Xüsusi
"Bütün bu problemlərin yanında ağlamaq bizə yaraşmaz" - Tamaşaçıları ovsunlayan xanəndə ilə MÜSAHİBƏ
Bu məmləkətin torpağı, suyu elə sehrlidir ki, yalnız istedad yetişdirir. Müsahibimiz gənc xanəndə, qısa müddətdə səsi ilə tamaşaçıları ovsunlayan Tuğay İsmayılovdur.
Publika.az xanəndə Tuğay İsmayılovla müsahibəni təqdim edir.
- Səsiniz qısa müddətdə sosial şəbəkə istifadəçilərini sehrlədi. Bu istedadın qaynağı haradandır?
- Allah vergisidir. Həm də bilirsiniz də, qarabağlıların gözəl səsi olur. Ağdam rayonunda doğulmuşam. 6 yaşımadək orada yaşamışam. Vətənimiz işğal olunandan sonra Bakıya köçdük. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilimi tamamladım. Sonra isə Milli Konservatoriyamızda gözəl sənətkarımız Mənsum İbrahimovun sinfində oxudum. Vokal sirlərini Samir Cəfərovdan mənimsəmişəm. Sabir Abdullayev, Ağaxan Abdullayev, Alim Qasımov kimi ustadlarım olub. Hazırda Bakı Humanitar Kollecində müəllimlik fəaliyyəti ilə məşğulam. Bildiklərimi tələbələrimə öyrədirəm. Ümumiyyətlə muğam elə bir dünyadır ki, nə qədər öyrənsən də, heç nə bilmirsən.
- Ağdamı xatırlayırsınız?
- Əlbəttə. Uşaqlığım o dilbər guşədə keçib. Küçələri, evləri hər şeyi xatırlayıram. Ümid edək ki, tezliklə yenidən qovuşarıq doğma torpağımıza.
- Tuğay bəy, bu gün muğam janrına gənc ifaçılar tərəfindən böyük axın var. Səs imkanlarınız çox zəngindir. Vokal janrında özünüzü sınamaq istəmirsiniz?
- Təbii ki klassik əsərlər ifa edirəm. Peşəkar sənətkarlardan da vokal dərsi almışam. Amma özümü sırf vokalda görmürəm. Mənim istiqamətim muğam yoludur, xanəndəlikdir.
- Doğrudur, artıq sosial şəbəkələr, internet aləmi televiziya kanallarını geridə qoyub. Amma istənilən halda kanallarımızda az görünürsünüz. Dəvət az gəlir?
- Deməzdim. Dəvət olunanda təbii ki, məmnuniyyətlə gedirəm. Sosial şəbəkələrdə də fəalam. Ümid edirəm, bundan sonra verilişlərə daha çox dəvət alaram. Amma təbii ki, əsasən toylarda, el şənliklərində iştirak edirəm.
- Daha çox ifalarınızı hansı mənbədən dinləyə bilərik?
- Yutub kanalıma daxil olun. İfamda olan bütün muğamlarımızı dinləyin.
- Bəs virtual konsertiniz gözlənilir?
- Bu yaxınlarda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil olunan onlayn konsertim baş tutdu. Amma planımızda növbəti konsert proqramları var. Tələbələrimlə də dərslərimizi onlayn şəkildə keçirik. Ümid edirəm, bu qara buludlar başımızın üstündən tez keçər, səhnə alqışını heç nə əvəzləmir.
- Ozünütəcrid günlərində fəaliyyətinizdə durğunluq yaşandı?
- Deməzdim. Əksinə ailəmə, uşaqlarıma daha çox zaman ayırıram. Peşəmlə bağlı daha çox toylarda, konsertlərdə olurdum. Karantin müddətində ailəmlə daha çox vaxt keçirdim. Özümü poeziyaya, mütaliəyə həsr etdim.
- Xanəndə həm də ruhən şeiriyyata yaxın olmalıdır. Ən çox hansı şairlərimizin qəzəllərinə müraciət edirsiniz?
- Əlbəttə poeziyasız muğam yarımçıqdır. Füzuli, Qasım bəy Zakir, Əliağa Vahid yaradıcılığına daha çox müraciət edirəm. Amma bu o demək deyil ki, müasir şairlərimizin əsərlərinə biganəyəm.
- Xanəndələrin əsas gəlir mənbəyi el şənlikləridir. Bu günlərdə maddi sıxıntı yaşadınız?
- Bu dünyəvi problemdir. Xəstəlikdən bu qədər dünyasını dəyişən insanlar var, bütün bu problemlərin yanında ağlamaq bizə yaraşmaz. Maaşımızı da alırıq. Bu günədək toylara, məclislərə çox getmişik hamımız. Qazancımız bu kritik günlərdə ehtiyacımızı ödəməyəcəksə, bəs niyə gecəmizi gündüzə qatmışıq. İnsan gərək maddi durumunu da stabil saxlasın ki, çətin günlərdə heç kimə əl açmasın.
- Özünüzü hansı klassik qəhrəmanın obrazında görürsünüz? Yəni düşünürsünüz ki, mən bu obrazı canlandırmağa səsimlə də, zahiri görünüşümlə də, mənəviyyatımla da hazıram.
- Arzularım çoxdur. Amma istərdim bu tövsiyə ustadlarımdan gəlsin. Desinlər ki, sən artıq bu qəhrəmanı canlandırmaq üçün püxtələşmisən.
- Sonda nə demək istəyirsiniz?
- Dünyamızda, vətənimizdə sülh olsun. Ehtiyacımız tək musiqiyə olsun. Pərviz Əhmədov, Ədalət Behbudov və mən bundan sonra da çiyin-çiyinə verib, muğam üçlüyümüzlə xalqımızı vəsf edək, ifalarımızla sevindirək, muğamımızın təbliğini daha da gücləndirək.
Leyla Sarabi
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO