• USD 1,7000 0,00% EUR 2,0237 0,00%
    • GBP 2,3347 0,00% RUB 0,0221 0,00%

Aprel döyüşlərində şəhid olan polkovnikin yeganə arzusu - İLK DƏFƏ həyat yoldaşının müsahibəsində

  • Xüsusi
  • 2 Aprel 2021 16:36
  • 2 754 Baxış
Aprel döyüşlərində şəhid olan polkovnikin yeganə arzusu - İLK DƏFƏ həyat yoldaşının müsahibəsində

2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq baş müəllimi, 45 nömrəli ümumtəhsil məktəbinin direktoru Nəcibə Axundova Publika.az-la Aprel döyüşləri ilə bağlı xatirələrini və Vətən müharibəsindəki qələbə sevincini bölüşüb.

- Dövlətimizə və dövlət başçımıza öz minnətdarlığımı bildirmək istəyirəm ki, mənim həyat yoldaşım kimi oğullarının qanını yerdə qoymadı və düşmənlərdən onların qisasını aldı. Yoldaşım Füzulidə anadan olmuşdu. 12 yaşına qədər orada yaşamış, 12 yaşından sonra məcburi köçkün düşmüşdü. Füzulini o qədər həsrətlə gözləyirdi ki... Hədsiz dərəcədə... Füzulinin həsrətində idi. Amma azad olunmağını görmədi. Biz onun ailəsi olaraq gördük azad Füzulini... Doğma yurduna gedib oradan torpaq, su gətirdik və Sənanın məzarının üzərinə tökdük. Onun məzar torpağına Füzuli torpağı qarışdırdıq. Sənanın yerinə Füzuli torpağının qoxusunu çəkdik ciyərlərimizə. Bunu bizə yaşatdığı üçün Ali Baş Komandanımıza təşəkkür edirəm.

- Nəcibə xanım, 2016-cı il yaddaşınızda necə kök salıb? Apreldən əvvəlki və sonrakı ayları...

- Çox ağır... Sənan həmin ilin mart ayında Türkiyədə idi. NATO-çu idi. NATO Qüvvələrində iştirak etdiyinə görə Türkiyəyə 1 aylıq təlimlərə getmişdilər. Novruz bayramında qayıtmışdı. Aprel döyüşləri başlayanda 3 dəfə Müdafiə Nazirliyinə müraciət göndərdi. Almaniyada təhsil almışdı, orada Hərbi Akademiyanı bitirmişdi. Bundan başqa, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı. Yüksək rütbəli zabit idi. Hesab edin ki, Müdafiə Nazirliyi 20 il ərzində Sənanı kadr kimi yetirmişdi. Buna görə də onu ön cəbhəyə buraxmaq istəmirdilər. Amma Sənan özü can atıb daha sonra icazə alıb gedə bilmişdi. Baş Kəşfiyyat İdarəsinin əməkdaşı idi. İşindən razı idi. Cəbhəyə gedərək istəyirdi ki, qazandığı biliklərdən vətəninin ordusunda istifadə etsin.

- Oğlunuz da atasının şərəfli yolunu davam etdirir.

- Oğlum Tahir Hərbi Tibb Fakültəsinin 2-ci kursunda təhsil alır. Həyat yoldaşım şəhid olmamışdan qabaq biz bilirdik ki, oğlum hərbi həkimlik ixtisasına sənəd verəcək. Amma atası şəhid olandan sonra dərhal qərarını qətiləşdirdi və dedi ki, mən öz həyatımı Milli Ordu ilə bağlamaq və öz hərbçilərimizə, vətənimə xidmət etmək istəyirəm. Baxmayaraq ki, atası şəhid olmuşdu, bununla belə Tahir Azərbaycana sadiq olduğumuzu təsdiqləmək istəyirdi. Hərbi Tibb Fakültəsinə qəbul olduqdan sonra Müdafiə Nazirliyi tərəfindən Sankt-Peterburqda yerləşən Ali Hərbi Tibb Akademiyasına ezam olundu və orada rəhbərlik tərəfindən 3 dəfə fəxri diploma layiq görüldü. Bundan sonra ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “kiçik hərbi” rütbəsi verilib. 2-ci kurs tələbəsi olduğuna baxmayaraq, bu, oğlum üçün böyük uğurdur. Tahir orada həm şəhid atasının, həm də vətəninin başını uca edir.

Qızım Nəzrin isə hazırda Avropa Liseyinin 9-cu sinfində təhsil alır.

Prezidentimizə təşəkkür edirəm ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi işini çox gözəl formada həyata keçirir. Bunu bütün sahələrdə tətbiq edir. Şəhidlərin unudulmaması üçün onların ailələrinə xüsusi diqqət və qayğı göstərir. O ailələrə bütün sahələrdə dəstək olur. Mənim uşaqlarımın atası həyatda yoxdur. Onların atası dövlətdir, dövlət başçısıdır, xalqımızdır. Hər bir şəhid övladı dövlətə əmanətdir.

- Həyat yoldaşınız xatirələrinizdə necə yaşayır?

- Cəsarətli, mərd, rəşadətli, savadlı, peşəkar mütəxəssis idi. Baş Kəşfiyyat İdarəsində 10 il çalışmışdı. Bu, az müddət deyil. 34 yaşında “ustad” dərəcəsi alıb. Bunu hər kəs bu qədər cavan yaşda ala bilmir. Elə 34 yaşında da polkovnik-leytenant rütbəsinə layiq görülmüşdü. Şəhid olanda 36 yaşı var idi.

Milli Orduya, Azərbaycana vurğun, eyni zamanda, ailəcanlı idi. Gözəl həyat yoldaşı, gözəl ata idi. Mütaliəni, savadlı insanları sevərdi. Orduya, xalqa hər cür xidmət etməyə hazır idi.

Ümumiyyətlə, sanki şəhidlər seçilmişlərdir. Bunu öz ailəmin timsalında deyə bilərəm ki, bu, doğrudan da belədir. Bir dəfə Sənanla televiziyada şəhidlərin dəfn olunması kadrlarına baxırdıq. Mən çox pis olmuşdum. Amma Sənan mənə dedi ki, şəhid olmaq, yaylım atəşi altında dövlət bayrağına bürünərək dəfn edilmək hər kəsə nəsib olmur. Bu, yalnız seçilmiş insanlara qismət olur. Həmin insanlar vətəndaşlıq borcunu ən ali səviyyədə yerinə yetirir və dövlət tərəfindən dəfn edilir. Onda bu sözlərinə çox da əhəmiyyət verməmişdim. Amma indi dərk edirəm nə qədər ağır çəkisi olduğunu. Qorxaq heç vaxt şəhid olmur. Yalnız cəsurlar şəhid olur.

- Qarabağla bağlı hansı arzuları vardı şəhidimizin?

- İmkan olduqca tez-tez Horadizə gedirdik. Orada bəzi yüksəkliklərdən Füzuli görünürdü. Oğluma deyirdi ki, görərsən, sənin toyun Füzulidə olacaq. İndi erməni tapdağı altındadır. Amma inşallah, toyun orada olacaq. Yoldaşım o günü görmədi. Amma mən çox sevinirəm ki, inşallah, yoldaşımın arzusu ürəyində qalmayacaq. Oğlum gedib toyunu Füzulidə edəcək. Uşaqlarımızın toyu Qarabağda olacaq. Bundan qürurverici nə ola bilər?

- Qarabağa köçmək arzunuz varmı?

- Uşaqlarımın ikisi də məcburi köçkün sayılır. Oğlum indi tələbədir. Vətənimizə qayıdan kimi, ilk növbədə, gedib Qarabağda xidmət edəcək. Bu, onun arzusudur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR