Şuşa haqqında ŞOK FAKTLAR AÇILDI: 58 nəfərin taleyi...
Bizi izləyin

Xüsusi

Şuşa haqqında ŞOK FAKTLAR AÇILDI: 58 nəfərin taleyi...

İtaliya mediasında qərəzsiz mövqeyi ilə seçilən politoloq, jurnalist Karlo Marinonun Şuşanın işğaldan azad edildiyi gün dəyərli məqaləsi yayımlanıb.

Ümumiyyətlə, cənab Marino məqalədə Azərbaycan, Qarabağ barədə bütün tarixi mənbələri İtaliya oxucusuna vicdanla çatdırıb.

Publika.az-ın həmsöhbəti Karlo Marinodur.

- Cənab Marino, sizi oxucularımızla yaxından tanış edək...

- İxtisasca politoloq və linqvistəm. İtaliya və Avropanın nüfuzlu universitetlərində ali təhsilimi davam etdirmişəm. Uzun müddət ərzində Şərq, Avropa, eləcə də Rusiya tarixini öyrənmişəm. BMT-nin məsləhətçisi, Avropa Parlamentinin tərcüməçisi kimi çalışmışam. Hazırda Almaniyanın bir sıra media qurumları üçün məqalələr yazıram. Həmçinin İtaliya onlayn mətbuatında bir neçə saytın direktoruyam.

- İtaliya mediasında Azərbaycanın tarixi ərazisi olan Qarabağ, Şuşa həqiqətlərini qələmə aldığınız üçün minnətdaram. Rica edirəm, yazının əsas məqamlarını bizimlə də bölüşəsiniz...

- Məqalə yalnız Şuşa deyil, bütövlükdə Qarabağ ərazisinin Azərbaycan torpağı olduğunu sübut edən faktlara əsaslanır. Burada 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərindən söz açılır. Hətta 19-cu əsrin əvvəllərinə aid olan rus mənbələrində Şuşanın yerli əhalisinin yalnız azərbaycanlılardan ibarət olduğu da bildirilir. Kədərli faktların biri də odur ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri Şuşanı işğal edəndə yüzlərlə sakini qətlə yetirməklə yanaşı, tarixi abidələri məhv etmişdilər. Hətta 58 nəfərin taleyi bugünədək bəlli deyil. Odur ki, Şuşanın işğaldan azad olunması Azərbaycan üçün ən çox da mənəvi əhəmiyyət kəsb edir.

- Ümid edirəm, işğal müddətində Şuşa və digər rayonlarımızın təbiətinin, məscidlərinin, muzeylərinin, məzarlıqlarının vəhşicəsinə dağıdıldığından da xəbərdarsınız. Bəs həmvətənlərimizin Qarabağ münaqişəsi barədə mövqeyindən danışa bilərsinizmi?

- Açığı, italiyalılar Azərbaycan və Qarabağı uzaq torpaqlar hesab edirlər. Lakin İtaliya Respublikası üçün Azərbaycan olduqca əlverişli tərəfdaşdır. Bunun da ilkin səbəbi neft və qazdır. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın ölkənizə səfəri, 2020-ci ildə cənab İlham Əliyevin İtaliyaya gəlişi iki ölkə arasında əlaqələri daha da möhkəmlətdi. Rəhbərlik etdiyim media qurumları mütəmadi olaraq Azərbaycan-İtaliya münasibətlərini, ölkəniz haqda yenilikləri işıqlandırır. Azərbaycanın ən çox sevdiyim özəlliyi isə rəngarəng mədəniyyəti, tolerantlığıdır. Avropa və Asiya arasında çox gözəl vəhdət qurmusunuz. Təəssüf ki, tarixi təhriflər bir çox ölkənin taleyinə təsir etdiyi kimi sizdən də yan keçmədi. Bu 30 il ərzində Dağlıq Qarabağda baş verənlər niyəsə mənə İtaliyanın tarixindən bir parçanı xatırlatdı. 1866-cı ildən sonra İtaliyanın şimal-şərqindəki ərazi Avstriya Macar İmperiyasının əsarətinə keçir. Yalnız 1918-ci ildə Birinci Dünya müharibəsində iştirakdan sonra İtaliya öz tarixi torpaqlarını geri qaytarmaq iddiası ilə çıxış edə bilir. Bu gün həmin ərazi, yəni Cənubi Tirol əhalisi alman və sloven dillərində danışır. Buna baxmayaraq, İtaliya öz konstitusiyasına əsasən bütün vətəndaşlarının hüququnu eyni dərəcədə qoruyur. Azərbaycan da BMT-nin 4 qətnaməsində sübuta yetirildiyi kimi öz tarixi torpaqlarını geri qaytardı. Münaqişə bitən kimi beynəlxalq təşkilatlar bu ərazidən oğurlanan bütün sərvətlərin, həmçinin işğalçılar tərəfindən iflic edilmiş ekologiyanın bərpası üçün tam dəstək göstərməlidirlər.

- Bəli, qürurla etiraf edirik ki, 30 ildən sonra tarixi ədalət bərpa edildi...

- Bu, sevindirici haldır. Azərbaycan Ordusu qədim Roma döyüşçüləri kimi şücaətini, gücünü dünyaya göstərdi. Həmçinin müharibəni sülhlə sona çatdıraraq qələbəsini qeyd edib ali qanuna arxalandı. Xalqınızı təbrik edirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm