Professor Xudafərin körpülərinin hərbi-strateji önəmini AÇIQLADI: "Gələn hərbi qüvvələri..."
Bizi izləyin

Xüsusi

Professor Xudafərin körpülərinin hərbi-strateji önəmini AÇIQLADI: "Gələn hərbi qüvvələri..."

"Xudafərin köprüləri tarixin sonrakı mərhələlərində də böyük rol oynayıb. Hərbi və ticarət nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malik olub".

Bu sözləri Publika.az-a müsahibəsində professor Kərim Şükürov deyib.

- Kərim bəy, öncə Xudafərin körpüsünün yaradılma tarixinə nəzər salaq.

- Azərbaycanda IX əsrin ortalarında, ərəb xilafəti dağıldıqdan sonra müstəqil Azərbaycan dövlətləri meydana gəldi. Bunlar dünya tarixində ərəb xilafətinin dağılmasından sonra meydana gələn ilk müsəlman dövlətləri olub. Ölkəmizin ərazisində 861-1538-ci illərdə Şirvanşahlar dövləti yaradılır, Azərbaycanın cənubunda isə 879 və 941-ci illərdə Sacilər dövləti meydana gəlir. Siyasi cəhətdən ilk dəfə Azərbaycan torpaqlarını ilk dəfə Sacilər dövləti birləşdirib. Sacilər dövlətinin dağılması ilə yerində - 941 və 980-cı illərdə Salarilər meydana gəlir. X əsrin 80-ci illərində isə Salarilər dağılması nəticəsində mərkəzi Gəncə olmaqla Şəddadilər dövləti, Azərbaycanın cənubunda isə mərkəzi Təbriz olmaqla Rəvvadilər dövləti yaradılır.

Xüsusilə 15 aşırımlı Xudafərin körpüsünün tikilməsi Şəddadilər dövləti və onun ən görkəmli hökmdarlarından biri olan Fəzl İbn Məhəmmədin adı ilə bağlıdır. O, 978-ci ildən 1030-cu ilə qədər hökmranlıq edib. Tarixi ədəbiyyatda 15 aşırımlı körpünün tikilmə tarixi 1027-ci il göstərilib. Amma qeyd etməliyəm ki, bu körpülərin tarixi bəzən çox qədim dövrə söykənir. Hətta VII əsrdə tikilməsi barəsində də müxtəlif fikirlər var. 11 aşırımlı törkü isə XII əsrdə Elxanilər dövründə tikilib. XII əsrdə tikilən körpü birinci körpüyə nisbətən bir az enli inşa edilir ki, daha çox insanın keçə bilsin.

Birinci körpü həm ticarət, həm də hərbi-strateji məqsəd daşıyıb. Eyni zamanda Şəddadilər dövlətinin Azərbaycanın cənub hissəsindəki torpaqlarda möhkəmlənmək siyasəti ilə bağlı olub. Odur ki, Xudafərin körpüləri tarixdə Azərbaycan birliyinin rəmzi hesab olunur.

Bu yerdə Qarabağın o dövrdəki tarixi əhəmiyyətini qeyd etmək yerinə düşər. Elxanilər dövründə Qarabağ yaylaq kimi Monqol imperiyası hökmdarlarının daim diqqət mərkəzində idi. Odur ki, xeyli ordu hissələri buraya gəlirdi. Təsadüfi deyil ki, tarixçilərmizin sözlərinə görə, Qarabağda iki Elxani hökmdarı tac qoyub.

Xudafərin köprüləri tarixin sonrakı mərhələrində də böyük rol oynayıb. Hərbi, ticarət nöqteyi nəzərdən mühüm əhəmiyyətə malik olub. Ağa Məhəmməd Şah Qacarın hakimiyyət illərində, 1804, 1813 və 1826-cı illərdə rus-iran müharibələri dövründə də Xudafərin körpüləri işlək vəziyyətdə olub və onlardan hərbi-strateji məqsədlər üçün istifadə edilib.

Bu körpülərim bizim üçün digər əhəmiyyəti ondan ibarətdir ki, İpək yolunun üzərində yerləşirdi. Bu da ticarət əlaqələrinin inkişafında çox böyük rol oynayırdı.Orda hətta Xudafərin gömrük məntəqsi də fəaliyyət göstərib, eyni zamanda sərhəd zastavası yerləşdirilib.

Xudafərin körpüsünün bir tərəfi Cəbrayıl rayonu ərazisidir, Cənubi Azərbaycana aid olan ərazi isə Xudafərin yaşayış məskənidir. Hər iki yaşayış məskəni Azərbaycan tarixində çox böyük rol oynayıb. Cəbrayıl Xudafərin körpüsü üzərindən düşmənçilik məqsədi ilə gələn hərbi qüvvələri ilk qarşılayan ərazi idi. Bu baxımdan Cəbrayıl tariximizdə önəmli yer tutur.

Çar hökuməti dövründə əvvəlcə Yelizavetpol - Gəncə quberniyası, 1878-ci ildə isə onun tərkibində Cəbrayıl qəzası yaradılmışdı. Lakin çar hökuməti Gəncənin adını dəyişdirib Yelizavetpol qoyduğu kimi, sonradan Cəbrayıl qəzasının da adını dəyişdirir. Cəbrayıl qəzasına vaxtı ilə rus müharibələrində işğal prosesinə rəhbərlik etmiş general Karyakin adı verilmişdi. Azərbaycan Xalq Cumhuriyyəti qurulanda bu tarixi adları yenidən özünə qaytarmışdı. Yeri gəlmişkən, Azərbaycan prezidenti xalqa müraciətlərində də azad olunan ərazilərdən danışarkən tarixi adların geri qaytarılmasına da böyük əhəmiyyət verir.

Sonrakı illərdə dövrədə, xüsusilə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın alınmasında Cəbrayıl qəzası çox böyük əzmkarlıq nümayiş etdirmişdi.

- 4 il əvvəl – 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açdı. O zaman bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Bu barədə fikirləriniz bilmək istərdik.

- Xüsusilə hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi Azərbaycanın ictimai fikrində müəyyən müzakirələrə yol açdı. O zaman ictimai fikrə belə bir mövqe hakim idi ki, guya bu hidroqovşaqların və elektrik stansiyaların tikilməsi Azərbaycan dövlətinin və xalqının niyyətini, məqsədini və perspektivlərini düzgün əsk etdirmir. Əslində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin tarixi əvvələ gedib çıxır, hətta bu proses sovet hökümətinin 60-cı illərində başlamışdı. İranla Azərbaycan Respublikası arasında danışıqlar prosesində bu məsələ yenidən ortaya çıxdı. Bu baxımdan Cəbrayıl bölgəsinin azad edilməsi Azərbaycanın bu sahədəki siyasi xəttinin uzaqgörənliyini ifadə edir. O ərazi əvvəllər işğal altında olduğu üçün tikinti prosesi müəyyən fasilələrlə İran tərəfindən davam etdirilirdi. Həmin müqavilənin Milli Məclisdə ratifikasiya edilməsi ilə çox ciddi və strateji bir layihənin də reallaşmasını qeyd edə bilərik. Su qovşaqları və elektrik stansiyalarından əldə edilən enerji bu gün Azərbaycanın işğaldan azad edilən bölgələrinin həm su, həm də enerji ilə təchizatında çox böyük rol oynayacaq.

Sentyabrın 27-dən hərbi əməliyyatların başlaması ilə müxtəlif istiqamətlərdə döyüşlər gedir. Cənub istiqamətində bu, daha intensiv şəkildə həyata keçirilir. Xudafərində Azərbaycan Respublikasının dövlət bayrağının sancılması ordumuzun Zəngilan istiqamətində də döyüş əməliyyatlarının uğurla həyata keçirilməsinə imkan verdiyini deməyə əsas verir.

Xudafərin körpüsü sadəcə siyasi-iqtisadi və hərbi nöqteyi nəzərdən deyil, həm də simvolik məna daşıyır. Bu körpü Azərbaycan tarixi üçün özünəməxsus olan simvollardan biri hesab olunur. Bu gün 15 aşırımlı körpü həm də Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən nadir tarixi memarlıq abidəsidir. Əminliklə deyə bilərəm ki, sərhədlərimizin azad edilməsi İran Azərbaycan münasibətlərinə də çox ciddi təkan verəcək. Həmin ərazilərdə Azərbaycanın suveren hüquqlarını bərpa etməsi Azərbaycan və İran arasında ikitərəfli münasibətlərə də çox ciddi təsir edəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm