• USD 1,7000 0,00% EUR 1,9850 +0,38%
    • GBP 2,1863 +0,71% RUB 0,0215 -0,93%

Məşhur stilistdən xalq artistlərinə İSMARIŞ: “Az qalırlar acından ölürəm desinlər” - FOTO

  • Xüsusi
  • 16 Sentyabr 2020 10:29
  • 3 366 Baxış
Məşhur stilistdən xalq artistlərinə İSMARIŞ: “Az qalırlar acından ölürəm desinlər” - FOTO

Bu yaxınlarda haqqında Türkiyəyə köçməsi ilə bağlı xəbərlər yayılan stilist Anar Ağakişiyev həm də şəxsi kosmetika brendini buraxmağa hazırlaşır.

Publika.az-a müsahibə verən stilist onu da bildirib ki, Türkiyəyə onu Demet Akalın dəvət edib. Bir çox sənətçilərin ona vermədiyi dəyəri və qayğını türkiyəli ulduzdan gördüyünü deyən Anar Ağakişiyevlə müsahibəni təqdim edirik:

- Pandemiyanın xüsusilə dəb və gözəllik sənayesində böhrana səbəb olması sizi depressiyaya salmadı ki?

- Gözəllik və dəb aləmi bir il geridə qaldı, istər geyim, istərsə də kosmetika markalarının kolleksiyaları böhrana düçar oldu. Xaricdə işlərim dayansa da, depressiyaya düşmədim, hamı kimi normal qarşıladım. Əsas sağlıq olsun, ölüm-itim olmasın. Məsələyə pozitiv istiqamətdən baxmağa çalışdım. Əvvəllər olduqca gərgin qrafikim var idi, karantin sayəsində istirahət edə bildim.

Mənəm-mənəm deyən xalq artistlərimiz də işsiz qaldı. Tanınmışlardan bəzilərinin gülməli müsahibələrini oxuyuram, az qalırlar acından ölürəm desinlər. Bəs pandemiyadan əvvəl toylardan, şənliklərdən qazandıqları yüksək qonorarları nə oldu? Sənətçilərdən ikiqat, bəlkə də üçqat az qazanırdım, bununla belə pandemiya məni ruhdan salmadı, sağ olsun dövlətimiz sahibkarlara güzəştə getdi. Pozitiv düşüncə, xoş niyyət həmişə uğura aparır. Bu yaxınlarda mənə reklam təklifi gəldi, odur ki, gözəl düşünmək çox önəmlidir.

- Dünyadakı bu vəziyyət gözəllik trendlərində nələri dəyişdi?

- Əslində ciddi dəyişiklik olduğunu deyə bilmərəm, müvəqqəti olaraq hər şey dayandı. Dəb dünyasında da kardinal dəyişikliklər gözlənilmir, dizaynerlər yavaş-yavaş irəliləməyə qərar verib.

- Maskalar artıq həyatımızın, eyni zamanda obrazın ayrılmaz hissəsinə çevrilib. Maska taxdığımız üçün artıq makiyaja da ciddi ehtiyac qalmır. Sizcə, maskalar xanımların makiyaja olan tələbatını azaldıb?

- Təbii ki... Toylar, tədbirlər, konsertlər də dayandığı üçün makiyaja olan tələbat hətta sıfıra endi. Bunu dərd etməyə dəyməz, güclü olmaq lazımdır. Hesab edək ki, 2020-də yuxuda idik...

Maska taxmaq müvəqqəti məcburiyyətdir, ömrümüzün sonuna qədər maska taxmayacağıq ki? Ekoloji tərəfdən baxsaq, pandemiyanın üstünlükləri çoxdur. Fabrik və zavodların fəaliyyətini müvəqqəti olaraq dayandırması və ləng istehsala keçməsi havanın da təmizlənməsinə səbəb oldu, təbiət əvvəlki illərlə müqayisədə daha az çirkləndi. Bu da Tanrının bir möcüzəsidir.

- Bəlkə maskada cəlbedici görünməyin sirrini bölüşəsiniz...

- İslam ölkəsiyik, qədimdə xanımlarımızın çarşab bağlamaq adət-ənənəsi olub, sadəcə gözləri görünürdü. Xanımlarımız bu adət-ənənələrə söykənərək gözləri daha çox vurğulamağa çalışsınlar. Və qarşı tərəfə gözləriylə göz-qaş eləsinlər... (Gülürük)

- Gəlinlik makiyajlarında nə kimi dəyişiklikər var?

- Son 3-4 ildir ki, gəlinlərimiz çox zövqlü olub, sadəliyə, trendlərə əməl edirlər. 4 il bundan əvvəl bəzədiyim gəlinlər var ki, hələ də aktualdır, çünki makiyajı sadə, zərif və gözəldir. Qızlarımız icazə verməməlidir ki, makiyaj xüsusilə gəlinin zərifliyinə kölgə salsın.

- Türkiyəli ekspertlər bu yaxınlarda açıqlama vermişdi ki, kosmetika mağazalarında xüsusilə pomadaların testerlərindən istifadə koronavirusa yoluxma riskini artıra bilər.

- Bir pomadanı bir müştəriyə vurduqdan dərhal sonra müəyyən mayeyə daxil olunur və təmizlənir. Üstəlik, pomadaları xanımlara fırça ilə vururam, hər müştəriyə isə ayrı fırçalar istifadə olunur və sterilizatora gedir. 10 il ərzində heç vaxt görməmişəm ki, özünə hörmət edən xanım hər hansı hava limanında və ya mağazalarda işlənmiş pomadanı dodaqlarına vursun, çünki gigiyenik deyil və bu, yeni xəbər deyil...

- Bilirik ki, gözəllik salonu işlətmək asan deyil, maddi sıxıntılarınız oldu?

- Yalan danışmayacam, maddi problemlər əlbəttə ki, oldu. Şükür ki, ac qalmadım. Kənardan həyatım parlaq görünsə də, çoxlarının bilmədiyi məsələlər var. Yox, ağlamaq fikrində deyiləm. Dostlarım bilir ki, öz evimi 2012-ci ildə almışam. Ondan əvvəl illərlə kirayədə yaşamışam. Bunu deməyə ehtiyac görmürdüm, indi açıqlamağımın məqsədi insanlara pərdəarxası məqamları çatdırmaqdır. Sosial şəbəkələrdə “Sizə nə var ki”, “Hər şeyi var” kimi rəylər yazmağa gərək yoxdur. Bu yerə gəlib çıxmaq üçün bütün ömrümü sərf etmişəm.

2012-ci ildə aldığım ev böyük deyildi. Qarderobum zamanla böyüdüyü üçün 2 il əvvəl daha böyük bir ev aldım, kreditimi ötən ilin dekabrında bağladım. Bu il işləyib yeni evimi təmir etdirməyi düşünürdüm, bu mənada sıxıntılarım oldu. Amma dünya dağılmır, küçədə qalmamışam, başıma yağış dammır. Gələn il işləyib təmir etdirərəm. Külli miqdarda borclarım yox idi, ümumiyyətlə borc almaqdan xoşum gəlmir, ayağımı yorğanıma görə uzadıram. Şopinq sevən olsam da, bir müddətlik özümü bu zövqdən məhdudlaşdırmışam, qənaətcil olmağa çalışıram.

- Lüks brendlərə olan marağınız çoxlarına məlumdur.

- Geyimlərimə həddən artıq pul xərcləyirəm, bu da işimlə bağlıdır. Əgər dəb haqqında danışıramsa, mütləq bunu etməliyəm, uzun müddət eyni geyimdə gəzə bilmərəm. Qarderob məsələsində bəlkə də mənəm-mənəm deyən müğənnilər rəqib ola bilməz. 600-dən çox ayaqqabım var.

Həm də kənara pul atıram, məncə, hər bir insan elə yaşamalıdır. Təəssüf ki, gənclərin çoxu əllərində olan bütün pulu xərcləyir, ən bahalı telefonu kreditə alır. “Qara günü” fikirləşmirlər.

- Sənət adamlarının əksəriyyəti bədbinliyə qapılıb. Bəs sizdəki bu pozitivliyin mənbəyi nədir?

- Beynim məndən ayrı yaşamır, qərar verərkən sadəcə emosiyalarıma qapılmıram. Bu pozitivlik həm daxildən gəlir, həm də tərbiyədən asılıdır. Nənə-babamla böyümüşəm, uşaqlıqda dedikləri sözlər indiyə qədər qulağımdadır... Sabahımı düşünərək yaşayıram.

