Xüsusi
Bu sistemin tətbiqi imkan verəcək ki, özünü jurnalist kimi təqdim edənlər... - Zifəroğlu
“Bu gün mediamızda jurnalistikanın peşə normalarına, prinsiplərinə uyğun gəlməyən, amma özünü jurnalist kimi təqdim edən kifayət qədər şəxslər mövcuddur. Vahid jurnalist kartları sisteminin tətbiq edilməsi bizə eyni zamanda bu kimi problemlərin aradan qaldırılmasında çox ciddi təkan verəcək”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu Publika.az-a müsahibəsində belə deyib.
Müsahibəni təqdim edirik:
- Vüqar müəllim, medianın durumunu necə qiymətləndirirsiniz? Ümumilikdə, Azərbaycan jurnalistikası ürəkaçandırmı? Nələr çatmır və nəyə ehtiyac var?
- Azərbaycan mediası çox böyük tarixi inkişaf yolu keçib. Keçdiyi bu inkişaf yolu, sözün əsl mənasında, şərəfli bir tarixdir və böyük salnamədir. “Əkinçi”dən başlanan bu yol Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının şanlı tarixi kimi dəyərləndirilir. Bizim böyük publisistlərimiz, məktəb yaratmış mətbuat nümunələrimiz var. Müasir dövrdə də mən deyərdim ki, Azərbaycan mediası öz ənənələrindən çıxış edərək, sadiqlik nümayiş etdirərək bu gün də fəaliyyət göstərir. Təbii ki, söhbət professional jurnalistikadan gedir. Öz kökünə istinadən, əsas meyarları, dəyərləri unutmamaqla bu gün Azərbaycan mediası yeni tendensiyaları özündə ehtiva etməklə fəaliyyətini davam etdirir. Təbii ki, müəyyən problemlər və çatışmazlıqlar var. Bunlar təbiidir. Ancaq ölkəmizdə media ilə bağlı islahatlara başlanılıb. Bu islahatların ən vacib elementi kimi biz Medianın İnkişafı Agentliyinin yaradılmasının şahidi olduq. Düşünürəm ki, bundan sonra da mövcud problemlər mərhələli şəkildə həll olunacaq və neqativ hallar aradan qalxacaq.
- Medianın İnkişafı Agentliyi media sahəsində hansı islahatları həyata keçirməlidir? Yeni qurumdan gözləntiləriniz nələrdir?
- Medianın İnkişafı Agentliyinin yaradılması yeni səhifədir və son dərəcə əhəmiyyətli addım oldu. Ümumiyyətlə, KİVDF-nin ləğvi və Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində islahatların başlanğıcı hesab edilə bilər. Agentlik öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına çox böyük dəstək verəcək. Bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, bir sözlə, mediamızın nüfuzunu daha da artıracaq. Bu, müasir, peşəkar, qərəzsiz medianın formalaşmasının zərurətindən irəli gələn addımdır.
Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə imkan verəcək. Fərmanda da qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir.
- Bəs, agentliyin yaradılmasını hansı amillər zəruri etdi?
- Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını dəyişir. Dəyişikliklər təbii olaraq özünü göstərməlidir. Janrlar dəyişdikcə, jurnalistikanın prinsiplərinə, jurnalistikanın fəlsəfəsinə baxış dəyişir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması son dərəcə əhəmiyyətli və ciddi hadisədir. Yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması baxımından da agentliyin üzərinə vəzifələr qoyulmaqdadır.
- Müasir, qabaqcıl fəaliyyət prinsiplərinə söykənən, güclü, siyasiləşməmiş, “hər şeyi bir rəngdə görməyən”, peşəkar və qərəzsiz medianın, eyni zamanda savadlı jurnalistlərin formalaşması bu gün aktualdır. Sizcə, Medianın İnkişafı Agentliyinin bu baxımdan hansı rolu olacaq?
- Agentlik eyni zamanda onlayn mediada mövcud nizamsızlığın və mətbuat azadlığından sui-istifadə hallarının da aradan qaldırılmasında önəmli rol oynayacaq. Nəzərə almaq lazımdır ki, bu gün ölkə mediasında çalışanların heç də hamısı ixtisasçı jurnalistlər deyil və bu sahəyə maraq çox olduğundan həvəskar axını da böyükdür. Bu isə bir çox hallarda xəbər standartlarına əməl edilməməsi, müxtəlif dezinformasiya və feyk xəbərlərin yayımlanması, hətta peşə norma və prinsiplərinin pozulması ilə nəticələnir. Bu baxımdan məhz onların maarifləndirilməsi, peşəkar jurnalist kimi yetişmələri üçün müxtəlif seminar və təlimlərin təşkil edilməsi vacib məqamdır. Çox müsbət haldır ki, agentliyin nizamnaməsində media sahəsində mütəxəssislərin hazırlanması istiqamətində əlavə təhsilin təşkili məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
- Hazırda müzakirə olunan mövzulardan biri də vahid jurnalist vəsiqələridir. Burada Türkiyə modeli nümunə olaraq göstərilir. Sizcə, vahid jurnalist kartları verilərsə, jurnalistlər hansı üstünlükləri əldə edəcəklər? Türkiyədən başqa, digər ölkələrdə necədir? Hansı ölkələrin təcrübəsini tətbiq etmək olar?
- Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından da önəmlidir. Bu mənada “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində vahid jurnalist vəsiqələri ilə bağlı müzakirələrin aparıla biləcəyi ilə bağlı agentliyin direktoru Əhməd İsmayılovun səsləndirdiyi fikir də son dərəcə maraqlıdır. Bu, çox effektiv və müsbət tərəfləri olan təcrübədir. Bu gün bir sıra Qərb ölkələrində, o cümlədən qardaş Türkiyədə də bu təcrübədən istifadə edilməkdədir. Bir çox ölkələrdə jurnalistlərə müəyyən imtiyazlar verən sarı kart sistemi var. Yəni jurnalistlər bu kartdan bəhrələnməklə müxtəlif sahələrdə güzəştlər əldə edirlər. Hətta bu kartlar şəxsiyyət vəsiqəsini də əvəz edəcək statusa malik olur. Bir sıra ölkələrdə hətta vahid kart sisteminin özü də bir neçə kateqoriyaya bölünür. Məsələn, Türkiyədə “Sarı”, “Sürekli basın kartı” və “Basın şeref kartı” var. Bunlar da Basın Kartları Komissiyası tərəfindən verilir.
- Bəs, vahid jurnalist vəsiqələrinin müzakirəsində nələrə diqqət edilməlidir? Sizcə, press-kartlar “reket jurnalistlər”lə mübarizədə, o cümlədən, qeyri-peşəkar media işçilərinin sayının azalmasında əhəmiyyətli olacaqmı, yəni peşəkar jurnalistləri onlardan fərqləndirməyə imkan verəcəkmi?
- Ümumiyyətlə, vahid press-kartların müzakirəsi zamanı iki vacib məqama diqqət etmək lazımdır. Onlardan birincisi, həmin press-kartların beynəlxalq müstəvidə tanınması məsələsidir. Bu standartlarla jurnalist akkreditasiyası olduğu təqdirdə, həmkarlarımız xarici ölkələrdə də həmin press-kartla rahat şəkildə fəaliyyət göstərə bilər. Bu zaman onların hüquqları və peşə fəaliyyətindən irəli gələrək atacağı addımlar fəaliyyət göstərdiyi ölkə tərəfindən qorunur. Bu, çox vacib məsələdir. Təbii ki, bu, məsələnin beynəlxalq tərəfidir.
İkinci məqam isə bu gün ölkə mediasında olan mənzərə ilə bağlıdır. Açıq etiraf edək ki, bu gün Azərbaycan media məkanında, əsasən də internet üzərindən fəaliyyət göstərən informasiya portallarında çalışanların heç də hamısı peşəkar deyil. Və ya bu informasiya portalları bəzən heç də jurnalistikanın ali prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərmək üçün yaradılmır. Əfsuslar ki, bu gün media məkanımızda “informasiya çirkliliyi”, “reket jurnalistika” problemləri var. Bu gün mediamızda jurnalistikanın peşə normalarına, prinsiplərinə uyğun gəlməyən, amma özünü jurnalist kimi təqdim edən kifayət qədər şəxslər də mövcuddur. Bu sistemin tətbiq edilməsi bizə eyni zamanda bu kimi problemlərin də aradan qaldırılmasında çox ciddi təkan verəcək. Vahid jurnalist vəsiqələrinin verilməsi bizə peşəkarlıq meyarlarına cavab verən jurnalistlərimizi də fərqləndirmək imkanı verəcək. Təbii ki, belə bir qərar olarsa, vahid press-kartların verilməsi həm də müəyyən prosedurlarla müşayiət olunacaq. Hesab edirəm ki, jurnalistikanın norma və prinsiplərinə uyğun şəkildə davranış nümayiş etdirən peşəkar media quruluşlarının əməkdaşlarına vahid press-kartlar veriləcək. Bu səbəbdən ideya çox gözəldir və tətbiq olunması yerinə düşərdi.
- Sizcə, blogerlərə də vahid jurnalist vəsiqələri verilməlidirmi?
- Digər maraqlı məqam da budur. Bu gün dünya jurnalistikasında sərbəst jurnalistika çox geniş şəkildə tətbiq edilir, o cümlədən bloger fəaliyyəti. Bloger fəaliyyəti bu gün müasir medianın ayrılmaz tərkib hissəsinə çevrilib. Xarici praktikaya nəzər yetirsək görərik ki, bəzi blogerlərin izləyicilərinin sayı hansısa professional media orqanının auditoriyası ilə eyni saydadır. Bu mənada həmin blogerlərin fəaliyyətinə qiymət verilərək onlara da bu press-kartlar veriləcək və verilməlidir də. Çünki bu gün müasir media yalnız ənənəvi KİV-dən ibarət olan bir sistem deyil. Biz bu gün müasir media formatlarından danışırıq. Bu mənada bu məsələdə bunlar nəzərə alınmalıdır. Bu baxımdam vahid press-kartların verilməsi meyarlarının dəqiq müəyyənləşdirilməsi olduqca önəmlidir.
Akqabay Mıradov
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO