• USD 1,7000 0,00% EUR 2,0296 +0,12%
    • GBP 2,3669 -0,26% RUB 0,0235 +0,43%

“Ermənistan hərbçiləri gedənə qədər Araiklə kontaktda olmalıyıq” – Tofiq Zülfüqarovla CÜMƏ SÖHBƏTİ

  • Xüsusi
  • 7 May 2021 11:09
  • 7 098 Baxış
“Ermənistan hərbçiləri gedənə qədər Araiklə kontaktda olmalıyıq” – Tofiq Zülfüqarovla CÜMƏ SÖHBƏTİ

Onunla söhbətimizdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvana etdiyi səfərdən, Bakıya gözlənilən səfərindən, 3 erməni diversantının İrəvana qaytarılmasından, vətəndaşlarımızın Xankəndiyə geri dönüşündən, erməni mediasında yayılan “Lavrov Bakıda Şuşa və Hadrut məsələsini qaldıracaq” informasiyasından, qondarma qurumun terrorçu rəhbəri Araik Arutyunyanın indiyə qədər niyə Bakıya təhvil verilməməsindən danışmışıq.

Publika.az-ın “Cümə söhbəti” rubrikasının budəfəki qonağı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovdur.

Onunla söhbətimizi təqdim edirik:

- Tofiq bəy, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İrəvanda oldu. Bir sıra görüşlər keçirdi, bəyanatlar verdi. Bir neçə gün sonra Bakıya təşrif buyuracaq. Bu səfərdən nələr gözlənilir? Ümumiyyətlə, Lavrovun İrəvana apardığı qovluqda hansı məsələlər ola bilər?

- Birincisi, Sergey Lavrovun İrəvana gedişi ənənəvi səfər xarakteri daşıyır. Bir neçə il öncə belə bir razılıq əldə olunub ki, ildə bir dəfə Azərbaycanın Xarici İşlər naziri Rusiyaya səfərə gedir. Buna cavab olaraq Rusiyanın Xarici İşlər naziri Azərbaycana səfərə gəlir. Bu, ənənəvi xarakter daşıyan səfərlərdir. Onu da qeyd etmək lazımdır ki, keçən ildən bu yana elə bir vəziyyət yaranıb ki, ən aktual, ən vacib mövzular prezidentlər səviyyəsində müzakirə edilir. Tez-tez telefon danışıqları gerçəkləşir. Görüşlər baş tutur. Bu baxımdan Xarici İşlər nazirlərinin görüşündən və ya bu qarşılıqlı səfərlərdən hansısa fövqəladə, vacib mövzuların müzakirəsini gözləmək olmaz. Hər halda təcrübə bunu göstərir. Bu baxımdan Lavrovun gəlişi adi bir səfərdir. Doğrusu, onun İrəvan və Bakı səfərlərindən qeyri-adi bir şey gözləmirəm. Yəni, ənənəvi olaraq hansısa bəyanatlar veriləcək. Əsas mövzulardan biri olan Qarabağ məsələsi ilə bağlı təzə fikirlərin səslənməsi gözlənilmir. Mən belə düşünürəm.

- Bakı 3 ermənini İrəvana qaytardı. Azərbaycan bu addımın, jestin qarşılığında qarşı tərəfdən nə gözləyə bilər?

- Bilirsiniz, mən 3 erməninin qaytarılmasını böyük məsələ hesab etmirəm. Bu məsələ daimi proseslər fonunda baş verir. Hər iki tərəf arasında mütəmadi müzakirələr gedir. Bəzən bizdə 3 əsirin İrəvana qaytarılması sensasiya kimi təqdim olunur. Hesab edirəm ki, bu, sensasiyaya layiq xəbər deyil. Çünki bu diversantlar 10 noyabr atəşkəsindən sonra Azərbaycan tərəfinə keçiblər. Azərbaycan tərəfi onları haqlı olaraq diversant, terrorçu adlandırır. Onlar burada təxribatlar törədiblər. Söhbət əsir götürülən 62 diversantdan gedir. Onlar Azərbaycan ərazisində cinayət əməlləri işləyiblər. Bu baxımdan həmin diversantlarla bağlı istintaq hərəkətləri davam edir. Bu istintaq nəticəsində kimlərinsə törədilən cinayət əməlində günahkar olması üzə çıxır. Kiminsə günahlarının az olması müəyyənləşir. Təbii ki, 3 nəfərin qaytarılması Lavrovun İrəvana səfəri ərəfəsində baş verdi. Fikrimcə, onlar da istəyiblər ki, Lavrovun səfərinin bu cür addımlarla bir bağlantısı olsun. Yəni, Moskva Rusiya Xarici İşlər nazirinin səfərinin qiymətini, siyasi vacibliyini göstərmək üçün bu hadisələrin üst-üstə düşməsinin tərəfdarıdır. Bunu hamı başa düşür. Mən inanıram ki, Lavrov da Ermənistana səfərinin əhəmiyyətini artırmaq üçün bu mövzunu Bakıdan xahiş edib ki, tezləşdirin... Artıq yayılan xəbərlərdən də görünür ki, Lavrovun İrəvana səfəri ilə bağlı Ermənistanda müəyyən gərginlik əmələ gəlib. Bu baxımdan həmin gərginliyin qarşısını almaq üçün bu gün bu hadisələr baş verir. Məsələn, 3 diversant İrəvana qaytarılır. Yenə də deyirəm, Lavrovun səfərlərindən fövqəlvacib koordinat dəyişikliyi və sair kimi nüanslar gözləmirəm.

- Erməni mediasında yayılan xəbərlərə görə, Sergey Lavrov Bakı səfəri zamanı ermənilərin Hadrut və Şuşaya qayıdışı məsələsini müzakirə edəcək. Bu, nə dərəcədə inandırıcıdır?

- Hazırda Ermənistanda seçkiqabağı durumdur. Belə bir vəziyyətdə indiki durumda orada populizm mövzuları artıb. Müxtəlif ekzotik fikirlər səsləndirilir. Hesab edirəm ki, bu informasiya da həmin fikirlərin siyahısında duran məsələlərdəndir (gülür). Çünki bunun heç bir məntiqi əsası yoxdur. Azərbaycan bundan sonra onların dediyi kimi heç nəyi “azad etməyəcək”. Azadetmə məsələsi altı ay bundan qabaq baş verib. Ölkəmiz ermənilərin işğal etdiyi torpaqları azad edib. Ermənilər başa düşməlidirlər ki, 30 il bundan əvvəl Azərbaycana qarşı onların ərazi iddiaları ilə başlayan “Miatsum” layihəsi iflasa uğrayıb. Bəziləri bunu başa düşmür. Bəziləri isə bu məsələdən süni şəkildə istifadə etməyə çalışır. Fikrimcə, bu kimi informasiyalara, məlumatlara ciddi yanaşmaq lazım deyil.

- Tofiq bəy, qondarma qurumun təmsilçisi Araik Arutyunyanla bağlı Azərbaycan məhkəmələri həbs qərarı çıxarıb. Onun haqqında axtarış elan edilib. O isə əlini, qolunu sallaya-sallaya tez-tez Moskvaya gedib-gəlir. Moskva nə əcəb qollarını qandallayıb onu Azərbaycana təhvil vermir?

- Bu barədə mən bir neçə dəfə fikir bildirmişəm. Yenə də demək istəyirəm ki, hazırda Dağlıq Qarabağda reinteqrasiya prosesi gedir. Mən belə düşünürəm. Söhbət hazırda ermənilər yaşayan bölgələrin Azərbaycana qayıdışından gedir. Proses budur. Bu prosesdə də müxtəlif mərhələlər var. De-fakto 30 il ərzində orada formalaşmış hansısa qurumlar mövcud olub. İnsanlar da bu qurumların koordinasiyasında yaşayıblar. Keçid dövründə onlardan istifadə olunması hesab edirəm ki, praktiki haldır.

- Hansı mənada?

- O mənada ki, bəli, Araik Arutyunyanı tutub həbsxanaya salmaq olardı. Amma o da hansısa işləri görməlidir. Yumşaq şəkildə desək, o da getməmişdən qabaq hansısa işləri gerçəkləşdirməlidir. Bu da bəllidir (gülür).

- Araik nə kimi işlər görə bilər ki?

- İlk növbədə gəlin, ümumi siyasi məntiqə baxaq; yəni, hazırda orada nə baş verir. İndi Xankəndidən və Azərbaycanın hələlik nəzarət etmədiyi ətraf ərazilərdən Ermənistan hərbçilərinin tam şəkildə çıxarılması mövzusu aktualdır. Bu missiya tamamlanandan sonra digər bir mövzu aktuallaşacaq. Bu da həmin ərazilərdə təhlükəsizliyin təminidir. İndiki mərhələdə bu işi yerli qeyri-qanuni qurumlar aparır. Yəni, hazırda bu işi onlar “görür”. “Polis” və digər funksiyaları həmin “qurumlar” həyata keçirir. Onların buraxılması və həmin “qurumların” Azərbaycan Konstitusiyasına uyğun olan qurumlarla əvəzlənməsi bir sonrakı məsələdir. Məntiqlə, Ermənistan hərbçilərinin bölgəni tərk etməsindən sonra bu, baş verməlidir. Bu baxımdan keçid dövrünə aid hansısa işlər görülməlidir. Bu işləri həyata keçirmək üçün biz de-fakto hansısa insanlardan istifadə etməliyik. Praktiki baxımdan belədir. Bilirsiniz, mən də digərləri kimi populist çıxışlar edə bilərəm. Deyə bilərəm ki, Xankəndiyə bayraq asılmalıdır. Filankəslər həbs olunmalıdır, Azərbaycan məhkəmələri qarşısına çıxarılmalıdır və sair. Real işlər görmək üçün gərək real yanaşma olsun. Artıq görünən odur ki, Araik ümumiyyətlə sakitləşib. Digər tərəfdən, hiss olunur ki, artıq onunla belə bir kontakt mövcuddur. Çünki görüşlər baş verib və sair məsələlər gerçəkləşib. Hesab edirəm ki, Ermənistan hərbçiləri bölgəni tərk edib gedənə qədər belə insanlarla əlaqə qurub öz məqsədlərimizə nail olmalıyıq.

- Bir müddət əvvəl keçmiş icma sədri, millət vəkili Tural Gəncəliyev tvit atmışdı və qeyd etmişdi ki, Xankəndidə ofis üçün yer axtarır. Ümumiyyətlə, Azərbaycan Xankəndiyə öz rəsmi nümayəndələrini göndərməyə hazırdırmı? Bunun üçün mövcud şərait yetişibmi?

- Əslinə qalsa, ofis axtarmaq məsələsi siyasi cəhətdən yerində yanaşma deyil. Şərait yaradılmalıdır ki, orada təkcə cənab Gəncəliyevin ofisi fəaliyyət göstərməsin, həm də insanlar oraya qayıtsın. Razılaşın ki, bəyanatlar insanları əhatə etməlidir. Onları qane etməlidir, onların maraqlarına cavab verməlidir.

- Tofiq bəy, bəs azərbaycanlıların Xankəndiyə qayıdışı nə qədər vaxt ala bilər?

- Bunun üçün yuxarıda qeyd etdiyim ikinci məsələ baş verməlidir. Yerli qeyri-qanuni qurumlar, təşkilatlar buraxılmalıdır. Bunların əvəzinə bizim qanunvericiliyə, Konstitusiyaya uyğun qurumlar yaradılmalıdır. Yəni, qanunların icrası üçün boşluqlar olmamalıdır. Bu baxımdan biz də başa düşməliyik ki, orada hansısa polis qüvvələri olmalıdır ki, insanlar rahat yaşasınlar. Bu baxımdan həmin mövzular bir-biri ilə bağlıdır. Bu prosesin nə qədər çəkəcəyini indidən demək çətindir. Hər halda, biz əsas məsələni həll elədik. Əsas məsələ ondan ibarət idi ki, orada separatçı meyillər var idi. Əslinə qalsa, həmin meyilləri yaradan və ondan istifadə edən Ermənistan idi. Onları gücləndirən, onlara silah və əsgər göndərən, işğalı təmin edən, etnik təmizləmələri aparan da Ermənistan idi. İndi Ermənistan sərhədin o biri başındadır. Azərbaycan əsgəri onları rədd edib. Son proseslər də onu göstərir ki, bu məsələ axıracan davam etməlidir. Əgər Ermənistanın müdaxiləsi olmasa, proseslər daha da tez gedə bilər.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR