Xüsusi
Köln Universitetinin azərbaycanlı alimi: Bu strategiya tətbiq olunarsa, yay aylarına qədər... - - MÜSAHİBƏ
"Koronavirusla yeni mübarizə strategiyasında COVID-19 xəstələrinin sayının bir müddətlik sıfıra endirilməsi ilə bağlı plan yer almalıdır. Virusla yeni mübarizə strategiyasının tətbiqi üçün tam tərkibdə yeni heyətin formalaşdırılmasının zəruriliyi var. Komanda üzvləri hökumətin nəzarəti altında öz işinin peşəkarlarından ibarət olmalıdır".
Bu sözləri Publika.az-a müsahibə verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Nuran Abdullayevlə müsahibəni təqdim edirik:
- Doktor, hazırda koronavirusun yeni ştammı region ölkələrində yayılıb (Rusiya, Türkiyə). Bu, Azərbaycan üçün bir siqnal olmalıdırmı? Mutant virus nə dərəcədə təhlükəlidir?
- Məlum olduğu kimi, dünyanın bir çox ölkələrində koronavirusun yeni mutasiyalarına rast gəlinib. Digər tərəfdən, mutasiya olunmuş virusun geniş yayıldığı müşahidə olunur. İlk olaraq İngiltərədə aşkar olunan yeni mutasiya sonradan digər ölkələrdə də yayılmağa başladı. Əvvəlcə onu deyim ki, virusun mutasiyaları barədə elmə bir çox məlumatlar bəlli olsa da, hazırda bunun öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatlar davam etdirilir. Mutasiyanın yeni aşkar olunduğu ilk günlərdə bunun daha təhlükəli və öldürücü olduğu deyilsə də, aparılan elmi tədqiqatlar hələ ki, deyilənləri təsdiqləməyib. Sadəcə olaraq, hazırda mutasiyaların bildiyimiz virusdan yeganə fərqi onun daha sürətlə yayılmasıdır. Sürətlə yayılmasının səbəbləri hələ də araşdırılır. İlkin mərhələdə ehtimal edilir ki, virusun mutasiyalarının sürətlə yayılmasının səbəbi insanların ona yoluxmasından xəbərsiz olmasıdır. Belə ki, əksər hallarda mutasiya olunmuş virusa yoluxanlar xəstəliyi simptomsuz keçirə bilər ki, özləri bundan xəbərsiz olar və belə olduqda onlar özlərini təcrid etməyə heç bir zərurət görməz. Bayıra çıxar, küçədə gəzər, insanların çox olduğu məkanlara gedər və beləliklə də virus sürətlə yayılmaqda davam edər.
Azərbaycanda isə rəsmi məlumatlara görə, virusun mutasiyaları aşkar olunmayıb. Son günlərdə virusla bağlı gündəlik yoluxma və ölüm sayında müşahidə olunan azalmalar da ölkəmizdə epidemioloji vəziyyətin stabilləşməsinin göstəricisidir. Amma bu o demək deyil ki, virus daha yoxdur. Virus bizim aramızdadır, heç yerə getməyib. Ona görə də yeni mutasiyaların yayılmasının qarşısının alınması üçün indidən tədbirlərə başlanılmalıdır. Çünki mutasiyaların qarşısının alınması yalnız canlı ünsiyyətlərin sayının minimuma endirilməsi ilə mümkündür. Ona görə də hər kəs öz məsuliyyətini dərk etməli, virusun yayılmasının qarşısını almaq üçün deyilən bütün qaydalara riayət etməlidir. Əgər yadınızdadırsa, ötən il virusa yoluxma sayı azaldıqdan sonra yumşalmalara gedilib və yenidən yoluxma sayı artandan sonra məhdudiyyətlərin, sərt karantin rejiminin təkrar tətbiqinə başlanılıb. Əgər yenidən sərtləşdirilmiş xüsusi karantin rejiminə qayıtmaq istəmiriksə, bu zaman qaydalara əməl etməli və zərurət olmadan evdən çıxmamalıyıq.
- Yoluxma sayı azalıb, bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Özünüz də qeyd etdiniz ki, bundan öncə 2 dəfə yumşalma tədbirləri olmuşdu, ancaq bəzi insanlar bir qədər məsuliyyətsizlik nümayiş etdirdilər, yenidən qapanmalara gedildi. Sizcə, hazırkı durum insanlarda rahatlıq yaratmalıdırmı?
- Hazırda ölkəmizdə virusa yoluxma və virusdan ölüm halları azalıb. Təbii ki, bütün bunlar sevindiricidir. Eyni zamanda bu, müəyyən zaman çərçivəsində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin müsbət nəticələrindəndir. Amma hər kəs bilməlidir ki, sərt karantin rejimi sosial-iqtisadi itkilər baxımından arzuolunan deyil. Buna görə də tətbiq edilən sərt karantin tədbirləri yalnız insanların sağlamlığı və virusun geniş yayılmasının qarşısının alınması üçündür.
Hazırda ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib. Məktəblərdə əyani tədris bərpa edilib. Kafe və restoranlarda müştəri qəbuluna başlanılıb. Rayon və şəhərlərarası gediş-gəliş açılıb. Ancaq bu yumşalmalar virusun aramızdan getdiyi anlamına gəlməməlidir. Virus hələ ki, yoxa çıxmayıb. O, hər gün çalışdığı qədər yayılmaqda, can almaqda davam edir. Ona görə də hər kəs öz məsuliyyətini dərk etməli və yumşalmalardan sui-istifadə etməməlidir. Əgər bu gün SMS icazə ləğv olunubsa, bu, zərurət olmadan evdən bayıra çıxmaq anlamına gəlməməlidir.
Bu gün yumşalmalar dövründə tətbiq edilən qaydalara riayət olunmaması - tibbi maskadan imtina edilməsi, sosial məsafənin gözlənilməməsi, cəm halında toplaşma virusun, xüsusilə də mutasiya olunmuş virusların yayılma sürətinin yenidən artmasına gətirib çıxara bilər. Bu zaman kütləvi yoluxmalar, hətta təkrari yoluxmalar da virusun növbəti dalğasına səbəb olar. Hazırda dünyanın bir çox ölkələrində mutasiyaların sürətlə yayıldığı müşahidə olunur. Belə bir zamanda ölkəmizdə ancaq dövlət, səhiyyə və xalq birliyi nəticəsində virusun yeni dalğasının qarşısını almaq mümkündür.
- Ölkəmizdə yanvarın 18-dən vaksinasiya prosesi başlayıb. 8 fevraldan isə 65 yaşdan yuxarı şəxslərin peyvənd olunmasına başlanıb. Sizcə, nəticə necə olacaq? Vaksinasiyanın müsbət nəticələrini nə zaman görməyə başlayacağıq?
- Hər kəs bilməlidir ki, vaksinasiyaya başlamaq pandemiya ilə mübarizənin yeni mərhələsinə keçid deməkdir. Buna da Azərbaycan dünyanın ən öndə gedən ölkələri ilə eyni vaxtda başladı. Ümumiyyətlə, pandemiyaya qarşı mübarizənin əsas məqsədi 70 faiz insanların immunitet qazanmasına nail olmaqdır ki, bununla da virusun yayılmasının qarşısı alınsın. Amma unutmayaq ki, insanların virusa bir daha yoluxmaması üçün ömürlük immuniteti qazanmaq lazımdır. Bu gün dünyada tətbiq olunan peyvəndlərin ömürlük immuniteti yarada biləcəyi böyük sual altındadır və hətta bu, elmi tərəfdən gözlənilən deyil. Çünki hazırda tətbiq edilən birinci nəsil peyvəndlərin əsas məqsədi ölüm hallarını aşağı salmaq və insanları xəstəliyin ağır kliniki gedişindən qorumaqdır. Hazırda ikinci nəsil peyvəndlərlə bağlı elmi tədqiqatlar davam etdirilir. Əgər bu istiqamətdə aparılan tədqiqatların nəticəsi uğurlu olarsa, ilin sonlarında tətbiqinə başlanılacaq ikinci nəsil peyvəndlər selikli qişa immuniteti yaradaraq insanları ömürlük virusa yoluxmaqdan qoruya bilər.
- Doktor, müsbət nəticənin qorunub saxlanması üçün hansı nəzarət mexanizmi tətbiq olunmalıdır? Sizcə, qaydalar sərtləşdirilməlidirmi?
- Koronavirusla yeni mübarizə strategiyasında COVID-19 xəstələrinin sayının bir müddətlik sıfıra endirilməsi ilə bağlı plan yer almalıdır. Virusun dünyada bir ildən çox hökm sürdüyü müddət ərzində müxtəlif strategiyalar tətbiq olunsa da, elm onunla mübarizədə ən uğurlu təcrübələrin mövcudluğunu ortaya qoyub. Belə ki, bu müddət ərzində bir çox ölkələrin koronavirusla mübarizə strategiyasında dəyişikliklər müşahidə olundu. Yəni ilkin mərhələdə elmə əsaslanmayan qərarlar elmi əsaslı strategiyalarla əvəzləndi, baxmayaraq ki, hələ də bəzi ölkələr öz bildikləri yanlış mübarizə strategiyasını qüvvədə saxlayıb. Hazırda bir neçə ölkədə viruslu xəstələrin sayının müddətli olaraq sıfıra endirilməsi konsepsiyası hazırlanır. Bu, Azərbaycanda da tətbiq olunmalıdır. Bu strategiyanın əsas məqsədi virusla keçmişdəki mübarizə formalarından fərqli olaraq, koronaviruslu xəstələrin sayının müvəqqəti olsa da sıfıra endirilməsinin mümkünlüyünü sübut etmək, bu effekti saxlamaq və davamlı şəkildə virussuz həyata dönməkdən ibarətdir. Burada artıq bir neçə ölkələrdə bu istiqamətdə atılan addımları və strategiyanın effektivliyini misal gətirmək olar.
Virusla yeni mübarizə strategiyasının tətbiqi üçün tam tərkibdə yeni heyətin formalaşdırılmasının zəruriliyi var. Komanda üzvləri hökumətin nəzarəti altında öz işinin peşəkarlarından ibarət olmalıdır. Üzvlər arasında tibb mütəxəssisləri və virusoloqlar olmaqla yanaşı, siyahıya epidemioloqlar, sosioloqlar, psixoloqlar, nəqliyyat mütəxəssisləri, riyaziyyatçılar, fiziklər, jurnalistlər və bir neçə digər sahədən olan elm adamları da daxil edilməlidir. Bu komanda qısa müddət ərzində Azərbaycanda koronaviruslu xəstələrin sayının hansı şəkildə sıfıra endirilməsinin mümkünlüyü ilə bağlı hökumətə təkliflər verməlidir. Eyni zamanda strategiya qəbul edildikdən sonra ictimaiyyətə təqdim edilməli və hər kəs bu strategiya ilə birlikdə virusa qarşı mübarizə aparmalıdır. Çünki bir daha vurğulayıram ki, təkcə birinci nəsil peyvəndlə virusun qarşısını almağın mümkünsüzlüyü bəllidir. Qeyd etdiyim istiqamətdə mənim də Azərbaycan üçün fərqli strategiyam var və bunu yuxarıda qeyd etdiyim üzvlərlə məmnuniyyətlə müzakirə edə bilərik. Əminəm ki, bu strategiya tətbiq olunarsa, yay aylarını arzuladığımız kimi keçirmək imkanımız olar.
Akqabay Mıradov
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz