Xüsusi
Cümhuriyyət nazirinin qohumu: “Heydər Əliyev məni Bakıya dəvət etdi ki...” - - ÖZƏL
Şanlı tariximizin qurucuları, qürur mənbəyimiz Cümhuriyyətimizin baniləri haqda nə qədər yazsaq, araşdırsaq, xatırlasaq yenə azdır.
Bu dəfə isə 23 yaşında Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri vəzifəsinə təyin olunmuş Mustafa Vəkillini yad edəcəyik. Mustafa bəyin soyundan olan, Türkiyənin məşhur cərrahı İbrahim Yıldırımla müsahibəmiz boyu bir çox digər maraqlı faktlara da toxunmuşuq.
Publika.az-ın müsahibi Türkiyənin məşhur cərrahı İbrahim Yıldırımdır.
- İbrahim bəy, bu pandemiya günlərində özünüzü necə hiss edirsiniz?
- Əhvalım yaxşıdır. Dünyada görülən tədbirlər Türkiyədə də yerinə yetirilir. Təbii ki, biz də bu qaydalara əməl edirik.
- Cümhuriyyətimizin ən gənc naziri Mustafa Vəkillinin qohumlarındansınız. Onun haqqında bizə məlumat verməyinizi istəyirəm...
- Bildiyiniz kimi Mustafa bəy Qazax mahalının Salahlı kəndində doğulmuşdu. Kəndin gənc ailə qruplarından biri də Vəkiloğulları idi. Bu nəsildən bir çox nüfuzlu şəxslər yetişib. O zamanlar Osmanlı İmperiyası ilə Azərbaycan arasında sərhəd yox idi. Qazax mahalı da Qərbi Azərbaycan ərazisində yerləşdiyi üçün Osmanlıya rahat gedib-gələrdilər.
XIII əsrdən başlayaraq Osmanlıdan Azərbaycana mühacirət başladığını bilirik. Oradan da Azərbaycana mədrəsə təhsili almağa gələnlər var. Beləliklə hər iki tərəfdən mühacirlər yaşamaq, təhsil almaq məqsədilə qarşı tərəfə köçür. Bu gün Türkiyədə və təəssüf ki, Ermənistan ərazisində qalmış Amasya şəhəri var. Ermənistandakı Amasya balaca bir şəhərdir. Osmanlıdakı Amasya isə çox məşhurdur. Bu şəhərin əhalisinin 35 faizə qədəri Azərbaycan kökənlidir. Burada yaşayan din xadimləri vəfat etdikdən sonra onları Azərbaycandan gələn müridlər əvəzləyib. Mühacirət yolu həm Batumdan Samsuna gəmi ilə yaylı arabalarla Amasyaya, həm də qurudan Qarsa keçib oradan da başqa şəhərlərə köçmək olardı. 1800-cü illərin ortalarından başlayaraq mühacirətin artdığını görürük. Azərbaycanlılar da Oğuz türkləri olduqları üçün dil, din problemi olmadığından burada qalıb işləyib, yayılıblar.
Həcc ziyarətinə gedənlər mütləq İstanbula gəlib, buradan o torpaqlara yollanardılar. Qazax mahalında yaşayan qohumarımız da ruslar xalqımızı incitməyə başlayandan sonra köçüb buralara gəliblər. Mənim babam da çox gözəl cərrah olub. 1898-ci ildə Qaçaq Kərəmi müalicə edib, ruslardan gizlətdiyinə görə 2-3 il sonra haqqında şikayətlər yayılır. Rus hakimiyyəti onu Sibirə sürgün edir. Sürgündə hər kəs şəxsiyyətinə dərin hörmət bəslədiyi üçün qaçıb canını qurtarmağı tapşırırlar. Sibirdən Zəngəzura, oradan isə Qazax mahalına dönür. Daha sonra Batumdan Samsuna və Türkiyə ərazisinə köçür. Daş Salahlı, İncə dərəsi kəndlərində çoxlu qohumlarımız var. Rəvayətə görə atam tərəf Dağ Kəsəməndə at bəsləyirmiş. Oradan Qarabağa köçüblər. Orada neçə il qaldığımız bilinmir. Qarabağdan Zəngəzura köçüb, orada 12 kənd qurublar. 100 il sonra da Qazax mahalının yaylaq yerləri olan Dilican civarındakı Darlıq dərəsinə köçüb, 12-13 kənd qurub yaşamağa başlayırlar. Həyat yoldaşım isə Molla Vəli Vidadi və Molla Pənah Vaqifin nəticəsidir. Qazax mahalının Şıxlı kəndindəndirlər. Onlar Türkiyəyə daha gec köçüblər. 1922-ci ildə Qarsa yerləşiblər. Ümumiyyətlə o bölgələrdə qohum evliliyi çox olub. Bu səbəbdən bir-birimizlə zəncirvari bağlıyıq.
1988-ci ildə 300 min soydaşımız indiki Ermənistan ərazisindən, Göyçə mahalından Azərbaycana köçürüldü. Sizdən bir Allahın qulu çıxıb, ayaq dirəmədi. Bu Türkiyədə edilsəydi, heç kim hər cür əziyyət çəksə də, yerindən oynamazdı. Köçürülənlərin içində bizim qohumlarımız da vardı. Bununla da böyük yanlış addım atıldı. Hesab edirəm ki, torpaqlarımızı ermənilərə çox asanlıqla təslim etdilər.
Yəni demək istədiyim odur ki, həmin dövrdə Türkiyəyə köç edən çoxlu azərbaycanlılar var. Maraqlı bir məlumat da verim, 1850-ci ildən sonra Mirzə Fətəli Axundzadə bir neçə dəfə Osmanlı sultanını ziyarət edib. Əlifbanı dəyişmək lazım olduğunu bildirib, yazdığı layihələri təqdim edib. Onun əməyini təqdir edərək, iki dəfə 3-cü dərəcəli Məcidiyə Ordeninə layiq görüblər.
Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdiyi “Əkinçi” qəzetindən başlayaraq, Azərbaycan türklərində oyanış başlayır. Digər dərgilərdən sonra “Molla Nəsrəddin” jurnalı Tiflisdə nəşr olunmağa başlayır, xalqımızın aydınlanması daha da güclənir. Xüsusən də ali təhsil alan gənc ziyalıların bir qismi sonradan Türkiyəyə köçüblər. Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov Rusiyada, Əhməd bəy Ağaoğlu isə Fransada təhsil aldıqdan sonra bir qrup aydınlar Türkiyəyə gəliblər. Əli bəy Hüseynzadə bizim universitetimizdə professor idi. İki qızı, bir oğlu vardı. Feyzavər xanım bu il 101 yaşında dünyasını dəyişdi. Atasının bütün əlyazmalarını Azərbaycanın İstiqlal Muzeyinə təqdim etməsinə inandırdım. Artıq Əli bəyin bütün əsərləri İstiqlal Muzeyində qorunur. Bilirsiniz, 100 il insan həyatı üçün çox kiçik rəqəmdir. Mən də 90 il sonra Azərbaycana getdim. Bakı və Qazaxdakı qohumlarımı tapdım. Demək istədiyim odur ki, böyüklərimiz bizə Azərbaycanı heç vaxt unutdurmayıblar.
- Evdə hansı dildə danışırdınız?
- Bu sual səhvdir. İnsan evində daim ana dilində danışar, biz belə görmüşük. Evdə Azərbaycan türkcəsində, eşiyə çıxanda o yerin danışığı ilə, məktəbdə isə modern türkcə danışmışıq.
Yəni biz hər zaman türkcə danışmışıq. Buna ləhcə deyib ayrıseçkilik sala bilmərik. Bildiyiniz kimi türkcənin iki ləhcəsi var: Oğuz və Çağatay-Qıpçaq ləhcələri. Türkiyə və Azərbaycan xalqı Oğuz ləhcəsi qrupundadır. Qazaxıstan, Qırğızıstan, Altay, Tuva, Yakut kimi qruplar Çağatay-Qıpçaq qrupundadırlar. Özbəklər və türkmənlər, uyğurlar Oğuz/Çağatay qarışımı qrupuna aiddirlər. Ləhcənin alt qrupu isə şivədir ki, o da Kərkük, Qaşqay, Qaraçay, Qumuk kimi qəbilələr türkcənin bu şivəsini danışırlar. Azərbaycanla Türkiyə arasındakı fərq isə ən alt qrup “Ağız” fərqidir. Təbriz-Bakı, Türkiyədə isə Qaradəniz-İstanbul kimi...
- Bizə Mustafa Vəkilli haqda danışa bilərsiniz?
- Mustafa Vəkilli çox gənc yaşda Moskva Universitetinin hüquq fakültəsini bitirir. Hətta il yarım müddətdə orada qalıb, çalışır. Cümhuriyyət qurulacağından agah olan kimi Bakıya geri dönür. Xatırladım ki, Mustafa dayı (biz onu belə çağırardıq) dövlət qurucuları arasında ən gənci idi və 23 yaşında Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri vəzifəsinə təyin olunur. Cümhuriyyətin süqutundan sonra bir çox mütəfəkkir kimi o da Türkiyədə sığınacaq tapır. Mustafa dayı çox sevilən bir insandır. Biz ondan çox şey soruşardıq. Hətta mən tələbə ikən bir dəfə Ankaradan Amasyaya birgə gedirdik. Həyat yoldaşı Firdevs xanım, qızı Serpil və oğlu Nadir də bizimlə idilər. Mən ona Azərbaycandakı məzhəblər barəsində bir sual verdim. Heç unutmuram, hiddətləndi, Qazax ağzı ilə “Ay oğul, Azərbaycanda belə şey yox idi. Köpəkoğlu urus sərhəd şəhərlərinə bu davanı saldı. Aman ha, siz bu ayrılıqlara etibar etməyin” - dedi.
Mustafa dayım Ankarada İllər Bankasının baş hüquqçusu vəzifəsində çalışırdı. Birləşmiş Millətlərdəki əsir komisyonunda da Türkiyə təmsilçisi idi. Yəqin bilirsiniz, Mirvarid Dilbazi də bizim qohumumuzdur. O da Türkiyədə olub, biz də Bakıya gedib, davamlı görüşərdik. Onun bacısı oğlu Vəfa Quluzadə Azərbaycanın ən dəyərli diplomatik təmsilçisi olaraq üç prezident ilə çalışıb. Ana tərəfdən Misir Mərdanovla da qohumuq. Azərbaycan təhsilinə çox böyük əmək verib.
- Bəs soyadınız niyə Yıldırımdır?
- Ailəmiz Osmanlıya köçəndən sonra atam İstanbula təhsil almağa gedir. Bu dövrdə Türkiyədə soyad qanunu qüvvəyə minir. Qardaşları və qohumları ayrı-ayrı yerlərə səpələndikləri üçün hər birinin soyadı fərqlidir. Ancaq bizim ata tərəfimiz “Sarılar” sülaləsi olduğundan o soyadı ala bilərdik. Atam da tək olduğundan Yıldırım soyadını götürməli olur. Ana tərəfimsə Azərbaycan türkcəsində Aslan Aliler olduğundan danışıq dilində “Asdanallı” kimi səslənir.
- İbrahim bəy, dilinizdən azərbaycanlı ifadəsi eşitmədim. Ancaq Azərbaycan türkcəsi, Azərbaycan türkü deyirsiniz. Mümkünsə, söhbətimizi bu məcrada davam etdirək.
- Gəlin, lap əvvələ qayıdaq. 1937-ci ilədək azərbaycanlıların şəxsiyyətini təsdiq edən sənəddə milliyyət köşəsinə türk yazılırdı. Nənəmin qohumu, böyük şair Səməd Vurğun:
Bakının sayrışan yıldızlarından,
Çadrasız, boyasız Türk qızlarından.
Uçan durnaların xoş avazından.
Bizim aşıqların simli sazından
Şərqin qapısında yanan bir şamdan,
Günəşli gündüzdən, aylı axşamdan,
Azad sənətimdən, azad dilimdən,
Mənə könül verən öz sevgilimdən,
Salam gətirmişəm hüzuruna mən
misralarını Stalinin hüzurunda oxuyandan sonra Azərbaycanda yaşayan insanların qeydiyyatı dəyişildi və “Türk” adı qadağan edildi. Kimi medyalı, kimi alban dedi. Sonda azərbaycanlı deməyə başladılar. Bu yanlış hələ də davam edir. Azərbaycan bir coğrafiyadır. Millət adı ola bilməz. Çünki hakim dairənin niyyəti xalqın kimliyini unutdurmaq idi. Sizin kimlik probleminiz var. Baxın, Türkiyədə yaşayan ləzgilərin sayı Azərbaycandakılardan qat-qat çoxdur.
1860-cı illərdən sonra iki milyondan çox şimali qafqazlı əhali Osmanlıya köçüb. Amma hamısı mən türkəm deyirlər. Çünki burada hamı bir kültürün, Türk kültürünün parçasıdır. Azərbaycanın da, Türkiyənin də dili türk dilidir. Bütöv Türk Cümhuriyyətlərinin dili türkcədir. Dili olmayanın milləti olmaz. Dövləti heç olmaz. Bu gün dünyanın 6 ölkəsinin rəsmi dili ingiliscə, 10-a yaxın ölkəsinin dili isə ispancadır. Bu o demək deyil ki, kimlikləri dəyişib. Bu mövzudan yola çıxsaq, düşünürəm ki, cənubi azərbaycanlılar daha çox milliyyətçidirlər. Bəli Azərbaycan bizim yaşadığımız coğrafiyadır, amma millət olaraq türkük. Təəssüf ki, azərbaycanlı yazarların istifadə etdikləri sözlərin çoxu ərəb və farscadır. Lakin biz Türkiyədə Atatürkün qurduğu “Türk Dil Qurumu” vasitəsi ilə dilimizi əcnəbi kəlimələrdən təmizləməyə çalışırıq. Bu sözlərdən qaçırıq. Özgə dilləri isə əcnəbi dil kimi öyrənirik. Siz hələ rus dilini əcnəbi dil halına gətirə bilməmisiniz. Təəssüf ki, orada əhalinin bəlli bir faizi evlərində rusca danışır.
- İbrahim bəy, bu gün türk dostlarım və tanışlarımın leksikonunda yüzlərlə fransız kəliməsi var. Həmçinin elə onlar bizə qibtə ilə bildirirlər ki, əsl türk dilini qoruyub saxlamışıq.
- Dünyadakı bütün dillər uydurmadır. Bir-birinə nüfuz etməmiş heç bir dil yoxdur. Sizin türkcənizə farsca, ərəbcə və ruscadan çox sayda kəlimə gəlib, həm yazı diliniz, həm də danışıq diliniz qarmaqarışıqdır. Sağ olsun xalq aşıqları. Dilinizi çox yaxşı yaşadırlar. Türkiyədə bizim danışdığımız Azərbaycan türkcəsi çok təmizdir. İki rusca kəlimə yadımda qalır: samovar və stəkan kimi. Özgə rusca kəlimə xatırlamıram.
Türkləri bu gün ayaqda saxlayan bilirsiniz nədir? Ailə üzvlərimizin hər biri 3 dil bilir, amma evimizdə heç vaxt xarici dildə danışmırıq. Mənim oğlum təhsilini İngiltərədə alıb. İndi də Avstraliyada çalışır. Onun da ağlına evdə ingiliscə danışmaq gəlməz. Dil insanın milliyyətidir. XVI əsrdən sonra Osmanlı İmperiyası həm elmdə, həm də mədəniyyətdə çox geri qalırdı.
II Mahmud görür ki, Türkiyədəki yəhudilər, ermənilər, rumlar xarici dilləri yaxşı bilir, bizimkilərdən isə xarici dil bilənlərin sayı azdır. Odur ki, yeni qanun qüvvəyə minir. Tibbi təhsil fransızca tədris olunmağa başlanır. Tələbələrə də deyir ki, “Mən fransızcanı həyatınıza gətirmişəm ki, dili öyrənib, elmi və qərb dəyərlərini ölkəmizə gətirəsiniz. O dillə elmi kitabları tərcümə etməlisiniz. Sonra da öz dilimizə qayıtmalıyıq”. 1867-ci ilədək bu durum davam edir. Fransız dili vasitəsilə Türkiyədə elm, təhsil mükəmməlləşir. Bu tarixdən etibarən bir qrup gənc Avropaya göndərilir. Bir qismi fransızca, digəri latınca öyrənir ki, elmi ədəbiyyatı türkcəyə tərcümə etsinlər. Ondan sonra isə yenidən təhsildə türkcəyə dönürlər. Mustafa Kamalın dövründə də ağlasığmaz inqilablar baş verir. Azərbaycan adına da iftixar edirəm ki, qadına ilk seçki hüququ verən ölkədir. Ümumiyyətlə dünyada qrammatik cəhətdən ən mükəmməl danışılan türk dili Həmədandır. Bunu mən demirəm, araşdırmanın müəllifi almanlardır. Əmin olun, bir gün gələcək, bütün Türk dünyası ortaq türkcəyə meyl edəcək. Daha da güclənəcəyik.
Mən xarici dillər öyrənməyin tam tərəfdarıyam. Lakin düşünürəm ki, həftədə bir neçə dərs saatı ilə kifayətlənmək olmaz. Tarix boyu Türkiyədə qurulan fransız, alman, ingilis məktəbləri önündə hakimiyyət şərt kəsir. Dərslər iki cəbhəyə bölünəcək, tutaq ki, riyaziyyat almanca tədris olunursa, coğrafiya mütləq türk dilində keçirilməlidir. Odur ki, alman liseyini bitirən şagird öz dilini də mükəmməl danışır.
Mən rus dilinə qarşı deyiləm. Məsələn, Rusiyada azərbaycancanı layiqincə təmsil edən Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlərimiz də var. Elə götürək Əli bəy Hüseynzadəni. 2 yaşında anasını, 6 yaşında isə atasını itirmişdi. Babalarının himayəsində böyümüşdü. Tiflis Klassik Gimnaziyasını bitirəndən sonra Sankt- Peterburqda təhsilini davam etdirir. Daha sonra milliyyətçi hərəkatlara qoşulub Türkiyəyə gəlir. Hərbi həkim ixtisasını oxuyur. Lakin Azərbaycanı, dilini, millətini heç vaxt unutmur. İllər sonra geri dönüb, “Səadət” məktəbini qurur. “Füyuzat” jurnalının nəşrinə başlayır. Onlarla belə dəyərli şəxsiyyətin adını çəkə bilərik.
Amma universitet və məktəblərdə öz dil probleminizi çözmədən, rus filialları açmaq heç bir fayda gətirməyəcək. Öncə inkişafınızı tamamlayıb, ruscaya xarici dil kimi yanaşın. Bunu etməsəniz, şəxsiyyətiniz əzilər və uşaqlar özünü müstəqil hiss etməz.
- Amma minlərlə ədəbiyyat nümunəsi, elmi məlumatlar aldığımız rus dilindən qısa müddətdə imtina edə bilmərik.
- Baxın, bir məqama da toxunaq. Rusca original dil deyil. 1812-ci ildən sonra Çar Rusiyasının saray dili fransızca, texnologiya və təhsil dili isə almanca olub. Həmçinin kəndli rusların danışdığı dilə 12 min kəlimə əlavə olunaraq, rus dili yaradılır. Olcas Süleymenovun “Asia” adlı əsərini oxuya bilərsiniz. İndi gəlin, rus dilini inkişaf etdirənlərin milli kimliyinə nəzər salaq. Efiopiyalı həbəş Puşkin, Polşalı Tolstoy, yəhudi Dostoyevski, Belçika almanı Lermontov, türk-tatar əsilli Turgenev... Bu şəxsiyyətlər olmasaydı, rus dili də olmazdı. “Möhtəşəm yüzyıl” serialında təsvir olunan Hürrəm sultan rus deyildi, rus yəhudisi idi. Xəzər və Altın Ordu (Qızıl Orda) imperiyaları əhalisinin böyük bir qismi Musəvi dinini qəbul etmiş türklər idi. Bunlara Eskinaz qrupu da deyilir. Hürrəm də bunlardan biri idi. Amma Rusiya mədəniyyətinin, incəsənətinin zənginliyini də inkar edə bilmərik, haqlısınız. Mənim vaxtım olsa, xarici dil olaraq rusca öyrənməyə başlayaram. Amma yenə deyirəm, bunu ruslaşaraq etmək, milli mənsubiyyəti unutmaq olmaz. Övladlarımıza güclü təhsili və milliyyətçiliyi aşılamalıyıq. Türkiyədə çox gözəl bir ənənə var. Böyük insan Vehbi Koç bir təhsil vəqfi qurub. İnsanlar dünyasını dəyişəndə, ona təmtəraqlı yas mərasimi qurmaq əvəzinə məscidə gedib, təmsili çələngə adlarını yazdırırlar və çiçək yerinə bu təhsil vəqfinə maddi yardım edirlər. Bu maddi gəlir hesabına hazırda Türkiyə Amerikada 2000 tələbə oxudur. Türkiyədə bu tip vəqflərin sayı çoxdur.
- Əminəm ki, gəncliyiniz Vətənimizin böyük oğullarının, mühacir ziyalılarımızın əhatəsində keçib.
- Əlbəttə. Türkiyədə də Azərbaycanda olduğu kimi 2-3 faiz rusdilli azərbaycanlılar yaşayırdılar. Maddi durumları çox yaxşı idi. Digər azərbaycanlı xalqla çox münasibətləri yox idi. Hərdən Azərbaycan gecələrinə gələrdilər, ehtiyacı olanlara yardım edərdilər.
Cümhuriyyət qurucuları isə ömürlərinin bütün dövrlərində qəlbən, ruhən xalqın yanında idilər. Nə Mustafa Vəkilli, nə Nağı Keykurun Şeyxzamanlı, nə Məmməd Sadıq Aran, nə də digərlərinin ciblərində 5 qəpik pulları vardı. Lakin xalqdan qopmamışdılar. Çünki böyük mütəfəkkirlər Cümhuriyyəti quranda da vəziyyət fərqli deyildi. Vətən sevgisi, vətənpərvərlik duyğusu hər şeydən üstün idi. Bildiyiniz kimi Cümhuriyyət qurulanda Osmanlı ordusunun da yardımı az olmamışdı. Odur ki, Cümhuriyyətin süqutundan sonra qurucuların çoxu Türkiyəyə sığınmışdı. Çünki qardaş ölkəyə uyğunlaşmaq daha rahat və etibarlı idi.
1920-ci ildə Mustafa Kamal Atatürk tərəfdaşları ilə birgə Türkiyə Böyük Millət Məclisini qurur. Həm Cümhuriyyətimizin, həm də Osmanlı mütəfəkkirlərin taleyi də, vətən sevgisi də bir-birinə çox bənzəyirdi. Ümumiyyətlə Atatürk çox böyük şəxsiyyət idi. Atatürklə Azərbaycanın Türkiyədəki səlahiyyətli və fövqəladə səfiri İbrahim Əbilov arasında dostluq münasibətləri var idi. Lider Əbilovu özü ilə cəbhə bölgələrinə də aparmışdı. Hətta Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak etmişdi. İbrahim bəy qızının adını Anadolu qoymuşdu. Anadolu xanımın atası haqda maraqlı xatirələri də var.
Mustafa Kamal “Biz var olduğumuz müddətdə Azərbaycan yaşayacaq. Biz Azərbaycandan heç vaxt ayrılmarıq” deyə əbədi vəsiyyət etmişdi. Dərdləri dərdimiz, sevincləri sevincimizdir demişdi. Həmçinin Nəriman Nərimanov da Mustafa Kamaldan dəstəyini əsirgəməmişdi. Ümumiyyətlə Azərbaycanla Türkiyə bir-birindən heç vaxt ayrılmayıb.
- İbrahim bəy, Türkiyənin ən nüfuzlu cərrahları sırasında sizin də adınız var. Dediniz ailəniz Türkiyəyə köçəndən yalnız 90 il sonra Azərbaycana gələ bilmisiniz. Bu haqda danışmağınızı istəyirəm.
- Azərbaycana ilk gəlişim 1990-cı ildə baş tutdu. Türk-Sovet mədəni sazişi çərçivəsində öncə Moskvaya, oradan isə Bakıya getdim. Bir ay ərzində universitetlərdə konfranslar verdim. Türk tibb təhsil sistemini izah etməyə çalışdım. Daha sonra ildə öz cərrahiyyə komandamla birgə gəldik. “Semaşko” adlanan xəstəxanada kimsəsiz insanlara 200-dən çox cərrahiyyə əməliyyatı etdik. 1993-1994-cü illərdə isə Heydər Əliyevin dəvəti ilə yenidən digər qrupumla birgə gəlib 62 yaralı hərbçiyə mikro cərrahi əməliyyat etdik.
Həmçinin Azərbaycan Tibb Universitetinin 400 tələbəsindən 10-nu seçdim. Türkiyəyə gətirib, ali məktəblərə yerləşdirdim. Həmin tələbələr arasında məşhur həkimlər yetişdi. Bundan sonra hər il Azərbaycana gedib, hər iki təhsil sistemini uzlaşdırıb, təcrübələrimi bölüşməyə başladım. Tibb Universitetinin proqramını mükəmməlləşdirməyə çalışdım. Hər il tələbələrdən bir neçəsini seçib, təhsillərini davam etdirmək üçün Türkiyəyə gətirdim. Aylıq təqaüdlərini, universitetdə pulsuz yemək, yataqxana kimi ehtiyaclarının ödənilməsini təşkil etdim.
On il içində 94 tibb, 3 diş həkimliyi, 2 əczaçılıq tələbəsi gətirib oxutdum. Təkbaşıma bir dövlətin edə biləcəyi işi gerçəkləşdirmişəm və bununla da iftixar edirəm. Onlarsa öz növbələrində peşəkar mütəxəssis kimi Vətənlərinə, insanlığa xidmət edirlər. Biz də sevinclə onları izləyirik.
Leyla Sarabi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...