36 yaşım var, bu günə qədər ailə qurub övlad sahibi olmamışamsa, bu o deməkdir ki, övlada böyük məsuliyyət kimi baxıram. Övladı boya-başa çatdırmaq, çox gözəl tərbiyə vermək lazımdır ki, cəmiyyətdə mövqe tutsun, faydalı şəxsiyyət kimi formalaşsın. Övlada ayırmağa vaxtım yoxdur, gecə-gündüz təyyarələrdəyəm. Odur ki, bu məsuliyyətin altına girməyə qorxuram.

- Övladınızın olmasını arzu edirsiniz?

- Əlbəttə ki, hər bir normal insan kimi övlad arzulayıram. Yəqin ki, buna hələ hazır deyiləm. Uşağı hər cəhətdən təmin etməlisən. Həm də karyeramda arzuladığım o pik zirvəyə çatmamışam. Ata olmaq gözəl duyğu olsa da, min dəfə düşünmək lazımdır.

Heç kimi qınamağa ixtiyarım yoxdur, hər kəs öz həyatını yaşayır. Amma çox yoxsul şəraitdə yaşayıb bir neçə uşaq dünyaya gətirən ailələri anlamıram. Əgər ailə büdcəsi yüksək deyilsə, o ailəyə bir övlad yetərlidir. Əgər daha bir uşaq istəyirsinizsə, çalışın, özünüzü inkişaf etdirin ki, ailə büdcəsini artıra biləsiniz. Belə yaşamaq düzgün deyil. Mən bu qazancımla özümə övlad sahibi olmağı icazə vermirəmsə, başqası heç fikirləşməməlidir.

- Sizin üçün düzgün yaşamağın qaydası nədir?

- Birincisi, haramçılıqla işin olmamalıdır, ikincisi, cəmiyyət üçün faydalı olmalısan, fayda verə bilmirsənsə, ən azından neytral olmalısan. Üçüncüsü, qazandığın məbləği mütləq 3 yerə bölməlisən. Bir hissəsini kənara qoymalı, digəri ilə xərclərini qarşılamalı, qalanını isə şənliklərə, əyləncələrə ayırmalısan.

- Toyu təxirə düşən gəlinlərə nə demək istərdiniz?

- Gəlinlərin bəziləri tələsir, amma məsləhət görərdim ki, tələsməsinlər, gizli toy etməyə ehtiyac yoxdur. Bu müddət həm də qarşı tərəfi sınamaq üçün gözəl fürsətdir. Son illərdə aparılan statistikalar göstərir ki, Azərbaycanda boşanmalar artıb. Qızlarımızın gənc ikən boşanmasına təəssüflənirəm. İkinci dəfə ailə qurmağa kompleksləri yaranır, xüsusilə bizim ölkədə.

- Demet Akalının dəvəti ilə Türkiyəyə köçməyə hazırlaşdığınız deyilir.

- Demetə həm abla, həm də kraliça deyirəm, onu həqiqətən çox istəyirəm. Türkiyədə tanınmağımda böyük rolu oldu. O, veriliş aparmağa başlayıb, hər dəfə mən makiyaj edə bilmirdim, yollarda çox yorulurdum. Toylar qadağan edildiyi üçün Türkiyəyə köçməyə qərar verdim. Burdakı işlərimi dayandırmıram, təkliflər olduqca Bakıya gəlib-gedəcəyəm.

- Eyni zamanda şəxsi kosmetika brendini buraxmağa hazırlaşırsınız.

- Yaxınlarda görəcəksiniz, çox danışmağa ehtiyac yoxdur. Ümumiyyətlə şəxsi markanı yaratmaq asan iş deyil, bunun üçün investorlar lazımdır. Açıq deyim ki, öz büdcəmə buraxmıram, bunun üçün şirkətlər, marketoloqlar, mütəxəssislər çalışır. Sadəcə sən nəzarət edirsən ki, keyfiyyətli məhsul olsun.

- Demet Akalın digər türkiyəli sənətçilərlə əməkdaşlığınıza qısqanclıqla yanaşmır?

- Onunla işləmək çox rahatdır, bir çox sənətçilərin mənə vermədiyi dəyəri və qayğını ondan gördüm. 20 il ərzində bir çox məşhurla işlədim, bir çoxunun sağolunu da eşitmədim, Demetdən onun 10 qatını gördüm. Türkiyəyə gedəndə rahatlığımı düşünür, xüsusi sürücü göndərir və s. Çox qayğıkeş və ürəyiaçıq insandır. Başqa sənətçilərlə iş birliyimi qısqanmır, ona qarşı münasibət və rəğbətimi bilir.

Aytən Məftun

Foto: Pərviz Həşimi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR