Xüsusi
Azərbaycanda inanılmaz dəyişiklik BAŞ VERDİ: Artıq insanlar... - MÜSAHİBƏ
Psixoloq, hərbi ekspert Azad İsazadə hesab edir ki, 2-ci Qarabağ müharibəsi Azərbaycan xalqının bir çox mənəvi keyfiyyətlərini ön plana çıxardı.
Ekspertin Publika.az-a müsahibəsini təqdim edirik.
- Azad bəy, müharibə xalqın hansı mənəvi keyfiyyətlərini ön plana çıxardı?
- İlk növbədə özümüzə sübut etdik ki, döyüşkən və qələbə qazana bilən bir xalqıq. Bu, müasir və müstəqil Azərbaycan dövlətinin tarixində ilk böyük qələbədir. Sözsüz ki, bundan əvvəl qələbələr olub. 20-ci illərdə Azərbaycan ordusu Qarabağda qələbə çalmışdı, 92-ci ildə də biz irəliləyirdik. Amma belə bir mühüm qələbəni ilk dəfədir ki, dadırıq. Odur ki, onun dadı da, sevinci də bambaşqadır. Bu 30 il ərzində dilə gətirməsək də, elə fikirləşirdik ki, biz müharibə apara və qələbə qazana bilmirik... Bu baxımdan 2-ci Qarabağ müharibəsi milli özünəgüvən duyğularını formalaşdırdı, natamamlıq kompleksini öldürdü. Müharibədə sadəcə erməniləri deyil, daxili natamamlıq komplekslərini də məhv edə bildik. Bu mənada həm də böyük psixoloji qələbə əldə etdik.
- Qələbənin əldə olunmasında psixoloji amillərin rolu hansı səviyyədədir?
- Sözsüz ki, vacibdir. Müharibə yeni başladığı ərəfədə hələ qələbə xəbəri yox idi, amma əhali arasında illərlə rast gəldiyimiz aqressiya bir gündə yoxa çıxdı. Bir neçə il əvvələ qədər hamı bir-birinə qarşı aqressiv münasibət sərgiləyirdi, daha soyuq idik, hər hadisəyə dərhal kobud reaksiya verirdik. Sentyabrın 27-dən bəri dəfələrlə şahidi oluram ki, artıq insanların bir-birinə münasibəti də dəyişib, yumşalıb. Hesab edirəm ki, bu mülayimlik və ruh yüksəkliyi bizi uzun müddət tərk etməyəcək. İnsanların üzünə həsrətində olduğu təbəssüm qonub. Başa düşürdük ki, ölkədə müharibə gedir və qəhrəman oğullarımız şəhid olur... Azərbaycan xalqının qisasının alınmasını bilmək həm də daxili rahatlıq gətirirdi. Bir sözlə, bu qələbə Azərbaycan xalqını diriltdi və öz köklərinə qaytardı.
- Cəsurluq və qəhrəmanlıq xalqın genetikasına xas olan xüsusiyyətlərdir, ya ailədə və cəmiyyətin təsiri ilə qazanılır?
- Burada bir neçə amilin təsiri var. Etnopsixoloji baxımdan cəmiyyətdə yaranmış ruh yüksəkliyi ilə bərabər əsgər və zabitlərimiz yüksək peşəkarlıq və özünəinam nümayiş etdirdilər. Bütün bunlar birlikdə kompleks təşkil etdi ki, onun da nəticəsində belə bir qələbəni əldə edə bildik.
- Azərbaycan Ordusunun gələcək inkişafı haqqında nə deyə bilərsiniz?
- Artıq Azərbaycan Ordusunun qarşısında torpaqlarımızı işğaldan azad etmək kimi bir funksiyası qalmayıb. Ordumuz ilk növbədə azad olunmuş torpaqların müdafiəsini gücləndirməlidir. 21-ci əsrdə yüksək texnoloji müharibə aparan Azərbaycan Ordusu oldu. Sözsüz ki, qələbə asanlıqla başa gəlməyib.
- Siyasi təfəkkürümüzün inkişafında hansı dəyişiklik baş verəcək?
- Xalqın siyasi proseslərdən kənarda dayandığını düşünmürəm. Bu vaxta qədər Ukrayna və Suriyada, o cümlədən 2008-ci ildə Gürcüstanda gedən proseslərə həddən artıq diqqət yetirirdik. Ümidlə yaşayırdıq ki, bəlkə biz də nə zamansa bu işə qoşula bilərik, bu anın yetişməsini səbirsizliklə gözləyirdik. Nəhayət ki, bunu əldə edə bildik.
- Mustafa Kamal Atatürk deyirdi ki, vətən müharibəsində düşmənə gərəyindən artıq mərhəmət göstərmək vətənə xəyanətdir. Siz nə düşünürsünüz?
- Mərhəmət anlayışı şərtidir. Sözsüz ki, dahi Atatürkün sözlərini təkzib etmək fikrim yoxdur. Bu fikirdə mərhəmətin lazım olduğundan çox olmasına işarə edib. Əslində mərhəmətin miqyasını ölçmək çətindir... Yəqin ki, Atatürk onu hansısa konkret tarixi dövrdə və hansısa konkret səbəblə deyib. Kobud səslənsə də, mərhəməti elə adama göstərmək lazımdır ki, qanan insan olsun... Qanmazdırsa, mərhəməti başa düşmürsə, deməli, mərhəmətdən danışmaz olmaz. Sözsüz ki, qadına, uşağa, qocaya mərhəmətli olmalıyıq. Əli silahlı düşməndirsə, hərbi cinayətkardırsa, burada mərhəmətdən söhbət gedə bilməz. Sadəcə hərbçi yaralıdırsa, müəyyən güzəştə getmək olar. Çünki qanun çərçivəsində cəzasını alacaq. Mərhəmət duyğusu hər kəs üçün fərdidir.
- Azərbaycan Ordusu öz missiyasını layiqli şəkildə yerinə yetirdi, böyük tarix yazdı. Bəs sonrakı dövrdə xalq olaraq missiyamız nədən ibarətdir?
- Xalqın ordu və hərbçilər qarşısında ödəyə bilməyəcəyi böyük bir borcu var. Bu gün xalq olaraq xəstəxanalarda yaralı əsgər və zabitlərimizin yanında olmalıyıq. Qazilərimizə ömrümüzün sonuna qədər xidmət və yardım etməliyik. Şəhid ailələrini həmişə nəzarət altında saxlamalıyıq. Hərbçilərə və zabitlərə münasibət daha da yaxşı olmalıdır.
- Əsgər və zabitlərimiz müharibədən ən çox hansı psixoloji travmalarla qayıdırlar?
- Hər bir müharibənin veteranları olur. Ümumiyyətlə, xidmətdən mülki həyata qayıdan hərbi qulluqçuların yaşadığı mühit dəyişir. Təəccüblü deyil ki, dünya orduları ehtiyata çıxan zabitlər üçün xüsusi sosioloji və psixoloji reabilitasiya proqramları həyata keçirir. Müharibədən qayıtmış insanların mülki həyata bərpa edilməsi üzərində işlər aparmalıyıq.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO