Xüsusi
“Şuşa mənim yaddaşıma qızıl kadrlarla hopub” – Elxan Qasımovla CÜMƏ SÖHBƏTİ
Bir çoxlarımız onu “Əhməd haradadır?” filmindəki obrazından “Şofer Əhməd” kimi tanıyırıq. O, Azərbaycanın sanballı kinorejissorlarından, aktyorlarından biridir. Hələ 15 il əvvəl çəkdiyi Qarabağ haqqında filmlə bizi ümid kadrlarına bələyib işğal altındakı torpaqlara qaytaran adamdır.
Əminəm ki, söhbətin kimdən getdiyini artıq təxmin etdiniz. Bəli, təxmininiz düzdür, budəfəki “Cümə söhbəti”mizdə Azərbaycan Respublikasının Əməkdar artisti Elxan Qasımovla xoş-beş eləmişik. Kinomuzdan, onun bu günündən, sabahından, 44 günlük müharibədəki qələbəmizin bundan sonra çəkiləcək filmlərimizdə əks olunmasından danışmışıq.
Publika.az Əməkdar artist Elxan Qasımovun müsahibəsini təqdim edir:
- Elxan müəllim, sizinlə 76-cı baharınızda görüşürük... Doğum gününüzə hələ bir neçə həftə var, amma biz indidən təbrik edirik.
- Çox sağ olun. Bəli, aprelin 24-də 76 yaşımı tamamlayacağam. Bu, ermənilərin qondarma “soyqırımı” gününə təsadüf edir. Artıq 76 yaşım var, daha ömrə nə qalıb ki... Çalışıram ki, yüngül işlərə qaçmayım, öz “çəkimi” saxlayım. Qalan ömrü də normal yaşamağa çalışıram.
- Bir dəfə demişdiniz ki, ən yaxşı filmlər müharibədən sonra çəkilir. Bu fikrinizi 44 günlük müharibəmiz haqqında çəkiləcək filmlərə də aid edirsiniz?
- Bəli. Bu sözü mən demişəm. Altından da qol çəkirəm. Çünki hər hansı müharibə və tarixi hadisə haqqında yaxşı filmlərin çəkilməsi üçün müəyyən müddət keçməlidir. O zaman hadisəyə, müharibəyə də baxış bucağı dəyişir. Ssenarini yazanlar, rejissorlar üçün də mövzuya soyuq başla, daha dolğun çalarlarla baxmaq imkanı yaranır. Elə İkinci Dünya müharibəsi və ondan sonrakı müharibələrin üstündən uzun müddət keçəndən sonra ən yaxşı ekran işləri ortaya çıxdı. Düşünürəm ki, 44 günlük şanlı Qarabağ müharibəmiz üçün də bu keçərlidir. Ən yaxşı filmlər uzun müddət keçəndən sonra çəkiləcək. Hadisələr, proseslər, onun baş vermə səbəbləri haqqında detallar zaman keçdikcə gün üzünə çıxır. Ona görə də filmlər daha koloritli olur. Ortaya çıxarılan işdə hər şey ən kiçik detallarına qədər öz əksini tapır.
- Bundan hələ 15 il əvvəl “Biz qayıdacağıq” filmini çəkmişdiniz. Qarabağa qayıdacağımızı haradan bilirdiniz?
- İnanırsınız, bir çoxları məndən bu sualı soruşur ki, hələ o vaxt haradan bilirdiniz ki, biz qayıdacağıq?! Bəli, bunu bilirdim, əmin idim ki, biz Qarabağa qayıdacağıq. Çünki Qarabağ vətənimizin – daha doğrusu, Azərbaycan adlı bədənin bir hissəsidir. O, qayıtmalı idi. Hər kəsin ümidi vardı, heç kim bu ümidi itirmək istəmirdi. Həmin vaxt ötən ilin sonlarında yetişdi və biz qayıtdıq. “Biz qayıdacağıq” 2007-ci ildə çəkilib. Rejissoru mənəm, ssenari müəllifi isə Natiq Rəsulzadədir. O vaxt mənə dedilər ki, bu ekran işinə əməlli ad qoyum. Hətta bildirdilər ki, “Biz qayıdacağıq” film adı deyil. Doğrudan da belədir. Məsələn, “Fəryad” film adıdır, amma “Biz qayıdacağıq” yox. Mən isə təkidlə cavab verdim ki, elə bu adla istehsala buraxılacaq. Bu, içimdəki inamın zamana və məkana bir ismarıcı idi.
- Bəs bu filmin ikinci hissəsi olacaqmı?
- Bəli, olacaq. Mütləq çəkəcəyəm. Bu barədə mütəmadi olaraq yazıçı dostum Natiq Rəsulzadə ilə söhbətlər edirik. “Biz qayıdacağıq”ın ikinci hissəsi mütləq olacaq. Bayaq dediyim kimi, buna zaman lazımdır.
- Qarabağ mövzusu ilə bağlı nə əcəb başqa mövzular işləmədiniz? Şuşa zəfəri haqqında nə zamansa film işləyəcəksinizmi?
- Bilirsiniz, hadisələr çox sürətlə inkişaf etdi. Düşünürsən, hazırlaşırsan ki, Mübariz İbrahimov haqqında bir film çəkəsən. Ardınca Tovuz hadisələri baş verir və Polad Həşimov qəhrəmanlığı ortaya çıxır. Bu haqda nəsə fikirləşirsən, Qarabağ müharibəsi başlayır və qaynar proseslər bir-birini əvəz etməyə başlayır. Yaxşı ekran işini ortaya qoymaq üçün tələsmək lazım deyil. Təkrarçılıq olmasın, mütləq müəyyən müddət keçməlidir.
- Bildiyim qədər Şuşa sizə doğma şəhərdir...
- Bəli... Uşaq vaxtı Şuşada olmuşam. Hərdən evdə söhbət gedir bu barədə, deyirəm ki, o yolu, cığırı yoxdur ki, tanımayım. Şuşanı qarış-qarış gəzmişəm. İndi buraxsalar, gedərəm, hər cığırına, yoluna bələdəm. Üstündən xeyli illər keçib, amma ora mənim yaddaşıma qızıl kadrlarla hopub.
- Elxan müəllim, Qarabağ haqqında bir sıra filmlərimiz var ki, heç ölkəmizdə tanınmır...
- Tural, qaşınmayan yerdən qan çıxarmağa çalışma... (gülür). Gərək ilk növbədə özün baxasan ki, kənardan da diqqət çəksin. Televiziyalarımız müraciət etməlidir. Daha çox bu filmlər göstərilməlidir. Amma bu yaxınlarda televiziya kanallarının birində bir qısa film və ya çarx gördüm. Çox bəyəndim. Hələ rejissor işinin kəm-kəsirindən, bir sıra çatışmazlıqlarından danışmıram. Həmin ekran işində çox yaxşı mövzu qoyulmuşdu. Ləzgi deyir ki, bu vətən mənimdir, talış da, tat da, başqaları da... Dinindən, dilindən asılı olmayaraq, hamı vahid vətən anlayışını önə çəkirdi. Çox bəyəndim. Belə işlər ortaya qoyulmalıdır.
- Bildiyim qədər “Azərbaycanfilm”də də Qarabağ mövzusu ilə bağlı sənədli və bədii filmlər çəkilir. Özü də gənclər...
- Çəksinlər. Onlar hələ kinonun ağrı-acısını çox dadacaqlar. Çətinlikləri görəcəklər. Yeni rəhbərlik, yeni gənclər... Nəticəni zaman göstərəcək. Bir az pis çəkəcəklər, bir az ortabab. Yavaş-yavaş düzələcək...
- Pandemiya, karantin dövründə nə işlə məşğul olursunuz? Ümumiyyətlə, bu günləriniz necə keçir?
- Sərt karantin dövründə demək olar ki, bütün günümü evdə keçirdim. Onu da deyim ki, mənim bir bacarığım da var, mən dözümlü insanam. Həyatım boyu yol yoldaşım olan bir məşğuliyyətin yenidən qapısını döydüm. Kitab oxumağa başladım. Bir rejissor, bir aktyor kimi yeni-yeni çıxan kitabları oxumağa vaxtım olmurdu. Fürsət düşdü, çoxlu kitablar oxudum. Karantin qaydalarına gəldikdə isə şəxsən mən bütün tələblərə dəqiq riayət etmişəm. Daha sonra müharibə başladı, günlərimizin necə keçdiyini hiss etmədik. Həmin zamanlar ağladığımız, sevindiyimiz günlər də oldu, yəni bu, böyük müharibə idi.
- Sizcə, Azərbaycanda hansı mövzulu filmlərə daha çox ehtiyac var?
- İlk növbədə insan mənəviyyatını müsbət tərəfə çəkən, tərbiyələndirən filmlərə.
- Bəs niyə ovaxtkı filmlərə bu gün maraq var?
- Vaxtı ilə bəlkə də o filmləri biz bəyənmirdik. Amma indi hamı böyük maraqla baxır. “Əhməd haradadır?” filmindən cavanlar danışanda çox sevinirəm. Çünki yaşıdlarım məni tanıyır və o dövrü görüb. Demək, sənət daimidir. Köhnə kinoları sevdirən ilk növbədə nostalgiyadır. Bundan başqa, gözəl hisslərin tərənnümü...
Tural Turan
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək