Cavad xanın soyundan olan musiqiçi: “Təəssüf edirəm ki, ulu babam və Gəncə şəhəri haqda məlumatsızam” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Cavad xanın soyundan olan musiqiçi: “Təəssüf edirəm ki, ulu babam və Gəncə şəhəri haqda məlumatsızam” - MÜSAHİBƏ

Mütəmadi olaraq Azərbaycanın böyük şəxsiyyətlərinin soyunun davamçılarını axtarıb tapırıq. Xalqımızı onlara, onları xalqımıza tanıdırıq. Budəfəki həmsöhbətimiz sonuncu Gəncə hökmdarı Cavad xanın soyundan olan avstraliyalı musiqiçi Sina Mailer Cavadxanidir.

Publika.az-ın özəl qonağı Sina Mailer Cavadxanidir.

- Sina, musiqi industriyasına gəlişinizdən danışaq...

- Malayziyanın Pinanq ştatında böyümüşəm. Hələ yeniyetməlik illərimdən psixodelik rok, alternativ rok, post-metal janrlarda ifa edən musiqi qruplarında çalışmışam. Hətta qardaşımla birgə “Damn Dirty Apes” adlı qrupun üzvü olmuşuq. Bir müddət sonra Avstraliyaya, Sidneyə köçdüm. Fərqində olmadan hardkor, post pank, elektronik, hip hop səhnəsinə marağım artdı. Dostlarımla bir səhnəni bölüşə-bölüşə özümü musiqinin lap mərkəzində tapdım. Bir müddət “Falcona” agentliyində DJ (dicey) kimi əməkdaşlıq etdim. Xatırladım ki, bu agentlik Elison Uonderland, Heyden Ceyms kimi məşhurlarla da əməkdaşlıq edir. Həmçinin Media İncəsənət və İstehsal ixtisasında təhsil almışam. Hazırda ixtisasım üzrə mütəxəssis kimi fəaliyyət göstərirəm.

- Əminəm ki, ilham qaynağınız var...

- Musiqi zövqümü “Green Day”, “Smashing Pumpkins”, “Linkin Park” və ümumiyyətlə bu ruhda ifa edən qruplar formalaşdırıb. Qardaşım ABŞ-da təhsil alıb geri dönəndən sonra məni musiqinin daha mükəmməl yönləri və ifaçılarla tanış etdi. Hətta xatırlayıram ki, fərqli musiqilər yayımlanan radiostansiyalar dinləməyə başladım. İndi dəqiq deyə bilərəm ki, musiqim alternativ rok, elektro hip hopdan ilhamlanır. Ümumiyyətlə dünyamız dəyişdikcə, fərqli janrda musiqilər doğulur. Əminəm ki, musiqi industriyasında olmayanların çoxu bu janrların adlarını da eşitməyib. Sırf bu istiqamətləri izləyirəm. Rok qanımdadır, həm də axı bu mənim peşəmdir. Bütün yeniliklərdən xəbərdar olmağa çalışıram. Əsas informasiya mənbəyim yutubdur. Düşünürəm ki, insan həyatında, uğurlarında, karyerasında uşaqlıq dövrü zəngin bazadır. Hər zaman uşaqlığımı təbəssümlə xatırlayıram. Axı o illərdə texnika həyatımıza bu qədər təmas etməmişdi. Komikslər toplayırdıq, xeyirxah film qəhrəmanlarına bənzəməyə çalışırdıq, elmi fantastik kitablar oxuyurduq, geyim, davranış estetikasına daha çox önəm verirdik. Yəqin bütün bu keyfiyyətlər həyatımın məcrasını müəyyən etdi.

- Etiraf edək ki, yaşadığımız mühit də zövqümüzə birbaşa təsir edir. Hər zaman Avstraliyanın harmoniyasına heyran olmuşam.

- Doğrudur. Avstraliya möhtəşəm ölkədir. Mən Sidneydə yaşayıram. Ən çox sevdiyim məşğuliyyət okeanda üzməkdir. Bəzən elə bilirəm ki, özümü sonsuzadək okeana etibar edə bilərəm. Avstraliyaya köçəndə cəmi 17 yaşında idim. Fərqli mədəniyyətlər, musiqilər, səhnələr zövqümə böyük təsir göstərdi. Bir müddət əvvəl burada dəhşətli yanğın baş verdi. Ölkə çox yorulmuşdu. Elə bu məqamda koronavirus yenidən səbrimizi sınadı. Amma demək olar ki, hər şey yaxşılığa doğru dəyişir.

L’image contient peut-être : 3 personnes, dont Sina Mailer D Djavadkhani, personnes souriantes, personnes assises

- Adi gününüz necə keçir?

- Yeni körpəmiz doğulub. Onun qayğısına qalıram. Doktorantura təhsilimlə bağlı araşdırmalar edirəm. Audio-istehsalat üzrə müəllimlik fəaliyyətimi davam etdirirəm. Qrupumla birgə yeni mahnılar yazdırırıq. Yəni çox gərgin gündəlik qrafikim var.

- Etiraf edim, komanda şəklində qurulan yaradıcı prosesdən uzağam.

- Bu həyat tərzi ilə də bağlı məqamdır. Uşaqlıqdan komanda fəaliyyətinin mərkəzində olmuşam. Müxtəlif reperlərin prodüseri kimi çalışmışam. Hazırda Avstraliyanın tanınmış “Vinyl Fantasy” rok qrupu ilə əməkdaşlıq edirəm. İnsanların təbiəti fərqlidir. Mən komanda işindən zövq alıram. Çünki daha çox şey öyrənə və öyrədə bilirsən.

- Yaradıcı prosesinizi təsvir edin.

- Musiqiyə erkən yaşımdan başladığım üçün gitara, zərb alətləri bir növ oyuncaqlarım olub. Artıq 17 ildir ki, həm də elektron musiqinin kompüterdə istehsalı ilə məşğulam. Müxtəlif kompüter proqramlarında çalışıram. Son 20 ildə bu proqramlarsız yaradıcılığı, zəngin musiqini təsəvvür etmək mümkün deyil. Bundan əlavə hazırda qrupla birgə çalışırıq. Məncə, bu təcrübə mübadiləsi, şən əhval da yaradıcılıq prosesinə təsir edir.

- Tarix boyu yaradıcı insanların əsərlərində yalnız özlərinə aşkar qalan məqamlar olub. Musiqinizdə bu ənənəyə riayət edirsiniz?

- İstənilən fantaziya və xəyal məhsulunda yalnız müəllifin dərindən duyduğu məqamlar var. İncəsənətin istənilən növündə belədir. İstəmirəm insanlar düşünsün ki, musiqinin doğulması filmlərin, video oyunların, rəsm əsərlərinin yaranmasından az zaman və zəhmət tələb edir. Müasir musiqi olsa da müəllif prosesə özünü həsr edir. Odur ki, gizli mesaj, bəlkə də illər sonra daha aktual olacaq məqamlar mütləq var.

L’image contient peut-être : 2 personnes, dont Sina Mailer D Djavadkhani

- Söhbətimizdən anlayıram ki, işinizi hobbiyə çevirməyə nail olmusunuz. Mən işimi sırf bu cəhətlərinə görə çox sevirəm deyəndə hansı özəllikləri nəzərdə tutursunuz?

- İncəsənətin ən xırda parçalarının doğuluşunu izləmək gözəldir. Mədəniyyətin, musiqinin hər gün bir az dünya sakininin xarakterinə uyğun dəyişməsi, intibahı tarixi hadisədir. Öz adıma deyirəm, peşəkar fəaliyyətimdə düşünülməmiş addımlar atmıram. Qəribədir ki, yaşım artdıqca insanları yaradıcılığıma inandırmaq həvəsindən uzaqlaşıram. Gənclik illərimdə özümü reklam etmək, tanınmaq, sevilmək ehtirasım daha qabarıq idi. Böyüdükcə, diqqət mərkəzində olmaq istəmirsən. Ən böyük zövqü özünə verməyin həzzini yaşayırsan. Bu əsla eqoizm deyil, əksinə özünü tapmaqdır. Bircə ona təəssüf edirəm ki, hərtərəfli daha güclü komanda qura bilərdim. Hazırda çalışdığım qrupa bu baxımdan daha çox ümid edirəm.

- Bu günlərdə musiqiçilərin ən çox çıxış etdikləri səhnə ev otaqlarıdır. Hansı böyük səhnələr üçün darıxmısınız?

- Doğrudur. Sidneyin bütün konsert salonları susur. Amma ən çox Oksford bədii fabriki və “Q”bar klassik səhnələri üçün darıxmışam. Amma sizə bir sirr açım, bu virtual həyat məni heç də yormadı. Əksinə yeni növ ünsiyyət və iş prosesinin ləzzətini daddım. Əvvəllər heç vaxt onlayn şəkildə məşq etmirdik, işləmirdik. Amma alışdıqca görürsən ki, bu üsulun da maraqlı yönləri var.

- Sina, ulu babanız Cavad xan xalqımızın tarixi şəxsiyyətlərindəndir. Elə bu günlərdə Diaspor Tv atanız Kazım bəylə maraqlı müsahibə etdi. Cavad xan haqda məlumatınız var?

- Bir neçə dəfə atam ulu babası haqda danışıb. Amma təəssüf edirəm ki, Cavad xan və Gəncə şəhəri haqda məlumatsızam. İstərdim mənə daha çox məlumat göndərəsiniz.

- Əlbəttə. Söz verirəm.

L’image contient peut-être : 4 personnes

- Sənət eşqi ilə məntiqin təması nə dərəcədə mümkündür?

- Musiqi sənətçinin etirafıdır, libasıdır, nəzər nöqtəsidir, ünsiyyət formasıdır. Odur ki, bəzən adi söhbətdə olduğu kimi qarşınızdakı dinləyicini incitməmək üçün kompromisə getməyi bacarmalısınız, bəzi hallarda şəxsiyyətinizi ikiyə bölüb həmsöhbətinizi də şəffaf anlamalısınız. Amma bütün bunları edərkən tarazlığı da pozmaq olmaz. Yoxsa səmimiyyət itər. Özünüzü, şəxsi həyatınızı, istəklərinizi də unutmayın. Ən sadə uşaqlıq arzuları gerçəkləşməmiş insanın sənətdə hamıdan öndə olması mənasızdır. Yəni yaradıcılıq obrazını tapmaq üçün öz simanızı itirməyin.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm