Xüsusi
Lavrovu İrəvanla Bakıya gətirən 3 SƏBƏB: Ərdoğanın Şuşa səfəri və... - DETALLAR
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun regiona səfəri gözlənilir. O, ilk olaraq İrəvana, daha sonra Bakıya səfər edəcək. Azərbaycan cəmiyyəti də Lavrovun İrəvana səfərini maraqla izləyəcək.
Əsas sual odur ki, Rusiya Xarici İşlər naziri İrəvanda hansı məsələləri müzakirə edəcək?
Bütün bunlarla bağlı politoloq Qabil Hüseynli ilə söhbətləşdik. Q.Hüseynli Publika.az-a müsahibəsində Rusiya XİN rəhbərinin İrəvana səfərinin səbəbini üç nüansla əlaqələndirdi.
- Qabil bəy, Lavrovu İrəvana aparan amillər nələrdir?
- Ramazan ayından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri Rusiyanı həyəcanlandıran ən mühüm məsələlərdən biridir. Bu səfər həm Rusiyanı, həm də Ermənistanı həyəcanlandırır. Bu səfər zamanı bölgədə strateji qüvvələrin nisbətini dəyişən mühüm hadisələrin baş verməsi gözlənilir. Şuşada Türkiyənin konsulluğunun açılması məsələsi gündəmdədir. Həmçinin, bölgədə hərbi-siyasi xarakterli digər qərarların qəbul olunacağı da istisna deyil.
- Lavrovun regiona səfərinin pərdəarxasını bir qədər də dəqiqləşdirək... Rusiya Xarici İşlər nazirinin İrəvana aparacağı qovluqda nələr var?
- İlk növbədə sülhməramlılara bağlı məsələlər var. Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər də buraya daxildir. Həmin kontekstdə digər kommunikasiya xətlərinin işə salınması müzakirə oluna bilər. Sonuncu məsələlər heç Azərbaycana lazım da deyil. Azərbaycana ancaq Zəngəzur dəhlizinin açılması lazımdır. Amma Rusiya istəyir ki, digər kommunikasiya xətləri də açılsın. Təkcə dəmir yolu və avtomobil xətləri deyil, həm də elektron kommunikasiyanın – yəni internet, rabitə xətlərinin də açılmasında maraqlıdır. Sovetlər dönəmində Cənubi Qafqazda vahid elektrik şəbəkəsi mövcud idi. Bu gün bizimlə Gürcüstan arasında vahid şəbəkə fəaliyyət göstərir. Həmin şəbəkənin Ermənistanla Azərbaycan arasında fəaliyyətə başlamasını məhz Rusiya təklif edir. İkinci məsələ məhz kommunikasiya xətlərinin açılmasıdır. Üçüncü məsələ isə Ermənistanda seçkiqabağı vəziyyət və ABŞ Prezidenti Co Baydenin məlum çıxışından sonra müəyyən qüvvələrin eyforiyaya qapılaraq fəallaşmasıdır. Bununla bağlı əlavə tədbirlərin görülməsidir. Bütün bu məsələləri müzakirə etmək üçün Kreml Sergey Lavrovu İrəvana göndərir.
- Lavrovun bölgəyə səfəri ərəfəsində Qarabağ məsələsi ilə bağlı nə kimi narahatlıqlar mövcuddur?
- Görünən odur ki, son zamanlar regionda həllini gözləyən bir xeyli məsələlər toplanıb. Bu da daha çox Rusiya sülhməramlılarının Qarabağda hələ də qalmaqda olan silahlı erməniləri tərk-silah etmək əvəzinə, onlara himayədarlıq etməsi ilə bağlıdır. Üstəlik, 9 may - Faşizm üzərində Qələbə Günü münasibəti ilə rusiyalı sülhməramlıların hərbi parad keçirməsi cəmiyyətdə çox ciddi narahatlıq yaradır. Rusiya sülhməramlıları buraya sülhü qorumaq üçün gəlib. Sülhməramlıların missiyası qarşı-qarşıya dayanan tərəflər arasında sülhün şərtlərini qorumaqdır. Rusiya sülhməramlıları ayrıca bir dövlətə məxsus ordu hissəsi kimi parad keçirə bilməz. Bu torpağın sahiblərinin icazə verib-verməməsini əhəmiyyətə almamaq sözün həqiqi mənasında rusiyalı sülhməramlıların bölgədə özbaşınalığının artmasına dəlalət edir. Bu da təəssüf doğurur. Üstəlik, Fransa parlamentinin aşağı palatasının sədrinin regiona səfəri zamanı verdiyi son dərəcə məsuliyyətsiz müsahibəsi də xalqımızı hiddətləndirən son hadisələrdən biri oldu.
- Bu məsələnin ciddi tərəfləri nələrdir?
- Məsələnin ən ciddi tərəfi ondan ibarətdir ki, son zamanlar başda Prezident Emmanuel Makron olmaqla, Fransa ATƏT-in Minsk qrupunu yenidən fəallaşdırmaq istəyir. Rusiya nə qədər qəribə olsa da, Fransadan geri qalmayaraq Minsk qrupunun işinə təkan verməyə can atır. Halbuki, Azərbaycan Minsk qrupunun fəaliyyətindən tam narazıdır. Ən azından mövcud tərkibdən Fransanın çıxarılmasını istəyir. Üstəlik, Minsk qrupunun bundan sonra hansı işlər görəcəyi ilə bağlı məsələləri müzakirə edib dəqiqləşdirməyi tələb edir. Torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin edib. Amma Laçın dəhlizinin, xüsusən də oradan buraya gələn adamlara nəzarət etmək funksiyasının hələ də Rusiya sülhməramlılarının əlində olması ciddi problemlər yaradır. Bu da suverenliyimizə xələl gətirir.
- 10 noyabrda imzalanan üçtərəfli bəyanatın müddəalarının icrasında müəyyən yubanmalar görünməkdədir. Bütün bunların kökündə nə dayanır?
- Bölgədə kommunikasiya xətlərinin açılması məsələsində də ermənilər cığallıq etməyə başlayıblar. Bir sözlə, onlar naz edirlər. Kommunikasiya xətlərinin açılması məsələsində hazırkı baş nazir Nikol Paşinyanla ona müxalif olanları qabağa verərək süni əngəllər yaratmaq istəyirlər. Həmçinin, Robert Koçaryan, Serj Sarkisyan tipli insanları qabağa verirlər. Onların dili ilə xalqın adından Zəngəzur, Mehri dəhlizinin açılmasına əngəl olmağa çalışırlar. Bundan başqa, Qazax-İcevan dəmir yolu xəttinin açılmasına, Gorus-Qars dəmir yolunun müəyyən şərtlər daxilində istifadəyə verilməsinə maneələr yaratmaq istəyirlər. Eləcə də Türkiyə ilə sərhədlərin, Azərbaycanla sərhədlərin və kommunikasiya sərhədlərinin açılması məsələləri də gündəlikdə durur. Bütün bunlar Moskva razılaşmasında öz əksini tapdığı halda, seçkiqabağı kampaniyadan istifadə edərək bir siyasətçi bölgənin inkişafını təmin etmək üçün həmin layihələri təbliğ etməyə çalışırsa, digərləri bunun əleyhinə gedir. Bu layihələrin əslində yalnız Türkiyə və Azərbaycanın xeyrinə olması ilə bağlı uydurmalar yaymaqla məşğuldurlar.
- ABŞ Prezidenti Co Baydenin məlum ifadəsi Lavrovun bölgəyə səfəri öncəsi ermənilər üçün nə deməkdir?
- Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi erməniləri ruhlandıran, onları yeni-yeni təxribatlara təhrik edən amillərdəndir. Onun bəyanatı erməniləri yeni-yeni provokativ addımlara ruhlandırmaqdadır. Bayden bölgədə vəziyyəti düzəltmək, sülhün, əmin-amanlığın yaranmasına dəstək vermək əvəzinə, hələ də qalmaqda olan gərginliyin üzərinə birini də əlavə edir. Bunun özü mövcud münasibətləri daha da gərginləşdirir. Baxın, belə bir şəraitdə Azərbaycan proseslərdən kifayət qədər narazı görünür. Bu proseslərdən narazılıq Rusiya-Azərbaycan münasibətlərinə müəyyən gərginlik gətirir. Bu gərginliyin miqyası az və ya çox ola bilər. Əsas odur ki, münasibətlərə müəyyən kölgə salıb. Buna görə də Moskvanı bölgə üçün həyəcanlandıran səbəbləri araşdırmaq və onlardan çıxış yollarını tapmaq üçün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bölgəyə səfər etməsinə çox böyük ehtiyac yarandı.
Tural Turan
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi