Xüsusi
Qızımın biri kosmos üzrə mühəndis, o biri isə... - Aynur Sofiyeva ilə CÜMƏ SÖHBƏTİ
O, Azərbaycanın unikal zəkaya sahib şahmatçısı kimi hələ sovetlər dövründə bütün SSRİ-də tanınırdı. 21 yaşında beynəlxalq qrossmeyster dərəcəsi almışdı. İkinci çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilmişdi. 5 il Azərbaycan Şahmat Federasiyasının prezidenti kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir. Yəqin ki, tanıdınız, söhbət Aynur xanım Sofiyevadan gedir.
Publika.az A.Sofiyeva ilə müsahibəni təqdim edir:
- Aynur xanım, təmsil olunduğunuz hakim siyasi qurumun - Yeni Azərbaycan Partiyasının son qurultayını necə qiymətləndirirsiniz?
- Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edildi. Sonuncu, yəni VI qurultaydan ötən 3 illik dövr ərzində ölkəmizin həyatında çox vacib hadisələr baş verib. Müxtəlif istiqamətlər üzrə vacib addımlar atılıb. Həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri uğurla keçirilib. Mühüm nailiyyətlər əldə olunub. Yeni hədəflər müəyyən edilib. Əlbəttə ki, bu hadisələr içərisində bizim üçün ən önəmlisi 44 günlük Vətən müharibəsi və şanlı qələbəmiz oldu. Biz bu zaman kəsiyində Prezident-Ordu-Xalq birliyini və bu birlikdən nəticələnən möhtəşəm zəfəri gördük. Prezidentimizin də qeyd etdiyi kimi, bu müharibəyə 17 il hazırlıq prosesi getdi, uğurlu siyasət və iqtisadi imkanlarımızın güclənməsi, xarici siyasət istiqamətində qazanılan uğurlar, nüfuzumuzun beynəlxalq müstəvidə artması və Azərbaycanda olan inam və etimad, vətənpərvər, milli ruhda tərbiyə alan gəncliyin, bir nəslin formalaşması – bütün bunlar qələbəmizi labüd etdi.
- Kadr və struktur dəyişiklikləri oldu, gəncləşmə siyasəti əsas xətt kimi götürüldü. Fikirlərinizi almaq istərdik...
- Yaşanan son hadisələr bütün məsələlərə yeni baxış, yeni strategiyanın tətbiqini tələb edir. Dövlətin apardığı məqsədyönlü siyasət, həyata keçirilən genişmiqyaslı islahatlar işğaldan azad olunmuş torpaqlarımıza istiqamətlənən yeni strateji fəaliyyəti şərtləndirir. Bütün bunlar nəinki Azərbaycanda, ümumiyyətlə regionda yeni vəziyyət, yeni əməkdaşlıq imkanları yaradıb. Belə bir şəraitdə hər bir məsələ üzrə olduğu kimi, əlbəttə ki, partiya ilə bağlı məsələlərdə də yeni baxış tələb olunurdu. Bundan irəli gələrək Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi və yeni nizamnaməsi təsdiq olundu. Prezidentin qurultaydakı proqram xarakterli çıxışı Yeni Azərbaycan Partiyasının üzvləri olaraq bizim üçün istiqamətverici oldu, qarşımıza konkret vəzifələr qoydu. Dövlətin gənclər siyasəti, gənclərə olan inamı və gənclərin inkişafı, sağlam mühitdə fəaliyyət göstərməsi istiqamətində aparılan siyasət partiyada da özünü göstərir. Gənclər üçün yaradılan imkanlar, gənc kadrların müxtəlif sahələrdə təmsil olunması öz bilik və bacarıqlarını, potensiallarını göstərmələri üçün mühüm əhəmiyyət kəsb edir.
- İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeystersiniz. Hazırda Azərbaycan şahmatının simvollarından biri kimi bu idman sahəsinin perspektivlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan şahmat məktəbi bütün dünyada özünü təsdiq edib. Bu gün Azərbaycan şahmatçıları dünyanın ən güclü 10 şahmatçısı sırasına daxil olub. Şahmatçılarımız şahmat tacı uğrunda mübarizələrini davam etdirirlər. Dünən və bu gün şahmat sahəsində dünya səviyyəsində qazanılmış uğurların təməlini məhz Ulu Öndər Heydər Əliyev qoymuşdu. Elə sovet dövründə hakimiyyətə gəldiyi ilk illərdən bütün rayonlar üzrə şahmat məktəblərinin açılması, uşaqların idmana, o cümlədən şahmata cəlb olunması, bu intellektual oyuna marağın artırılması, uşaq və gənclər arasında təbliği və əlbəttə ki, müstəqillik qazanılandan sonra da Ulu Öndərin hakimiyyətə qayıdışı ilə yenidən bu istiqamətdə işlər gücləndirildi. İstedadlı şahmatçılarımız üçün stimullaşdırıcı tədbirlər həyata keçirildi və bir-birinin ardınca Azərbaycan şahmatçıları dünya miqyasında uğurlar qazanmağa başladılar. Bu gün də biz Avropa və dünya səviyyəsində keçirilən müxtəlif yarışlarda şahmatçılarımızın qazandığı uğurların şahidi oluruq. Bu istiqamətdə daha böyük uğurlar qazanmaq üçün potensialımız var.
- Ailədə sizin yolunuzu davam etdirənlər varmı?
- İki qızımın şahmat idman növü ilə bağlı ümumi məlumatları olsa da, peşəkar şəkildə bu idmanla məşğul olmurlar. Tamam fərqli sahələr seçiblər. Qızlarımın biri kosmos üzrə mühəndislik, digəri isə iqtisadiyyat, həm də dizayner ixtisasları üzrə ali təhsil alıb. Hazırda ixtisasları üzrə özlərini inkişaf etdirirlər.
- Hər bir uşaq orta məktəbi birinci sinifdən başlayır. Amma siz yaşıdlarınızdan fərqli olaraq birbaşa ikinci sinfə getmisiniz. Bu qeyri-adiliyin səbəbi nə idi?
- Birinci sinfə başlayanda xüsusi istedadımın olması, birinci sinfə aid, eyni zamanda əlavə dərslik materiallarını mənimsəməyim və müvafiq biliklərimin olduğunu nəzərə alaraq, eyni zamanda həmin dövrdə təhsil siyasətində həyata keçirilən tədbirlər mənim üçün də imkan yaratdı və xüsusi imtahan verərək birbaşa ikinci sinfə daxil oldum.
- Dəqiq elmlərdən həmişə yüksək nəticələr əldə etsəniz də, jurnalistikanı seçmisiniz. Səbəb nə idi?
- Jurnalistika ixtisasını məntiqə əsaslanaraq seçdim. Məktəbi bitirdikdən sonra imtahan verəcəyim dövr SSRİ çempionatı vaxtına təsadüf edirdi və mən də həmin yarışda iştirak etməli idim. Bu yarışın vacibliyini nəzərə alaraq Federasiyanın nümayəndələri ilə birlikdə əvvəlcədən mənim fikrim də öyrənilərək məntiq əsasında idman jurnalistikası üzrə təhsil almaq istiqamətində ümumi qərara gəldik. Həmin dövrdə yüksələn performansıma mane olmaması üçün bu sahəni seçdim. Sonradan isə vacib hesab etdiyim hüquqşünas ixtisası üzrə ikinci ali təhsil aldım.
- Siyasətlə şahmatı bəzən bir tərəzidə eyniləşdirirlər. Hansının gedişləri daha çox sərrastlıq tələb edir?
- Hər ikisində uzaqgörənlik, strateji və taktiki bacarıqlar çox vacibdir. Fərq isə ondan ibarətdir ki, birində fiqurlarla oynayırsan, digərində isə bunun canlı həyata tətbiqidir.
- Aynur xanım, son dövrlərdə məktəblilər, yeniyetmələr arasında intihar sayı artıb. Problemin əsas səbəbi ailədaxili münaqişələrdir, yoxsa başqa səbəblər də var? Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı hansı işləri görür?
- İntihar problemi aktual məsələ kimi bütün dünyada, eləcə də Azərbaycanda ciddi narahatlıq doğurur. Xüsusən də son dövrlərdə intihar hallarının sayında artım tendensiyası müşahidə olunur və bu da cəmiyyətin bütün üzvlərinin birgə mübarizəsini tələb edir. Xüsusilə də COVID-19 pandemiyasının yaratdığı fəsadlar, insan sağlamlığına olan depressiya və s. kimi mənfi təsirləri vacib rol oynayır. Cəmiyyətdə qadın və uşaqlarla bağlı, həssas qrupdan olan ailələrlə əlaqədar mövcud olan problemlərin qarşısının alınması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq və gənclərə yönəlik maarifləndirmə tədbirləri həyata keçirir. Məlumatlandırıcı bukletlərin, sosial çarxların hazırlanaraq həm Bakıda, həm də regionlarda əhali arasında paylaşılması təmin edilir. Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri risk qrupundan olan ailələrin aşkarlanması və onlarla psixososial işin aparılması istiqamətində fəaliyyətini davam etdirir.
- Regionlara diqqət çəkmək istəyirəm, bölgələrdə bununla bağlı hansı işlər görülür?
- Bütün rayon icra hakimiyyətləri yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar” fəaliyyət göstərir. Monitorinq qrupları yerlərdə vəziyyəti öyrənərək ailələrlə yaxından iş aparır, preventiv tədbirlər həyata keçirirlər. İntihar hallarının azalması üçün ilk növbədə maarifləndirmə tədbirləri ilə yanaşı, inam telefonlarının, psixoloji məsləhət xidmətinin inkişaf etdirilməsi, həssas təbəqədən olan insanlarla işləyən mütəxəssislərin bu sahədə məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi üçün Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə əməkdaşlığı ilə (860 - red.) qaynar xətt fəaliyyət göstərir. İntiharlarla mübarizə kimi məsuliyyətli iş əlaqədar dövlət qurumları, din xadimləri, mütəxəssislər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə yanaşı, vətəndaş cəmiyyətinin qarşısında bir sıra vəzifələr qoyur. İnsanların yaşadığı, təhsil aldığı və işlədiyi sahələrdə nikbin psixoloji ab-havanın yaradılması, uşaq, yeniyetmə və gənclərin maraqlarına uyğun məşğuliyyət sahələrinə yönləndirilməsi kimi tədbirlərin görülməsi insanlarda ruh yüksəkliyinə səbəb ola bilər. Çünki pandemiya, stress, insanların bir-birinə qarşı inamsızlığı, hətta həddindən artıq məşğuliyyətin olmaması, təklik, yaxud tənhalığın olması insanları intihara sürükləyə bilər. Bu səbəbdən də insanlarda motivasiya və özünəinam hissinin artırılması bu hadisələrin qarşısının alınmasında mühüm rol oynayır.
- Qayıdaq 44 günlük müharibəyə. Şuşa işğaldan azad olunanda hansı hissləri keçirdiniz?
- 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr, hakimiyyət uğrunda daxildə gedən çəkişmələr, xaotik situasiya və bundan istifadə edərək torpaqlarımızın bir-birinin ardınca düşmənlərimiz tərəfindən işğal olunması həmin dövrdə hər bir gənc üçün olduğu kimi, mənim üçün də bir faciə idi. Uzun illərdən sonra nəinki birbaşa düşmənimiz olan Ermənistana, o cümlədən bizə qarşı olan digər qüvvələrə qarşı da Azərbaycan xalqının, ordusunun, liderinin gücünün ortaya qoyulması qürurverici oldu. Qeyd olunduğu kimi, xüsusilə Şuşanın işğaldan azad olunması istiqamətində gedən hərbi əməliyyatlar bu gün xaricdə ali təhsil ocaqlarında öyrənilir. Çünki Şuşanın azadlığı uğrunda Azərbaycan əsgər və zabiti şücaət, peşəkarlıq, yüksək milli ruh göstərib. Torpaqlarımızın, o cümlədən Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman əsgərlərimizin, hərbçilərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
- Komitə olaraq müharibədən sonrakı fəaliyyətiniz nəyə fokuslanıb?
- Vətən müharibəsindəki qələbəmizdən sonra fəaliyyətimizi işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri istiqamətində yönəldirik. Dövlət Komitəsi olaraq xüsusilə müharibədən zərərçəkən ailələrə və uşaqlara yönəlik işlərimizi davam etdiririk. Komitə Vətən müharibəsi dövründə zərərçəkmiş ailələrin yanında olub, onların ehtiyaclarının müəyyən edilməsi məqsədilə psixososial iş aparıb və cəbhəyanı bölgələrə səfərlər edilib. Dövlət Komitəsinin, BMT-nin Uşaq Fondunun və ASAN könüllüləri gənclər təşkilatının birgə layihəsi olan “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində Goranboy, Ağdam, Gəncə və Tərtər rayonları ərazisində müharibədən zərərçəkmiş ailələr psixososial qiymətləndirmədən keçirilib. 2500-ə yaxın uşağa psixoloji yardım göstərilib. Hazırda uşaqların reabilitasiyası istiqamətində işlər aparılır.
- Erkən nikahlardan əziyyət çəkən ölkədə yaşayırıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini kimi sizdən soruşmaq istərdik, bunun qarşısını necə almaq mümkündür?
- Erkən nikahların və uşaqların təhsildən yayınma hallarının qarşısının alınması məsələsində dövlətimiz öz mövqeyini ortaya qoyur, mühüm tədbirlər həyata keçirilir, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində vacib addımlar atılır. Xüsusilə qeyd etməliyik ki, Ailə Məcəlləsinə dəyişiklik edilərək qızlar üçün nikah yaşı 17-dən 18-ə artırılıb. Cinayət Məcəlləsində qadını nikaha daxil olmağa məcbur etməyə görə, eləcə də nikah yaşına çatmayan şəxsi erkən yaşda nikaha məcbur etməyə görə cərimələrin məbləği müəyyən edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir. Bu sahədə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları müəyyən olunub. Bundan əlavə, Qaydanın icrasının səmərəliliyinin artırılması, aidiyyəti qurumların birgə fəaliyyətinin uğurlu formada təşkili məqsədilə 2021-ci il üçün İş Planı hazırlanıb.
- Erkən nikahların əsas fəsadları nələrdir?
- Erkən nikahlar daha çox yetkinlik yaşına çatmayan qızların hüquqlarının pozulmasına, ailələrin dağılmasına və məişət zəmnində zorakılıq hallarının artmasına səbəb olur. Dövlət Komitəsi regionlarda da maarifləndirmə işlərini və preventiv tədbirləri davam etdirir. Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri risk qrupundan olan ailələrlə görüşlər apararaq, problemləri aşkara çıxarır və bu kimi halların qarşısının alınması məqsədilə digər dövlət qurumları ilə birlikdə aidiyyəti tədbirləri həyata keçirir. Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələ ki, mövcuddur və narahatlıq doğuran bir məsələdir. Bəzən valideynlər qız uşaqlarını erkən yaşda ailə həyatı qurmağa sövq etmələrini mentalitet ilə əlaqələndirirlər. Biz həm də ailələrimizə olan qlobal və xarici təsirlərin şahidi oluruq. Milli-mənəvi, eləcə də ailə dəyərlərimizi yad təsirlərdən qorumalıyıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz çıxışlarında daim milli-mənəvi, eləcə də ailə dəyərlərinin önəmini, yaşlılara hörmət, ailədaxili münasibətlərin qarşılıqlı hörmət və sevgi üzərində qurulması məsələsinin önəmini qeyd edirlər. Onların dəyərli fikirləri bizim hər birimiz üçün həm mesajdır, həm də dövlətimizin mövqeyidir. Biz də bundan çıxış edərək dəyərlərimizi qorumalı və gələcək nəsillərə ötürməliyik. Odur ki, Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri cəmiyyətdə olan problemlərlə mübarizədə fəal olmalı, birlik nümayiş etdirərək öz dəstəklərini göstərməlidirlər.
Tural Turan
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA