Xüsusi
Nizamişünas alim: Şair haqqında bu təhrif edilir, onların hamısı... - MÜSAHİBƏ
"Nizami sənəti həmişə müasir olub. O, bizim mənəvi müasirimizdir. İndiki zamanda vətəni qorumaq haqqında, vətən torpağını müqəddəs hesab edilməsi barədə Nizaminin nə qədər gözəl fikirləri var. Şairin müsbət obrazlarının hamısında Vətəni qorumaq təqdir olunur".
Bu sözləri Publika.az-a müsahibəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Nizamişünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Nüşabə Araslı deyib.
Onunla müsahibəni təqdim edirik:
- Nüşabə xanım, uzun illər Nizami Gəncəvi irsini tədqiq edən alim kimi Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsini necə qarşıladınız?
- Bu sərəncamı böyük sevinclə qarşıladım və bunu uğurlu bir hadisə hesab edirəm. Çünki Nizami müqəddəs bir insan idi. Nizami Gəncəvi Azərbaycan xalqının, ümumilikdə bəşəriyyətin səadəti uğrunda çalışan və bütün insanlara xoşbəxtlik arzulayan bir şair olub. Bu qərarı uğurlu bir hadisə kimi qarşılayıram. Biz Nizami Gəncəvinin qarşısında çox borcluyuq. Çünki o vətənini, xalqını çox sevirdi. Vətənin azadlığı haqqında danışırdı, onun qorunmasını, sevməyi həmişə təbliğ edib. Əsərlərində Azərbaycanın gözəlliklərindən bəhs edib, xalqımızın mənəvi zənginliklərini böyük iftixar hissi ilə qeyd edib. O, oxucularına bu dəyərləri sevməyi öyrədirdi. Təkcə sevməyi yox, eyni zamanda onları qorumağı, zənginləşdirməyi tövsiyə edib. Biz də onun hər il bütün xeyirxah niyyət və arzularına, tövsiyələrinə əməl etməyə çalışmışıq. Bu il də xüsusilə çalışmalıyıq. İnanıram ki, “Nizami ili” bizə uğur gətirəcək. Bunu qarşıya çıxan, bizdən asılı olmayan bu mürəkkəbliklərin uğurla həll edilməsinin əlaməti kimi mənalandırıram.
- Nizami Gəncəvi irsi dünyada, eyni zamanda ölkəmizdə necə tədqiq edilib? Nizami ilə bağlı araşdırılmamış, az yer verilən sahə hansını hesab edirsiniz?
- Nizami çox böyük bir dəryadır. İllərlə Nizami irsinin araşdırılması ilə məşğulam. Hər dəfə Nizamini oxuyanda yeni bir şey tapırsan. O, elə bir incilərlə dolu dəryadır ki, buna baş vurduqca orada tapılmamış yeni, orijinal bir qiymətli, dəyərli incilər görmək mümkündür. Nizaminin öyrənilməmiş məsələləri də çoxdur. Bunlar hamısı öyrənilməsi zəruri olan sahələrdir. Çünki Nizami əsrlər boyu həm də təqdir olunub və təqdir olunaraq da izlənilib. Yəni onun təsiri Şərq xalqların, hətta deyərdim ki, bütün dünya xalqlarına öz təsirini göstərib. Nizaminin mövzuları təkrar olunub, onun “Xəmsə”sinə nəzirələr yazılıb. Onun bəşər mədəniyyətinə, insanlığın təfəkkür tarixinə gətirdiyi yeni yüksək ideallar həmişə davam etdirilib və qabaqcıl insanlar tərəfindən zənginlışdirilib. Nizaminin həm də bir çox xalqların mədəniyyətlərinə çoxcəhətli təsiri olub. Nizami ən çox tərcümə olunan sənətkarlardandır. Onun əsərləri türk xalqlarının dilinə çevrilərək tərcümə ədəbiyyatının zənginləşməsində müstəsna rol oynayıb. Nizamidə həm lirik şeirin, həm də məsnəvi ədəbiyyatının təsirləri olub. “Xəmsə” yaratmaq və məsnəvi ədəbiyyatının yüksək bəşəri ideallarla zənginləşməsində Nizaminin misilsiz rolu var. Bunları ortaya çıxarmaq lazımdır. Dünya ədəbiyyatına onun böyük təsiri olub. Şairin tərcümələrini bütün dünya oxuyur. Nizami həm də Şərq bədii ədəbiyyatında bir çox dəyərləri gətirib. Humanizm, insanın böyüklüyü, əxlaq yüksəkliyi, mənəvi ucalıq, bəşəriyyətin inkişafında mühüm rol oynayan məhəbbəti, insanlığı həmişə səadətə çatdıran o məhəbbətin fəlsəfi mənasını tərənnüm edib. Eyni zamanda o əmək, zəhmət haqqında yazıb, qadınlığa böyük ehtiram yaradıb. Nizami Şərq ədəbiyyatında böyük töhfələr verib. Hələ orta əsrlərdə Nizami ənənələrini davam etdirən şairlər onun haqqında ədəbi-bədii fikirlər söyləyiblər. Yəni bədii ədəbiyyatda nəzəri fikirlərin yayılmasında Nizaminin böyük rolu olub. Ona görə də o, çox tədqiq olunan şairlərdəndir. Onun araşdırılmamış yazıları və sahələri çoxdur.
- Nüşabə xanım, Nizami haqqında indi də həqiqətdən uzaq, dəqiq tədqiq olunmayan fikirlər vardır. Onun milli mənsubiyyəti bəzən qəsdən təhrif edilir. Bununla bağlı fikirləriniz nədir?
- Bəli, indi də rast gəlinir. Şairin yüksək bəşəri fikirləri doğru tədqiq olunmur, təhrif edilir və mənaları yanlış verilir. Onların hamısını cavablandırmaq lazımdır. Nizami fars dilində yazıb. Məlumdur ki, orta əsrlərdə ictimai-tarixi zərurət üzündən şairlər fars dilində yazıb-yaradıblar. Təkcə Azərbaycanda yox, türk və hind ədəbiyyatında da bu olub. Böyük sənətkarlar fars dilində yazırdılar. Ancaq Nizaminin əsərlərini oxuyanda bizim xalqın başa düşdüyü Azərbaycan sözlərinə rast gəlirik. Həm də onu oxuyanda Vətənə məhəbbət hissini, Azərbaycanla və ərazilərimizlə bağlı fikirləri görürük. Nizami sənəti həmişə müasir olub. O, bizim mənəvi müasirimizdir. İndiki zamanda vətəni qorumaq haqqında, vətən torpağını müqəddəs hesab edilməsi barədə Nizaminin nə qədər gözəl fikirləri var. Şairin müsbət obrazlarının hamısında Vətəni qorumaq təqdir olunur. Azərbaycan ərazisi əlverişli, strateji mövqeyi və bərəkətli torpağı ilə həmişə yadellilərin diqqətini cəlb edib. Zaman-zaman Azərbaycana təcavüz etmək istəyənlər olub. Həm mənəvi, həm də maddi cəhətdən ölkəmiz təcavüzə məruz qalıb. Ona görə də Nizaminin əsərində Vətəni müdafiə etmək haqqında çox gözəl fikirlər var ki, bu gün də onlar əhəmiyyətini itirməyib. Məsələn, “Xosrov və Şirin”də Bəhram Çubin adlı şəxs Xosrovu öz taxtından devirir və onun yerini tutur. O isə İrandan birbaşa Azərbaycana, Şirinin yanına gəlir. Yəni Mehin Banunun sarayına gəlir. Burada Şirinə eşq elan edir və əyləncə məclislərinə başı qarışanda, Şirin əsl Azərbaycan qızı kimi türk təfəkkürü ilə ona deyir ki, sən özünü topla, qeyrətə gəl, əvvəl get Vətənini qurtar, sonra gəl eşqbazlıq edərsən.
Əfsus ki, tezliklə gərək ayrılaq.
Bu dövlət əzəldən nəslinizdədir,
Çox eyb olsun indi, əlindən gedir.
Dünyada diribaş qazanar ancaq,
Cahangirliklə heç tutmaz yubanmaq.
Hər işdə yubanmaq olsa da mümkün,
Yubanmaq yaramaz səltənət üçün.
Bu fikirlərin hamısı vətənpərvərlik hissidir. “Yeddi Gözəl”də Bəhram Guru atası öləndən sonra saraya və ölkəyə yaxın qoymurlar. Atası onu Yəmənə əvvəldən onu Yəmənə göndərmişdi, o, orada böyüyürdü. Çünki buranın havası ona uyğun deyildi. Ancaq sonra onu bura gəlməyə qoymurlar.
O isə belə deyir:
Mən yadlar evində əziyyət çəkim,
Olsun talançılar evimə hakim?!
Düşmənin qisməti şəkərim olsun,
Mənimsə yediyim ciyərim olsun?
Buna görə o, ən ağır cəzaya məhkum edilir. Deyirlər tacı qoyun iki şirin arasına, o şirlərlə vuruşsun. Nizami o qədər geniş diapozonlu ictimai xadim idi ki, o, xalqla çox bağlı olub. Şairin dedikləri indi də keçərlidir. “Səadət günəşi birlikdən doğar” adlı məqaləm onun bu ifadəsinə həsr edilib:
Bir olsa dostların işi, əməli,
Daşdan su çıxarar insanın əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.
O, həmişə xalqı birlikdə olmağa, mehriban yaşamağa çağırıb və müharibə və sülh məsələlərinə xüsusi diqqət yetirmişdi. “Hərb ilə, sülh ilə sulanmış cahan, Sülhdən xeyir görmüş, hərbdən ziyan”, deyərək insanları həmişə mehribanlığa, dünya nemətlərindən birlikdə istifadə etməyə çağırıb. Ümumiyyətlə, Nizami bəşəri səadət idi. O, təkcə Vətəninə deyil, bütün xalqlara xoşbəxtlik arzulayan bir dahi idi. Nizami həm də sənətkardır.
- Nizami adını ölməz edən nədir?
- O, yüksək fikirlərini elə bir poetik incəliklərlə, yüksək bədii səviyyədə oxucularına çatdırırdı ki, həm məna və məzmun, həm də dini və fikri cəhətdən olduğu kimi, eyni zamanda bədii cəhətdən də oxucuların yadında qalıb. Buna görə də Nizami əsərləri hər zaman təqdir olunub, onun mövzuları təkrar-təkrar işlənilib, şairin sənət böyük sənətkarlar qüdrəti həmişə alqışlanıb. Füzuli də ondan sonra “Xəmsə” yazıb və türk ədəbiyyatında da “Xəmsə” müəllifləri var. İlk növbədə Nizaminin sənət qüdrətini pərəstişkarları tədqiq edib. Onun gözəlliklərini axtarmağa, onları xalqa türk dilində çatdırmağa çalışıblar.
- Onun sənətinin sehri nədə idi?
- Nizami böyük istedad sahibi və söz sənətinin incəliklərinə yiyələnən sənətkar olub. Şairin təsir qüvvəsinin əsas sirri onun xalq yaradıcılığı ilə bağlı olması idi. Onlara xalq dili ilə müraciət edirdi, xalq yaradıcılığının hikmətindən yerində istifadə etməyi bacarırdı. Ona görə də oxucular öz sehrinə cəlb edib, onları sənətinin cazibəsi ilə sanki ovsunlayıb. Nizaminin əsərlərini oxuduqca məna və təqdim gözəlliyi, poetik dəyərinin yüksəkliyi oxucunu hər zaman heyran edib.
- Nüşabə xanım, bu il dahi şairlə bağlı hansı tədbirlər həyata keçirilməlidir? Nizami Gəncəvi bundan sonra necə təbliğ olunmalıdır?
- İlk olaraq Nizaminin əsərlərini doğru tədqiq etmək lazımdır. Hazırda ən aktual məsələ odur ki, Nizamini heç başa düşməyən, onun yüksək ideallarını doğru dərk etməyən adamlar şair haqqında fikirlər yürüdürlər. Nizaminin yüksək adı, təsiri, onun qazandığı şöhrət çox vaxt qərəzli şəkildə təqdim olunmağa çalışılır. Ona görə də şairi həmişə xalqından ayırmağa çalışıblar. Ancaq Nizami kimi farsdilli Azərbaycan şairləri İran şairlərindən həmişə fərqlənib. Böyük İran alimi, nizamişünas Səid Nəfisi deyir ki, Nizami sənəti və şeirinin üslubu fars şairlərinin üslubundan çox fərqlənir. Burada azərbaycançılıq var. Nizami Azərbaycan ifadələrini fars dilinə tərcümə edib təqdim edirdi. Əksər şeylər Azərbaycan dilinə tərcümə edilib. O, çox vaxt ümumxalq məsəllərimizi, danışıq ifadələrini fars dilində ifadə edib. Nizami də, Xaqani də bunu belə ediblər. O, fars sənətkarlarından bununla fərqlənirdi. Düşünürəm ki, bu il onunla bağlı xüsusi tədbirlər baş tutmalıdır. Nizami hər zaman təbliğ edilməlidir.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...