdığı stress istər-istəməz aclıq hissini artırır. Sizcə, stress nəticəsində yaranan aclığın qarşısını almaq üçün nə etməliyik?
- Karantində çəki yığanların sayı gündən-günə artacaq. Passiv həyat tərzi genetik olaraq 2-ci tip şəkərli diabet, mədə-bağırsaq xəstəlikləri və sinir sisteminin pozulması ilə əlaqəli bir neçə nevroloji xəstəliklərə səbəb ola bilər. Bir tərəfən də qorxu hissi stress hormonlarının ifraz olunmasına gətirib çıxarır. İnsanlar qorxmasın. Qorxu insana nə qazandırır? Yalnız passiv hormonlarının sayını artırır. Bu pandemiyanın öhdəsindən gəlmək üçün ilk növbədə pozitiv olmaq, səhər tezdən durmaq və yuxarıda sadaladığım qaydalara riayət etmək lazımdır. Bu halda istənilən çətinliyin öhdəsindən asanlıqla gələ biləcəyik.
- Sosial təcrid tədbirləri yumşaldıqdan sonra yavaş-yavaş əvvəlki həyatımıza qayıdacıq. Bu halda normal çəkiyə qayıtmaq üçün nədən başlalıyıq?
- Əgər normal çəkinizdən 10 kq kökəlmisinizsə, təcili şəkildə mütəxəssisə müraciət etmək lazımdır. Amma normadan 2-3 kq çəki yığmısınızsa, fiziki aktivlik, sağlam həyat tərzinə əməl etmək və yuxu və qida rejiminə əməl etməklə sağlam şəkildə arıqlaya bilərsiniz.
- Ümumiyyətlə bir ay ərzində nə qədər arıqlamaq sağlam hesab olunur?
- Hər bir insan orqanizmi individualdır, hər kəsin gedişata özünəməxsus mövqeyi var. Müəyyən qan analizləri, USİ müayinəsi və digər prosedurlar olunur, pasientlə psixoloji söhbətlər aparılır. Xəstəni hərtərəfli araşdırdıqdan sonra ona proqram tərtib edirik. Xəstə var ki, ona 5 kq arıqlamaq məsləhətdir, eləsi də var ki, 10 kq.
Bütün makro və mikroelement vitamin balansı və maddələr mübadiləsi normada olan sağlam insanın bir aya 8-9 kq arıqlaması sağlam hesab olunur. Arıqlamağın da əsas şərti ac qalmamaqdır, menyuda hər bir nemət olmalıdır. Hormonal disbalans, qalxanvari vəzi hormonlarında problem, şəkərli diabet və s. xəstəliklərdən əziyyət çəkən insanlara individual yanaşma tərzi var. Ay ərzində itirilən çəki miqdarı və ya arıqlamaq potensialı immun sisteminin fəaliyyətindən və orqanizmin keçirdiyi xəstəliklərdən, o cümlədən passiv və aktiv həyat tərzindən asılıdır.
- Ən doyumlu və ən az kolorili, eyni zamanda faydalı olan məhsullar hansılardır? Ümumiyyətlə, bu aylarda hansı məhsullara üstünlük verməliyik?
- Belə bir yanaşmanı təbliğ etmək lazım deyil. Bütün qidaların bir-biri ilə reaksiyası var. Elə bir ağır kalorili qida ola bilər ki, digər qida ilə reaksiyası sayəsində kalorinin təsirini azaltmaq olar. Azərbaycan mətbəxinin ən dadlı yeməkləri və şirniyyatları yüksək kalorilidir. Təbii ki, orda un məmulatları, çox miqdarda istifadə olunmuş qoz-fındıq, yağ və onların reaksiyasından əmələ gələn maddələr orqanizmə fərqli istiqamətdə təsir edir.
Bu mövsümün ən vacib olan əti qırmızı ətdir, dəmir ən çox qırmızı ətdən mənimsənilir, balıq əti də omeqa yağları ilə zəngindir. Hazırkı dövrdə xüsusilə ağartı məhsulları, meyvə və tərəvəz məhsullarına üstünlük vermək lazımdır.
- Qarşıdan Ramazan ayı gəlir, odur ki, bu barədə danışmasaq, olmaz. Ləman xanım, sağlam Ramazan menyusu necə olmalıdır?
- Pasientlərimə xüsusi orucluq proqramlar tərtib edirəm ki, həm sağlam şəkildə oruclarını tutsunlar, həm Allaha xoş getsin, həm də özlərini yaxşı hiss etsin. Elələri var ki, düzgün oruc tutmur. Bu, nə tibbi, nə də ki, dini nöqteyi nəzərdən düzgün deyil. Allahın əmri var - imsak. Nə üçün imsak namazdan öncə edilir? Orqanizmdə bir hormon var ki, günəş çıxmazdan bir saat əvvəl aktivləşir. Bir çox mütəxəssis bu hormondan xəbərsizdir. İsraildə xərçəng xəstələrinə kimyəvi terapiyalar günəş çıxmazdan bir saat əvvəl, yəni hormonlar aktivləşəndə həyata keçirilir. Bu da xəstəliyin sağalma tezliyini sürətləndirir.
Odur ki, Ramazan ayı boyunca imsak yeməyi yeyilməlidir. Sadəcə menyuda gün ərzində susuzluq yaradan duzlu qidalardan uzaq durmaq tövsiyə olunur. Sözsüz ki, meyvə-tərəvəzlər olmalıdır, o saatda yesəniz, bütün gün ərzində bədəni enerji ilə təmin edəcək. Oqranizm lazım olan qida maddələrini qəbul edərsə, iftara qədər enerjini qoruyub saxlamaq daha asan olacaq. İftara qalmış insan fikiziki aktiv və rahat olmalıdır.
Azərbaycan və Türkiyədə iftar süfrəsi çox kalorili yeməklərlə zəngin olur. Süfrəyə çeşidli yeməklər düzürlər. Bu, doğru deyil, israfçılıqdır, israfçılıq Allaha da xoş getmir. Odur ki, mədəni ağır yeməklərlə yükləmək olmaz. İftar yeməyi sadə olmalıdır, boyat çörəyə üstünlük verilməlidir, iki çeşid yemək yeyə bilərsiniz. Bir şorba, bir quru yemək. Orucu su ilə açdıqdan sonra meyvə-tərəvəzə üstünlük verin, daha sonra şorba və əsas yeməyə keçə bilərsiniz.
Kim ki, imsak etmir, günortaya qədər yatır və iftarda bolluca yeyir, o insanların orucu nə dini, nə də tibbi baxımdan qəbul edilmir. Bu, insanlarda ən sadə halda köp, meteorizm, hətta ağır mədə-bağırsaq xəstəliklərinə gətirib çıxara bilər. Evdə olsanız belə istənilən virus infeksiyası sizi rahat şəkildə yaxalaya bilər. Orucun qaydalarına əməl etməyəcəksinizsə, məshələt görürəm ki, bu fikirdən vaz keçin. Əgər sağlam oruc tutmaq istəyirsinizsə, dediklərimə riayət etməyə çalışın.
Aytən Məftun,
Video: Sevinc Xanqızı
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...