Xüsusi
Türkiyədə yaşayan məşhur filosof: Ermənilərin siyasi elitası ilan kimi...
Bu xalqın ruhunun qanadları bitəcək! Mənəviyyatı yaralanmış xalq uça bilmir. Amma qələbələrdən yeni bir Azərbaycan doğacaq. Tariximizin ən önəmli günlərini yaşayırıq.
Bu sözləri Publika.az-a müsahibəsində Türkiyədə yaşayan filosof Müşfiq Şükürov deyib. Azərbaycan və türk xaqlarının təməlinin həm genetik, həm ruhani baxımdan döyüş fəlsəfəsi üzərində qurulduğunu deyən filosofla müsahibəni təqdim edirik.
- Müşfiq bəy, Azərbaycan Ordusunun qazandığı qələbələr sizdə hansı duyğuları oyadır?
- Hər bir azərbaycanlı kimi sevinirəm. Bu şərəfsizlər 30 ilə yaxın vüqarımızla oynadılar. Çox şərəfsiz bir düşmənlə üz-üzəyik. Sürüşkən, yalançı, onurğasız. İndi qazanılan qələbələr Azərbaycanın yaralı qəlbinin məlhəmidir. Bu illər ərzində aldığımız bütün yaraların yeganə və təsirli dərmanı döyüş meydanında qazandığımız qələbələrdir. Yaşadıqlarımız məşhur Quran ayəsinin illüstrasiyasıdır: “Qisasda sizin üçün həyat vardır!” Bu günlərdə ruhumuza yeni bir həyat qayıdır.
Görəcəksiniz, bu xalqın ruhunun qanadları bitəcək! Mənəviyyatı yaralanmış xalq uça bilmir. Amma qələbələrdən yeni bir Azərbaycan doğacaq. Dünyanın hər yerində başımız dik gəzəcəyik. Proqnozlaşdırıram ki, elm, fəlsəfə, ədəbiyyat, incəsənət, iqtisadiyyat, idman, eləcə də ölkə həyatının digər sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpacaq. Çünki bu, artıq başqa bir Azərbaycan olacaq. Axan qanını durdurmuş Azərbaycan. Tariximizin ən önəmli günlərini yaşayırıq, hər kəs bunun fərqindədir.
- Mahatma Qandi deyirdi ki, güc fiziki imkanlardan asılı deyil, mənbəyi yenilməz iradədir. Həqiqətən böyük bir xoşbəxtlikdir ki, cəbhədə döyüşlər başlayandan Azərbaycan xalqı birlik, güc və iradə nümayiş etdirir. Ən böyük qüvvə də öz gücünü dərk eləmiş xalqdır. Gəncə, Tərtər, Bərdə və Ağcabədi və digər şəhərlərimizdə mülki əhali atəşə məruz qalsa belə bu heç kəsi ruhdan salmır. Sizcə, xalq bu birliyi və iradəsini nəyə və ya kimə borcludur?
- Bilirsiniz, indi bu xalqı biz də, elə dünya da yenidən kəşf edir. İnsanlarımızın fədakarlığını, dövlətimizin qətiyyətini gördükcə gün ərzində neçə dəfə kövrəlirəm. Bir də türklər tarixən döyüşçü xalq olublar. Hindlilər bizə “kşatri xalq” deyirdilər. Yəni döyüşçü kastasına mənsub xalq. Bu, doğrudan da belədir. Uzun əsrlər filosof, şair az yetişdirməyimizin səbəbi də budur. Bu xaqlın təməli - həm genetik, həm ruhani baxımdan döyüş fəlsəfəsi üzərində qurulub. Bəzi ruslar bizi bazar adamı sayır. Səhv edirlər, tacir xalq deyilik. Bu xalqın təməl kitabları “Kitabi Dədə Qorqud” və “Koroğlu”dur. İkisi də qəhrəmanlıq dastanı! İkisi də dünyaya döyüşçü mənəviyyatından baxışdır. Bu aspektdən yazılıb. Hər bir azərbaycanlının içərisində bu ruh var. Vətən müharibəsi başlayandan bu transformasiyaya sevinib sakitləşə bilmirəm. Şair Rauf Qaraişıq demiş, bütün günü “xımır-xımır sevinirəm”. Sıravi vətəndaşından tutmuş Prezidentinədək bu xalq gözəllik saçır. Çünki öz təməllərinə qayıdıblar. Qəhrəman xalq Vətənin düşmən tapdağı altında qalmasına dözə bizməz. Odur ki, bu müharibə hamını dəyişdirib. Bir səhnə gördüm, əsgər maşını bir anlıq yolda dayandı. Həmin an mülki vətəndaşların bir dəstəsi maşına cumub əlində olan sovqatları maşına atdılar. Vətən və əsgər üçün balaca bir iş görmək insanları xoşbəxt edir. Bu xoşbəxt sifətləri heç zaman unutmaq olmaz.
Odur ki, sualınıza belə cavab verirəm: bu birliyə, bu transformasiyaya görə xalq öz təməlinə, ruhuna borcludur.
- Böyük qələbədən sonra Azərbaycanı necə bir həyat nə gözləyir? Həyatımızda və ya milli şüurumuzda nə kimi dəyişiliklər olacaq?
- Yuxarıda qeyd etdiyim kimi, qanadlarımızın bitəcəyini gözləyirəm. Zümrüd quşu külün, odun-alovun içərisindən yenilənmiş olaraq çıxdığı kimi Azərbaycan xalqı da bu savaşdan yenilənmiş, güclənmiş, daha da gözəlləşmiş olaraq çıxacaq. Bir dostum dedi ki, Azərbaycan xalqının qəlbi şəhid qanı ilə yuyuldu. Bir daha o qəlbi kirləndirməyə haqqımız yoxdur! Rüşvət, korrupsiya, yerliçilik pasına yer olmayacaq qəlbimizdə. Gözəl Azərbaycan naminə cəbhədə canlarını verən oğullarımızın müqəddəs fədakarlığına layiq həyat qurmalıyıq. İnanıram ki, quracağıq.
Xalqın əsgərə hörməti daha da artacaq. Dediyim kimi, döyüşçü ruhu bizim təməl mənəviyyatımızdır. Bu xəttin güclənəcəyini gözləyirəm. Prezientimiz də bildirdi ki, Azərbaycanda Türkiyə ordusunun kiçik bir modelini qurulacaq. Zəfərimiz təkcə bizə işıq saşmayacaq. Bu ağır günlərdə bəlkə bir az daha artıq sentimental və pafoslu danışsam da, inanıram ki, bu qələbə ətraf dost, qardaş xalqların da taleyini işıqlandıracaq. Gözəl günlər görəcəyik...
- Azərbaycan tarixində bir daha qanlı səhifələrin yazılmaması üçün xalq olaraq hansı işləri görməliyik? Öhdəmizə düşən missiya və məsuliyyətlər hansılardır?
- Biz güclü olmalıyıq. Həmişə. Sülh istəyirsənsə, həmişə müharibəyə hazır ol. Bu gün bəzi gənclərimizə təbliğ olunan “no war”çılıq təslimiyyət və şərəfsizlik yoludur. “No war”çıların mənəviyyatdan xəbərləri yoxdur. Necə olursa-olsun sülhdə həyat yoxdur. Vətəni yaralanmış insanın ruhu sağlam ola bilməz. Ya da o adamın xalqla, Vətənlə heç bir bağı yoxdur. Abbas Səhhət yüz dəfə haqlıdır. Vətəni sevməyən - insan olmaz! Əgər o qəlbin düşmənə nifrət etməyə gücü yoxdursa, onun sevgisi də süni və saxtadır. Başına dəysin onun süni insan sevgisi!
Sülh insana yaşamaq, yaratmaq üçün lazımdır, sadəcə sağ qalmaq üçün deyil, sürünmək üçün deyil. Babalarımız rədd ediblər şərəfsiz həyatı. Biz də onların davamçılarıyıq.
Bu gün Azərbaycan ordusu düşməndən dəfələrlə üstündür. Ordumuzu nə qədər öysək azdır. Türk silahı bir zamanlar olduğu kimi, indi də dövrünün ən güclü silahıdır. Bu mövqeyi hər zaman bu yüksəklikdə saxlamaq üçün elmi, özəlliklə də, hərb elmini, sənayesini daim inkişaf etdirməliyik. Kiçik ölkə olsa da, İsrail nümunəsi bizə örnək olmalıdır. Erməni sakitləşməyəcək. Onların siyasi elitası ilan kimi revanş gözləyəcəklər. Xalqlarını xəstələndirən də bu elitadır. Bədbəxt xalqdırlar. Yanlış ideyalara könül veriblər. O qədər güclü olmalıyıq ki, heç kim torpaqlarımıza gözünün ucu ilə belə baxmağa cəsarət etməsin.
- Sizcə, Ermənistan təslim olarsa və Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edərsə, sülhə və mərhəmətə layiqdirmi?
- Məni bağışlayın, diplomat və ya siyasətçi də deyiləm. Səmimi deyəcəm, layiq deyillər. Amma biz sülh şəraitində yaşayacağıq. Yollar açılacaq, əməkdaşlıq edəcəyik. Qalıcı sülh baxımından da bu zəruridir. Araya beton çəpər çəkmək təklifi də uşaq ideyasıdır. Vəziyyəti nəzarət altında saxlamaq üçün onlarla əməkdaşlıq etmək lazım gələcək. Bu axmaqlar gürcülər istisna olmaqla, tam türk əhatəsində yaşayaraq türk düşmənçiliyi kultivasiya edirlər. Bunun sonu yoxdur. Əminəm ki, bunu anlayan erməni siyasətçilər də var. Onlarla işləməli olcağıq. Gərginliyi aşağı salacağıq. Amma diplomatlarımız həmişə ayıq-sayıq olacaqlar. Bir də əsgərlərimiz. Fikrimcə, insanlar birlikdə yaşayacaq. İndi bəlkə bu barədə danışmaq çoxunun ürəyincə olmayacaq, cəbhədə oğullarımızn qanı axır, amma bu olacaq. Prezidentimiz də öz çıxışlarında bunu dəfələrlə vurğuladı.
- Yeri gəlmişkən, ölkə başçısının çıxışlarını izləyirsizmi?
- Bəli, izləyirəm. Birinci azərbaycanlının, Ali Baş Komandanın fərqli dillərdə, çox taraz və cəsarətli çıxışları xalqın ayrıca qürur mənbəyidir. Bu müharibədə biz onun əsgəriyik. Ona inamımız da güclüdür. Bu, unikal bir birlikdəlikdir. Ordunun qələbələrinin təməli də onun iradəsi və hazırlığına əsaslanır. Bilirsiniz, mən heç zaman dövlət başçısı haqqında tərifli söz deməyin tərəfdarı olmamışam. Bunu etik olaraq yanlış saymışam. Amma indi ayrı zamandır. Müharibədir. İndi olar. Ona çox minnətdarıq ki, illər ərzində bu cür intizamlı və təchizatlı ordu qurub. Bu illər ərzində mürəkkəb siyasi məngənələrin arasından ustalıqla keçərək xalqımızı Qarabağın işğaldan azad olunmasına doğru aparıb. Bu xoşbəxt günlərə gətirib bizi. Hər liderin ömrünə düşmür bu. Fəxr edirik onunla.
- Bildiyim qədəri ilə Türkiyədə yaşayırsınız. Türkiyəli ziyalıların, o cümlədən adi vətəndaşların Azərbaycanda baş verən hadisələri münasibət və reaksiyası necədir?
- Türkiyə ilə Azərbaycan münasibətləri 90-lardakından çox irəliləyib. Qardaşlığımız dərinləşib. Türkiyəlilər bizi özlərindən ayırmırlar. İstanbul bu günlərdə iki dövlətin bayraqları ilə bəzənib. Gəncəyə raketlər atılanda burada xalq səhərə kimi yatmır. Bu birlikdəliyi duymaq, yaşamaq da bir ayrı mutluluqdur. Taksi şoferləri azərbaycanlı olduğumuzu duyanda pul almırlar, kafelərdə də eynisi. Çox duyğusal anlar yaşadırlar adama. İndi “bir millət, iki dövlət” formulu ağıllarda və ürəklərdə tam kök atıb. Bu sevgindən böyük bir güc cücərəcək. Bunu dünyada da hiss edirlər. Paxıllanırlar. Siyasi, mənəvi, iqtisadi güc...
- Müşfiq bəy, maraqlı, həyəcanlı və isti söhbətiniz üçün minnətdaram. İnanıram ki, sizinlə növbəti söhbətimiz Azərbaycanımızın daha günəşli günlərini haqqında olacaq.
- Təşəkkür edirəm.
Aytən Məftun
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI