Xüsusi
Viran qoyulan məzarlıq, xaraba şəhər, dağıntılar arasında sənət... - Cəbrayılda DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - (REPORTAJ)
İnanmaq üçün həm də olub-bitənləri öz gözlərimizlə görməliyik. 30 ildir haqq səsimizi dünyaya çatdırdıq, tarixi torpaqlarımızın erməni işğalçıları tərəfindən viran qoyulduğunu, dağıdıldığını, talandığını, tarixi, dini və mədəni abidələrimizə qarşı vandalizm siyasətinin həyata keçirildiyini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxdıq. Faktlarla göstərdiklərimizə şübhə ilə yanaşanlar da, qərəzli bəyanatlar verənlər də, bununla yanaşı inananlar, yanımızda olub doğrunu deyənlər də oldu. Bu gün biz Vətən müharibəsində qalib tərəfik, 30 ilə yaxındır davam edən Ermənistanın işğalçılıq siyasətinə 44 gün ərzində son qoyduq, şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin, əsgərlərimizin şücaəti sayəsində tarixi ədaləti bərpa edib haqqı olanı öz əsl sahibinə qaytardıq.
İndi isə növbə qan töküb aldığımız torpaqları bərpa etmək, dirçəltmək, oraya həyatı yenidən qaytarmaqdır. Ancaq bütün bunlardan əvvəl mütləq ki, bu ərazilərdə törədilən vandallığı, dağıntıları, vəhşilikləri, Ermənistanın ekoloji terror siyasətini, mədəniyyət nümunələrimizə, tarixi-dini abidələrimizə qarşı törətdikləri vəhşiliyi dünyanın öz gözü ilə görməsidir. Bu məqsədlə işğaldan azad olunan ərazilərimizə ölkəmizə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin və hərbi attaşelərin səfərləri təşkil edilir.
Bu səfərlərdən növbətisi fevralın 6-da Cəbrayıl və Zəngilana təşkil edildi. Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin 30 il ərzində törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etmək idi.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsinə gediblər. 2016-cı il Aprel savaşında qəsəbə azad olunub və bərpa işləri aparılıb. Ancaq əraziyə daxil olarkən dağıdılan evlərin timsalında aydın görmək mümkün idi ki, 44 günlük müharibə zamanı da qəsəbə Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalıb, dinc sakinlər hədəf alınıb və evlərə xeyli ziyan dəyib. Ancaq buna baxmayaraq müşahidələrimizdən aydın olurdu ki, burada həyat qaynayır, sakinlər təsərrüfat işləri məşğul idilər.
Ərazi ilə tanış olan diplomatlara və hərbi attaşelərə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəsəbə haqqında məlumat verib və Cocuq Mərcanlının qayıdış rəmzimiz olduğunu qeyd edib. Daha sonra qonaqlar Cocuq Mərcanlı məscidi ilə yaxından tanış oldular.
Sonra isə diplomatlarla birlikdə Cəbrayıla yollanırıq. Yol boyu sarı təpələri, bir qədər getdikdə isə üzərində qaçan vəhşi atları görmək olar. Şəhər mərkəzinə çatana qədər dağıdılan, xarabalığa çevrilən, hər qarışından 30 illik əsirlik tarixi boylanan onlarla yaşayış mərkəzlərindən, kənd və qəsəbələrdən keçirik. Erməni işğalçılarının xalqımıza yaşatdığı dəhşətləri özündə əks etdirən evlərin uçuq, yarımçıq divarlarına diqqətlə baxsanız tarixin 30 illik qaranlıq səhifələrini görə bilərsiniz. Yəqin ki, bu mənzərəni bizim gördüyümüz qədər diplomatlar da gördülər. Onların bu barədə fikirlərini mütləq təqdim edəcəyik...
Şəhər ərazisinə daxil oluruq. Nə qədər göz gəzdirsək də burada yaşayış üçün yararlı tikili tapa bilmədik. Ərazi bütünlüklə yerlə-yeksan edilib.
Dağıdılan, yandırılan evlər erməni vandallığının izləridir. Ancaq bu vəhşiyin ən dolğun nümunəsi məzarlıqlardır. Biz bunu işğaldan azad edilən digər ərazilərdəki məzarlıqda çəkiliş apararkən də gördük. Bu dəfə Cəbrayıl qəbiristanlığında fərqli mənzərə ilə qarşılaşmayacağımızdan şübhəm yox idi. Belə də oldu, hətta daha dəhşətlisi.
Cəbrayıl şəhəri yaxınlığında yerləşən bu məzarlıq hündür təpənin üzərində yerləşir. Buradan baxmaqla şəhəri başdan-başa görmək mümkündür. Qəbiristanlığın hündürdə yerləşməsinə baxmayaraq, qəbirlərin xüsusi bir vasitə ilə qazıldığı aydın sezilir. Diplomatlara ermənilərin qəbiristanlıqdakı vəhşiliyindən danışan məşhur fotoqraf Reza Deqati də ekskavatordan istifadə etməklə qəbirlərin qazıldığını, cəsəd qalıqlarının çıxarıldığını təsdiqlədi.
O bildirdi ki, ermənilər cəsədin xüsusilə kəllə sümüyünü qızıl dişlərini götürmək məqsədilə çıxarıblar. Skletin digər qalıqları isə ətrafa səpələnmiş vəziyyətdə idi. Hətta orada azyaşlı insanın kəllə sümüyünə də rast gəldik.
Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər bu ağırlı mənzərəni dəhşətlər içərisində izləyirdilər. Bunu onların bəzilərinin təəccüb saçan simalarından, kədərlənən gözlərindən görmək olardı. Hətta bir neçə diplomat sümüklərə əllərə ilə toxundu, ermənilərin bu əməlindən təəssüfləndiklərini bildirdilər. Daha sonra hündür təpədən Cəbrayıl şəhərinin xarabalığını seyr etdilər.
R.Deqati diplomatlara dünyanın indiyə qədər bir çox münaqişə zonasında çəkiliş etdiyini, ancaq bunlardan ən dəhşətlilərindən birinin məhz Qarabağ ərazisi olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, burada ermənilər ağlasığmaz vəhşiliklər törədiblər. Məşhur fotoqraf şəhərin 90-cu illərin əvvəlindəki və işğaldan azad olunandan sonrakı vəziyyətinin şanlı şahidi olduğunu bildirərək müqayisələr apardı və əlavə etdi ki, bu illər ərzində burada dəhşətli dərəcədə dağıntılar törədilib.
Mənzərəni ağrı-acı içərsində izləməmək mümkün deyil. Qara buludları üzərindən çəkilən Cəbrayılın səmasına bizi daha da yaxınlaşdıran bu təpə əslində, şəhər mərkəzinin xarabalıqlarını daha geniş formada izləmək, erməni vəhşiliyinin izlərini tam ətraflı şəkildə görmək üçün sanki orada ucalıb. Əminəm ki, bu hündürdən viran qoyulan Cəbrayıla boylanan hər kəsin gözündə 27 il öncə xalqımıza yaşadılan dəhşət canlanacaq.
Proqram çərçivəsində Cəbrayılın şəhər mərkəzinə daxil oluruq. Yay klubunun qarşısında məşhur fotoqraf Reza Deqati dayandığımız ərazidə vaxtilə “Çinar” çay evinin olduğunun təsdiqləyən fotoşəkil nümayiş etdirir. Bu ərazi də ermənilər tərəfindən viran qoyulub. Vaxtilə Cəbrayıl sakinləri Yay klubu adlanan məkanda asudə vaxtlarını keçirirlərmiş.
27 ildən sonra ilk dəfə bu uçuq divarlar mədəniyyət nümunəsinə şahidlik etdi, Yay klubunun dağıntıları arasında canlı skripka ifası nümayiş etdirildi.
Diplomatlara buranın tarixi haqqında məlumat verildikdən sonra şəhərdən ayrılırıq. Gəldiyimiz yolla viran qoyulan şəhərin daha yaxından izləyərək geri qayıdırıq.
Növbəti dayanacağımız isə Azərbaycan memarlığının incisi Xudafərin körpüsüdür...
Ardı var...
Akqabay Mıradov,
Fotolar: Əhməd Muxtar
(02.08.2021)
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz