Xüsusi
Bu dövrdə yazdığım bütün şeirləri Prezidentimizə həsr etmişəm - Fikrət Qoca
Bu dəfə Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca ilə söhbətləşdik. Sağlamlığından, yaradıcılığından tutmuş şanlı qələbəmizə kimi hər şeydən danışdıq.
Xalq şairinin Publika.az-a müsahibəsini təqdim edirik:
- Fikrət müəllim, səhhətiniz, sağlığınız necədir?
- Mən yaşda olan adamın səhhəti necədirsə, eləyəm. Yaşım 85-dən yuxarıdır. Nə çox yaxşıdır, nə də çox pisdir.
- Vətən müharibəsindəki qələbəni necə qarşıladınız?
- Qələbəni hələ də qarşılayıram. Tarix boyu yaşamadığımız sevinci yaşadıq. Bu qələbəni illərlə gözlədik. Qələbə üzünə həsrət idik. Sağ olsun Ali Baş Komandanımız, ordumuz. Bizə böyük qələbə bəxş etdilər. Neçə əsrlərdən sonra ilk dəfə torpaqlarımızı azad etdik. Qələbə qazandıq. Bu, böyük bir tarixi hadisədir. Böyük sevinc yaşadıq. Bayrağımız da sevindi, xalqımız da... Bayrağımız layiq olduğu ən uca zirvələrə sancıldı.
- Qələbəmizə şeir həsr etmisinizmi?
- Bəli. Müharibənin ilk günündən bu günə kimi qələbəyə həsr olunan şeirlər yazmışam. Müharibə günlərində də hər gün şeir yazırdım. Çünki başqa cür özümü ovuda bilmirdim. Ordumuz vuruşurdu, çarpışırdı, mən yerimdə dura bilmirdim. Onların qəhrəmanlığını tərənnüm edirdim. Mən də öz içimdə döyüşürdüm. Hisslərimi, yaşantılarımı, qələbə sevinclərimizi şeirə köçürürdüm. Onların bir qismi mətbuatda çap olunub. Bir hissəsi isə hələ çapa getməyib. Bu şeirləri müharibə gündəliyi də adlandırmaq olar.
- Şuşada Vaqif poeziya günləri keçiriləcək. İştirak edəcəksinizmi?
- Sağlıq olsun, çalışacağam ki, iştirak edim. Çünki bu, çox gözəl gündür, əvəzsizdir. Orada ab-hava da başqa olur. Əlbəttə, Vaqif poeziya günlərinə qatılmaq istəyərəm.
- Ötən il yubileyiniz keçiriləcəkdi. Amma deyəsən qaldı...
- Mənə ən böyük yubiley hədiyyəsi qələbəmiz oldu. Ondan o tərəfə nə yubiley?! O qələbədən mənə də, yubileyimə də pay düşür. Çünki bu torpaq həm hamımızın vətənidir, həm də ayrı-ayrılıqda hər birimizin vətənidir. Bu qələbədən hamıya sevinc və yubiley payı düşür.
- AYB-nin katibisiniz. Yazıçılar Birliyinin qurultayı da ildən-ilə yubanır. Səbəbi nədir?
- Demək olar ki, biz qurultaya hazır idik. Hər şey hazırlanmışdı. Amma bu pandemiya məsələsi gəlib araya düşdü. Ona görə də yubandı. Hər şey yarımçıq qaldı. Çox yaxşı hazırlaşmışdıq, bir şey qalmamışdı. Pandemiya hücum çəkdi bütün dünyaya. Hər şeyi dondurdu. Qurultay da elə-belə şey deyil, çox ciddi məsələdir. Gərək yaxşı hazırlaşasan. Xaricdən qonaqlar dəvət edirsən, onları yaxşı qarşılamalısan, yerləşdirməlisən. Pandemiya dövründə də 10 nəfərdən artıq qrupun bir yerdə toplaşmasına icazə verilmir. Sarılmağa, qucaqlaşmağa da icazə yoxdur. Şairlər də zəif adamlardır. Qorunmasalar, tez yoluxa bilərlər. Həm də istiqanlı olur şairlər. Öpüşüb-görüşməsələr alınmaz (gülür). Ona görə də gözləmək lazımdır. Xaricdən qonaqlar da gələcək. Yollar, sərhədlər açılmalıdır. Yəqin ki, ilk fürsətdə, imkan olan kimi qurultay baş tutacaq.
- Fikrət müəllim, Yazıçılar Birliyinin qurultayının Şuşada keçirilməsi məsələsi var idi. Siz buna necə baxırsınız?
- Qurultayın Şuşada keçirilməsi çox yaxşı olardı. Vəziyyətə baxacağıq. Orada qurultay keçirilməsi üçün imkanlar məhduddur. Ermənilər işğal dövründə hər şeyi, infrastrukturu dağıdıblar. İndi sürətli iş gedir. Şuşa yenidən bərpa olunur. Amma onda da turistlərin, səyyahların əlindən bizə imkan olmayacaq. Yollar, sərhədlər açılan kimi turistlər Şuşaya axışacaq. Müharibə hələ təzə bitib. Dünya ölkələri, turistlər Qarabağı indi-indi tanıyır. Çünki uzun illər idi ki, biz dünyaya Qarabağımızı göstərə bilmirdik. Ona görə də yollar açılan kimi xarici qonaqlar ilk növbədə Qarabağı, Şuşanı görməyə tələsəcəklər. Xarici qonaqlar ölkəmizə gəlir, işğaldan azad olunmuş ərazilərimizə gedirlər. Dağıntıları, ermənilərin vandallıqlarını görürlər. Dünya indi-indi başa düşür ki, biz illərdir kimlərlə, hansı millətlə müharibə aparmışıq. Bunlar faşist toxumlarıdır. Qarabağ faşizmin nəticələrinin əyani sərgisidir. Azərbaycana, Qarabağa gələn səyyahlar, turistlər bunu əyani şəkildə görəcəklər. Mən istərdim ki, ermənilərin vəhşiliklərinin dünyaya çatdırılması üçün dağıntıların bir qismini olduğu kimi saxlasınlar. Eyni zamanda, yenidənqurma ilə dağıntıları da müqayisə etmək üçün ermənilərin “əl işlərinin” bir qismini saxlamaq lazımdır.
- Qələbə ilə bağlı Prezidentə də şeir yazdınızmı?
- Müharibə və ondan sonrakı dövrdə yazdığım bütün şeirlərdə Prezidentimiz, onun fəaliyyəti öz əksini tapıb. Müharibəni Ali Baş Komandan kimi o aparırdı. Rəhbərliyi o edirdi. Bütün şeirlərimdə qələbənin memarı kimi Prezidentimizdən və qəhrəman əsgərlərimizdən bəhs etmişəm. Prezident müharibə dövründə bütün cəbhələrdə mübarizə aparırdı və qalib gəlirdi. Jurnalistlərə müsahibə verirdi. Hərəsi ilə öz dilində danışırdı. Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. O da ayrı müharibə idi. Hər ölkədən ən sırtıq, ən azğın jurnalist göndərirdilər, cənab Prezident onları faktlarla susdururdu. Fakt qarşısında qoyurdu. Dövlət başçımız dünyanın aparıcı ölkələrinin prezidentləri ilə söz müharibəsindən də qalib çıxdı. Bu, prezidentlərin müharibəsi, mübarizəsi sayılır. Bu, Prezidentimizin dünyanın ən inkişaf etmiş ölkələrlə mübarizəsi idi. Biz qələbə çaldıq. Bir daha deyirəm ki, bu sevinc mənə uzun illər bəs edəcək. Hələ də qələbəmizin sevincini yaşayıram.
Tural Turan
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi