Xüsusi
Şuşadan danışan məşhurlardan MÖHTƏŞƏM TƏŞƏBBÜS: Bu, dünya tarixində yeganə hal ola bilər
Bu gün təkcə şuşalılar deyil, bütün Azərbaycan Şuşanı görmək, havasını udmaq, əzəmətli dağlarına tamaşa etmək arzusundadır... O günün çatacağı günlər nəfəs qədər yaxındır. Yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.
Tanınmış sənət adamları, ziyalılar və ictimai xadimlər Publika.az-a verdikləri müsahibədə bildiriblər ki, xüsusilə Şuşa yaşayıb-yaratmaq üçün çox gözəl şəhərdir.
Anasının əslən Şuşadan olduğunu deyən Xalq artisti Flora Kərimova qeyd edib ki, sonuncu dəfə oraya babasının dəfn mərasimi üçün gedib:
“Şuşaya istirahət üçün anamla birlikdə 18 yaşımda getmişdim. Amma sonuncu dəfə Şuşaya babamın dəfn mərasiminə onunla vidalaşmaq üçün yola düşmüşdüm. Babamın tabutunu əmim uşaqları daşısa da, anam da simvolik olaraq tabutun altına çiynini qoymuşdu. Şuşa ilə son təəssüratım belə itki ilə bağlandı. İndi şəhid oğullarının tabutunu çiynində daşıyan analarımızı görəndə o səhnə yadıma düşür.
Şuşa ana yurdumdur, orada evimiz də var. Əgər dağılmayıbsa, gedib əlbəttə ki, orada yaşamaq istərdim, torpağına baş əyərdim. Bilirsiniz ki, Şuşada doğulanların beşiyində muğam lay-layı var. Konservatoriya ilə Milli Musiqi Akademiyasının filiallarının Şuşada açılması gözləniləndir. Hansı azərbaycanlı çoxdandır həsrətində olduğu torpağa ayaq basmaq və orada yaşamaq istəməz ki... 28 il Şuşanın həsrətində idik, ancaq 28 ildə 28 saniyə də ordan ayrılmamışdıq. Bizə onu ağlı, siyasi savadı, polad ürəyi, dəmir yumruğu və sevən ürəyi ilə millətin əsl Azərbaycan oğlu qaytardı. Hesab edirəm ki, xalq imza toplayıb Prezident İlham Əliyevə Milli Qəhrəman adı verməlidir. Bu, bəlkə də dünya tarixində yeganə hal olardı. Bəli, o, Ali Baş Komandandır, ancaq xalqın istəyi, sevgisi ondan da qiymətlidir. Odur ki, xalq özü “Səndən sənə xahiş var” təşəbbüsüylə çıxış etməli və lazımdırsa, bunun üçün imzalar toplamalıdır.
Bu sevinci yaşamaqdan çox qorxurdum, kritik yaş dövründəyəm. Hər dəfə əllərimi Allaha açıb dua edirdim. Şuşamızı qaytardıq, indi də dua edirəm ki, torpağını öpüb havasını udmağı nəsib etsin. Ondan sonra qurban olduğum aparsa da, aparsın”.
Professor, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi isə bildirib ki, ona sonuncu dəfə 2009-cu ildə sülh danışıqları qrupu ilə birlikdə Şuşaya getmək qismət olub:
“Şuşada böyük musiqi tədbirlərinin keçirilməsi planlaşdırılır, artıq bu istiqamətdə müəyyən işlər hazırlanır. Əlbəttə ki, Milli Konservatoriyanın filialının Şuşada açılması gözəl arzudur, bunu dövlət özü həll edəcək. Əminəm ki, Şuşada çox gözəl musiqi layihələri həyata keçiriləcək. Şuşada yaşamağı çox istəyirdim. Ümumiyyətlə, bütün ziyalı və yaradıcı insanlar hamısı köçüb Şuşada yaşayıb yaratsa, çox gözəl olar. Şuşa şəhərinin Azərbaycanın yaradıcılıq mərkəzinə çevriləcəyi günlər uzaq deyil. Bu şəhər Azərbaycanın dilbər yerlərindən biri olmaqla yanaşı, həm də ədəbiyyatımıza, incənəsətimizə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyov kimi neçə-neçə dahilər yetişdirib. Bu insanlar Azərbaycan mədəniyyətini zirvələrə qaldırıb. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir”.
Xalq artisti Tünzalə Ağayeva Şuşada müəllim işləmək istəyini dilə gətirib:
“Şuşa mədəniyyətimizin beşiyi, Üzeyir Hacıbəyovun ilhamlandığı, eyni zamanda musiqi DNT-mizin başlanğıc yeridir. Sovet dönəmində Rusiya teleproqramlarından Qarabağla bağlı silsilə verilişlərə baxır və heyran olurdum ki, orada hər bir uşaq muğam oxuya bilir. Qarabağlı insanı musiqidən kənar deyil, muğam onun qanında axır. Odur ki, Qarabağ torpağı, özəlliklə Şuşa, musiqi beşiyi kimi Azərbaycanımızın nur parçasıdır. Rəsul Rzanın məşhur Şuşa haqqında şeirində də Şuşa Azərbaycan torpağının nur parçası kimi vəsf olunur. Yeri gəlmişkən, bu şeirlə yenidən Şuşa mövzusuna müraciət etmişəm. Bu gün onun üzərində çalışıram, amma bu dəfə mahnını başqa bir qələbə hissiyyatıyla yazıram. Dramatik mahnı olsa da, burada başqa bir lirika vəsf olunub, əhval-ruhiyyəsi başqadır.
20 il əvvəl, Tovuzda yaşayarkən Şuşa haqqında ballada yazmışdım. Bakıya gələndən sonra bu ballada ilk albomuma daxil edilmişdi. Bu mahnı xüsusilə şuşalılar tərəfindən çox sevilmişdi. Şuşanı görməyə-görməyə o ağrı-acını, o həsrəti və eşqi musiqi dili ilə ifadə etməyə çalışmışdım. “Şuşa” mahnımın bu günə kimi klipi olmayıb. Amma insanlar müxtəlif kadrlardan video-çarxlar düzəldirdilər. Bir neçə gün əvvəl sosial şəbəkələrdə əsgərlərimizin maşında bu mahnının sədaları altında Şuşa küçələrini gəzdiyini gördüm. Bu, məni çox duyğulandırdı, öz-özümə dedim ki, sən bir Allahın qismətinə bax, 20 ildir bu görüntünü gözləyirəmmiş... Bu gün əsgər özü bizə sanki klip çəkib göndərdi. O mahnını yazanda arzu edirdim ki, kaş şəhəri görərdim. Müzəffər ordumuzun məğrur əsgəri artıq azad olunmuş Şuşada mahnımı səsləndirir. Bu, çox həssas məsələdir.
Sözsüz ki, o torpaqlara getmək və yaşamaq istəyərəm. İnşallah, bu arzum da yerinə yetər. Ən böyük arzumuz mükəmməl rəhbərimizin və müzəffər ordumuzun sayəsində artıq reallaşdı, tarixi ədalətimizi bərpa etdi. Bundan sonra Şuşada yaşamaq insana elə rahat gəlir ki, bu barədə təbəssüm olmadan danışa bilmirsən. Tovuzlu olmağıma baxmayaraq, özümü elindən-obasına qayıtmaq istəyən vətəndaşlardan ayırmıram. Bilirsiniz ki, Tovuz sərhədyanı bölgə olduğu üçün həmişə mərmilər altında olub. Ümumiyyətlə, Azərbaycanın elə bir şəhəri olmadı ki, bu dövrdə müharibədən təsirlənməsin. Amma məğrur və mərd xalqımız inamla irəli getdi. İnşallah, Şuşada konservatoriyanın açılacağı günü də görəcəyik, lazım gəlsə müəllimlik də edəcəyəm”.
Xalq artisti Eldar Mansurov qeyd edib ki, Şuşa Azərbaycanın ən cənnət guşələrindən biridir:
“O torpaqlarda olmamışam, odur ki, böyük məmnuniyyətlə oraları gedib gəzərdim. Milli Konservatoriyanın filialının Şuşada açılması yox, birbaşa oraya köçürülməsi daha məqsədəuyğundur”.
Xalq artisti Faiq Ağayevin ən böyük arzusu isə anası və komandası ilə birlikdə Şuşaya getməkdir:
“Şuşa alınanda anama zəng edib dedim ki, şuşalı qızı səni təbrik edirəm. Ağladı... Əsgərlərimiz üçün orda konsert vermək istərdim. Qoy Allah-Təala bu fəxarəti, xoşbəxtliyi, sevinci və səadəti mənim qismətimə yazsın. Bunu özəl arzum kimi söyləyirəm”.
Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Şeyx Əbdül qeyd edib ki, Şuşa şəhəri ilə ilk tanışlıq cavanlıq illərinə təsadüf edir:
“Şuşa ilə bağlı çox gözəl xatirələrim var. Çox təəssüflər olsun ki, 30 il ərzində bu xatirələr xatirə olaraq qalmışdı. Amma 44 günlük müharibə müəyyən etdi ki, bizim artıq xatirədən reallığa keçmək vaxtımızdır. Cənab Prezident bunu öz şəxsində əyani surətdə ortaya qoydu. Bəlli oldu ki, bu millət bu rüsvayçı işğalçılığa, təslimçiliyə daxilən heç vaxt razılaşmayıb, sadəcə yaxşı rəhbər və sərkərdə lazım idi. Ölkənin ağıllı və intellektli sərkərdəsi əlində qılınc-qalxanı, arxasında xalqı və cəsarətli ordusu ilə gəldi və bütün dünyaya haqq-ədalətin nə olduğunu, bu torpağın, bu vətənin əsl sakininin, yadelli işğalçı faşistin kim olduğunu göstərdi.
77 yaşım var, Şuşanı ziyarət edəcəyim günü çox böyük həyəcanla gözləyirəm. Şuşada kinostudiya olsaydı, məmnuniyyətlə orada yaşayıb yaradardım. Söhbət Qarabağdan, cənnətdən gedir.... Hesab edirəm ki, o regionun inkişafı və həyatın bərpası üçün kənd təsərrüfatı və bir neçə nazirliyi işğaldan azad edilmiş rayonlarımıza köçürməliyik. Eyni zamanda çox sayda bənna, tikinti, texnika, kənd təsərrüfatı üzrə sənət məktəbləri açmaq lazımdır, çünki xalqın sənətə və sənətkarlara da ehtiyacı var”.
Şəmistan Əlizamanlı da Şuşaya yola düşəcəyi günü səbirsizliklə gözlədiyini vurğulayıb:
“Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir, tarixi şəxsiyyətlər yetişdirib, həm də səfalı yerdədir. Bir sözlə, Şuşa mənəviyyatımızdır, Qarabağın gözüdür. Şuşada heç vaxt olmamışam, amma böyük məmnuniyyətlə orada yaşayardım. 30 ilə yaxın işğal altında idi, düşünürəm ki, bu illər ərzində hər kəs Şuşa həsrəti ilə yaşayırdı. Nəhayət ki, bu nisgil sona çatdı”.
Aytən Məftun
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar