Xüsusi
Leninin Bakı ilə bağlı Şaumyana göndərdiyi məktubun ŞOK DETALLARI: Ona görə bunu edib ki...
31 mart 1918-ci ildə daşnak-bolşevik dəstələri Azərbaycanın müxtəlif yerlərində azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydu. Bu, ermənilərin ondan əvvəl də xalqımıza qarşı həyata keçirdikləri qətliamların davamı idi.
Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu Publika.az-a müsahibəsində 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixi köklərindən danışıb, ermənilərin əsas məqsədlərini qeyd edib:
Müsahibəni təqdim edirik:
- Nəsiman müəllim, bu gün 1918-ci il martın 31-də xalqımıza qarşı törədilmiş soyqırımının 103 ili tamam olur. İstərdim bu qətliamın tarixi kökləri barədə məlumat verəsiniz.
- 31 mart soyqırımı XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ən böyük qətliamdır. Bu, təəssüf ki, yalnız Bakıda baş verməyib. Bir sıra bölgələrimizdə, Quba, Şamaxı, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvan ərazilərində də bu soyqırımı davam etdirilib. Bu qətliamların əsasında heç də sovet dövrünün tədqiqatlarında, araşdırmalarında deyildiyi kimi sinfi mübarizə, ayrı-ayrı partiya və təşkilatların nümayəndələrinin bir-birlərinə qaşı mübarizəsi dayanmayıb. Bunun əsasında ermənilərin ərazi iddiaları dayanıb. Onlar özlərinə dövlət qurmaq, “böyük Ermənistan” yaratmaq və bu ideyalarını həyata keçirmək üçün azərbaycanlılara qarşı bu soyqırımını həyata keçiriblər. Ümumiyyətlə, XX əsrin əvvəllərindən başlayaraq ermənilər Qafqaz ərazisində, xüsusilə də Qafqaz Azərbaycanında, azərbaycanlıların yaşadığı yerlərdə özlərinə ərazilər ələ keçirmək və burada dövlət qurmaq istiqamətində bu cinayətləri, soyqırımıları törətməyə başlayıblar. Bundan əvvəl onlar 1905-1906-cı illərdə belə bir soyqırımı törətmişdilər, yəni 31 mart hadisələri birinci deyildi. XIX əsrin sonlarında ermənilər Türkiyədə də istəyirdilər ki, bu cür hadisələr törətsinlər və bu səbəblə Zonquldağda, Vanda üsyanlar qaldırdılar. Amma Türkiyənin güclü bir dövlət olduğunu, böyük hərbi gücə malik olduğunu başa düşüb oradan ərazi əldə etməyin qeyri-mümkünlüyünü dərk etdikdən sonra onlar Qafqazda bu cinayətləri törətməyə başladılar. Qafqazda onların bu əməlləri törətmələri üçün əsas dəstəyi verən Çar Rusiyası idi. Yəni ermənilər Çar Rusiyası olmadan heç bir cinayət törədə bilməyiblər və buna görə də ərazi iddialarında olmayıblar. Onlara dəstəyi verən hər zaman II Nikolayın dövründə Çar Rusiyası, bolşeviklər dövründə Lenin Rusiyası, sovetlər dövründə də Stalinin başçılıq etdiyi bir sovet dövləti idi. Bu dəstək olmadan onlar heç nə edə bilməzdilər. Necə ki, bu gün Qarabağın bir hissəsində Rusiya sülhməramlılarına sığınıb orada azərbaycanlıları qıcıqlandıran hərəkətlərə yol verirlər, onun bir qədər geniş formasını da XX əsrin əvvəllərində etmişdilər.
31 mart soyqırımında Bakı Sovetinin sədri Stepan Şaumyan, onun başçılıq etdiyi Bakı Soveti 4 minə yaxın erməni silahlı qüvvələrindən, 5 minə yaxın Rusiya ordusuna mənsub olan silahlı qüvvələrdən tam faydalandı və bu cinayəti həyata keçirdi. Bu qətliamda təkcə Bakıda bəzi mənbələrdə 12 minə yaxın, bəzilərində 15 minə yaxın insanın qətlə yetirildiyi yazılır. Azərbaycanın ən gözəl memarlıq abidələrini - “Kaspi” qəzetinin mətbəəsini, İsmailiyyə binasını dağıtdılar. Onlar insanlara qarşı elə bir işgəncə üsullarından istifadə etdilər ki, bu, bəşər tarixində görülməyib. İnsanları divara mıxlayırdılar, körpə uşaqları süngünün ucuna keçirib küçələrdə gəzdirirdilər, qadınları bir-birinin saçına bağlayıb sürüyürdülər. Yəni insanlığa yaraşmayan elə bir element olmadı ki, ermənilər 31 martda həyata keçirməsinlər.
- Bəs ermənilərin bu əməllərinin qarşısı necə alındı? Burada kimlərin rolu var?
- Bu soyqırımının qarşısının alınmasında ən böyük işi görənlər Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov və digərləri, Müsəlman Şurası, o dövrdə olmuş Müsavat Partiyasının üzvləri və fəalları idi. Nəhayət, son nöqtəni Xəzər dənizində olan 36-cı Türküstan alayı qoydu. Bu alay 1916-cı ildə yaradılmışdı və orada ermənilər yox idi. Buna görə də adıçəkilən şəxslərin dəstəyi ilə onlara informasiya çatdırılırdı. Onlar gördülər ki, doğrudan da heç bir günahı olmayan dinc insanları ermənilər qətlə yetirirlər. Sonra onlar ultimatum verdilər ki, əgər bu qətliam dayandırılmasa, sizə qarşı top atəşləri ilə cavab verəcəyik. Bu ultimatumdan sonra ermənilər məcbur olub qətliamı dayandırdılar. Amma təəssüf ki, Bakıda dayandırsalar da, sonradan digər bölgələrdə də bunu davam etdirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fövqəladə İstintaq Komissiyası yaradıldı və bu məsələnin ilk hüquqi araşdırılması aparıldı, 5 minə yaxın şahid ifadəsi dinlənildi. Bu ifadələrin hər birində ermənilərin cinayəti açılmaqdadır. Təəssüflər olsun ki, sonradan Azərbaycan bolşeviklər tərəfindən işğal edildi və biz bu cinayətləri dünya ictimaiyyətinə geniş şəkildə çatdıra bilmədik.
- 31 mart soyqırımının törədilməsində əsl məqsəd nə idi? Ermənilər nəyə nail olmaq istəyirdilər?
- Əsas məqsəd Bakını ələ keçirmək idi. Bakını Rusiyanın bir quberniyasına çevirmək planları da var idi. Bununla bağlı Şaumyanla Leninin məktublaşmaları var və orada bu detallar əks olunub. Rusiya da maraqlı olub ki, bir neft mərkəzi kimi Bakını öz nəzarətində saxlasın. Həm də Xəzər strateji bir yer idi. İkinci bir məqsəd isə o idi ki, ermənilər fikirləşirdilər ki, əgər bu alınmasa, o zaman erməni şəhəri kimi Bakını öz nəzarətlərində saxlasınlar. Bu iki iddia qətliamın törədilməsinin əsas səbəbləri idi. Yəni Lenin hər vasitə ilə Bakını əldən verməməyə çalışırdı və Şaumyan da ona bu işdə dəstək olurdu. Digər bir məqam da bu idi ki, Şaumyan buranı erməni şəhəri kimi, ermənilərin nəzarətində olan bir şəhər kimi saxlamaq istəyirdi. Belə bir iddialar da yayılmışdı ki, hətta burada gürcülər də maraqlı olublar. İstəyirdilər ki, Bakı aralıq bir şəhərə çevrilsin. Bakını heç kəsə tabe olmayan beynəlxalq şəhərə çevirmək onların gələcək iddiaları idi. Əsas ermənilərin ərazi iddiaları və Bakını öz əllərində saxlamaq olub. Çünki Bakıda çoxlu ermənilər toplaşmışdı, həm də fakt odur ki, silahlı qüvvələr ermənilərin əllərində idi və onlar bura nəzarət edirdi. Bakı Soveti yaradılmışdı ki, oranın da üzvlərinin əksəriyyəti ermənilər idi. Yəni faktdır ki, ermənilər həmin dövrdə Bakının idarəçiliyində yer ala bilmişdilər. Digər tərəfdən də 1917-ci il oktyabr inqilabı ilə hakimiyyətə gələn bolşevik Rusiyası onlara dəstək verirdi. Ermənilər Bakıda hər cəhətdən özlərini rahat hiss edirdilər.
- Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri bu cür soyqırımı hadisələrini dünya ictimaiyyətinə necə təqdim etməliyik?
- Tarix boyu xalqımıza qarşı həyata keçirilən qətliamları, soyqırımıları dünya dövlətlərinin qanunverici orqanlarına təqdimatlar etməliyik. Diaspor formasında təbliğatdan lobbi formasında fəaliyyətə keçməliyik. Bu günə qədər ermənilərin bizə qarşı törətdiyi soyqırımıların, qətliamların hamısını diaspor ilə dünya ictimaiyyətinə çatdırırdıq. Diaspor formasında təzyiq göstərmək isə çox çətin olur. Ona görə də biz lobbi formasında fəaliyyətə keçməliyik. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların qanunverici orqanlarında bu məsələlərin müzakirə olunmasına və nəticənin əldə olunmasına nail olmalıyıq, buna doğru getməliyik. Düşünürəm ki, ilkin növbədə türkdilli dövlətlərin və müsəlman xalqların qanunverici orqanlarında, parlamentlərində buna siyasi qiymət verilməsinə nail olmalıyıq.
- Vətən müharibəsində qələbə qazandıq, torpaqlarımızı azad etdik və ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamların qisasını aldıq. Bundan sonra təbliğatımızı necə aparmalıyıq?
- İlk növbədə biz təzminat məsələsi ilə bağlı çıxış etməliyik. Ermənilər Qarabağda bütün rayonlarımızı, kəndlərimizi dağıdıb xaraba vəziyyətə qoyublar. Təzminat tələb etməliyik və beynəlxalq hüquqşünasları da bu məsələyə cəlb edərək sənədlər tərtib etməliyik. İkincisi, o yerlərin görüntülərini arxivləşdirməliyik. Bu, çox vacibdir. Həmin rayonlarda ciddi yenidənqurma işləri aparılacaq, amma bundan əvvəl biz oraları həm foto, həm video, həm də sənədlər formasında beynəlxalq mütəxəssislərin iştirakı ilə arxivləşdirməliyik. Xarici ekspertlərin imzası olmasa, ermənilər törətdikləri vəhşilikləri qəbul etməyəcəklər. Mən onların bu hərəkətinə bələdəm, bunu tarixdən görmüşəm. Necə ki, Xocalı soyqırımını hələ bu qədər foto və video olmasına baxmayaraq, ermənilərə sübut edə bilmirik. Onlar bizim maddi mədəniyyət abidələrimizi, məscidlərimizi, alban kilsələrini dağıdıblar. Onlar alban kilsələrini “erməni kilsəsi” kimi dünyaya təqdim edirlər. Bütün bunlar pasportlaşdırılıb Azərbaycan abidələri kimi dünya ictimaiyyətinə çatdırılmalıdır. Görüləsi işlərimiz çoxdur.
Akqabay Mıradov
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü