Xüsusi
Ermənilər Zəngilana gedən xarici səfirləri dəhşətə gətirdi - REPORTAJ
Publika.az fevralın 6-sı diplomatik korpusun ölkəmizə akkreditə olunmuş nümayəndələrinin və hərbi attaşelərin Cəbrayıl və Zəngilan rayonlarına səfərindən hazırladığı reportajın ikinci hissəsini təqdim edir:
Yazının birinci hissəsini BURADAN oxuya bilərsiniz.
Cəbrayıl torpaqlarına ayaq basmısınızsa, Xudafərin körpüləri ilə mütləq tanış olmalısınız. Məkana çatana qədər xeyli vaxtınız getsə də, körpünü görəndən sonra qarışıq duyğular yaşamağınız üçün bir xeyli səbəb olacaq. Biz də Cəbrayılın şəhər mərkəzindən ayrıldıqdan sonra diplomatlarla birgə möhtəşəmliyi ilə göz oxşayan Xudafərin körpüsü istiqamətinə üz tuturuq.
Bugünə qədər körpünü tarix kitablarında, fotoşəkillərdə və son dövrdə isə üzərində üçrəngli bayrağımız dalğalanan formada, qarşısında müzəffər əsgərlərimizin azadlığını Ali Baş Komandana məruzə edərkən görmüşəm. Bundan sonra buraya səfər edənlərin paylaşımlarında daha çox görmək mümkün oldu. Əminəm ki, hər kəsin içərisində bu tarixi məkana gəlmək kimi bir möhtəşəm hiss var. Məndəki kimi...
Körpüyə istiqamətlənən uzun yolumuz davam edir. Bir qədər getdikdən sonra isə artıq müəyyən qədər rahat olan yol kələ-kötür forması ilə əvəz olunur. Beləcə, Araz çayının kənarına çatırıq. Çayın üzərində İrana məxsus bənd görünür. Nəqliyyat vasitəmizin keçdiyi hissədə isə İran hərbçiləri keşik çəkirdi. Məlum idi ki, Xudafərinə yolumuz daha da qısalır. Yolun solunda Araz çayı, Cənubi Azərbaycanın dağları, sağımızda isə bəzi yerlərdə sanki külək əssə üstümüzə töküləcək kimi görünən hündür qayalıqlar olan mənzərə ilə yola davam edirik.
Burada isə yollar əvvəlkindən daha çox narahatdır. Hətta bəzi yerlərdə addım-addım gedilir. Məsafənin gözümdə daha da qısalması üçün vaxtımı yol kənarlarına diqqətlə baxmaqla keçirirdim. Bəzi hissələrdə əl işlərinə rast gəlmək olur. Beton divarların üzərində rəsm əsərləri çizilmişdi. Bir qədər getdikdən sonra kiçik Xudafərin körpüsü görünür. Artıq məkana çatmağa çox az vaxt qalıb. Yolun kənarında, dəmir materialdan olan paslı işıqfor isə diqqətimdən yayınmır. Bildirdilər ki, buradan vaxtilə dəmiryolu xətti keçib və işıqfor da qatarlar üçün nəzərdə tutulub.
Nəhayət, mədəniyyətimizin incisi, min illik tarixə malik Xudafərin körpüsü görünür. Körpünün möhtəşəmliyini sətirlərə sığdırmaq mümkün görünmür. Min illik tariximizin hər səhnəsinə şahidlik edən Xudafərinin özünəməxsus ecazkarlığı, cəzbediciliyi qarşısında onu anladan sözlərin sehri də aciz qalır. Xudafərin fərqli auraya, başqa bir ab-havaya sahibdir. İki ölkəni ortadan bölən Araz çayının üzərində olan körpünün bəlkə də bu sehri onun Azərbaycanın zaman-zaman parçalanmasına, talanmasına, erməni işğalına məruz qalmasına şahidlik etməsindən, üzbəüz yerləşən evlərin onun gözü önündən yandırılmasından qaynaqlanır. 27 ildən sonra ilk dəfə bayrağımız körpünün üzərində dalğalanıb, Xudafərinin digər tərfində isə İran bayrağı qaldırılıb. Körpü iki ölkə arasında həm də dostluq bağıdır.
Nəqliyyat vasitələrindən düşər-düşməz hamının heyrətlə körpüyə baxması, Araz çayını seyr etməsindən aydın olur ki, bura diplomatların da xoşuna gəlib. Onlar bu anı ölümsüzləşdirmək üçün hər detalın fotosunu çəkdilər. Səfər iştirakçılarının gözlərində tarixi dəyərləri özündə əks etdirən möhtəşəm bir məkanın füsunkarlığından, gözəlliyindən heyrətə gələn bir təəccüb var idi. Biz də anı ölümsüzləşdirəndən sonra bir-bir yaxınlaşıb diplomatların həm Cəbrayıl, həm də Xudafərinlə bağlı fikirlərini öyrənməyə çalışdıq.
Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun bu günün onun üçün xüsusi bir gün olduğunu bildirib. O qeyd edib ki, Cəbrayılda gördüyü mənzərə onu həqiqətən də məyus edib: “Cəbrayılda gördüklərim dəhşətli idi. Ermənilər məzarlığı məhv ediblər. Bu acı görüntünü görəndə ağladım. Onlar insanlıqdan kənar bir iş görüblər, məzarları qazıb cəsədləri çıxarıblar. Buna təsirlənməmək mümkün deyil”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlamasında bildirdi ki, Cəbrayıldakı, eyni zamanda digər ərazilərdə olan dağıntılardan ibrət götürmək lazımdır: “Biz ermənilərin şəhəri yerlə yeksan etdiklərini, tarixi-mədəni abidələri dağıtdıqlarını canlı gördük. Onlar məzarları məhv edib, cəsəd qalıqlarını ətrafa səpləyiblər. Bütün bunlar insanlıqdan kənar əməllərdir, bu, əsl vəhşilikdir”, - səfir əlavə edib.
İngiltərənin ölkəmizdəki səfiri Ceyms Şarp isə şəhəri təsvir edərək bildirdi ki, Cəbrayılın keçmişdə gözəl və kiçik şəhər olduğu görünür. Diplomat buranı 30 il əvvəlki müharibəni görmüş şəhər olduğunun da aydın müşahidə edildiyini diqqətə çatdırdı: “Cəbrayıl hazırda dağıntılar arasında ruhlar şəhəri kimidir. Burada hazırda hava istidir. Yaxın dövrdə bu ərazilərdə günəş elektrik stansiyası qurula bilər. Düşünürəm ki, gələcək dövrdə Britaniya şirkətləri burada turizm, kənd təsərrüfatı, həmçinin bərpaolunan enerji sahəsinə yatırım edə bilər. Ancaq bütün bunlar hələ qarşıdadır”, - səfir qeyd edib.
Uzun illik həsrətinə son qoyulan Xudafərini doyunca seyr etdikdən, Araz çayının həzin axan sularına toxunduqdan sonra gəldiyimiz yolla da geri qayıdırıq. Yolboyu diqqətimdən bir məqam qaçmır, yəqin uzun müddət də beynimə həkk olunacaq. Arazın o tayında üç ürək bizim üçün döyünürdü, altı əl bizə görə havaya qalxdı. Biz də səsimiz çatmasa da, əlimizi yetdiyi qədər qaldırdıq...
Səfərin proqramına əsasən Zəngilana, şəhərin dağıdılan məscidinə doğru yön alırıq. Bir qədər getdikdən sonra Zəngilanın şəhər mərkəzinə çatırıq. Şəhəri dolaşdıqdan sonra XVII-XVIII əsrlərə aid edilən, Səfəvilər dövründə tikilməsi güman olunan məscidlə diplomatlar tanış olur. "Bura hansı tikilidir, məscid buradırmı", - deyən bəzi səfər iştirakçılarının sualındakı təəccüb anlaşılan idi. Məscidin məscid olması üçün minarələri, qapısı və digər lazımi hissələrinin də olması mütləqdir.
Təəssüflər olsun ki, mənzərəni fərqli edən bu sadaladıqlarımın heç birinin olmamasıdır. Ermənilər buranı uzun illər öz çirkin məqsədləri üçün istismar edib, tövlə kimi donuz bəsləyib dini dəyərlərimizi təhqir etməklə barbar siyasətlərini xarici diplomatlara da göstərmiş oldu. Vandalizmi dövlət siyasətinin ana xəttinə çevirən mənfur ermənilərin Allahın evinə göstərdikləri hörmətsizlik, onun divarlarına uzadılan çirkin əllər uzun illər keçsə də sillə kimi onların üzünə çırpıldı. Düzdür, bu iyrənc siyasəti xalqımıza, dini-mədəni dəyələrimizə qarşı törədən ermənilərin illər sonra nələrisə anlayacağını gözləmirik, belə bir gözləntimiz də yoxdur
Lakin, 30 ilə yaxındır dəfələrlə dünyaya səsləndiyimiz, bütün bunları gəlib öz gözləri ilə görmələri üçün müraciət etdiyimiz YUNESKO-nun və digər beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri, səfirlər və digər diplomatlar gec də olsa gəlib dünyaya özlərini “mədəni xalq” kimi tanıdan ermənilərin əsl simasını gördülər. Məscidə olan ziyarət yekunlaşan ərəfədə isə hər kəsi bu müqəddəs məkana bir görüntü topladı - Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm 27 ildən sonra hərbçilərimizin ilk azanı səsləndirdii məscidin dağıntıları arasında namaz qıldı, Allaha Zəngilandan dua etdi.
Səfər əsnasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, “dipomatiyada belə bir praktika var, hər bir səfir, diplomat gördüyü və iştirak etdiyi tədbirlər barəsində öz ölkəsinə raportlar hazırlayır. Ona görə də diplomatların buraya səfər etməsi çox vacibdir. Bu, özlüyündə faktaraşdırıcı missiya kimi də qiymətləndirilir. Yəni diplomatik korpusun nümayəndələri öz gözləri ilə gördüklərini ölkələrinə düzgün, dolğun formada çatdırırlar”.
Biz də Qarabağa səfər edən diplomatik korpusun hər bir nümayəndəsinin ədaləti 30 il sonra öz qətiyyəti ilə bərpa edən Azərbaycanın haqq səsini öz gözləri ilə gördükləri kimi, qərəzə söykənmədən, obyektiv şəkildə çatdıracağına əminik.
Diplomatik korpusun nümayəndələrinin və hərbi attaşelərin fevralın 6-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri Mincevan qəsəbəsi ilə yekunlaşıb.
Akqabay Mıradov,
Fotolar: Əhməd Muxtar
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO