Əcnəbi fotoqraf: Fransanın ermənilərin önündə başıaşağı durması məni çox hiddətləndirdi
Bizi izləyin

Xüsusi

Əcnəbi fotoqraf: Fransanın ermənilərin önündə başıaşağı durması məni çox hiddətləndirdi

Pandemiya dövründə bir çox sahələrdə durğunluq yaşansa da, müsahibim qazancının artdığını iddia edir.

O, kimdir? Qardaş Türkiyənin tanınmış fotoqrafı Ehat Lekoviç.

Publika.az-ın müsahibi fotoqraf Ehat Lekoviçdir.

- Ehat bəy, soyadınız diqqətimi çəkdi.

- Yuqoslav ailənin oğluyam. Türkiyədə doğulub böyüsəm də, tez-tez ölkəmə gedib gəlmişik. Qohumlarımızın çoxu da orada yaşayır. Ümumiyyətlə, multikultural ailədə böyümüşəm. Hazırda Yuqoslaviya adlı məmləkət yoxdur. Əvəzində Makedoniya, Serbiya, Kosovo, Bosniya kimi ayrı ölkələr var. Əminəm ki, hazırda müxtəlif ölkələrə bölünən Yuqoslaviyanın zəngin, rəngarəng mədəniyyəti təsəvvürünüzdə canlandı. Bizim ailəmiz də bu inteqrasiya süzgəcindən keçib. Müxtəlif mədəniyyətlərə, dillərə alışıb.

- Maraqlıdır, kosmopolit mühitdə böyüməyin uşaq dünyanıza nə dərəcədə zərəri oldu?

- Əksinə. Bu günədək heç bir zərərini görməmişəm. Müxtəlif dillər bilən, mədəniyyətləri mənimsəyən, ruhunu zəngin musiqilərlə, folklor nümunələri ilə bəsləyən uşaq daha mərhəmətli, tolerant şəxsiyyət kimi böyüyəcək. Özünü dünyaya da, cəmiyyətlərə də, xalqlara da daha doğma hiss edəcək. Düşünürəm ki, daha işıqlı planet üçün övladlarımızı məhz bu ruhda tərbiyə etməliyik. Bu tərbiyə metoduna təhsili də əlavə etsəniz, mükəmməl şəxsiyyət böyüdəcəksiniz.

Peut être une image de 4 personnes et personnes souriantes

- Amma yaşadığınız ölkənin sizə münasibətindən də çox asılıdır...

- Təbii ki... Atam yuqoslav ordusunda əsgər, anamsa dərzi idi. Gənc yaşda ailə qurub, Türkiyəyə köçmüşdülər. Uşaqlığım çox rəngli səyahətlərlə keçib. Buna baxmayaraq, özümü Türkiyədə heç vaxt yad hiss etməmişəm. Bütün azsaylı xalqlar burada öz mədəniyyətlərini qoruyaraq, mehriban, onları özündən uzaqlaşdırmayan, alçaltmayan cəmiyyətdə yaşayırlar. Digər irqçi ölkələrdən, xalqlardan çox fərqlidir bu ölkə. Odur ki, rahatlıqla Vətən deyə bilirəm.

- Fotoqraf olmağınızın səyahətlərinizlə əlaqəsi var?

- Bəlkə də... Əsl peşəm qrafik dizaynerdir. Bəli, sənətimi sevirəm, amma fotoqrafiya mənim həyat tərzimdir. Ürəyim foto və video sahəsinə daha yaxındır. İlk çəkilişlərim kübar dairələrin tədbirləri olduğu üçün bir sıra məşhurlarla tanış olmaq şansım yarandı. Bir müddət sonra isə sənətsəl nöqtəyə təmas etdiyimi anladım. Artıq kommersiyaya deyil, daha çox sənətə kökləndim. Moda məni daha çox cəlb edirdi. Bir məqam çatdı və özümü moda ailəsinin üzvü kimi hiss etməyə başladım.

- Amma moda sahəsi də kommersiya ilə doğmadır.

- Doğrudur. Lakin diqqət edin, “hot couture” deyilən bir anlayış var. Yüksək moda nümunələri təsəvvür edin. Hər bir naxış, ornament müəllifə aiddir. Dəri aksesuarlar, zinət əşyaları çox fərqli, eyni zamanda sənət əsəri qədər dəyərlidir. Onlarla doğru işləməyə can atmalısan. Əsərləri qüsursuz təqdim etmək bacarığın olmalıdır. Məni ən çox xoşbəxt edən budur. Xüsusən də antik şəhərlərdə etdiyimiz fotosessiyalar sehrli dünyadır. Sanki müxtəlif dövrlərin bir-biri ilə qovuşma nöqtəsidir. Bu dünyanın qapısını açandan sonra sənəti də, estetikanı da duya bilirsən. Burada bir məqam da var ki, çəkiliş etdiyim məkanlara uyğun antropologiyadan modellərin axtarışına çıxıram. Həmin vəhdəti qurmaq da zəhmət və zövq tələb edir. Misal olaraq Norveçdə yaşayan Azərbaycan əsilli modelyer Şervin Nəcəfpurun kolleksiyasının adını çəkə bilərəm. Həmin kolleksiya çox böyük maraqla qarşılanmışdı.

Дизайнер королевской семьи Норвегии посвятила коллекцию Гобустану

Ümumiyyətlə, bir işə başlayırsansa, gərək hərtərəfli zövq alasan. Bu baxımdan hind toyları mənim üçün özəl bayramdır. Rəngləri göyqurşağı kimi bir-birinə çevirməyin, eyni zamanda zərif xətti qorumağın, xüsusən də bu zərifliyə öz tərzimi qatıb, xələl gətirmədən tamaşaçıya ötürməyin həzzini heç nə ilə müqayisə edə bilmərəm. Xüsusən də xoreoqrafiya, toz rənglərin havada rəqsi və digər rituallar insanın ruhunu oxşamaya bilməz.

Peut être une image de 1 personne et sourire

- Pandemiya dövründən şikayətlənənlər sırasında incəsənət nümayəndələri də oldu. Bəs koronavirus dönəmi sizin yaradıcılığınıza və qazancınıza necə təsir etdi?

- Pandemiya ölkə, sahə üzrə deyil, qlobal dünyanın problemidir. İstər iqtisadiyyat olsun, istərsə də mədəniyyət, bütün sahələrdə vəziyyət gərginləşdi. Hətta nəhəng ölkələrin kiçik bir virusla mübarizədə nə qədər zəif olduğunu, səhiyyənin gücsüzlüyünü, təhsilin mükəmməl olmadığını gördük. COVID-19 dövrü bütün dünyanın yalanını ifşa etdi. Sözün açığı, pandemiya dövrü mənim qazancıma müsbət təsir etdi. Çünki hamımız virtul həyata kökləndik. Sifarişlər, biznes onlayn şəkildə gerçəkləşdi. Çəkilişlərimin sayı da artmağa başladı.

Peut être une image de 3 personnes, personnes debout et plein air

- Yəqin Azərbaycanın tarixi zəfərinə də soyuqqanlı yanaşmadınız.

- Azərbaycanı müharibə dövründə çox yaxından izlədim. Xanımım türkdür. O da, digər türk dostlarım da bu isti münasibətimə təəccüb etdilər. Dünya ölkələrinin Azərbaycanı təkləmələri, soyqırımılara göz yummaları, Fransanın erməni diasporu önündə başıaşağı durması məni çox hiddətləndirdi. Hətta qlobal şəkildə insan haqlarının pozulduğunun şahidi olduq. Dinc əhalinin yaşadığı şəhərlər bombalandı. Halbuki bu ərazilər müharibə zonasından uzaqda yerləşirdi. Buna baxmayaraq, çox böyük zəfər qazandınız. Ölkəniz sübut etdi ki, siyasi şahmatın piyadası deyil. Tarixdə öz sözünü demiş güclü dövlətdir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm