Uşaqlıq şəkilləri olmayan 22 yaşlı şəhid niyə özünü qumbara ilə partlatmaq istəmişdi?
Bizi izləyin

Xüsusi

Uşaqlıq şəkilləri olmayan 22 yaşlı şəhid niyə özünü qumbara ilə partlatmaq istəmişdi?

Bu gün biz işğaldan azad olunmuş şəhər və rayonların mənzərələrinə baxdıqca o torpaqların necə füsunkar təbiəti olduğunu görürük, baxdıqca bu gözəllikdən doya bilmirik, qürurumuz isə içimizə sığmır. Bizə yaşatdıqları bu duyğuları o torpaqlarda qanını tökmüş qəhrəman şəhidlərimizə, sağlamlığını itirmiş qazilərimizə və igid əsgərlərimizə borcluyuq. Azərbaycanın bütövlüyü uğrunda canından və arzularından keçən şəhidlərimizdən biri də Suqovuşanda şəhadətə ucalan qəhrəmanımız 22 yaşlı Məmmədli Tural Aqil oğludur.

Əslən Göyçə mahalından olan Tural Məmmədli 1998-ci ildə Tərtər rayonunun Bəyimsərov kəndində anadan olub. 2015-ci ildə məzun olduqdan bir il sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Füzulidə döyüş bölgəsində başa vurub. Qayıtdıqdan sonra kənd təsərrüfatı ilə məşğul olub. 2020-ci ilin sentyabrından isə müddətdən artıq hərbi qulluqçu kimi işə başlayıb.

Şəhid haqqında xatirələrini Publika.az-a qardaşı Röyal Məmmədli danışıb. Şəhidin qardaşı bildirib ki, Tural Polad Həşimovun şəhadətindən sonra cəbhəyə könüllü yazılan oğullarımızdandır. Turalın qəhrəmanlığından qürur hissi ilə danışan qardaşı qeyd edib ki, o, elinə və obasına həddən artıq bağlı insan olub:

“Çox kasıb ailədə çətinliklə böyümüşük. Ailəmin imkanı və vaxtı olmayıb ki, uşaqlıqda şəkillərimizi çəkdirsin. Turalın uşaqlıq şəkilləri demək olar ki, yoxdur. İndi onun 22 illik ömür yolu ancaq xatirələrimizdə canlanır.

Atam hərbi hissədə mülki şəxs kimi çalışırdı. 2020-ci ilin martında dünyasını dəyişdi, ondan sonra qardaşım onun yerində santexnik işləməyə başladı. Yay aylarında müharibə haqqında söz-söhbət gəzirdi, həmin ərəfədə qardaşım bizdən xəbərsiz könüllü yazılmışdı. Ürəyi vətən sevgisiylə döyünürdü, bütün varlığı ilə torpağa bağlı insan idi, odur ki, bu yolda Turalın qarşısını heç kim ala bilməzdi, ola biləcək bütün təhlükələri gözə almışdı. Qazi və ya şəhid olmaqdan qorxmurdu, əksinə, bunu özünə şərəf bilirdi. Sentyabrda müddətdən artıq hərbi xidmətçi kimi işə çağırıldı, amma maaş kartını almaq nəsib olmadı. Bir neçə həftədən sonra döyüşlərə qatıldı.

Anam hərbçi olmasına razı deyildi, istəmirdi ki, övladının başına bir iş gəlsin... Evdə 3 qardaşıq, mən xarici ölkədə yaşayıram, o biri qardaşım isə Bakıda işləyir. Xəstə anam Turalın himayəsində qalmışdı, müalicəsinə o kömək edirdi. Nə mən, nə də anam onu fikrindən vaz keçirə bildik. Bu adam şəhidlik zirvəsinə çatmağa tələsirdi. Evdə anamı heç vaxt tək qoymazdı, amma müharibə başlayan kimi döyüşə ilk yollanan əsgərlərdən biri də Tural oldu. Dedi ki, bu müharibəyə üçümüzdən birimiz getməliyik, o yolu mən seçirəm. “Bu qərar mənimdir, mane olmayın. Döyüşdən qaçan lap doğma qardaşım olsa belə, onu özüm vuraram” dedi və sağollaşdı. Turalda qeyrət və ədalət hissi çox güclü idi, hamımızdan fərqlənirdi, heç kimin haqqına girməzdi. Haqsızlıq görəndə çox əsəbiləşirdi”.

Qardaşı haqqında xatirələrini bölüşəndə Röyal Məmmədli onu da vurğulayıb ki, vətənpərvər insan özü üçün deyil, eli üçün yaşayır, bu gün üçün deyil, ölkəsinin xoşbəxt gələcəyi üçün vuruşur:

“Tural 6 döyüşdə iştirak edib, öndə gedən hücumçulardan biri olub. Suqovuşan uğrunda gedən döyüşlərdə 5 silahdaşı ilə birlikdə şəhidlik zirvəsinə ucalıb. Yanlarına minomyot düşüb. Tural dərhal şəhid olmayıb, ayaqlarını itirəndə özündə olmayıb, ermənilərə əsir düşməmək üçün “Mənə qumbara verin, özümü partladım” deyərək qışqırıb. Neytral zonada qaldığı üçün tabutu 14 gün sonra evə gətirildi, tək mən gördüm... Tanınası halda deyildi, nəşini DNT analizi ilə tapdıq”.

Röyal Məmmədli bildirib ki, qəhrəman qardaşı ağır döyüşlərdə olmasına baxmayaraq, hepatit B-dən əziyyət çəkən anasını bir an belə diqqətdən kənar qoymayb:

“Kəndimiz döyüş bölgəsinə yaxın idi, evdə tək qalmasın deyə qohumlarımıza tapşırıb ki, anamı burdan aparın. Döyüşdə olsa da, gün ərzində imkan olduqca anama zəng edib deyirdi ki, dərmanlarını vaxtlı-vaxtında iç, özündən muğayat ol.

Dövlət tərəfindən yetəri qədər diqqət görürük. İcra hakimiyyətindən tutmuş bir çox qurumlar ailimizə baş çəkib, hər birinə təşəkkür edirəm. Amma heç biri təsəlli deyil, yoxluğu ilə heç cür barışa bilmirik... Tək təskinliyimiz odur ki, şəhadəti Turalı cənnətə apardı. Onunla qürur duyuruq, 22 illik ömrünə böyük qəhrəmanlıq hekayəsi sığdırdı. O, özü və ailəsi üçün yaşamadı, bu gün minlərlə insana nümunə ola biləcək bir miras qoydu. Silahdaşları da deyir ki, Tural çox ürəkli döyüşçü olub, ən qaynar nöqtələrə gedib, odun-alovun içindən neçə-neçə şəhid və yaralılarımızı çıxarıb”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm