Baydenin qərarının pərdəarxasındakı QARABAĞ DETALI - Türk general SENSASİON FAKTLARI AÇDI
Bizi izləyin

Xüsusi

Baydenin qərarının pərdəarxasındakı QARABAĞ DETALI - Türk general SENSASİON FAKTLARI AÇDI

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Publika.az-a müsahibə verib.

Y.Karauz müsahibəsində ABŞ Prezidenti Co Baydenin "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanatın pərdəarxasındakı detallarına diqqət çəkib. General bu bəyanatın Türkiyəyə, o cümlədən Qafqaz regionuna, Azərbaycana və Qarabağ məsələsinə təsirlərindən danışıb.

Dünya nəhənginin tarixi saxtalaşdırma faktından sonra digər güclərin buna necə münasibət göstərəcəyi beyinləri düşündürür. Y.Karauz hər kəsi düşündürən, qaranlıq qalan suallara cavab verib, bəyanatın hazırkı və gələcək təsirlərini qeyd edib.

General-mayor Yücel Karauzun hamının cavab tapmaq istədiyi suallara aydınlıq gətirdiyi müsahibəni təqdim edirik:

- ABŞ Prezidenti Co Bayden qondarma "erməni soyqırımı" ifadəsini işlətdi. Bunun uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək apardığı lobbizmin nəticəsi olduğunu düşünürsünüzmü? Nəzərə alsaq ki, hazırda ABŞ administrasiyası və Konqresdə erməni lobbisinin təsirində, maliyyə asılılığında olan çoxlu sayda rəsmilər var, ABŞ-ın tarixi bu şəkildə saxtalaşdırmasının, bundan siyasi məqsədlər üçün istifadə etmələrinin arxasında nə dayanır? Baydenin bu bəyanatının əsas pərdəarxası nələrdir?

- Bu qərarın alınmasında ən böyük faktor erməni lobbisidir və erməni lobbisi ilə birlikdə çalışan digər lobbilərin də bu məsələyə ciddi təsiri olub. Ermənilər təxminən 100 il öncədən ABŞ, Kanada və Fransa kimi ölkələrə yerləşiblər. Yaşadıqları hər ölkədə gəlirli işlər və güc mərkəzlərini təsir dairələrinə alacaq şəkildə fəaliyyət göstəriblər. Onların ABŞ-da bu çərçivədə əsasını qoyduqları 250-yə yaxın təşkilat və dərnək var. Bu 250 dərnəyin bağlı olduğu böyük bir lobbi quruluşu mövcuddur və bu quruluşlar da ABŞ-ın 50 əyalətindəki və mərkəzdəki siyasətçiləri ianələrlə, fərqli şəkildə dəstəkləməklə seçilmələrinə yardımçı olurlar. Bütün bunların nəticəsi olaraq isə verdikləri hər qərarlarında təkcə Türkiyə ilə bağlı deyil, Azərbaycanla, Qafqazla bağlı və ya ermənilərlə əlaqəli hansısa mövzunun olduğu yerlərdə siyasilərin qərarlarına təsir edirlər. ABŞ Prezidenti Co Baydenin aldığı qərarların arxasında erməni lobbisinin dayandığı məlumdur. Baydenin təxminən 35 illik senatorluq keçmişində, prezident köməkçisi dövründə və hazırkı vitse-prezident Kamala Harrisin Kaliforniyada tutduğu vəzifə və ona verilən dəstəklər düşünüldüyü təqdirdə, heç bir ABŞ prezidentinin bu məsələyə "soyqırımı" demədiyi halda, Baydenin bu şəkildə bəyanat verməsinin pərdəarxasında dayanan və əsas tətikləyici güc erməni lobbisidir. Bu lobbi yüz ildir çalışır, digər lobbilərlə də koordinasiyalı şəkildə siyasi, iqtisadi əməkdaşlıq edir və bu məsələlərin başında gəlir.

- Ümumiyyətlə, sözügedən bəyanat xüsusi əhəmiyyətə sahib sənəd hesab edilə bilər?

- ABŞ qlobal gücdür. ABŞ Prezidentinin belə bir qərar verməsinə çox önəmsiz deyə bilmərik. "Erməni soyqırımı" ifadəsini siyasi və digər səbəblərlə bu ana qədər 31 ölkə parlamentində və ya konqresində işlədiblər. Amma ABŞ Prezidenti tərəfindən ilk dəfə bir yazılı sənədlə ifadə edilir. Bunun bu şəkildə ifadə edilməsi təbii ki, bundan sonrakı fəaliyyətlər, Türkiyə-ABŞ münasibətəri, Türkiyə-Qafqaz əlaqələri baxımından, Ermənistan dövlətinin olduğu mövqe və siyasəti baxımından öz təsirini göstərəcək. Bununla bərabər, "soyqırımını" tanımaqdan ehtiyat edən, bu məsələdən uzaq duran bəzi ölkələr də cəsarətlənərənək bu istiqamətdə təsir göstərə biləcəklər. Dolayısı ilə bu, önəmli bir tarixin qırılma nöqtəsi olaraq dəyərləndirilə bilər.

- Qeyd etdiniz ki, bəzi ölkələr bu bəyanatdan sonra cəsarətlənə bilərlər. ABŞ rəhbərinin "erməni soyqırımı" ifadəsini işlətməsindən sonra Amerikadan asılı olan, onun diktəsi ilə hərəkət edən ölkələrin bu məsələyə münasibəti necə olacaq? Onlar da qondarma "erməni soyqırımı"nı tanıya bilərlərmi? Avropa ölkələri dünyanın əsas gücü olan bir ölkənin bu qərarından sonra hansı addımları ata bilər?

- Bu, keçici bir dalğa yaradacaq. Amma Avropa ölkələri baxımından çox böyük bir hərəkətlilik olacağını dəyərləndirmirəm. Erməni diasporunun pul ilə satın ala biləcəyi və pulla təsir göstərə biləcəyi bəzi kiçik ölkələrdə, ermənilərin yaşadığı bəzi dövlətlərdə təsir göstərə bilər. Ancaq Avropa ölkələri üzərində hər hansısa ciddi təsir yaradacağını düşünmürəm. Bu, yalnız qısa müddətdə təsir göstərə bilər, orta və uzun müddətdə isə bu məsələnin tarixi və hüquqi həqiqətlərdən uzaq olduğu üçün bir məna ifadə edəcəyini düşünmürəm.

- Baydenin bəyanatı Qafqaz regionuna necə təsir edəcək? Xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərinə.

- Ən önəmli təsirlərdən biri də Qafqaz siyasətləri və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı olacaq. Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsinə təsadüf etməsi, Vətən müharibəsi və bu mənada ATƏT-in Minsk qrupunun üç həmsədrindən birinin ABŞ olduğunu dəyərləndirdiyimiz zaman, bu qərar erməniləri cəsarətləndirəcək. Bunu ermənilərin həll olunmazlığı və zaman qazanma düşüncələrini, zaman qazanaraq olayları öz xeyirlərinə çevirmə potensialını artıracaq bir inkişaf olaraq qiymətləndirirəm. Verilən bu qərarın iki çox böyük təsiri olacaq. Birincisi, Türkiyə-ABŞ münasibətlərinə ciddi təsir edəcək. İkincisi isə Qarabağ-Azərbaycan-Qafqaz siyasətinə təsirsiz ötüşməyəcək.

- Qarabağ məsələsinə hansı təsirləri göstərə bilər? Bəyanatın arxasında Baydenin Nikol Paşinyanla bağlı, Qarabağla, ümumilikdə isə Cənubi Qafqazla bağlı hansısa planı dayana bilərmi?

- Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduqdan sonra siyasi böhran yaşayan və ölkəni güclə idarə edən, COVID-19 pandemiyası ilə mübarizə apara bilməyən, daxildəki qarışıq vəziyyətlə çaşqınlıq içərisində qalan bir ölkədir. Nikol Paşinyan Qərbin dəstəyi ilə iqtidara gələn biri olaraq Qarabağ klanına qarşı apardığı mübarizədə tək qalmışdı. İstefa verdiyi zaman sosial şəbəkə hesabında da bunu qeyd etmişdi. Co Baydenin qondarma "erməni soyqırımı"nı tanıma qərarı Paşinyan və Paşinyan zehniyyətinə, onun təmsil etdiyi düşüncə sisteminə dəstək olaraq dəyərləndirilə bilər. Düşünürəm ki, bu da 10 noyabr sülh sazişi əldə olunan, Ermənistanın kapitulyasiyaya məcbur edildiyi, atəşkəsin əldə olunduğu və daha görüləcək çox işləri olan, uzun-incə bir yol alan Qarabağ məsələsinə və Qarabağda tətbiq olunacaq yol xəritələrinə təsir edəcək.

- ABŞ bununla Ermənistanı daha pis vəziyyətə qoymuş oldu, yoxsa Ermənistanla bağlı xüsusi məqsədi, planı var?

- ABŞ bu bəyanatı ilə Ermənistanı daha çətin bir duruma saldı. Çünki Azərbaycan, Türkiyə və Rusiya bu bölgəyə sülh və sabitliyin gətirilməsi üçün 6-lı platforma daxil olmaqla, bölgədəki sülhü, təhlükəsizliyi və iqtisadi inkişafı təmin etmək üçün perspektivlər və hər cür həll yolları təqdim etmişdi. Ancaq erməni diasporunun təsiri ilə verilən bu qərarın həll prosesini, bölgədəki 6-lı platforma da daxil olmaqla, burada bölgə ölkələrinin qatqısını gecikdirəcəyini düşünürəm. Son bir ilə yaxın müddətdir ki, 12 iyuldan etibarən meydanda və səhnədə görünməyən ABŞ yanlış zamanda erməni diasporunun təsiri ilə oyuna daxil olub. Onların bu oyuna daxil olması ilk olaraq Türkiyə, Ermənistan və Rusiyanın əsas aktorlar olduğu 6-lı platformaya qədər olan müddətə, ikincisi, Azərbaycan-Ermənistan, üçüncüsü isə Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək. Bu, normallaşma müddətini hər kəsin qazana biləcəyi, sülh, sabitlik və təhlükəsizliyə nail oluna biləcəyi həll prosesinə təsir edərək çıxılmaz vəziyyət yaradır. Eyni zamanda, Rusiyanın dəstəklədiyi Qarabağ klanının təkbaşına hərəkət etməsinin qarşısını alaraq Ermənistanın daxilində də erməni diasporunun gücünü göstərməsinə şərait yaradacaq, olaylara və proseslərə təsirini artıracaq.

- Türkiyə bundan sonra hansı addımları atacaq?

- Təbii olaraq, ölkələrin siyasəti duyğusallıqla idarə edilə bilməz, ağıl və rasionallıqla idarə edilir. Türkiyənin də ABŞ-a qarşı görə biləcəyi yalnız diplomatik və iqtisadi tədbir ola bilər. Dövlətimiz qısa, orta və uzun müddətdə görülməsi lazım olan işləri nəzərdən keçirəcək və buna uyğun da tədbir görüləcək. Türkiyə-ABŞ münasibətləri 1914-cü ildən etibarən başlayaraq davam edən müddətli münasibətdir. ABŞ qlobal gücdür. Tarixi və hüquqi əsası olmayan, tamamilə siyasi dinamika ilə alınan qərar nəticəsində Birləşmiş Ştatlarla Türkiyə əlaqələrinə ara verilməsindən və ya tamamilə dayandırılmasından söhbət gedə bilməz. Bu, heç məntiqli də olmazdı. Belə bir şey nə Türkiyənin, nə də bölgənin maraqlarına xidmət edər. Həm də Türkiyə və ABŞ 1952-ci ildən bəri NATO-nun müttəfiq ölkələridir. Onsuz da Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlər uzun müddət idi ki, yaxşı deyildi. Başda Suriya və İraqdakı anti-terror fəaliyyətləri, Liviyadakı hadisələr olmaqla, Qarabağda Azərbaycana verilən dəstək, rahib Brunson problemi, "Katsa" sanksiyaları, ən sonda isə F-35 məsələsi, Türkiyənin F-35 layihəsindən çıxarılması kimi bir çox problem var idi. Bu problemlərə daha biri əlavə olundu. Dövlətimiz problemin böyüklüyünə görə alınması lazım olan tədbirləri alacaq və tətbiq edəcək. Türkiyənin bu məsələni tək şəkildə dəyərləndirməsi və qərar qəbul etməsi mümkün deyil. Baydenin qərarından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonda danışaraq bunu müzakirə etdilər. Dolayısı ilə Türkiyənin alacağı qərarların ölçülü olması mütləqdir. Veriləcək qərarların, həyata keçiriləcək tədbirlərin Azərbaycana və Qafqaz regionuna da təsir edəcəyindən dolayı, təmkinlə, duyğusallıqdan uzaq və dövlətimizin haqqı ilə, mərhələli şəkildə olması önəmlidir.

- Türk dövlətlərinin bu məsələdə mövqeyi necədir?

- Bizim türk mədəniyyətimizdə utanılacaq, sıxılacaq bir şey yoxdur. Biz illərdən bəri bütün arxivlərimizi hər kəsə açmışıq, hər kəsə də əlindəki bütün arxivlərini açmağı tövsiyə etdik. Türk dünyasındakı dövlətlərin, Türk Şurasında təmsil olunan ölkələrin Türkiyəyə bu məsələdə mövqeyini və dəstəyini nümayiş etdirmələri çox önəmlidir. Bu mənada da Co Baydenin açıqlamasının ardından Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına göstərmiş olduğu reaksiyadan və münasibətdən dolayı şükran və təşəkkürlərimi şəxsim, millətim, ölkəm adına ifadə etmək istəyirəm. Bu, çox önəmlidir. Çünki sevincdə və kədərdə bir olmaq, dostluq və qardaşlıq bu günlərdə bəlli olur.

- Baydenin bu bəyanatından sonra qazanan və itirən tərəflər hansılar olacaq?

- Qazanmaq və itirmək nisbi anlayışdır. Qısa müddətdə ABŞ-dakı və digər ölkələrdəki erməni diasporunun və Ermənistanın qazanclı görünməsi ilə bərabər, bu məsələ keçici haldır. Təməldə ABŞ-ın Türkiyənin dostluğunu şübhə altına alması halında Birləşmiş Ştatların itirdiyini düşünürəm. Bu, Qarabağ klanına müəyyən mənada xidmət etsə də, onların da bu məsələdə itirdiklərini düşünürəm. ABŞ-ın erməni diasporu və "narıncı inqilab"ın təşkilatçıları ilə birlikdə qəbul etdiyi bu qərar həll olunmayan, Ermənistanın da daxili siyasətindəki tarazlıq baxımından Amerikanın burada öz ağırlığını ortaya qoyduğu anlamına gələcək. Alınan bu qərar Ermənistanı bitmiş, tükənmiş bir vəziyyətdən özgüvənli bir hala gətirmiş ola bilər.

- Bu bəyanat regionda nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimi layihələrə zərbə olacaqmı?

- Bu məsələ təkcə ABŞ-ın verdiyi qərarlarla sürətlənib yavaşlamaz. Azərbaycan-Türkiyə-Rusiya arasında baş tutacaq qarşılıqlı müzakirələrin nəticəsi olaraq bəlkə də sürətlənməsinə səbəb ola bilər. Çünki bu üç ölkənin və bölgə xarici aktorların buranın sülh və təhlükəsizliyinə və öz planlarında 6-lıq platformalarına gedə biləcək şəkildə bölgə ölkələrinin regionun haqq və hüquq, Azərbaycanın ərazi bütövlüyü təməlində hər kəsin qazanacağı bir həll tərzi qərarını görmək mümkündür.

- Türkiyə-Ermənistan sərhədi bundan sonra açıla bilərmi?

- Türkiyə-Ermənistan sərhədinin açılması və münasibətlərin normallaşması hədəf qaydaları baxımından Türkiyənin ala biləcəyi son kart ola bilər. Bu gündən açılır və ya heç açılmaz demək də doğru deyil. Dünya siyasəti baxımından heç alınmayacaq qərarların qarşılıqlı mənfəət və maraqlar baxımından uyğun hala gələ bildiyini keçmişdə gördük və bundan sonra da görə bilərik. Ancaq bu cür qərarları Türkiyə təkbaşına almamalıdır və almayacaq da. Mütləqdir ki, alınacaq qərarlar Azərbaycanla koordinasiya edilsin.

- Türk mətbuatında yer alan xəbərlərə görə, Baydenin "1915-ci il hadisələri" ilə bağlı açıqlamalarına cavab addımı olaraq ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi "İncirlik" hərbi bazasının bağlanması istisna olunmur. Sizcə, "İncirlik" bazası bağlana bilərmi?

- Ölkədəki ABŞ hərbi bazasının bağlanması çox bəsit bir qərar olar və bu, Türkiyənin atacağı son addım ola bilər. Türkiyə bu mənada verəcəyi qərarları dövlət orqanları ilə qısa, orta və uzun müddətdə dəyərləndirmək durumundadır. ABŞ-ın "İncirlik" bazasının bağlanması ilə bağlı veriləcək qərar ölkələr arasındakı keçmiş əlaqələrə də ciddi təsirini göstərə bilər. Baza 1974-cü il silah embarqosundan sonra yaradılıb. Dolayısı ilə təmkinli, məntiqli, duyğusallıqdan uzaq, hesablı-kitablı hərəkət edilməsinin vacib olduğunu düşünürəm. Türkiyəyə və türk iş dinamikasına təsir edəcək mənada addımların atılmasına davam edilərsə, Türkiyə də bu mənada 1934-cü ildə imzalanan ABŞ-Türkiyə Müdafiə Əməkdaşlığı Təhlükəsizlik Anlaşması çərçivəsində bəzi maddələri ləğv edə bilər. Həmçinin, müqavilənin dayandırılması kimi tədbirləri tətbiq edərək ABŞ-a göstərdiyi yardım və dəstəklərə də son qoya bilər. Ancaq bu, son mərhələ ola bilər. Geri dönülməsi mümkün olmayan ani qərarlar iş dinamikası və populizm baxımından duyğusal və havalı qərar olması ilə bərabər, ölkə əlaqələri baxımından da geri dönülməyəcək yaralar aça bilər. Bu, sadəcə bu problemi yaradan və yaratmaqda məqsədi olan insanlara xidmət edər. Təmkinli və ağıllı şəkildə, Türkiyə və Azərbaycanın milli mənfəətlərini düşünərək qərarların verilməsi və bu qərarların da mərhələli şəkildə qəbul olunması önəmlidir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm