Paşinyanı “yandıran” əsgərimiz, bir neçə saniyədə ölüm təhlükəsi... - Qubadlıdan REPORTAJ
Bizi izləyin

Xüsusi

Paşinyanı “yandıran” əsgərimiz, bir neçə saniyədə ölüm təhlükəsi... - Qubadlıdan REPORTAJ

Ermənilərin və azərbaycanlıların vətən sevgisini müqayisə etməklə təbiət qanunlarına qarşı sayğısız davrandığımın fərqindəyəm. Amma icazə verin, bu müqayisənin “yersiz” olduğunu bilə-bilə fikirlərimə davam edim. Ermənistanın tək insanlığa deyil, ekologiyamıza vurduğu ziyanları böyüdülmüş şüşədən görmək istənilən halda maraqlıdır. Elə bu məqsədlə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə dünən jurnalistlərin Cəbrayıl və Qubadlı rayonlarına səfəri baş tutdu. Hər bir jurnalist mikrofonunu və qələmini əlinə alıb dünyanı ermənilərin təbiətə vurduğu saysız-hesabsız yaraları görməyə səslədi. Əziz oxucular, istərdim ki, bu səfərdə gördüklərimi sizinlə də paylaşım...

Publika.az Cəbrayıl və Qubadlıdan reportajı təqdim edir.

İlk tanışlığımız Cəbrayılın Cocuq Mərcanlı kəndi ilə oldu. Həm burada, həm də bütün səfər boyu dağıdılmış evləri, yandırılmış ağacları görmək, ən əsası ərazinin hələ təmizlənməmiş minalarla çirkləndiyini bilmək ağır bir məyusluq gətirirdi. Bununla belə, təbiətin füsunkarlığı bizi inandırır ki, Azərbaycan cəngavərlərinin azad etdiyi rayon və kəndlərimizi işıqlı gələcək gözləyir.

Vaxtı ilə ölkə iqtisadiyyatına böyük gəlir gətirən tut ağaclarından Cocuq Mərcanlıda təəssüf ki, indi heç bir əsər-əlaməti qalmayıb. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, sovet dövründə bir ildə 240 ton barama tədarük olunub.

Torpağın altında basdırılmış ermənilər

“Olduğumuz ərazinin hər tərəfi minalanıb. Minalardan başqa partlayıcı maddələr də var ki, onlar hamısı təhlükə mənbəyidir. Ermənilərin əlindən torpaqlarımıza mina basdırmaqdan başqa bir iş gəlməyib. Cəbrayıl rayonunun sonuna qədər yolun sağ və sol tərəfində üzüm bağları olub. Bu ərazilər mütəmadi olaraq yandırılıb. Mənfur düşmənlərimiz bu cür təbiəti məhv edib. Ümumiyyətlə, Cəbrayıl tarixən ipəkçiliklə məşğul olan bir diyar olub. İndi isə burada bir dənə ağac görmürük”.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynovsa qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün maarifləndirmə işləri davam etdirilir:

“Torpağın altında “basdırılmış ermənilər” - minalar zamanla təmizlənəcək. Yolların kənarlarına quraşdırılmış lövhələr maarifləndirmə işlərinin bir hissəsidir ki, gələn insanlar təhlükəyə məruz qalmasın. Bu vaxta qədər ümumi ərazidən təxminən 4000 mina təmizlənib. Lakin bu o demək deyil ki, təhlükə aradan qalxıb. Ərazilərin ayaq dəyməyən bütün hissələri risklidir. Həm özünüzü, həm də yoldaşlarınızı təhlükəyə məruz qoymamaq üçün əhaliyə maksimum diqqətli olmağı tövsiyə edirəm. Sizin təhlükəsiz hesab etdiyiniz hər hansı əşya bir neçə saniyə içində təhlükəyə çevrilə bilər”.

Qoca çinar

Azərbaycan ekologiyasına vurulan terrorunun ilk dalğaları ilə tanış olduqdan sonra ermənilərin Cəbrayılda viran qoyduğu Əmirvarlıya sarı gedirik. Bu kənddə də daş daş üstə qalmamışdı. Qarşısında dayandığım Şərq çinarı 800 yaşı olan nadir ağaclardan biridir. Ermənilər bu qoca çinarı yandırsa da, “elin ağsaqqalı” simruq quşu kimi küllərindən doğulub. Gördüyünüz çinarın pöhrələri onun yeraltı kök hissəsindən cücərib. Mənfur düşmən bu hissələri də kəsərək məhv etmək istəyib. Şərq çinarları vaxtı ilə Cəbrayıl rayonu sakinlərinin mənəvi dəyəri hesab olunub. Təbiət abidələri içərisində hətta 1600 yaşı olan Şərq çinarları da var. Vaxtilə ən səs-küylü şənliklər və məclislər yerli sakinlərin ziyarətgaha çevirdiyi çinar ağaclarının kölgəsində təşkil edilib. Ermənilər belə təbiət abidələrini məhv etməklə həm ekoloji, həm də psixoloji terror həyata keçiriblər. Nazirlik tərəfindən aparılan son monitorinqlər göstərib ki, Zəngilan, Qubadlı və Füzuli rayonlarında siyahıya daxil edilmiş 35 Şərq çinarı, palıd və saqqız ağacından heç biri qalmayıb. Hamısı ya yandırılıb, ya da kəsilib.

Bir az aralıda qəbiristanlıq var. Gözə dəyən bir neçə qəbirdən başqa məzar yoxdur. Hər biri yerlə-yeksan edilib.

Yarpız qoxulu Qubadlı

Cəbrayıldan sonra Qubadlıya yola düşürük. Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidən ətrafa yayılan yarpız qoxusu vətən nisgilini ürəyimizdən yavaş-yavaş yuyub aparır. Nazirliyin nümayəndələri ilə jurnalistlər doğma yurda əliboş gəlməyib. Belə ki, yerli şirin su hövzələrinə daha yaxşı uyğunlaşan körpə farel balıqları Həkəri və Bərgüşad çaylarının qovuşduğu əraziyə buraxıldı. Qızılxallı farel həm də Azərbaycan Respublikasının “Qırmızı kitabı”ına düşmüş növdür. Bu proses bu ərazilərdə sözügedən balıq növlərinin təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək. Bundan əlavə, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir.

Ərazilərin minalardan və döyüş sursatlarından təmizlənməsi başa çatdıqdan sonra tədricən reintroduksiya layihələri reallaşdırılacaq, işğaldan azad olunmuş ərazilərə məxsus olan heyvanların təbii populyasiyasının bərpa olunması, həmçinin həmin ərazilərdə onların sayının artırılması ilə bağlı tədbirlər görüləcək.

Paşinyan çoxdan yanıb

Əziz oxucu, illərlə kimsəsiz qalmış şəhərin yorğunluğunu görüb ruh düşkünlüyünə qapılma! Bunu bizə hər qarışında şəhid qanı axıdılan torpağın müqəddəs ruhu bağışlamaz. Azərbaycan oğullarının canı və qanı bahasına azad olunan torpaqlarımız etibarlı əllərdədir.

Səfərin ən yaddaqalan məqamlarından biri də azad olunmuş torpaqlarımızın müdafiəsində dayanan əsgər və zabitlərimizi görmək oldu. Erməni hərbçilərinin puşlatını yandıran əsgərlər zarafatlarından da qalmırdı. “Paşinyana od vurdun” deyən jurnalistlərdən birinə əsgər gecikmir və “Paşinyan çoxdan yanıb” cavabını verir.

Yandırılmış böyük tut plantasiyaları

Qəlbimizə vurduğu yaralar azmış kimi, işğalçı düşmən ana vətənin daş-kəsəyinə də dağ çəkib. SSR-i dövründə il ərzində 100 tona yaxın barama istehsal olunan bu diyarda törədilən ekoloji terrorun izləri qalmaqdadır. Bir hektara yaxın ərazidə 82 ədəd müxtəlif yaşlı, əsasən 50-60 illik ağaclar, diametri 70-80 sm-ə çatan tut ağacları məhv edilib. Tut ağacları Həkəri çayı boyunca qırılıb, tut bağları yandırılaraq dağıdılıb. Bəzi kəndlərdə 500-ə qədər tut ağacı məhv edilib.

Səfərin sonunda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə Qubadlının Qəzyan kədində növbəti ağacəkmə aksiyası həyata keçirildi. İl ərzində bir milyona yaxın tinglərin əkilməsi planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərə vurulan ekoloji terrorun bərpası istiqamətində daha geniş miqyasda işlər görməyi planlaşdırır. Təəssüf ki, ərazilərin minalanması buna imkan vermir. Bu mənada ANAMA-nın əməkdaşlarına böyük məsuliyyət düşür. Onların yaratdığı şərait nəticəsində müəyyən ərazilərdə rahat gəzə bilirik.

Ağacəkmə aksiyasını həyata keçirməklə dünya ictimaiyyətinə sübut etmək istəyirik ki, torpaqların əsl sahibi bizik. Qubadlı dünyanın ekoloji cəhətdən ən sağlam guşələrindən biridir. Dəymiş ziyanın bərpasında Ekologiya və Sərvətlər Nazirliyi lazım olan bütün işləri görməyə hazırdır. Möhtərəm Prezidentimizin böyük qayıdışla bağlı verdiyi tapşırıqların içərisində ekoloji məsələlər öncül yerdədir. Çünki ən çox ziyan çəkən ekologiyadır.

Ermənilər filiz saflaşdırma zavodunun tullantılarını Oxçuçaya tökməklə buradakı biomüxtəlifliyi məhv edirlər. 30 il ərzində beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarında törədilən ekoloji terrora heç bir reaksiya bildirmirdi. Biz onları bu məsələlərlə bağlı konvensiya qəbul etməyə məcbur edəcəyik. Gələcəkdə o təşkilatların özləri də monitorinqdə iştirak edəcək və vandalların törətdiyi ekoloji cinayətlərin canlı şahidi olacaq.

Böyük qayıdış

Aydındır ki, Ermənistan işğal müddətində təbiətə qarşı terror davranışlarını heç vaxt dayandırmayıb, nəticədə bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi təsir göstərib. İşğaldan azad olunmuş rayonlarımıza dəymiş zərərlərin hesablanması istiqamətində araşdırmalar hələ də davam edir. Dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu zərərlərə nə dərəcədə ədalətli reaksiya verəcəyini dəqiq bilmirik. İnkaredilməz bir həqiqət var ki, kainat qanunları istənilən təşkilatın çıxardığı nəticədən qüdrətli və adildir. Heç şübhəsiz ki, ana təbiət bu savaşın cəzasını ermənilərə ağır kəsəcək!

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm