Xüsusi
Necə oldu ki, Ceff Bezosu İsiquronun bir romanı milyarder etdi? - Tanınmış yazıçı ilə MÜSAHİBƏ
Budəfəki həmsöhbətimiz dünya şöhrətli yazıçımız Varis Yolçuyevdir. Onu təkcə Azərbaycan oxucusu tanımır. O, dünyanın aparıcı kitab oxunan ölkələrində də sevilir. 55 illik yubileyini qeyd etməyə hazırlaşan LİFT Festivallar Festivalının qızıl medalının sahibi ilə qazandığı uğurlardan, pandemiyanın onun yaradıcılığına təsirindən, ölkəmizdəki “oxucu böhranı”ndan danışmışıq.
Yazıçı Varis Yolçuyevin Publika.az-a müsahibəsini təqdim edirik:
- Varis müəllim, pandemiya dövrü yaradıcılığınıza necə təsir göstərdi? Bu dövr sizin üçün nə ilə yadda qaldı?
- Təbii ki, bu dövr hamı kimi mənim üçün də bir “itki” dövrü oldu. Neçə-neçə əcnəbi ölkələrdə kitab təqdimatlarım, görüşlərim, ustad dərslərim – master klasslarım baş tutmadı. Pandemiya iqtisadi tənəzzül yaratdığından həm ölkəmizdə, həm də xaricdə kitab satışı çökdü. Bundan digər yazarlar kimi mən də kifayət qədər ziyan çəkdim. Bununla belə, bu dövr mənə daha çox asudə zaman yaratdığından 4 il üzərində işlədiyim “Qızıl cib saatı” romanımı tamamladım. Heydər Əliyev Fondunun “Xocalıya ədalət” təbliğat kampaniyası çərçivəsində nəşr olunan “ Qırmızı ləçəklər” romanım təkrar çap edildi. “Əzilmiş fotoşəkillər” İranda, “Sonuncu ölən ümidlərdir” Özbəkistanda çap olundu. Əlibala Məhərrəmzadə ilə birgə yazdığımız “AMİN” romanı isə Rusiyada nəşr mərhələsindədir. Bu müddətdə Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri kimi “21-ci əsrdə yeni ədəbi təfəkkürün obrazları” mövzusunda bir neçə zoom-konfransda mövqe sərgilədim. Ukraynada və Rusiyada iki böyük beynəlxalq festivalın münsifi oldum. Böyük Britaniyada yerləşən, dünya yazıçılarının ən nüfuzlu və elitar təşkilatı sayılan, “Penclub” adı ilə tanınan məşhur “PEN İnternational”a üzv qəbul edildim. Almaniyada yerləşən Yaradıcılar Sülh Uğrunda Federasiyası (APF) tərəfindən Sülh səfiri tituluna layiq görüldüm. Ukrayna Yazıçılar Birliyi tərəfindən “Yüksək ədəbi ustalığa görə” Atanas Vançev adına diplomla, Qazaxıstanın Xalq Diplomatiyasının Beynəlxalq Elitar İttifaqı tərəfindən “Uğurlu beynəlxalq miqyaslı fəaliyyətə görə” medalı ilə təltif olundum.
- Hazırda yaradıcılıq nə yerdədir? Yaxın vaxtlarda oxucularınızı yeni kitabla sevindirəcəksinizmi?
- Öncə qeyd etdiyim kimi, 4 il üzərində işlədiyim “Qızıl cib saatı” romanı, eləcə də 2 illik yaradıcılıq axtarışlarının nəticəsi olan “AMİN” romanı bu il azərbaycanlı oxuculara təqdim ediləcək. “Qızıl cib saatı”ndan parçalar həm “Ədəbiyyat qəzeti”ndə, həm də “Azərbaycan” jurnalında dərc edilib, roman dərhal böyük maraq oyadıb. Yeri gəlmişkən, mən bu romanla həddindən artıq iddialıyam, bu romanı öz yazıçı missiyamın ilk mərhələsinin zirvəsi hesab edirəm. Çünki bu, adi romandan daha çox ictimai məzmun kəsb edən bir tarixi faktdır.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən, 1918-ci ildə Bakı qırğınlarından tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək bu roman Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin zəngin materialları əsasında ərsəyə gəlib. Non-fikşn janrındadır. Hazırda statistik dünya oxucusunun ən çox oxuduğu, tələb-təklif kontekstində ən çox tələbat duyulan da məhz sənədli prozadır. Üstəlik, ilkin rezenziyalara görə, “olduqca maraqlı, nəfəskəsici süjet xəttinin romanın sırf dünya oxucusunun birnəfəsə oxuyacağı bestsellerə çevrilə biləcəyini təmin etməsi” gözləntisi var. Təsadüfi deyil ki, Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən olan Xalq yazıçısı Kamal Abdulla romana belə bir rəy verib: “Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.”
Bundan əlavə, romanın sinopsisinə Sənət üzrə beynəlxalq prodüserlik təsisatından (IWU - red.) alınmış ilkin rəylərin də tam müsbət olmasını qeyd etmək istərdim. Ədəbiyyat həqiqətən də çox güclü silahdır. CAR yazıçısı Con Maksvell Kutzeenin romanları rasizmin, Somali yazıçısı Varis Diriyenin “Səhra çiçəyi” romanı Afrikada qadın hüquqsuzluğunun əleyhinə necə əlahiddə işlər gördü, bunlar hər kəsə bəllidir. Əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı dünyanın Əfqanıstan müharibəsinə münasibətini kökündən dəyişdi, bu da ədəbiyyatın triumfuna aid yenilməz bir faktdır.
Elə bu yerdə onu da xatırladım ki, 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş bir əsgərimizin çəkmələrini göz yaşları ilə isladan anasının obrazını yaratdığım bir essem Rusiyada 32 milyon izləyicisi olan “Proza.ru” portalında dərc edilərək elə bir anti-erməni ovqatı yaratmışdı ki, minlərlə erməni petisiya imzalayaraq əsərin qadağasına nail olmuşdu. İndi kim təkzib edə bilər ki, ədəbiyyat ən böyük silahdır?!
- Xaricdə müntəzəm çap olunan yazıçılarımızdansınız. Xaricdən Azərbaycan ədəbiyyatı necə görünür?
- Az-az xalq tapılar ki, qədim və orta əsrlər tarixinin qızıl pleadasını təşkil edən mədəniyyət xadimləri ilə öyünə bilsin. Xoşbəxtlikdən biz bu xalqlar siyahısındayıq. 12-ci əsrdə dünyaya böyük Nizami Gəncəvini bəxş edib bizim xalqımız. Amma çox təəssüf ki, bu gün nəsrində Çingiz Hüseynov, Anar, Elçin, Kamal Abdulla, poeziyasında Ramiz Rövşən kimi sözün həqiqi mənasında böyük ağsaqqal ədiblər parlayan, onlarca olduqca istedadlı orta yaşlı və gənc nəslin nümayəndəsi söz yiyəsinə çevrilən ədəbiyyatımızın dünyaya çıxışı təsadüflər üzərində qurulmaqdadır. Bu gün Azərbaycan ədəbiyyatının dünyanın formalaşmış nəşriyyat industriyasında adı yoxdur, dünyanın kitab bazarına çıxan tək-tük yazarlarımız da bunu hər hansı xarici ölkənin platformasından həyata keçirməyə məcburdur. Təbii ki, burada söhbət yazıçının öz təşəbbüsü və öz maliyyəsi ilə xaricdə kitab çap etdirməsindən və həmin kitabı öz kanalları ilə yaymasından getmir, bu, ümumi kitab bazarı anlayışından kənar prosesdir.
O ki qaldı səbəblərə, ölkəmizdə oxucu sayının orta statistik saydan xeyli aşağı olması, tirajların miskin kiçik rəqəmi, nəşriyyat təsisatlarının mətbəə funksiyasında qapanması, cəmiyyətdə kitaba marağın azalması, sağlam reklam bazarının sıradan çıxması, mədəniyyətə hamilik edən milli burjuaziyanın mövcud olmaması kimi səbəblər ədəbiyyatımızı böhran məngənəsində əzməkdədir.
- Bu vaxta qədər hansı ölkələrdə kitablarınız çap edilib? Sualı bir qədər də dəqiqləşdirsək, bu vaxta qədər hansı tirajlarla kitablarınız xarici dillərdə çapdan çıxıb?
- Təbii ki, mən dünya kitabçılıq ənənələrinə uyğun dərc edilirəm, həm öz ölkəmizdə, həm də xarici ölkələrdə nəşriyyat hesabına kitablarım çıxır. Yəni əlyazmasını təhvil verib qonorarımı alıram, qalanını nəşriyyatlar edir. Amerikada, Türkiyədə, Rusiyada, Özbəkistanda, ən son olaraq da İranda kitablarım çap olunaraq oxucuların ixtiyarına verilməkdədir. Düzü, tiraj statistikası aparmaq qeyri-mümkündür, çünki təkrar nəşrlərin hüququ məndə deyil deyə onların hesabatı aparılmır, amma bir detalı deyim ki, təkcə elə “Sənə inanıram” romanım Özbəkistanda “Darakçi” nəşriyyatında roman-qəzet formatında 126 min tirajla çap olunub. Beynəlxalq agentlərim dünya kitab bazarına məni az müddətdir ki çıxarıblar, təbii ki, nə olacaqsa, bundan sonra olacaq.
Bir detalı qeyd edim. 2016-cı ildə Nyu-Yorkda Dünya Yazıçılarının Konqresində mənim “Yetmiş yeddinci gün” romanımın pitçinqi keçirildi, onun sinopsisi dünyanın ən böyük nəşriyyatlarına təqdim edildi, yeni dövrün ən yaxşı romanlarından biri kimi çapı tövsiyə olundu. Altı nəşriyyat məndən romanı almağa hazır olduğunu bildirdi, çox təəssüf ki, həcmcə kifayət qədər böyük olan bu romanı ingilis dilinə çevirib onlara verə bilmədim. Təbii ki, onların Azərbaycan dilindən tərcümə xidmətləri mövcud deyil, onlar istəyən tərcümə isə bizdə formalaşmış “kitabı xarici dilə çevirmək” təfəkkürünə əsla uyğun deyil, bizdə tərcümələri əksərən orta məktəb müəllimləri həyata keçirir, hətta bəzən “google-translate” üsulu ilə gülünc mənzərə yaradılır. Peşəkar tərcüməçilərimiz çox azdır, onların da tərcümələri əlavə bədii və qrammatik redaktə işi tələb edir. Amerikada dərc olunan ilk kitabımın həcmcə kiçik olan “Metamorfoz” romanının olması da bu qanunauyğunluqdan irəli gəlir.
- Hazırda türk dünyasının – türkdilli ölkələrin bir-biri ilə ədəbi əlaqəsini necə qiymətləndirirsiniz? Hansı çatışmazlıqlar var?
- Ədəbi əlaqələr yaxşıdır, həm lokal olaraq Azərbaycan Yazıçılar Birliyi, həm digər ədəbi təsisatlar, o cümlədən Beynəlxalq Türk Akademiyası, Avrasiya Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, qlobal olaraq ICESCO bu işə böyük töhfə verir. Amma daha çoxunu eləmək lazımdır. Gələcək türk birliyinindir, bu ifadə özündə siyasi-iqtisadi konturlarla yanaşı, mədəniyyət məzmunu da daşıyır.
- Yazıçılıqdan pul qazana bilməyən və giley-güzar edənlərə hansı tövsiyələri verərdiniz? Bir yazıçı öz imzasını necə brendə çevirməlidir?
- Giley-güzar edən yazıçılara da haqq qazandırıram, yuxarıda qeyd etdiyim faktorlar ədəbiyyatın kölgədə qalmasına xidmət edir, ölkəmizdə ədəbiyyat işini peşəkar fəaliyyətdən daha çox hobbi məcrasına yönəldir. Amma bununla belə, yazıçı tək gileylə yaşamamalıdır. Giley - acizlik, mövcud reallıqla barışıb ona təslim olmaqdır. Gərək ən böyük hədəfi seçib yorulmadan, usanmadan addım-addım ona doğru gedəsən. Öz təcrübəmdən bir faktı deyim: Azərbaycanda 10 min tirajlıq ilk kitabımla – “Sonuncu ölən ümidlərdir”lə məşhur olanda dərhal dünyada da məşhur olmaq xülyaları ilə müxtəlif xarici nəşriyyatlara müraciətlər edirdim, onlardan heç biri reaksiya verməmişdi. “Dünya şöhrətli yazıçı olmaq” xəyallarımı basdırmağa hazırlaşanda öncə türkdilli ölkələrdən - Özbəkistandan və Türkiyədən mənə ardıcıl nəşriyyat müqavilələri təklif olundu. Sən demə, orada yaşayan azərbaycanlıların kitablarıma aludəçiliyi yerli naşirləri cəlb edibmiş. Türkdilli ölkələrdə beləcə kitablarım çıxmağa başladı. Sonra Rusiyada “samizdatda” dərc etdiyim əsərimi görən nəşriyyatlardan və ədəbi qurumlardan cəzbedici təkliflər gəldi. Rusiya da fəth edildi. Bir gün də elektron poçtumda Amerika nəşriyyatından müqavilə aşkarladım, amerikalı naşirin diqqətini isə Rusiyada dərc edilən ilk kitabım cəlb etmişdi. Bax beləcə, dünyaya çıxışım baş tutdu. Ən əsası istedaddır, yaxşı kitab özü ən böyük reklamdır, o, gec-tez naşirini və oxucusunu tapır. Peşəsindən asılı olmayaraq, istənilən istedadlı adamın uğur formulu isə özünəinam, nikbinlik, əzmkarlıqdır.
- Oxucusuzluqdan gileylənənlər haqlıdırlarmı? Doğrudanmı bu ölkədə oxucu yox dərəcəsindədir?
- Öncə qeyd etdim, bizdə oxucu əhali nisbətinə görə azdır, amma bunu yox dərəcəsinədək azaltmaq insafdan deyil. Oxucu var, sadəcə onu təmin etmək lazımdır. “Oxucu yoxdur” demək də, “oxucu səviyyəsizdir, mənim əsərimi dərk edə bilmir” demək də yazıçı kimi təsdiq edilə bilməməkdir, təslim olub ağ bayraq qaldırmaqdır.
- Sizə Xalq yazıçısı adının veriləcəyini gözləyirsinizmi?
- Təbii ki, bu gün bunu gözləmirəm. Musiqidə layiq oldu, olmadı, hər yetənə Xalq artisti adı verildiyi bir dönəmdə çox gözəl haldır ki, ədəbiyyatda meyarlar qorunub saxlanır, Xalq yazıçısı, Xalq şairi adları yalnız həm yaşca, həm də sənətcə müəyyən müdriklik zirvəsinə ucalanlara verilir. Bizim nəsil, bizdən sonrakı gənc nəsil əlbəttə ki, hələ formalaşmaqdadır. Nə gizlədim, mənim ən böyük gələcək hədəfim Nobel mükafatını qazanmaq, əsas hədəflərimdən də biri Xalq yazıçısı adını daşımaqdır. Amma bunlar çox uzun bir yolun dayanacaqlarıdır. Mən o yola hələ yeni çıxmışam. İndi sadəcə çalışmaq və çalışmaq, öyrənmək və öyrənmək lazımdır. Loru dillə desək, hələ mən özümü onbirillik məktəbin 3-cü, 4-cü sinif şagirdi hesab edirəm.
Bütün təlim və görüşlərdə gənclərə yalnız böyük hədəfləri seçməyi arzulayıram. Arzulamaq çox faydalıdır, arzuları hədəfə çevirmək isə üstünlük xüsusiyyətidir. Həmişə onluq hədəf seçin ki, azacıq yanılanda barı 7-ni, 8-i vura biləsiniz. 1-i seçən nəyə nail ola bilər axı?
- Siz özünüz yerli və dünya ədəbiyyatından daha çox kimləri oxuyursunuz?
- Yerli ədəbiyyatdan ad çəkmək özünüz bilirsiniz, bir çox dostları, tanışları incik sala bilər, üstəlik, kimlərinsə adlarını unudub çəkməyə də bilərəm. Obyektiv olum deyə ancaq xarici müəlliflərin adlarını çəkəcəyəm. Müasirlərimizin adlarını qeyd edəcəyəm yalnız, klassikləri də saysam, çox uzun siyahı olar. Favorit yazıçılarım Haruka Murakami, Orxan Pamuk, Milan Kundera, Con Maksvell Kutzeedir.
- Sizi dünyada LİFT Festivallar Festivalı məşhurlaşdırdı, yoxsa laureat olmamışdan əvvəl məşhurlaşmışdınız?
- Təbii ki, LİFT Festivalına qədər də uğurlarım var idi, məşhur Boris Akuninlə mübarizədə Moskva Ədəbiyyat Mükafatını qazanmağım, London mükafatının qısa siyahısına düşməyim, UNESCO-nun Adam Mitskeviç medalı... Amma LİFT qalibiyyəti ilk nəhəng nəticəm sayıla bilər. Həm də bu, mənim mənəvi qələbəm idi. 2019-cu ilin oktyabrında BMT-nin himayəsi altında, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü LİFT Festivallar Festivalı dünyaya səs saldı. Bakıya 52 ölkədən 160 yazar, o cümlədən Fernando Rendon, Rakel Lanseros, Riçard Berenqarten, Radomir Andriç, Xadaa Sendo, Oljas Süleymenov, Boris Yevseyev, Leo Butnaru, Tuğrul Tanyol, Urmas Vladi, İdo Natenyahu, Marin Kadiyev, Marije Langelaar, Meyer, Kşiştof Şatravski, Hamid Larbi, Paolo Ruffilli, Toşiko Hirata, Mordexai Geldman kimi 35 top-yazar təşrif buyurmuşdu ki, onlardan bəziləri dünya mediasında Azərbaycan qonaqpərvərliyi və həqiqətləri barədə çıxışlar etdilər, onlarca digərləri sosial mediada Azərbaycana tərif yağdırdılar, hətta bir neçəsi motivində Azərbaycan olan irihəcmli əsərlər yazmağı planlaşdırdı. Azərbaycan reallığı barədə dünyaya pozitiv car cəkmək baxımından bu Festival müstəsna rol oynadı. Festivalda Azərbaycan ədəbiyyatının bütün qaymaqları da iştirak edirdilər. Bu Festivalın Bakıda keçirilməsi öncəki il Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3-cü festivalda mənim qızıl medal qazanmağım sayəsində idi, 170 dünya yazıçısı arasında 1-ci olub Azərbaycan bayrağını dalğalandırmışdım, estafeti türk dünyasının böyük yazarı Oljas Süleymenovdan, rusiyalı Nobel nominantı Konstantin Kedrov-Çelışevdən qəbul etmişdim.
- Cəmiyyətin əksəriyyəti ölkəmizdə kitabın baha olmasından şikayətlənir. Siz bu barədə nə fikirləşirsiniz, doğrudanmı ölkəmizdə kitabların qiyməti bahadır?
- Mən deməzdim ki, ölkəmizdə kitab bahadır. Kitablarımın xarici ölkələrdəki və Azərbaycandakı qiymətlərini müqayisə edərək bunu deyirəm. Sadəcə, bizim əhalinin kitabsevər zümrəsinin alıcılıq qabiliyyəti aşağı olduğundan belə təəssürat yaranır. Çox təəssüf ki, bəzən cəmiyyətlərdə bu cür paradokslarla rastlaşılır, maddi cəhətdən varlı olan mənəvi cəhətdən kasıb olur, mənəvi varlısa maddi kasıb. Yazarlar, naşirlər və kitab mağazaları bax bu prizmadan məsələyə yanaşıb kitabların qiymətini bir qədər ucuzlaşdırsalar, əla olar.
Mən kitabı təbliğ edən hər bir şəxsə, hər bir təşkilata sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Bəzən 3-cü minilliyin texnologiyaları ilə robotlaşmaqda olan insanlar deyirlər ki, bədii ədəbiyyat oxumaq vaxt itkisidir. Onlara bircə faktı xatırlatmaq istəyirəm: “Amazon”un yaradıcısı, dünyanın ən varlı şəxslərindən olan Ceff Bezos yapon yazıçı Kadzuo İsiquronun “Günün qalıqları” romanını oxuduqdan sonra ona böyük maliyyə qazandıran şüur dəyişikliyini hiss edib, anlayıb ki, müdrikliyi dərk etməyin sirri nədir, cəmi on saata bir ömür yaşaya bilmək mümkünlüyü necədir. Mütaliə edən heç vaxt uduzmaz!..
Tural Turan
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto