Xüsusi
Qarabağla bağlı YENİ TƏKLİFLƏR - Deputat DETALLARI AÇDI
Artıq Qarabağda – işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işlərinə başlanılıb. Paralel olaraq bu bölgədə turizmin inkişafı üçün müəyyən işlər də görülməkdədir. Bir çoxları azad olunan ərazilərdə turizmin inkişafı üçün köklü işlərin görülməsini dəstəkləyir.
Cəmiyyətdə bu istiqamətdə müzakirələr aparılmaqdadır. Ortaya müəyyən suallar çıxır. İşğaldan azad edilən ərazilərimizin hansı turizm potensiallarından daha səmərəli istifadə etmək olar? Qarabağ ərazisində nekroturizmin inkişafı üçün hansı işlər görülə bilər?
Müsahibimiz Milli Məclisin deputatı Əli Məsimlidir.
Millət vəkili Publika.az-a müsahibəsində suallarımıza aydınlıq gətirib.
- İşğaldan azad edilən ərazilərimizin hansı turizm potensiallarından daha səmərəli istifadə etmək olar?
- İşğaldan azad edilmiş ərazilərin turizm potensialı olduqca zəngin və çoxcəhətlidir. Əgər səmərəli təşkil edilsə, Qarabağın ən böyük potensiallarından biri məhz turizmlə bağlı olacaq. Burada tarixi, sağlamlıq və istirahət turizmi üçün unikal imkanlar var.
- Söhbət hansı unikal imkanlardan gedir?
- Tarixən Azərbaycanın turizm industriyasının mühüm hissəsi Qarabağın payına düşüb. Sovet dönəmində Azərbaycanda mövcud olan turist marşrutları içərisində ən cəzibəli və ən maraqlılarından biri həmişə Qarabağ marşrutu hesab olunub. Zamanında sağlamlıq turizmi də daxil olmaqla, ən müxtəlif istiqamətlərdə Qarabağ marşrutuna xüsusi önəm verilirdi. Ona görə də Qarabağda ekoturizm, dağ turizmi, qış turizmi, sağlamlıq turizminin, eləcə də turizmin digər növlərinin inkişafı üçün yetərincə imkanlar var. Azərbaycanın Qarabağ bölgəsi özünün qədim tarixi, təbiəti, flora və faunası, mətbəxi, tarixi, mədəni, dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistlər üçün cəlbedicidir. Məsələn, dəniz səviyyəsindən 1400 metrədək hündürlükdə yerləşən Azərbaycan mədəniyyətinin incisi Şuşa tarixi abidələri, özünəməxsus arxitekturası ilə, yaxud da Kəlbəcər özünün İstisu bulağı və digər mineral, o cümlədən termal suları ilə məşhurdur. Tərtər çayının sahillərində, dəniz səviyyəsindən 2000-2400 m yüksəklikdə yerləşən 30-dan artıq bulaqlar da öz şəfaverici xassəsi ilə İstisudan o qədər də geri qalmır. Bir sıra mütəxəssis rəylərinə görə, həmin mineral suların kimyəvi tərkibi Çexiyanın məşhur Karlovı Varı suyunun tərkibi ilə demək olar ki, eynidir. Bəzi göstəricilərə görə hətta ondan da üstündür. Bu siyahını artırmaq da olar. Kurort-sanatoriya və turizmin inkişafına dair xüsusi tədbirlərin hazırlanması, həyata keçirilməsi, o cümlədən dağ turizminin inkişafına dair kompleks tədbirlərin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin sıçrayışlı inkişafına əvəzsiz töhfə verə bilər. İşğaldan azad edilmiş regionun ənənəvi və turizmlə bağlı sənətkarlıq sahələrinin bərpası və inkişafına dövlət maliyyə yardımının göstərilməsi yeni iş yerlərinin dairəsinin genişləndirilməsində, eləcə də turizmin inkişafında özünəməxsus vacib rol oynaya bilər. Bütün bunlar Qarabağda yeni turizm marşrutlarının yaradılmasına imkan verir. 30 illik işğal dövründə digər sahələr kimi, tarixi-mədəniyyət abidələrimizin, turizm potensialının bir hissəsi dağıdılsa da, işğaldan azad edilən ərazilərdə başlanan bərpa işlərinin gedişi göstərir ki, yaxın gələcəkdə Qarabağ Azərbaycanın əsas turizm istiqamətindən birinə çevriləcək.
- Qarabağ ərazisində nekroturizmin inkişafı üçün hansı işlər görülə bilər?
- Nekroturizmin iki geniş istiqaməti var: paleonekroturizm və nekroturizm. Paleonekroturizm daha çox arxeologiyaya yaxındır. Misir piramidalarına, qədim monastırlardakı lahitlərə baxan, qədim nekropolları gəzən insanlar özlərini paleonekroturist adlandırırlar. Bizdə də bu qəbildən olan Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur. Dünya əhəmiyyətli Azıx mağarasında aparılan tədqiqatlar nəticəsində oradan tapılmış çox qiymətli əşyalar, erməni işğalçıları tərəfindən xarici ölkələrə göndərilmiş belə eksponatların Azərbaycana qaytarılması üçün cox ciddi tədbirlər görülməlidir. Yaxın gələcəkdə bu mağaraya turist marşrutunun açılması ölkəmizin turizm təsərrüfatı üçün çox vacib şərtlərdəndir.
- Ermənilər tərəfindən məhv edilən turizm məkanlarımız da var...
- Erməni təcavüzü nəticəsində sözügedən kateqoriyaya aid edilə bilən bir çox turizm məkanları məhv edilib. Bununla belə, Qubadlının 6-cı, 7-ci əsrlərə aid Alban kilsələrini, rayonun simvolu hesab edilən qoç heykəlləri və qoç qəbir daşları, 19-cu əsrə aid məşhur Haci Bədəl körpüsü, 1867-ci ildə Bərgüşad çayının üzərində salınmış Laləzar körpüsü, 18-ci əsrə aid tarixi məscidlər, səkkiz guşəli türbələr və s. bu ərazilərdə yaxın gələcəkdə turizm təsərrüfatlarının inkişaf etdirilməsi üçün əsas mənbələrdən hesab edilə bilər. Cəbrayıl rayonunda 120-dən artıq tarixi abidə ermənilər tərəfindən dağıdılsa da, on bir aşırımlı Xudafərin, XIII əsrdə bərpa olunmuş on beş aşırımlı körpü və sair, yaxın gələcəkdə burada yaradılacaq turizm sahələri yerli və xarici turistlərin xüsusi marağına səbəb olacaq.
Digər tərəfdən, Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək abidələrimiz var. Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var. Şairə Xurşidbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, qala divarı və s. turistlərin maraq dairəsinə aid yerlərdir. Orada quruculuq-bərpa işlərinin aparılması müəyyən zaman alsa da, turistləri cəlb etmək baxımından yetərincə faydalı olacaq.
- Bəs işğaldan azad edilən ərazilərimizin kroturizm imkanları nə qədərdir?
- Kroturizm adlanan başqa bir sahə fəaliyyət göstərən qəbiristanlıqların ziyarət edilməsi ilə bağlıdır. Bir sıra ölkələrdə qəbiristanlıqlar müasir şəhərlərin şəhər parkları formalı quruluşunun bir hissəsi olan xüsusi yerlərə çevrilib. İşğalçılar tarixi-mədəniyyət abidələrimizlə yanaşı, qəbiristanlıqlarımızı da vəhşicəsinə dağıdıb, məhv ediblər. İşğal olunmuş ərazilərə gələn xaricilər işğalçılar tərəfindən dağıdılmış Ağdama baxanda onu İkinci Dünya müharibəsi zamanı atom bombası atılmış Xirosimaya bənzədirlər. Bizdə də qəbiristanlıqların şəhər parklarına çevrilməsi bir sıra səbəblərdən inandırıcı görünməsə də, Şəhidlər xiyabanlarını miqyaslarından asılı olaraq çox abad guşələrə, yaşıl məkanlara, onların irilərini isə parklara çevirmək olar. Digər tərəfdən isə dağıdılmış ərazilərin bir hissəsini olduğu kimi saxlayıb, dünya ictimaiyyətinə nümayiş etdirmək çox vacibdir. Məlumatlara görə, Cəbrayıl, Füzuli və Ağdam istiqamətində spesifik "qara turizm" təşkil ediləcək. Oradakı ərazilərin bir hissəsi, məhəllələr və s. dağılmış ərazilər olduğu kimi qalacaq və turistlərə nümayiş etdiriləcək.
- Dövlət işğaldan azad edilmiş ərazilərdə turizmin sürətli inkişafı üçün hansı addımları atmalıdır?
- Qarabağın işğaldan azad edilməsi Azərbaycanda turizmin inkişaf etdirilməsinə dair yeni konsepsiyanın və hüquqi təminat daxil, onun reallaşdırılma mexanizminin ortaya qoyulmasını labüd edib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi bütün işlərdə olduğu kimi, turizmin də sürətli və səmərəli inkişafı üçün hər şeydən əvvəl siyasi iradə olmalıdır. Siyasi iradə var. Görülməsi nəzərdə tutulan işlərin proqram təminatı da olmalıdır. Zəruri plan-proqramların bir hissəsi hazırlanıb, digərləri də hazırlanır. Kadr təminatı olmalıdır. Kadr təminatı sahəsində əlavə tədbirlərin görülməsinə ehtiyac var. Həm ölkə daxilində, həm də xaricdə rəqabətədavamlı turizm üçün kadr hazırlanması işi genişləndirilməlidir. Turizmin inkişafını təmin edə bilən müasir infrastruktur yaradılmalıdır. İş bilən, bacarıqlı iş adamlarına müasir turizm obyetlərinin yaradılması üçün əlverişli şərait qurulmalıdır. İqtisadiyyatın çox perspektivli sahələrindən bir olan turizmi rəqabətqabiliyyətli səviyyəyə çatdırmaq istəyiriksə, bu sahələrə məmur müdaxiləsi aradan qaldırılmalıdır.
- Bunun üçün nələr edilməlidir?
- Etibarlı təhlükəsizlik tədbirləri görülməlidir. Pandemiyadan sonra bütün sahələrdə, xüsusən də turizm sahəsində rəqabət çox güclənəcək. Sərtləşmiş raqabətə tab gətirmək və üstünlük qazanmaqdan ötrü, infrastruktur, müasir tələblərə cavab verən 2, 3, 4, 5 ulduzlu hotellər, xidmətin keyfiyyətinin artırılması və digər zəruri şərtlərlə yanaşı, ekoloji cəhətdən təmiz məhsul istehsalının dairəsi genişləndirilməli, xidmətin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, həm də qiymətlər aşağı salınmalıdır. Zəngin mətbəximiz çox yüksək səviyyədə nümayiş etdirilməlidir. Turistlərdən müxtəlif manipulyasiyalarla daha çox pul qoparmaq üçün tətbiq olunan fəndlərin aradan qaldırılması üçün təsirli tədbirlər görülməlidir. Bütün bunlarla yanaşı, həm ölkəmizə, həm də onun dilbər guşəsi olan Qarabağa yetərincə turistlərin cəlb edilməsi üçün sərnişindaşıma vasitələrinin əlçatanlığı və sərhədkeçmə prosedurlarının asanlaşdırılması mütləqdir. Bununla bağlı bir sıra məsələlərin həlli sürətləndirilməlidir.
Tural Turan
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO