Xüsusi
Qadınların intiharının ŞOK SƏBƏBİ - Almaniyada çalışan psixiatrla MÜSAHİBƏ
Ard-arası səngiməyən intiharların əsas səbəbi kimi çox vaxt ailədaxili problemlər, maddi sıxıntı, cəmiyyətin qınağı və s. göstərilir. Lakin bəzən intiharın çox təzadlı səbəbi də olur. Təsəvvür edirsinizmi, qadın ən çox xoşbəxt olduğu məqamda - dünyaya övlad gətirdikdən sonra dərin depressiyaya düşür. Ətrafındakı doğmaları dəstək olmadıqda isə bu hal intiharla nəticələnir. Doğum sonrası depressiyanın yaranmasının konkret elmi, tibbi izahı olmasa da, yeni reallığın məsuliyyəti, hormonal dəyişiklik, sutka boyu yuxusuzluq sinir pozuntusuna, əsəblərin tarıma çəkilməsinə səbəb olur. Bəs bu durumda yenicə ana olmuş doğmamıza necə yardım etməliyik? Onu depressiyadan, intihardan hansı yollarla qorumalıyıq?
Bu və digər sualların cavabını Almaniyada yaşayıb fəaliyyət göstərən həmvətənimiz, psixiatr Zeynal Babazadə ilə axtardıq.
Publika.az-ın müsahibi psixiatr Zeynal Babazadədir.
- Doktor, illər öncə ailə həyatı da, karyerası da öz axarı ilə gedən, maddi sıxıntısı, sevgi kasadlığı olmayan bir tanışım yenicə ana olandan sonra intihar etdi. Doğmaları bu durumu araşdırandan sonra məlum oldu ki, səbəb doğum sonrası depressiya imiş. Bir qadın ən xoşbəxt məqamında niyə intihar etsin?
- Heç nə səbəbsiz baş vermir. Doğum sonrası depressiya müddətində əsas məqam pasiyentlərimizlə yanaşı, ailənin də bu durumu anlayışla qarşılamasıdır. Hətta Almaniya kimi ölkədə belə, əksər vaxtlarda yenicə ana olmuş qadının aqressiyası, stressli durumu ailə üzvlərini də təngə gətirir. Ümumiyyətlə, nəinki doğum sonrası depressiya, istənilən halda ruh düşkünlüyünə, ağır stressə düçar olan, psixi problemlərdən əziyyət çəkən insanlara ailə üzvləri, doğmaları dəstək olmalıdırlar. Odur ki, pasiyentlərimizlə yanaşı, onların ailə üzvləri ilə də həmsöhbət oluruq, onları bu çətin məqamdan birgə çıxmağa səsləyirik. Təəssüf ki, Şərq toplumlarında psixiatr “dəli həkimi” kimi tanınır. Lakin psixiatrik, psixoloji problemlər də diş, baş ağrısı kimi müalicə olunmalıdır. Xəstələrimizlə işləyən zaman ilkin vəzifəmiz onları öz güclərinə inandırmaqdır. Hər bir insanın daxili harmoniyasının açarı öz əlindədir. Lazım gəldikdə o açarı tapmağa bizim kimi mütəxəssislər yardım edir. Problemlərin öhdəsindən gəlmək üçün yön veririk. Biz pasiyentin özünü yaxından tanıması yolunda vasitəçiyik. Bəzən xəstənin maddi durumu həkimə müraciət etməyə imkan vermir. Bu məqamda həyat yoldaşının mənəvi dəstəyini hiss etməlidir. Ümumiyyətlə, doğumdan sonra qadın özünü yalnız hiss etməyə başlayır. Kənardan dəstək görmədikcə isə bu duyğu daha da qabarır. Sadə misal çəkəcəm. Gecə körpə oyanıb ağlamağa başlayır. 2 dəfə ana oyanırsa, 1 dəfə ata oyanıb körpəsinin ehtiyaclarını qarşılamalıdır. Bəzən qadına “sən yat, bu gecə uşağa mən baxacam” demək lazımdır. Yenicə ana olmuş qadının idmanla məşğul olmağı da mütləqdir. Biz idman deyəndə ağır atletikanı nəzərdə tutmuruq. Ən azı yürüyüşə çıxmalı, təmiz havanı ciyərinə çəkməlidir. Ana olduqdan sonra hobbilərini unutmamalıdır. Tədricən əvvəlki rutininə geri dönməlidir. Övladı doğulub deyə öz istəklərindən vaz keçməməlidir.
- Öz təcrübəmdən misal gətirim. Yeni ana olmuş qadın bir daha özü üçün yaşaya bilməyəcəyindən də qorxur.
- Doğrudur. Düşünürlər ki, bir daha rəfiqələrilə görüşməyə belə zamanları qalmayacaq. Təbii ki, hormonal dəyişiklik də önəmli faktordur. Bu hal özünü hər qadında bir cür büruzə verir. Nadir görülən səbəblər də var ki, bunu yalnız psixoterapevt üzə çıxara bilər. Buraya uşaqlıq travmaları, qadının anası ilə olan çözülməmiş problemləri aid ola bilər.
- Sizin iş praktikanızda belə hallar olubmu?
- Əlbəttə. Sizə 19 yaşlı pasiyentim haqda danışmaq istəyirəm. Yenicə ana olmuşdu. Sevgilisi həmin dönəmdə ondan ayrılıb, övladına sahib çıxmırdı. Gənc ana çox gərgin durumda idi. Öz anası ilə də münasibəti kritik həddə çatmışdı. Biz ananı məcbur xəstəxanaya yatırtdıq. Antidepressantlar qəbul etməli idi. Övladı üçün də xüsusi şərait yaratdıq ki, anasından ayrılmasın. Gərgin müalicə dönəmindən sonra ana ilə körpəsini reabilitasiya mərkəzinə göndərdik ki, bir-birinə alışsınlar, gənc ana da öz vəzifəsini, məsuliyyətini stressiz şəkildə dərk edə bilsin. Digər pasiyentim isə türk idi. Təəssüf ki, qız övladı dünyaya gətirdiyi üçün əri və qohumları qadına mənəvi şiddət tətbiq edirdilər. Bəli, pasiyenti xəstəxanaya yatırdıq. Lakin bu qınaqların sonu olmadığı üçün depressiyanın da aradan qalxmağı mümkün deyildi. Müalicə bitəndən sonra yenidən evə dönürdü və problemlər qabarırdı. Odur ki, ailə ilə də söhbətlər aparmalı olduq. Çox gərgin müalicə müddəti keçdik. Əsas odur ki, pasiyentin öz gücü hesabına daxili sakitliyinə qovuşmağına nail olduq.
- Ümumiyyətlə, son aylarda intiharların sayı işıq sürətini geridə qoyub.
- Pandemiyanın səbəb olduğu ekstragərginlik, maddi sıxıntılar da insanların mənəvi çöküşünə səbəb olur. Ailə üzvləri bu durumda həmin şəxslərə dəstək göstərməlidir. Daha oyaq olmaq lazımdır. İntihar edəcəyindən şübhə etdiyiniz doğmanızla bu mövzunu mütləq müzakirə edin. Çünki həmin məqamda həqiqəti söyləyəcəklər. Onlar üçün tənhalıq, köməksizlik intiharın ilk addımıdır. İnkişaf etmiş Avropa ölkələrində insanları mənəvi tənəzzülə uğradan əsas səbəb pandemiya dövründə hobbilərindən uzaq qalmaları oldu. Azərbaycanda isə ilk növbədə maddi problemlər önə çıxdı. Bir məqam da var ki, pandemiya dönəmində doğmalarını koronavirusdan itirənlər də depressivləşə bilirlər. Onlarla ünsiyyətdə də ikiqat səbrli olmalıyıq.
- Qəribədir, kimlərsə həyatından bezib, intihar həddinə çatır, bəziləri isə bədənin mütəmadi ölüm xofuna qurban gedir. Panik atak kimi...
- Panik atak hər kəsdə görülə bilər. Bəli, bu, səbəbsiz ölüm qorxusudur. Bu zaman insan elə bilir ki, indi ürəyi partlayacaq və öləcək. Panik atak diaqnozunu dəqiq qoymaq üçün 3 həftə boyunca pasiyenti müşahidə etmək lazımdır. Əsas odur ki, yanımızda olan şəxs sakit, çevik reaksiya verə və diqqətinizi maksimum yayındıra bilsin. Panik atak çox vaxt uşaqlıq travmalarından qaynaqlanır. Bu problemdən əziyyət çəkən pasiyentlərlə xüsusi nəfəs təlimləri keçmək, panik atak məqamında sakitləşdirici dərman vermək lazımdır. Tutaq ki, atak sizi gözlənilməz məqamda yaxaladı. Bu müddətdə özünüzdən getməmək üçün plastik paketə davamlı nəfəs alıb-verməlisiniz. Panik atak xüsusən də tələskən şəhər mühitində yaşayan insanlara xasdır. Ən əsası isə beyni ölüm qorxusundan yayındırmaqdır. Kəskin aseton qoxusundan tutmuş, təmkinli söhbətədək sınaqdan keçirə bilərsiniz. İstənilən halda unutmayaq ki, biz çox güclüyük. Bütün problemləri dəf etmək, həyatımızı sahmana salmaq üçün ilk növbədə özümüzə ehtiyacımız var.
Leyla Sarabi
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş