Xalq artistindən gözlənilməz sözlər: “Karantin rejimi həm kasıb, həm də varlı üçün...” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Xalq artistindən gözlənilməz sözlər: “Karantin rejimi həm kasıb, həm də varlı üçün...” - MÜSAHİBƏ

Xalq rəqslərinin mahir ustası, dünya ölkələrində Azərbaycan incəsənətini, mədəniyyətini özünəməxsus ustalıqla və incəliklə təmsil edən Xalq artisti Təranə Muradova bildirib ki, nəinki karantin, heç bir qüvvə onu rəqsdən uzaqlaşdırmağa qadir deyil.

Rəqqasə Publika.az-a müsahibəsində qeyd edib ki, formada qalmaq üçün hər səhər rəqs edir və günə gözəl musiqi sədaları ilə başlayır.

- Təranə xanım, koronavirus səbəbilə elan edilən pandemiya həyatınızda nələri dəyişdi?

- İlk həftələrdə narahat olsaq da, tezliklə həyatın əvvəlki axarına qayıdacağına ümid edirdik. Nazirlər Kabineti yanında Operativ Qərargahın imtahanların keçirilmə qaydası ilə bağlı qərarını gözləyirik. Üçüncü kurs xoreoqraf və baletmeysterlərə, həmçinin dördüncü buraxılış kurslarına dərs deyirəm. Onların bu il milli rəqslərlə bağlı böyük bir tamaşası və diplom işləri olmalı idi. Nə yaxşı ki, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri bu müddət ərzində məşqləri yarımçıq qoymadı, onlayn qaydada davam etdirdik, çox diqqətlə yanaşdıq. Dərslərimiz indiyə qədər davam edir. Xoreoqrafiya elə sənətdir ki, onu onlayn formada öyrənmək olmaz. Onun incəliklərini siniflərdə canlı şəkildə tədris etməyə ehtiyac var, çünki bu, daha effektiv nəticə verər. Bəzi tələbələrin şəraiti pisdir, çoxunda internet çox zəif olduğu üçün onlarla istədiyim kimi məşğul ola bilmirəm. Buna rəğmən müəllimlər də, tələbələr də öz vəzifə borcunu yerinə yetirməyə çalışır. İnternet olsa da, olmasa da, rəqqas hər gün məşq etməlidir.

- Təranə xanım, sevdiyiniz işdən və səhnələrdən uzaqlaşmaq sizi depressiyaya salmır ki?

- Nə karantin, nə də başqa bir qüvvə məni rəqsdən uzaqlaşdıra bilməz! Rəqs incəsənətdir, hər zaman formada olmalısan. Şəxsən mən hər səhər evdə məşq edirəm, özümü formada saxlayıram ki, tələbələrə bu rəqsləri və hərəkətləri ideal formada göstərə bilim.

Əlbəttə ki, mən də, tələbələr də səhnə üçün darıxırıq. Ümid edirik ki, bu bəla yayın əvvəllərinə qədər sovuşacaq. Dərs ili bitsə də, karantin başa çatarsa, yayda məşqləri davam etdirməyi düşünürük.

- Mövcud vəziyyət daha hansı problemlərlə üzləşməyə məcbur etdi?

- Əsas problemlər odur ki, kütləvi tamaşa və rəngarəng rəqs nümunələrini konsert şəklində təqdim edə bilmirik. Rəqsləri onlayn qiymətləndirmək olmaz, canlı izləmək daha yaxşı nəticə verir.

- Müsbət tərəfdən baxsaq, 2 aydan çox davam edən karantin rejimi bizə nə qazandırdı?

- Hiss etdim ki, insanlarda sənətə sevgi-məhəbbət hissi güclənib. Onlar öz peşələrinin dəyərini daha yaxşı anlamağa başlayıb. Karantin dövründə bir çox məsələlər aşkara çıxdı. Bir qayda olaraq hamımız azadlığın bəxş etdiyi xoşbəxtliyin dəyərini anlamağa başladıq, eyni zamanda anladıq ki, ömür çox qısadır və onu doya-doya yaşamaq lazımdır. Dərk etdik ki, mənəvi zənginlik və kamillik dünyanın bütün nemətlərindən üstündür. Pandemiya günlərində xalqımız milli birlik və həmrəylik nümayiş etdirdi. Tələbələrimin qəlbində sənətə daha çox sevgi, mərhəmət və ədalət hisslərinin cücərdiyinin şahidi oldum.

- Rəqs istənilən vəziyyətdə əhval-ruhiyyəni qaldırmağa qadir olan gözəl bir sənətdir. Çoxları etiraf edir ki, boz karantin günlərinə rəqslərin sayəsində rəng qatıblar.

- Biz həyata həmişə təmiz göz və pozitiv notlarla baxmalıyıq ki, müxtəlif xoşagəlməz situasiya və problemlərlə qarşılaşdıqda öhdəsindən gələ bilək, ən azından ciddi sarsıntı keçirməyək. İcazə verməməliyik ki, neqativ enerji bizi udsun.

Bu pandemiya bəlkə də Tanrı tərəfindən dünyaya göndərilmiş bir sınaqdır ki, insanlar ayılsın. Karantin günlərində insanların bir-birinə dəstəyini gördüm və çox fərəhləndim. Biz azərbaycanlıyıq və müsəlmanıq, yardımlaşma dinimizin əsaslarından biridir. Bu gün cəmiyyətimizin paylaşmaq, yardımlaşmaq kimi dəyərlərə daha çox ehtiyacı var. Karantin çoxunun beynini, qəlbini təmizlədi, həm kasıb, həm də varlı üçün böyük bir imtahan oldu.

Rəqs hər zaman sevgi, nikbinlik və müsbət enerji gətirməlidir. İncəsənətin əsas funksiyası insanı ruhlandırmaqdır. O dərində gizlənmiş emosiyaların ifadəsidir, ondan zövq almalıyıq həmişə. Çalışırdım xalqımıza güc verən videoroliklər paylaşım ki, insanlar ruhdan düşməsin. Rəqs edəndə başa düşürsən ki, heç nəyə baxmayaraq, həyat davam edir və bu həyatı yaşamağa dəyər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm