Mütləq Papravənddə ev tikəcəyəm – Akif Nağı ilə “Şənbə etüdləri”
Bizi izləyin

Xüsusi

Mütləq Papravənddə ev tikəcəyəm – Akif Nağı ilə “Şənbə etüdləri”

Budəfəki “Şənbə etüdləri”ndə həmsöhbətimiz Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıdır. Onunla 44 günlük qələbədən sonra QAT-ın fəaliyyətində nə kimi dəyişikliklər olacağını müzakirə etmişik.

İşğaldan azad ediləndən sonra Ağdama getməsindən, doğma kəndi ilə bağlı təəssüratlarından danışmışıq.

Publika.az Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə müsahibəni təqdim edir:

- Akif bəy, Ramazan ayıdır. Oruc tutursunuzmu?

- Bəli, artıq neçə illərdir ki, oruc tuturam.

- Hər kəs orucunu açarkən Allahdan nəsə istəyir; ailə üzvlərinə, özünə can sağlığı, bir sıra diləklərinin gerçəkləşməsini... Sizin dualarınızın başında nə dayanır?

- Vallah, mən namaz da qılıram. Bir neçə ildir ki, namaza başlamışam. Namazdan sonra da dualarımız olur. Dualarım, Yaradandan istədiklərim bir neçə hissədən ibarətdir. Qarabağ azad olunana qədər dualarımızın başında torpaqlarımızın işğaldan azad olunması dayanırdı. Şəxsi dualarımız da olur. Bunlar ailəm, yaxınlarım, təşkilatımızla – Qarabağ Azadlıq Təşkilatı – bağlı olan dualardır. Daimi olaraq bir neçə hissədən ibarət dualarımız olur.

- QAT-dan söz düşmüşkən, Qarabağ azad olunub. Əvvəllər zəbt olunan ərazilərin işğaldan azad olunmasını tələb edirdiniz. Bəs indi təşkilatınızın fəaliyyəti hansı istiqamətə dəyişəcək?

- Söhbət ondan gedir ki, bu məsələ bizim təşkilatın rəhbərliyi səviyyəsində də müzakirə olunub. Hətta təşkilatın adının dəyişməsi ilə bağlı müzakirələr aparılır. Yəni Qarabağ Azadlıq Təşkilatını buraxmaqdan söhbət getmir. Çünki indiki dönəmdə təşkilat yaratmaq çox çətindir. Bu gün Qarabağ Azadlıq Təşkilatında Akif bəy sədrdir, sabah bir başqası bu işi görə bilər. Amma əsas hədəfimiz millətimizin güclü olmasıdır. İş görmək, qarşıda qoyulan hədəfləri gerçəkləşdirmək üçün bu, çox önəmlidir. Millətin gücü də onun təşkilatlanmasındadır. Bizim qənaətimiz belədir. Həm ölkənin daxilində, həm də xaricində bu güc davamlı olaraq əldə saxlanılmalıdır, qorunmalıdır. Təşkilatlanmaq bizim gücümüzün göstəricisidir. Qarşımıza qoyduğumuz hədəflərimizə çatmaq üçün bu, çox vacib göstəricidir. Dövlətin hədəfləri həddindən artıq çoxdur. Qarabağ məsələsi bitdi. Bundan sonra da həll edilməli olan məsələlər var. Bu işdə də təşkilatlar çox önəmli, böyük rol oynayır. Müqayisə üçün deyim ki, 20-ci əsrin əvvəllərində azərbaycanlıların da, ermənilərin də təşkilatları var idi. Biz özümüzü onlarla müqayisə edirik, başqaları ilə yox... Onların “Daşnaksütyun”, “Hnçaq”, “Armenakan” kimi təşkilatları totalitar rejimdə də fəaliyyətdə idi. Özü də sistemli fəaliyyət göstərirdilər. Bir məqamı da deyim ki, “Daşnaksütyun”, “Hnçaq”, “Armenakan” kimi təşkilatlar 1960-cı ildə qərara aldılar ki, sovet hökuməti ilə əməkdaşlığa getməlidirlər. Çünki sovet hökuməti rəhbərliyinə yaxın adamlarını yerləşdirmişdilər. Ermənilərin məqsəd və məramlarını həyata keçirmək üçün sovet hökumətinin rəhbərliyindən istifadə olunmalı idi. Ötən əsrin 80-ci illərində hadisələr başlayanda onların bəyanatları mətbuatda yayıldı. Bildirildi ki, hadisələr zamanı qətiyyən sovet rəhbərliyinə qarşı təbliğatlar səsləndirilməməlidir, ancaq “Qarabağ” şüarları olmalıdır, çünki sovet hökuməti ilə münasibətləri korlaya bilmərik-deyirdilər.

- Yəni?

- Yəni onların təşkilatları planlı şəkildə fəaliyyət göstərirdi. 20-ci əsrin əvvəllərində bizdə milli mənafeyi müdafiə edən “Difai” təşkilatı yaranmışdı. Onlar bir ildən, il yarımdan sonra hesab etdilər ki, artıq öz missiyalarını başa vurublar, işlərini bitmiş hesab etdilər. Təəssüf ki, o vaxt təşkilatı da buraxdılar. Ona görə də təşkilatlarımız dağıldılar. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra QAT-ın şüarını bu cür müəyyənləşdirdik: - Tam qələbəyə doğru! Bizim son hərəkətlərimiz, canlı yayımlarımız həmin şüar altında keçir. Biz hesab edirik ki, Azərbaycanın hakimiyyəti Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda tam bərpa olunandan, bayrağımız orada qaldırılandan sonra Qarabağda tam qələbə olacaq.

- Sonrakı mübarizəniz nəyin mübarizəsi olacaq – İrəvanın, Zəngəzurun, hansı iddiaları irəli sürəcəksiniz?

- İrəvan, Zəngəzur... Hətta biz Qarabağ Azadlıq Təşkilatı yarananda da proqramımıza daxil etmişdik ki, növbəti mərhələlərdən biri də Zəngəzurdur. Çünki Zəngəzurun bir hissəsi tarixən Qarabağın bir hissəsi olub. Eyni zamanda, digər istiqamətlərdə də mübarizəmizi davam etdirə bilərik. Təbii ki, ilkin mərhələdə Qarabağda tam qələbə əldə olunandan sonra digər ərazilərimizin Azərbaycana qaytarılması ilə bağlı mübarizə aparacağıq. Çünki İrəvan, Göyçə... hamısı Azərbaycan əraziləridir. Artıq bu məsələ aktuallaşıb. Prezident də bu məsələni qaldırıb. Dünya da artıq başa düşür ki, həmin torpaqlar tarixi Azərbaycan əraziləridir. Ermənilərin azdan-çoxdan yaşadıqları yer Gümrü idi. O vaxt Aleksandropol adlanırdı. Onların İrəvanla bağlı heç bir mənəvi haqları yox idi. Həmin dövrdə İrəvanın ermənilərə verilməsində də ciddi prosedur səhvlərinə yol verilib. Ona görə də tam haqqımız çatır ki, həmin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı məsələni beynəlxalq səviyyədə qaldıraq. Bu istiqamətdə də iş gedəcək. Eyni zamanda, düşmən Azərbaycana qarşı yalan, böhtan, iftira təbliğatını getdikcə genişləndirir. İkinci Qarabağ müharibəsi ilə bağlı bütün dünya ermənilərinin təbliğat maşını işə düşüb. Bu məsələni çox yanlış bir şəkildə dünyaya təqdim etməyə çalışırlar.

- Nə edirlər?

- Azərbaycanın öz torpaqlarını azad etməsini tamamilə yanlış kontekstdə ortaya qoyurlar. Bizim fəaliyyətimizin bir istiqaməti də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu məqsədlə 5 ildən artıqdır ki, bizim təşəbbüsümüzlə Beynəlxalq Qarabağ Forumu yaradılıb. Hazırda 10-dan artıq ölkənin nümayəndələri oraya daxildir. Bu vaxta qədər 6 qurultayımız Azərbaycanda, Türkiyədə və İranda keçirilib. 7-ci qurultayımız İsveçin moderatorluğu ilə “Zoom” proqramı ilə baş tutdu. Əslində orada keçirilməli idi. Belə qərara gəlmişdik, amma pandemiya imkan vermədi. Bu istiqamətdə də işlərimizi davam etdiririk. Burada əsas məqsəd təbliğat və həqiqətlərin çatdırılmasıdır.

- Akif bəy, Ağdam işğaldan azad olunandan sonra doğma rayonunuza baş çəkmisinizmi?

- Mart ayının 13-də Prezident Administrasiyası tərəfindən Ağdama səfər təşkil olundu. Bizi də həmin səfərdə iştirak üçün dəvət etdilər. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq həmin səfərə qatıldıq. Ağdam şəhərində olduq. Dördyol, Uzundərə deyilən tərəfdən şəhərə ayaq basdıq. Bu səfər çox yüksək səviyyədə təşkil olunmuşdu. Deməli, həmin ərazilərdə avtobusu saxladılar. Qarış-qarış biz oraları gəzdik. Şahbulaq qalasına qədər getdik. O şəkildə bir dəfə Ağdamda olmuşam.

- Bəs öz evinizdən xəbəriniz varmı? Ermənilər dağıdıb, yoxsa hələ də qalır?

- Yox, bizim kəndimiz Papravənddir. Ağdərə istiqamətində, düşmənlə təmas xəttindədir. Bizim kəndin ərazisi ilə oranın 7 kilometr məsafəsi var. Yəni yaxınlıqda başqa yaşayış məntəqəsi yoxdur.

- Deyəsən, sizin kəndiniz o qədər də dağıntılara məruz qalmayıb...

- Yox, tamam dağılıb. Sadəcə olaraq ermənilər bəzi binaları bərpa edib özləri üçün orada yaşayırmışlar. Demək olar ki, yaşayanlar da hərbi kontingent olub. Bizim öz evimiz Çökək Məhlə adlanan bir yerdədir. Kəndimizdə olan hərbçilərimiz də oranın videolarını çəkirlər. Rəsmi çəkilişlər də olub. Bizim evimiz elə yerdədir ki, oraya girmək yəqin ki, qorxuludur, xətalıdır. Kəndin ortasından keçən yol və onun ətrafının çəkilişləri var. Demək olar ki, orada salamat ev yoxdur. Əksəriyyəti dağılıb. Ermənilər bəzi yeni evlər də tikiblər. 1988-ci ildə atam rəhmətə gedəndən sonra qəbiristanlığın və kəndimizin bir hissəsinin çəkilişini etmişdim. O vaxt ağlımıza da gəlməzdi ki, bu kadrlar gələcəkdə dəyərli kadrlara çevriləcək. Orada həm kəndin, həm də kənd qəbiristanlığının panoramı da düşüb. İndi hər yer darmadağındır. Kəndin mərkəzi hissəsində, körpü olan yerdə sütun da qaldırıb yazı yazıbmışlar. Kəndin adını dəyişibmişlər. Həmin çəkilişlərə baxanda görürsən ki, əvvəl necə idi, işğaldan sonra nə günə salıblar. O dövrdə ikimərtəbəli müasir tipli məktəbimiz vardı. İndi heç izi-tozu da qalmayıb.

- Yəqin ki, gedib Ağdamda, Papravənddə ev tikəcəksiniz...

- Mütləq! Öz məhləmizdə ev tikəcəyik. Oraya qayıtmaq fikrim var. Şəraitə baxacağıq. Qardaşlarımın, yaxınlarımızın da hamısının Papravəndə qayıtmaq fikri var. Amma ev mütləq tikəcəyik, inşAllah. Mütləq dədə yurdunda, ata məhləsində bir evimiz olacaq. Hamısını inşAllah, bərpa edəcəyik.

- Dövlətimizin xətti budur ki, bundan sonra Qarabağda ermənilərlə birgə yaşayış təmin ediləcək.

- Biz dəfələrlə ermənilərə öz humanist əlimizi uzatmışıq. 2 əsr bundan əvvəl ermənilər regiona gələndə bütün dünya ilə müqayisədə onlara ən isti münasibət Qarabağda göstərilib. Buna baxmayaraq, onlar bizə 100 il ərzində 3 dəfə ağır zərbə vurdular. 1905-06-cı illərdə, 1918-20-ci illərdə, arada da bu cür hərəkətləri olurdu və 1988-94-cü illərdə... Mən hesab edirəm ki, ermənilərə bu cinayətləri qətiyyən bağışlamaq olmaz. Onların ideoloqları, rəhbərləri deyiblər ki, azərbaycanlılarla ermənilər birgə yaşaya bilməzlər. Əslində, birgə yaşayış onların xislətlərinə görə uyğun gəlmir. İki dəfə onları bağışlamışıq. Bu da üçüncüdür. Amma onlar özləri özlərini bu münasibətlərdən kənarda tutublar. Özlərinə qarşı etibarsızlıq sindromunu yaradıblar ki, bunlara etibar etmək, arxa çevirmək olmaz. Hiss edirik ki, yenidən şirin dillərini işə salırlar. Bir də görürsən ki, onlar bizi ermənifobiyada ittiham etməyə cəhd göstərirlər. Amma biz həmişə demişik ki, bu, ermənifobiya deyil. Bu, terrora, işğalçıya qarşı normal münasibətdir. Heç kəs terrorçunu, işğalçını sevə bilməz. Onlar bizə düşmənçilik ediblər.

- Prezident də anons verdi ki, Ağdamın baş planı demək olar ki, hazırdır. Cəmiyyət Ağdamdakı yenidənqurma məsələləri ilə bağlı iki yerə bölünüb. Bəziləri deyir ki, Ağdamın əvvəlki görkəmi bərpa edilməlidir. Bir qism insan da hesab edir ki, Ağdam yeni, müasir görkəmdə inşa olunmalıdır. Bəs siz necə düşünürsünüz?

- Bununla bağlı müxtəlif səviyyələrdəki müzakirələrdə mən də iştirak etmişəm. Hesab edirəm ki, Ağdam şəhərinin əvvəlki forması, görüntüsü ən azından 70-80% saxlanılmalıdır. Ağdam şəhərinə qayıdan, bu şəhərə gələn insan bilməlidir ki, Ağdama gəlib, başqa yeni bir şəhərə yox. Başqa rayonlarda da o cür ola bilər. Amma Ağdam simvoldur. Mən həmişə müqayisə etmişəm, vaxtilə 60-70-ci illərdə Bakıda İçərişəhərin dağıdılmasını təklif edənlər var idi ki, bu, köhnəliyin qalığıdır, ona görə də dağıdılmalıdır. Amma İçərişəhərin saxlanılmasını müdafiə edənlər də mövcud idi. Azərbaycan ziyalıları, memarları çox çətinliklə bu məsələni müdafiə etdilər. İçərişəhəri olduğu kimi qoruyub-saxlaya bildilər. Bu gün Bakı şəhərinə gələnlər ilk növbədə İçərişəhərə qonaq gedirlər. Ölkə rəhbərliyi də bütün tədbirləri orada keçirir. Çox böyük əhəmiyyəti var. İçərişəhərin olduğu kimi saxlanılması çox düzgün qərar idi. Ağdam Qarabağın mübarizlik simvoludur. Eyni zamanda, ermənilərin bir düşmən kimi yanaşdıqları şəhərdir. Ona görə də şəhərin əvvəlki görüntüsü ən azından 70-80% qalmalıdır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm