Heç bir tədbir bayramda yoluxmanı əngəlləməyəcək, çünki... - Mütəxəssis ƏN VACİB məqamları açıqladı
Bizi izləyin

Xüsusi

Heç bir tədbir bayramda yoluxmanı əngəlləməyəcək, çünki... - Mütəxəssis ƏN VACİB məqamları açıqladı

Xalqımızın bütün adət-ənənəsi ilə ən ürəkdən keçirdiyi bayramlardan bəlkə də birincisi olan Novruz bayramı yaxınlaşdıqca hər kəsi ölkədəki mövcud sanitar-epidemioloji vəziyyət və onun təhlükəsizliyinin necə təmin olunacağı maraqlandırır. 9 qeyri-iş günü və möhtəşəm yaz havası bayramın bütün özəlliklərini yaşamağa və dadını çıxarmağa imkan versə də, koronavirus pandemiyası yaxamızı buraxmır.

Allerqoloq-pulmonoloq Ramin Nəriman Publika.az-a müsahibəsində ölkədəki mövcud vəziyyəti dəyərləndirib və bayram günlərində karantinə ehtiyac olub-olmadığına aydınlıq gətirib.

- Doktor, hazırda ölkədəki sanitar-epidemioloji vəziyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət yaxşıdır. Bunu Avropa və Qafqaz ölkələri ilə müqayisədə görmək mümkündür. Dünya miqyasında ümumi yoluxma 120 milyondan çoxdur. Azərbaycanla qonşu ölkələrdə, məsələn, Gürcüstanda yoluxma 275 mindən çox, Ermənistanda isə 179 min civarındadır. Hər iki ölkənin əhali sayı Azərbaycandan dəfələrlə azdır. Bununla belə, Azərbaycanda yoluxma sayı sözügedən ölkələrlə müqayisədə az – 240 min civarındadır. Dünya miqyasında yoluxma və ölüm sayını müqayisə edəndə görürük ki, Azərbaycanda pandemiya yaxşı və idarəolunan haldadır.

- Hazırkı vəziyyət karantin rejiminin sərtləşdirilməsini tələb edirmi?

- Bu günədək dünyada 120 milyondan çox insan COVID-19 xəstəliyi keçirib. Onlardan 2 milyon 265 min nəfəri dünyasını dəyişib. Bu o deməkdir ki, dünya miqyasında koronavirusa yoluxan hər 40-45 nəfərdən biri ölüb. Azərbaycanın statistikasında isə 240 min insanın koronavirus xəstəliyinə tutulduğunu, 3 min 280 nəfərin öldüyünü görürük. Bu o deməkdir ki, Azərbaycanda virusa yoluxan hər 70-75 nəfərdən biri dünyasını dəyişir. Statistikalar da göstərir ki, Azərbaycanda epidemioloji vəziyyət yaxşıdır və buna görə qapanmaya getməyə ehtiyac yoxdur. Mən karantin rejiminin sərtləşdirilməsinin əleyhinəyəm. Çünki sərtləşdirilməyə hər hansı bir əsas görmürəm. İstər tam qapanma olsun, istərsə də lokal olsun, buna ehtiyac yoxdur.

- Bayram günlərində məhdudiyyətlər tətbiq olunmasa, yoluxma hansı səviyyəyə qədər qalxa bilər?

- Artıq 1 ildir ki, koronavirus pandemiyası yayılıb və yayılmaqda davam edir. İnsanlar psixoloji gərginlikdən əziyyət çəkirlər. İnfeksiyaya görə uzun müddətdir ki, bir-birlərini ziyarət edə bilmirlər. Ona görə də istər bayram günlərində, istərsə də adi günlərdə koronavirusa görə karantin rejiminin sərtləşdirilməsinin əleyhinəyəm. Xəstəlik yeni başlayan vaxt karantin rejimin tətbiqi zəruri idi ki, xəstəxanalar infeksiyaya uyğun profilləşdirilsin, tibb müəssisələri hazırlansın, dərman preparatlarının tədarükü görülsün. Çünki xəstəlik geniş yayılanda ona uyğun hərəkət edilməli idi. İkinci dalğa dövründə isə gördük ki, ən sərt karantin rejimləri belə xəstəliyin pik səviyyəyə çatmasına, xəstəxanaların dolmasına mane ola bilmir. Bu o deməkdir ki, artıq hər hansı karantin rejiminin tətbiq olunması, qapanmaya gedilməsi gərəksizdir. Ona görə istənilən şəraitdə karantin rejiminin sərtləşdirilməsinin əleyhinəyəm. Çünki karantin sərtləşdirilsə də, sərtləşdirilməsə də, xəstəlik öz axarı ilə davam edəcək.

- Hansı məhdudiyyətlər yoluxmanın azalmasında effektivdir?

- İkinci dalğa vaxtı bütün sərtliyi ilə məhdudiyyətlər tətbiq də edildi, onlara riayət olunması üçün ciddi nəzarət də olundu. Amma yenə də xəstəlik pik səviyyəyə çatdı və daha sonra azalmağa başladı. Yəni heç bir məhdudiyyət koronavirusun nə tam qarşısını alacaq, nə də azaldacaq. Ona görə də hər hansı karantin məhdudiyyətinin yoluxmanın azalmasına ciddi təsiri olduğunu hesab etmirəm.

Zümrüd Kərimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm