Xüsusi
Vətən müharibəsinin qazisindən QÜRURLANDIRAN SÖZLƏR: Bir arzum var idi, yalnız Şuşada...
44 günlük Vətən müharibəsi böyük zəfərimizlə bitdi. Bu qələbəni təmin edən isə soyuq səngərdə işğalda olan torpaqlarımıza atacağı hər qələbə addımı üçün səbirsizlənən qəhrəman əsgərlərimizdir. Bu 44 gün Azərbaycanımızın uğrunda sinəsini hərbə meydan edən hər bir hərbçimiz bizim üçün qəhrəmandır.
Sizə tanıdacağımız qalib ordunun bu igid əsgəri də qəhrəmanlığı, fədakarlığı sayəsində 30 ilə yaxındır həsrətində olduğumuz torpaqlarımızı bizə qaytaranlardandır.
Publika.az Füzuli şəhərinin alınması istiqamətində gedən döyüşlərdə yaralanan 28 yaşlı qazimiz Elçin Babayevin Vətən müharibəsindəki döyüş yolunu təqdim edir:
- Elçin, necə oldu döyüşlərə yollandınız?
- Əslən Bakı şəhərindənəm. Sentyabrın 21-də hərbi komissarlıqdan zəng etdilər ki, təlimlərə qatılmalısınız. İlk çağırılanlardanam. 3-4 gün Bakıda qaldıq. Sentyabrın 27-də, döyüşlər başlayanda bizi Füzuli rayonuna apardılar.
- Necə qarşıladınız vətən uğrunda döyüşəcəyinizi? Döyüşlərə getməmişdən öncəki hisslərinizi danışmağınızı rica edirəm.
- Müharibə olacağını bilmirdim. Bizə təlim olduğunu dedilər. Müharibənin başladığını öyrənəndə isə çox yaxşı qarşıladım, sevindim ki, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə mən də iştirak edəcəm. Hamı bildi ki, müharibəyə gedirik. Maşında deyib-gülərək getdik. Döyüşə gedərkən yolboyu insanların əllərində bayraqlarla bizi alqışlaması hamımızı qürurlandırırdı. Tanımadığımız insanlar bizə yemək verirdi. Gülə-gülə döyüşlərə getdik. Azərbaycan xalqının birliyini, əsgərlərin yanında olmalarını hiss etməyimiz bizim üçün böyük ruh yüksəkliyi verirdi. Onlara baxıb daha çox döyüşmək üçün səbirsizlənirdik. Bu müharibə nə vaxtsa olmalı idi, biz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməli idik.
- Döyüşlərdən danışmağınızı istərdim.
- Bizi Füzuliyə apardılar. Oktyabr ayının 5-dən artıq döyüşlərin getdiyi əraziyə yollandıq. Füzuli şəhərinin alınması uğrunda gedən döyüşlərdə iştirak etmişəm, orada da yaralanmışam. Bizə döyüş tapşırığı gəlirdi və o istiqamətdə də irəliləyirdik. Həmin hissə alınandan sonra biz orada möhkəmlənib ərazini müdafiə edirdik. Ermənilər itirilmiş əraziləri geri qaytarmaq üçün cəhdlər edirdilər, ancaq onların bütün müqavimətini dəf edirdik. Təkcə müdafiə etmirdik, düşmənlə üzbəüz döyüşürdük. Çalışırdılar ki, son ana qədər durduqları mövqedən çəkilməsinlər, ancaq bizim gücümüzü görüb silahı atıb qaçırdılar.
- Silah yoldaşlarınız arasında əhval-ruhiyyə necə idi?
- Döyüşlər zamanı insanın gözünə heç nə görsənmir. Döyüş yoldaşlarımızın əhval-ruhiyyəsi, bir-birimizə olan münasibət, dost, qardaş münasibəti çox yüksək səviyyədə idi. Kim bir qədər çəkinirdisə, onu ruhlandırırdılar. Düşünürəm ki, bu da müharibədə vacib məqamlardandır. Biz çox şey görmüşük. Birlikdə olduğumuz əsgərlər yaralanırdı, şəhid olurdu. Taborumuzdan ilk şəhid olanda mənə çox pis təsir etdi. Snayper tüfəngi ilə vururdular, artilleriyadan atırdılar və beləcə yaralananlar və şəhid olanlar olurdu. Özünə gələ bilmirsən ki, dostun az öncə sağ idi, indi isə yoxdur. Bizdə qorxu yox idi, sadəcə olaraq bir yerdə yemək yediyimiz, yatdığımız dostlarımızın şəhid olması təsir edirdi. Günlərlə yatmaq olmurdu. Tankın, topun səsi dəhşət pis təsir edirdi, yorğunluq da digər tərəfdən. Amma məqsədimiz uğrunda hər şeyə hazır idik.
- Necə oldu ki, yaralandınız? Xatırlayırsınızmı o anları?
- Oktyabr ayının 21-i axşam saatlarında yaralanmışam. Biz 3 nəfər Füzulidə posta çıxdıq, komandirimiz dedi ki, yol tərəfi izləmək lazımdır, ermənilər o hissədən hücum edə bilər. Az keçmişdi ki, minomyot atdılar, mənim yanıma düşdü. Qəlpələri gəlib iki ayağıma da dəydi. Biri sağ ayağımın daban hissəsindən, soldan isə bud hissədən dəydi. Qəlpələr dəyən kimi bədənimə istilik gəldi. Dabanım sanki yanırdı. Yanımda olan əsgər yoldaşlarıma dedim ki, qəlpə mənə dəyib. Həmin ərazidən məni kənara çəkdilər və orada ilkin tibbi yardım göstərdilər. Sonra məni Füzulidə Horadiz hospitalına apardılar. Bir gecə orada qaldım, daha sonra isə Əhmədbəyli hospitalına, oradan da Bakıdakı hərbi hospitala gətirdilər.
- Özünüzü necə hiss edirsiniz?
- Vəziyyətim normaldır. Sol ayağım yaxşıdır, sağ ayağımda isə daban hissədən toxumalar tam birləşməyib, həkim evdə müalicəmi davam etdirməyi məsləhət bildi. Ayağımı yerə qoya bilmirəm ki, tam sağalsın. 15 günlük məzuniyyət veriblər. Ayın 17-də çıxmışam, indi evdəyəm. Dekabrın 1-də yenidən yoxlamaya gedəcəm, nəticə yaxşı olsa və ehtiyac yaranarsa, yenidən cəbhəyə qayıdacam. Həkimlərimə təşəkkür edirəm, çox yaxşı münasibət göstərirdilər bizə qarşı. Onlardan çox razıyam.
- Müharibə qələbə ilə bitdi. Bu qələbənin iştirakçısı, qəhrəmanı olmaq necə hissdir? Çünki zəfərimizdə sizin də payınız var.
- Bizim bir arzumuz var idi. O da Qarabağı düşməndən azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək idi. Başlamışıqsa, bunu birdəfəlik bitirmək istəyirdik. Hamımızın amalı bu idi. Qələbədə mənim də payımın olmağı çox gözəl hissdir. Döyüşçü yoldaşlarımızla da fəxr edirəm ki, torpaqlarımızın azadlığı uğrunda vuruşmuşuq. Bakıya gələndə bütün dostlarım, qohumlarımız, iş yoldaşlarım gəlib mənlə fəxr etdiklərini, qürur duyduqlarını deyirdilər. Hər gün ziyarətimə gəlirlər. Bu cür təsəvvür etmirdim.
- Xalqın dəstəyini necə hiss etdiniz?
- Müharibə məncə, hər kəsi birləşdirdi. Orada da xalqımız bizə əlavə təminat kimi isti paltarlar, yemək bişirib göndərirdi. Xalqımızın birliyi də bizi ruhlandırıb. Ailəmlə danışanda deyirdilər ki, arxa cəbhədə qələbə ruhu var, insanlar hər rayonumuz, kəndimiz alındıqca küçələrə çıxır, bayram edir. Bu, bizi daha da sevindirirdi. Hiss edirdik ki, arxamızda xalq adlı bir ordu var.
- Qazilərimizə, şəhid ailələrinə dəstək necə olmalıdır?
- Qazilərimizə də dəstək olmalıdır. Ancaq ən əsası şəhid ailələrinə qayğı yüksək səviyyədə olmalıdır. Ali Baş Komandanımız da hər dəfə çıxışında yaralanan hərbçilərin, şəhid ailələrinin dövlətin diqqətində olacağını, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün əlindən gələni edəcəyini deyir. Düşünürəm ki, hər şey yaxşıdır və bundan da yaxşı olacaq.
- Bəs, Vətən müharibəsi necə təbliğ edilməlidir?
- Bu müharibə kitablara salınmalıdır. Tarix kitablarının səhifələrində 44 günlük zəfər tariximiz öz əksini tapmalıdır. Ermənilər bizim tarixi-mədəni abidələrimizi də dağıdıblar. Biz o yerləri bərpa edib, Qarabağı dirçəldib bütün dünyaya göstərməliyik ki, bu cənnət yerlər uğrunda mübarizə aparmışıq.
- Çox maraqlıdır, Qarabağın harasında yaşamaq istərdiniz?
- Şuşada yaşamaq istəyərdim. Mənə qismət olmadı Şuşanı görmək. Yaralandığım üçün oraya gedə bilmədim, amma döyüş yoldaşlarım indi Şuşadadır. Kaş yaralanmazdım, mən də onlarla bərabər Şuşaya gedərdim. Xəstəxanada olanda döyüşçü dostlarımla əlaqə saxlayırdım, Şuşada olduqlarını deyəndə həsəd aparırdım ki, kaş mən də onların yanında ola bilərdim. O gözəllikləri görmək istərdim. Amma qismət belə imiş. Şuşada əlbəyaxa döyüş olub, bıçaqla, tapança ilə alınıb ora. Mən də Şuşadakı döyüşlərdə iştirak etmək istərdim. Allah Şuşanı o cür çətinliklə azad edən hərbçilərimizi qorusun, şəhidlərimizin də ruhu şad olsun.
- Vətən yolunda yaralanan hərbçimizin xalqımıza sözü nədir?
- Şükürlər olsun ki, torpaqlarımız geri qayıtdı. Qələbə ağrı-acımızı, yaralarımızı da bizə unutdurdu. Allah xalqımızı qorusun. Qarabağ Azərbaycandır!
- Suallarımı cavablandırdığınız üçün təşəkkür edirəm. Şəfa arzulayıram sizə.
Akqabay Mıradov
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI